Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər may ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 13 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 330 müraciət daxil olmuşdur. Onlardan 116-sı əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 214 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 75-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti