İspaniyanın böyük oxuyucu kütləsinə malik “EL ESPAÑOL” elektron portalında “Qarabağ Azərbaycandır, atəşkəs Bakıda əhalinin hərbi əməliyyatların davam etməsi ilə bağlı çağırışlarının qarşısını ala bilməz” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində azərbaycanlıların öz doğma torpaqlarından didərgin salındığı, mülki şəxslərin həlak olduğu qeyd edilir.
Bildirilir ki, “Qarabağ Azərbaycandır” şüarı hazırda sosial şəbəkələrdə, televiziyada, yaşayış binalarının üzərində geniş şəkildə nümayiş olunur.
Vurğulanır ki, 30 ildir vətən həsrəti ilə yaşayan Azərbaycan xalqında indi öz doğma torpaqlarını işğal azad etmək üçün ümid yaranıb.
Məqalədə soydaşlarımızın müsahibələrinə istinadla bildirilir ki, hazırda Azərbaycanda işğal altındakı ərazilərimizin azad olunması ilə bağlı güclü Prezident-xalq birliyi, Azərbaycan Ordusunun yeni zəfərlərinə güclü inam və milli musiqimizin beşiyi olan Şuşa şəhərinə geri dönüşə böyük inam var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinadla qeyd olunur ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmalıdır, bu, Ermənistan üçün sonuncu şansdır.