26 Dekabr 2024, Cümə axşamı

(hekayə)

Nigar “Onunla” hər dəfə “görüşə” həsrətlə can atsa da, mənzilbaşına yaxınlaşanda “ürəyi qulaqlarında döyünür”, dizləri bükülür, ayaqları sözünə baxmırdı. Beləcə, gənclik şövqünü itirməmiş, məhəbbət və qayğı dolu baxışları ilə Nigarı “qarşılayan” “Ona” yaxınlaşdı, ehmalca “qarşısında” diz çökdü. Qəlbindəki xatirələr yumaq-yumaq çözələnib, gözlərində yaşa dönüb gilələndikcə, yanağıboyu yuvarlandıqca, ürəyinə bir sərinlik gəldiyini hiss edirdi...

* * *

Evə “gələn qəfil qonaq” valideynləri evdə tək qoyduqları üçün darıxan dəcəl qardaş-bacı – Poladla Nigar üçün əsl əyləncəyə çevrilmişdi. Evi dörd dolanıb, nəhayət, çölün sazağından pənah gətirmiş bu “qəfil qonağı” – balaca sərçəni tutmuşdular. Onunla bir xeyli vaxt keçirdikdən sonra quşcuğazın məskəni göylər, peşəsi uçmaq olduğunu anlayaraq onu azadlığa buraxmaq qərarına gəlmişdilər. Nigarın: “Gəl elə edək ki, heç kim ona toxunmasın” – istəyinə rəğmən Poladla birgə bir parça kağıza “Azadlıq ən şirin nemətdir! Polad, Nigar” yazaraq sapla quşcuğazın ayağına bağlamışdılar...
Eyvana çıxdıqda Nigarın balaca ovcuna sığınan sərçə əvvəlcə havanın təmasından qurcuxmuş, sonra isə bir andaca səmaya pərvazlanmışdı. Lakin yazıq quşcuğaz uçmağı ilə ayağındakı metryarımlıq, üçqat, nazik tikiş sapı eyvanla üzbəüzdəki tut ağacının budaqlarına dolaşmış, quşcuğaz, sanki bilərəkdən “Azadlıq” nişanəli ayağından asılmışdı... Bir müddət sonra gününü məhəllənin küçəyə doğru səmtində yerləşən balaca yeməkxananın həndəvərində dolaşmaqla keçirən, sapsarı, tosun, şümürgöz pişik tənbəl-tənbəl, arxayıncasına sərçənin dalınca ağaca dırmanmağa başlamışdı. Polad üzünü qardaşının köksünə dayayaraq hıçqıran Nigarı qucaqlayaraq eyvandan içəri aparmışdı...
Evə dönən ana mənzildəki çəkilmiş pərdələri, tapdanmış yataqları, böyrü üstə qalan kəfkirli saatı, döşəmədə üz bölünmüş büllur qəndqabını, barrikada kimi düzülmüş stulları görüncə: “Evi müharibə meydanına döndərmisiniz ki!” – deyə uşaqları məzəmmət etmiş, hadisəni təfərrüatı ilə öyrəndikdən sonra onları bağrına basmış, günahlarından keçmişdi... Yazıq ana, nə bilə idi ki, əsl müharibənin ona dağ çəkəcəyi günlər hələ qabaqdadır...

* * *

İki gün idi, başlayan döyüş axşama doğru daha da şiddətlənmişdi. Azğın ermənilər həm canlı qüvvə, həm də silah-sursat cəhətdən üstün idi. Kəndi bu mənfurlara təslim etmək olmazdı. Bir çarə düşünmək lazım idi.
– Komandir, – deyə Polad sükutu pozaraq təmkinlə sözə başladı:
– Onlara qan uddurmaq mənə borc olsun! Uşaqlığım bu kənddə, babamgildə keçib! Buranın hər daşına-qayasına bələdəm. Gəl mən bu meşəlikdə onları bir az ləngidim! Ordan-burdan ataram, elə bilərlər çoxuq! Siz də vaxt qazanıb, bax, o Oğuztəpənin dalına, düşmənin arxasına keçər, onları dərənin yaxınlığında tələyə salıb yaxşıca dərslərini verərsiniz!
– Can şirin şeydir, Aslanov, duruş gətirə bilməzsən, kənd güdaza gedər! Özün də bilirsən, bir-iki yaşlıdan-uşaqdan başqa, kənd yerindədir, bacarmarıq, qırğına verərik! Yoxsa bilirəm, quşu gözündən vuransan!
– Can şirindir, komandir, oğluma da söz vermişəm, qayıtmalıyam! Amma dünyada candan şirin, qiymətli olan azadlıqdır! Bax bu torpaqdır! Uşaqlıqda qarış-qarış gəzdiyin bu torpaq murdar düşmənin caynağına keçəndən sonra yaşamağın nə mənası?..
Yoldaşları səhərə yaxın erməni quldurlarını dərə yaxınlığında tələyə salıb məhv etmiş, Polada çatanda artıq onun pulemyotu susmuşdu. Onu meşənin kənarında pulem­yotunu sinəsinə sıxıb arxası üstə düşən tapmışdılar. Sinəsindən güllə yarası alan Poladın ağarmış çöhrəsində məmnun təbəssüm, gülümsünərkən sol yanağındakı batıq donub qalmışdı...

* * *

– Bibi, gecdir, gedək!
Nigar heç nə anlamırmış kimi donuq baxışlarla ətrafı seyr etdi. Zaman, məkan qavrayışını bərpa edənəcən bir müddət beləcə donub qaldı. Ətrafındakı “daş sərkərdə”ləri seyr edib Şəhidlər xiyabanına nə zaman, kiminlə gəldiyini xatırladı. Qardaşı Poladın yeganə yadigarı – Azadın ona doğru uzanmış ovuclarına dirsəklənərək ayağa qalxdı, qəddini düzəltdi. Baxışları ilə bu güclü ovucların sahibinin boyunu oxşadı. Sanki ömrünü onun yolunda şam edib min bir əziyyətini çəkməyibmiş kimi, “Nə yaman böyüyüb, enlikürək, cüssəli bir kişi olub oğlum!” – deyə fikirləşdi. Bəlkə də, uzun müddətdir, görmədiyi üçün ona belə gəldiyini düşündü. Tibb fakültəsini uğurla başa vuran Azad Türkiyə Cümhuriyyətində – Ankara Universitetinin Tibb fakültəsində rezidentura təhsili almış, üç il idi ki, müəlliminin təklifi ilə oradakı məşhur klinikalardan birində ümumi cərrah kimi işləməyə, tanınmağa başlamışdı. Lakin üç gün olar ki, Vətənə qayıtmışdı...
Dünənki söhbətlərini xatırladı... Azadın bu gəlişindən sümüyü sızıldayan Nigar yalvarış dolu, məhzun baxışlarını qardaşı oğluna zillədikdə Azad bu baxışların sözlərə, kəlmələrə çevrilməsinə yol verməmək üçün söhbəti özü açmışdı:
– Bibi, artıq danışmışam. Sabah ön cəbhəyə yollanıram. Cəbrayıl şəhərində yeni səhra hospitalı yaradacağıq. Yaralı əsgərlərimizə kömək lazımdır.
Kövrəlmiş bibisinin qırış-qırış olmuş əllərini, sanki hamarlamaq istəyirmiş kimi tumarlaya-tumarlaya dodaqlarına yapışdırmış, sözünə davam etmişdi:
– Axı dövlətimiz mənə pulsuz təhsil verib, mənim qayğımı çəkib. Nə qədər atamın kölgəsində daldalanmalıyam? Vətənin bu günündə – azadlığımızın rəmzi olan torpaqlarımızın azad olunmasında mənim də bir payım olmasa, sabah necə qürurla deyə bilərəm: “Mən şəhid oğluyam?!”
Nigar dolmuş gözləri ilə canından əziz bildiyi qardaş əmanətinə – Azadına, onun atasından qalma iri, ala gözlərinə qürurla baxmış, “Yox, sən elə şəhid oğlusan!” – deyib onu qucaqlamışdı.

* * *

Şəhidlər xiyabanına ziyarətə gələn bir dəstə məktəblinin səsi Nigarı yenidən xəyaldan ayırdı. Əlindəki tər qərənfilləri qardaşı Poladın məzarına düzüb onunla vidalaşdı. Ətrafa nəzər saldı. Dünənki buludlu, tutqun səmadan əsər-əlamət qalmamışdı. Oktyabr ayı olmasına baxmayaraq, Günəş qara buludları yara bildiyi üçün, sanki sevincək-sevincək mehriban “qolları” ilə ətrafı “qucaqlamağa”, isitməyə, işıqlandırmağa can atırdı. Əvvəlcə, nizami ordunun müsəlləh əsgərləri kimi səf-səf düzülmüş şəhid məzarlarına, bir-biri ilə itələşə-itələşə yaxınlaşan balaca məktəblilərə, sonra Azada baxdı... Uşaqlıqda qardaşı Polad ilə birgə aydın səmaya, azadlığa buraxmaq istədikləri o balaca quşcuğazı xatırladı... “Azadlıq ən şirin nemətdir!” – deyib Azadının boynuna sarılıb hönkürdü...

 Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR