22 Dekabr 2024, Bazar

Saxta əlilliklə bağlı 266 şəxs üzrə sənədlər Baş Prokurorluğa göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması işləri davam etdirilməklə yanaşı, eyni zamanda, bu sahədə qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür.

2018-2021-ci illərdə bu istiqamətdə aparılan işlər çərçivəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilib. Həmçinin onlar barədə hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim olunub. Bundan əlavə əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsi zamanı obyektiv qərar qəbul etməmiş 11 nəfər TSEK əməkdaşı barəsində isə intizam tənbeh tədbirləri görülüb.

Beləliklə, əlilliyin qiymətləndirilməsində qanunsuz hərəkətlərə yol vermiş Agentliyin 30 məsul əməkdaşı barədə ciddi tədbirlər görülüb. Həmçinin sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması məqsədilə 266 şəxs üzrə əlillik sənədləri də hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Agentliyin 5 və 7 nömrəli tibbi-sosial ekspert komissiyasının sabiq sədrləri və digərlərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

5 nömrəli tibbi-sosial ekspert komissiyasının sabiq sədri Katib Məmmədov və digər əlaqəli şəxslərə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

7 nömrəli tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Oruc Məmmədov Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bununla yanaşı vətəndaşların etibarından sui-istifadə etməklə onlara əlillik təyin ediləcəyi vədi ilə onların pul vəsaitlərini mənimsəyib, habelə Nazirliyin nüfuzuna xələl gətirən və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan 2 vasitəçinin (dəllalın) hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR