26 Dekabr 2024, Cümə axşamı

 

Uzun illərdir ki, Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üçün dəhşətli bir kabusa çevrilmiş erməni aqressiyası regiona böyük bəlalar gətirir. Nəhayət ki, Ermənistanda əsassız ərazi iddiaları və etnik təmizləmə siyasətinin ağır nəticələrə səbəb olduğunu bu ölkənin öz cəmiyyətində də anlamağa başlayıblar.

Bunu AMEA Qafqazşünaslıq İnstitutu “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın terrorçu, işğalçı bir dövlət olmasını bu dövlətin son zamanlar özünü göstərən hərbi-siyasi fəaliyyəti daha çox büruzə verdi:

"Görünən odur ki, vaxtilə terrorçu partiya və təşkilatlar yaradan, faşizmə xidmət edən Nijdenin heykəlini qoyan, onun “ideyalarını” təbliğ edən erməni ideoloqları öz xalqlarını addım-adım uçuruma sürükləyib. Onlar yaşadıqları region üçün də təhlükə mənbəyinə çevrildilər. Digər region dövlətlərindən fərqli olaraq Ermənistan separatizm mövqeyi tutmuş, əsassız ərazi iddiaları ilə işğalçılıq siyasəti yürütmüş və bunu həyata keçirmək üçün terror aktlarına rəvac vermişdir. Bir zaman Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin güya iqtisadi və mənəvi “böhran keçirdiyindən narahat olduğu üçün” süni Dağlıq Qarabağ problemi yaradan Ermənistan onları məhvə doğru sürüklədi".

Tarixçi hesab edir ki, Dağlıq Qarabağda yaşayan erməni əsilli əhalini “ikinci dərəcəli erməni” hesab edən Ermənistan vətəndaşları öz etno-siyasi ambisiyalarını həyata keçirmək üçün onların özlərinə də, birgə yaşadıqları yerli Azərbaycan xalqını da ağır zərbə vurdular. Ermənistanın başladığı Qarabağ müharibəsində minlərlə günahsız insan öldürüldü, yüz minlərlə insan öz doğma ocaqlarından qaçqın və köçkünə çevrildi.

Q.Hacıyev əlavə edib ki, münaqişənin həlli üçün dəfələrlə məqam yetişməsinə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində bu baş vermədi. Sülhün, ədalətin bərpa olunmasına imkan verilmədi. Bunun əvəzində Ermənistan hakimiyyəti tərəfindən millitarist büdcənin qəbul edilməsi ölkənin qarşılaşdığı sosial problemlərin daha da artması, sosial böhranın dərinləşməsi ilə nəticələndi:

"Məsələn, Ermənistanın büdcəsinin altıda bir hissəsi hərbi sahəyə yönəldildi. Bu, dünyada böyük rəqəm hesab olunur. Büdcənin 15%-dən çoxu hərbi sahəyə yönəldilirsə, bu, artıq militarist düşüncənin nəticəsidir. Bu prosseslərin belə davam etməsi Ermənistan işğal etdiyi torpaqları boşaltmayacağından və Azərbaycan ilə düşmənçiliyi davam etdirəcəyindən xəbər verirdi. Belə problemlərin davam etməsi isə sosial böhranın dərinləşməsinə gətirib çıxaracağı şübhəsiz idi.

Real sosial vəziyyəti gizlətməyə çalışan Ermənistan rəhbərləri davakar bəyanatlar verməyə və erməni cəmiyyətində siyasi əfsanə uydurmağa çalışdı. Nəzərə almadılar ki, halbuki, illik 380 milyon dollarlıq hərbi büdcə ilə döyüşkən və ən müasir silahlarla təchiz edilmiş ordu saxlamaq sadəcə olaraq, mümkün deyil. Bütün bunlar üçün ilk növbədə, külli miqdarda maliyyə vəsaiti olmalıdır. Bu da məlumdur ki, Ermənistan ordusunda hansısa yüksək mənəvi ruhdan danışmaq, ümumiyyətlə, mümkün deyil. İmkanlı ailələr övladlarının ön cəbhəyə düşməməsi üçün zabitləri ələ alır, onlara külli miqdarda pul verirdilər. Valideynlər uşaqlarını “elit” hərbi hissələrə saldırmaq üçün var-yoxundan keçməyə hazır idilər. Belə vəziyyətdə cəmiyyətlə yanaşı, zabitlərin özləri də hərbi əməliyyatların bərpa olunmasından qorxurdular. Ermənistan hökuməti bilirdi ki, cəmiyyəti silahlı qüvvələrdə yaranmış vəziyyətdən son dərəcə narazıdır. Belə ki, əsgərlər ölür, orduya çağırış çətinliklə gedir. Gənclər hərbi təhsil müəssisələrinə getmək istəmirlər".

Q.Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrində korrupsiya, qanunsuzluq cəmiyyəti olduqca gərgin vəziyyətdə saxlayır. Ermənistan rəhbərləri cəmiyyət tərəfindən günü-gündən daha çox ordunun qeyri-peşəkar olması ilə ittiham edilirlər:

"Nəhayət, Ermənistan cəmiyyəti küçə inqilabından sonra hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın da, müdafiə nazirinin də bəyanatlarına kütləvi şəkildə vətəni tərk edib xaricə getməklə cavab verdilər. Ermənistan rəsmilərinin bəyanatları da onların arasında sabaha inamsızlığın hökm sürdüyünü - bugünkü problemləri görüb, gələcək üçün planlar qura bilməyəclərindən xəbər verirdi. Xalq təlaş içində yaşamağa məcbur edilirdi".

Alim qeyd edib ki, iqtisadiyyatı və sosial vəziyyəti ağır olan Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunda da vəziyyət işğalçının vəziyyətinə uyğun olaraq çox ağır vəziyyətə düşdü. Bu problemləri həll etməyə qadir olmayan Ermənistan rəhbərliyi vəziyyətdən çıxmaq üçün müxtəlif manevrlər edir, bu ərazilərə zorla əhali köçürürdülər. Bu isə Ermənistan cəmiyyətində neqativ münasibətin yaranmasına səbəb olurdu.

Ermənistan belə bir vəziyyəti qoruyub saxlamağa, öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını almağa yönəlmiş fəaliyyəti ilə işğalın normaya çevrilməsinə çalışdı. Ermənistanın Azərbaycan Respublikası ilə müharibə vəziyyətində olması ilə bərabər coğrafi mövqeyinin, demokratik, hüquqi dövlət qurmaq bacarığının olmaması bu ölkənin de-fakto dövlətçilik böhranı keçirməsinə səbəb oldu:

"Təkcə onu qeyd etmək kifayətdir ki, keçmiş prezident S. Sarkisyanın hakimiyyətdə olduğu dövrdə orduda qeyri-döyüş şəratində ölənlərin sayı 7 dəfə artmışdı. Ordunun qida təhcizatında belə vəziyyət elə bir həddə gəlib çatmışdı ki, zəhərlənmələrlə bağlı məlumatları gizlədə bilmirdilər".

Q.Hacıyev bildirib ki, bu gün də Ermənistan ordusunda döyüş ruhunun və vətənpərvərliyin yüksək olması barəsində bəyanatlar vermələrinə baxmayaraq, əslində bu, təbliğat xarakterli yalandan ibarətdir. Çünki qonşu ölkənin torpağını işğal edən erməni əsgəri ilə, öz vətəninin torpağını işğaldan azad edən Azərbaycan əsgərinin vətənpərlik ruhu eyni ola bilməz. Ona görə də Azərbaycan əsgərində vətənpərvərlik və döyüş əhval-ruhiyyəsi qat-qat yüksəkdir:

"Ermənistanda isə əksinə. Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrdə vaxtaşırı baş verən qanlı hadisələr erməni cəmiyyətində, bir qayda olaraq, son dərəcə güclü əks-səda doğursa da, erməni analarının uşaqlarını orduya göndərməkdən qorxaraq, hərbi xidmətdən çəkindirməyə çalışır. Lakin Ermənistan hökuməti bunlara məhəl qoymur".

Tarixçi hesab edir ki, bütün bunlar artıq Ermənistan cəmiyyətini bir daha dərindən düşündürməli, özgə torpaqlarına qarşı əsassız ərazi iddiaları edən və münaqişə yaradan dövlət rəhbərinə qarşı kəskin münasibət bildirməlidir:

"Onlar özləri də başa düşməli və işğalçı Ermənistan hakimiyyətinə də başa salmalıdırlar ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır, onu işğal altında saxlamaq üçün qan tökməyin mənası yoxdur. Azərbaycan Prezidenti çox konkret şəkildə dedi: Qarabağ Azərbaycandır!"

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR