23 Dekabr 2024, Bazar ertəsi

Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və sair əks olunan 500 manatlıq “kağız pul nişanı”nın təsvirləri yayılıb. Qeyd edək ki, Konstitusiyanın və “Mərkəzi Bank haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilir.

AMB-dən bildirilib ki, Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.

 

 

 

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Bu barədə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.

Ardını oxu...

Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfir Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

 

 

 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı sualını cavablandırıb.

XİN-dən verilən məlumata görə, L.Abdullayeva bildirib: "İlk növbədə onu vurğulamaq istərdim ki, bu il yanvar 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrinin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi.

Ardını oxu...

Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ardını oxu...

Son yüzillik ərzində Azərbaycan tarix elminin verdiyi ən böyük imtahanlardan biri milli dövlətçilik tariximizə münasibətin tədqiq edilib araşdırılması ilə əlaqədar olmuşdur. Məlum sovet ideologiyası SSRİ-yə daxil olan xalqların milli dövlətçilik tarixinin, görkəmli tarixi şəxsiyyətlərinin öyrənilib yeni nəsillərə çatdırılması məsələsini arxa plana keçirdiyi üçün uzun bir dövr ərzində bu mövzu nəinki diqqət mərkəzindən kənarda saxlanılmış, həm də tarixi keçmişin unutdurulması istiqamətində müvafiq ideoloji iş aparılmışdır.

Sovet dövründə milli dövlətçilik ənənələri və ya tarixdə yaşamış adlı-sanlı dövlət xadimlərinin adları ən yaxşı hallarda vətənpərvərlik mövzusunda yazılmış publisist əsərlərdə çəkilməklə kifayətlənilmişdir. Bu mənada milli dövlətçilik tarixi problemi özünün miqyası və missiyası, sistemi ilə müstəqillik dövrü Azərbaycan elminin əsas mövzularından biridir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev yeni tarixi şəraitdə Azərbaycan tarixşünaslıq elminin əsas aparıcı mövzularından biri olan milli dövlətçiliyin tarixi, böyük simaları və ənənələri probleminin görkəmli və fədakar tədqiqatçılarından biridir. Müstəqillik illərində İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyası (1999) və çap etdirdiyi sanballı monoqrafik tədqiqatlar geniş mənada ölkəmizin milli dövlətçilik ənənələri haqqında yazılmış qiymətli elmi əsərlərdir. Akademik İsmayıl Hacıyev Azərbaycanın milli dövlətçilik tarixində özünəməxsus mühüm yeri və rolu olan Naxçıvan məktəbinin tarixini və tanınmış simalarını sistemli şəkildə araşdırıb öyrənməklə Azərbaycan tarixi dərslərinin mükəmməl, ümumiləşdirilmiş və bütöv elmi mənzərəsini yaratmağa öz töhfəsini vermişdir.

Atabəylər dövlətindən Naxçıvan Çuxursəd bəylərbəyliyinə, Naxçıvan xanlığına, Naxçıvan mahalına, Araz-Türk Respublikasına, Naxçıvan MSSR-ə və nəhayət, Naxçıvan Muxtar Respublikasına qədər keçilmiş tarixi yolun, yaşanmış ictimai-siyasi hadisələrin akademik İsmayıl Hacıyev tərəfindən dərindən və əsaslı şəkildə tədqiq olunması əslində həm də ümumilikdə Azərbaycanın dövlətçilik tarixinin bütün əsas mərhələlər üzrə inkişaf proseslərinin müəyyənləşdirilərək tədqiq olunması deməkdir. Milli dövlətçilik tariximizin qeyd olunan əksər mərhələləri haqqında Azərbaycan tarixşünaslıq elmində müəyyən tədqiqatların olmasına baxmayaraq, İsmayıl Hacıyev heç kəsi təkrar etmədən, hər tarixi mərhələyə dair ciddi tədqiqatlar aparmaqla, mühüm əlavələr etməklə tədqiq etdiyi mövzuda tam yeni forma və məzmuna malik olan fundamental elmi əsərlər meydana qoymuşdur.

Ardını oxu...

Ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 56 min 292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 123 min 400 nəfərə çatıb.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 117 nəfər olub.

 

 

 

 

 

 

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir.

“Azərenerji”dən verilən məlumatına görə, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq işlər sürətlə davam etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri cənab Vasif Talıbovun akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq yanvarın 21-də AMEA Naxçıvan Bölməsində  “Akademik İsmayıl Hacıyev – 70” mövzusunda yubiley tədbiri keçirilib. 

Ardını oxu...

“44 gün davam edən, amma bütün tarixboyu danışılacaq Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra artıq ölkəmizin həyatında yeni mərhələ-quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsi dövründə cəbhədən gələn qələbə xəbərlərini xalqa çatdırarkən, istər xarici mətbuata müsahibələrində, istər Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr üçtərəfli razılaşmasından sonra, istərsə də Zəfər sevincini bölüşmək üçün işğaldan azad edilmiş şəhər və kəndlərimizə səfərləri zamanı bu əminliyi ifadə etmişdir ki, Qarabağ bölgəsində cənnət yaradacağıq. Xalqımız buna layiqdir. Böyük qayıdış proqramı hazırlanır. Tezliklə Azərbaycan xalqı və bütün dünya  işğaldan azad olunmuş, dirçəldilmiş şəhərlərimizi, kəndlərimizi görəcək, xarici qonaqlar bu ərazilərimizi ziyarət etməyə maraq göstərəcək, bir sözlə, inkişaf modeli daim dünyaya nümunə olan Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Dağlıq Qarabağ münaqişəsi geridə qalmaqla Azərbaycanın yeni iqtisadi və soBsial inkişaf konsepsiyasının hazırlanmasını və uğurlu icrasını şərtləndirdi.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Ardını oxu...

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilib.

Bunu bu gün keçirilən kollegiya iclasında Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, hazıradək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.

 

 

 

Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır.

Bunu Prezident İlham Əliyev yanvarın 21-də “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlıTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Təəssüf edirəm ki, bu gün qardaş Türkmənistanda keçirilən mərasimdə iştirak edə bilmədim, lakin aydındır ki, pandemiya səbəbindən bu, hələ mümkün deyil. Bununla belə, bu gün biz videokonfrans formatında yenidən görüşmək, mühüm məsələləri müzakirə etmək, bizim qardaşlıq, dostluq münasibətlərinin xarakterini və ruhunu əks etdirən əlamətdar sənədin imzalanmasında iştirak etmək imkanına malikik. Qəti əminəm ki, ölkələrimiz arasında bütün səviyyələrdə, ilk növbədə, Prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bugünkü sənədin imzalanması mümkün olmazdı.

Ardını oxu...

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Görüş zamanı “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb.

 

 

 

Artıq bu gün siklon ölkəmizi tədricən tərk edəcək. Qərb rayonlarında yağıntılar günün birinci yarısında, şərq rayonlarında isə axşam kəsiləcək.

Bunu ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ölkə ərazisindən Aralıq dənizi siklonunun keçməsi nəticəsində soyuq yağıntılı qarlı hava hökm sürür. Yağan qar hətta aran rayonlarında da qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

U.Tağıyeva bildirib ki, Salyanda 6 sm, Neftçala 1 sm. qar yağıb. Ən çox qar örtüyü isə Şarıbaşda (Qax) 45 sm, Ağdərədə (Ordubad) 27 sm, Şamaxıda 25 sm, Daşkəsəndə 22 sm, Şərurda 20 sm, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18 sm, Qəbələ, Şəki, Altıağacda 17 sm, Lerikdə 14 sm olub. Göygöldə, Kəlvəz, Şahbuzda, Quba, Qrızda, Yardımlıda, Naxçıvan, Sədərək, Mərəzədə, Xaçmaz, Xaltanda, Şahdağda, Oğuzda, Astarada 1sm-dən -13 sm -dək olub. Bəzi rayonlarda və Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı yarım aylıq normaya bərabər olub.

 

 

 

2020-ci ildə Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 12,26 milyard kubmetr qaz ixrac edib ki, bu da 2019-cu illə müqayisədə 17,7 faiz çoxdur.

Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 41,4 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb.

2020-ci ildə Azərbaycanın magistral kəmərləri ilə 29,61 milyard kubmetr qaz nəql olunub ki, bu da 2019-cu illə müqayisədə 7,6 faiz çoxdur.

Ötən gün Bakıdakı Şəhidlər Xiyabanında çəkilən şəkil Böyük Britaniyanın “Guardian” nəşrinin günün fotoları sırasında yer alıb.

Yanvarın 20-də çəkilmiş fotonun müəllifi Türkiyənin “Anadolu” agentliyinin əməkdaşı Rəsul Rəhimovdur.

“İnsanlar Sovet İttifaqının dağılması zamanı 1990-cı ildə Qara Yanvar adlandırılan gündə sovet qoşunu tərəfindən öldürülənlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edirlər”, - fotonun təsvirində qeyd olunub.

Azərbaycanda şəhid aillələrinin üzvlərinə yeni imkanlar yaradılır.

Bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir. Bundan sonra peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də digər həssas qruplarla birlikdə üstünlük veriləcək.

Son dövrlər dövlət qəbul etdiyi bir sıra qanunvericilik aktları ilə şəhid ailələri ilə bağlı təminatları həm sadələşdirir, həm də onların təminatlarını daha da artırır. Bu dəyişikliklə dövlət şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması məqsədini güdür.

 

 

 

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 45, Ağdərədə (Ordubad) 27, Şamaxıda 25, Daşkəsəndə 22, Şərurda 20, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18, Qəbələ, Şəki, Altıağacda 17, Lerikdə 14, Göygöldə 13, Kəlvəz, Şahbuzda 12, Quba, Qrızda 11, Yardımlıda 10, Naxçıvan, Sədərək, Mərəzədə 9, Xaçmaz, Xaltanda 7, Salyanda 6, Şahdağda 4, Oğuzda 2, Neftçala, Astarada 1 sm olub.

Ardını oxu...

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə saxta profil iştirakçıları ilə bağlı vətəndaşlar müraciət edib.

Nazirliyin Mətbuat xidmətindən  verilən məlumatda bildirilir ki, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır: "Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.

İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri fəaliyyət göstərir.

Kanalımızın "bio" bölməsindən səhifələrimizə keçid edə bilərsiniz".

 

 

 

Bu gün Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin (TÜMKİAD) İdarə Heyətinin sədri İlhami Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri, orada məskunlaşacaq insanların məşğulluğunun təmin edilməsi məsələləri müzakirə edilib. İ.Öztürk bildirib ki, rəhbərlik etdiyi təşkilat həmin ərazilərdə bərpa işlərinə dəstək göstərməyə hazırdır və səfərin məqsədi Azərbaycanın müvafiq qurumları ilə bu məsələləri müzakirə etməkdir.

Onun sözlərinə görə, Azərbaycana bu istiqamətdə dəstək proqramı çərçivəsində daha çox sənaye zavodlarının və tekstil fabriklərinin qurulmasına üstünlük verilməsi nəzərdə tutulur.
Görüşün sonunda Sahibkarlar Konfederasiyası ilə TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb.

 

 

 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif 24 yanvarda Azərbaycana səfər edəcək.

Bu barədə diplomatik mənbələrdən bildiriblər. İranlı nazir səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə görüşərək danışıqlar aparacaq.

Səfər çərçivəsində Qarabağın işğaldan azad olunmasından sonra bölgədə yaranan yeni əməkdaşlıqlarla əlaqədar haqqında fikir mübadiləsi aparılacaq.

Məhəmməd Cavad Zərifin Bakıya səfərində İran şirkətlərinin Qarabağın bərpasında iştirakı ilə əlaqədar müzakirələr olacaq.

İran xarici işlər naziri həmçinin Azərbaycan, İran və Rusiya üçtərəfli əməkdaşlıqlarla əlaqədar Azərbaycan rəsmiləri ilə müzakirələr aparacaq.

Azərbaycan dünyanın 138 ölkəsi arasında hərbi gücünə görə 64-cü yeri tutub.

Bu barədə “Global Firepower” təşkilatının 2021-ci il üzrə hesabatında bildirilib.

Reytinqə əsasən, Azərbaycan Ordusu qüdrətinə görə Cənubi Qafqazda birinci yerdə qərarlaşıb. Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.

Hesabatda qeyd olunub ki, Azərbaycanda 3,7 milyondan çox hərbi xidmətə yararlı insan var. Silahlı Qüvvələrdə 425 min hərbçi qulluqçu var ki, onların da 125 mini aktiv xidmətdədir.

Azərbaycan Ordusunun arsenalında 145 təyyarə və helikopter, 1 052 tank, 1 450 zirehli maşın, 242 özüyeriyən atrilleriya, 307 ədəd yedəkli artilleriya və 245 reaktiv qurğu, dəniz flotunda isə 31 gəmi var.

Ardını oxu...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb.

Bu barədə özünün Twitter hesabında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yazıb.

 

 

 

ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin inauqurasiya mərasimi baş tutub.

Kapitolinin pilləkənlərində keçirilən mərasim zamanı C.Bayden and içib və prezident kimi fəaliyyətə başlayıb.

C.Bayden bildirib: "Mən, kiçik Cozef Roinett Bayden təntənəli şəkildə and içirəm ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi dürüst davranacağam və bütün gücümlə ABŞ Konstitusiyasını qoruyacağam".

Beləliklə Bakı vaxtı ilə saat 21:00-da Cozef Baydenin 4 illik prezidentlik müddəti başlamış oldu.

C.Baydenin inauqurasiya mərasimində sabiq prezidentlər Bill Klinton, kiçik Corc Buş və Barak Obama da iştirak ediblər.

 

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin 2020-ci ilin yekunu və qarşıda duran vəzifələrlə bağlı müşavirəsini xidmətin rəisi Əli Hüseynəliyev açaraq bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələri icra etmək məqsədilə şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün ötən il Çin Xalq Respublikasının istehsalı olan 6 ədəd “King-Long” markalı yeni avtobus və onlara aid ehtiyat hissələri alınaraq gətirilib. Bununla da muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 135 marşrut xəttində 313 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.

Ardını oxu...

Yüksəkliyə can atmaq insanın təbiətindəndir. O, dünyaya gəldiyi andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə can atır. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Torpaq uğrunda canını fəda edən Vətən övladı, əslində, ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?!

Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır.

Ardını oxu...

     Tarix boyu qəhrəmanlıq, şücaət, vətənpərvərlik salnaməsi yazmış bir xalqın haqsızlığa, ədalətsizliyə boyun əymədən zülmə qarşı üsyanıdır yanvarın 20-ci günü. Düz 30 il idi ki, əlimizdəki qərənfil kimi, boynumuz bükük, matəmli, hüznlü şəkildə üz tuturduq sinəsini düşmən gülləsinə sipər edən İdris Məmmədov, Mirəsgər Seyidov, Bahadur Abbasov kimi onlarla şəhidimizin uyuduğu Naxçıvan şəhərindəki müqəddəs məkana. Həmin gün sanki qəzəbi tuturdu sinəsi qara buludlarla dolan göy üzünün də yerə. Əlimizi, ayağımızı donduran şaxta-boranı bir vasitə ilə isitməyə çalışsaq da qəlbimizdəki çovğunu, təlatümü ovutmaq üçün heç nə yetməzdi imdadımıza. Nə dilə gətirməklə, nə yazmaqla, nə də hər hansı kətanın üzərinə köçürməklə tam dolğun şəkildə izah etmək mümkün olurdu könlümüzdəki illərin ədalətsiz hökmünə qarşı çıxan hayqırtı səsini. Bax beləcə böyükdən-kiçiyə hər birimiz usana-usana keçirdik şəhid məzarları önündən. Gözümüzün ucu ilə, ürkək halda baxırdıq pərişanlıqla dolu, donuq baxışlı məzarlara. Onların bir andaca dilə gəlib “Bizim qanımız niyə yerdə qalıb? Zəfər müjdəsini nə vaxt alacayıq sizdən? Haqq-ədaləti bərpa edin, axı sizin də damarınızda bizim kimi Vətən sevgisi ilə coşub-daşır qan” kimi sual dolu cümlələrlə xitab edəcəyindən çəkinirdik sanki. Ziyarət bitdikdən sonra evə dönən zaman beynimizə dolan bu qara fikirli sualları yolboyu gələcəyimiz deyib tərbiyə aşıladığımız övladlarımızdan eşidəndə isə titrəyirdi dil-dodağımız. Xalqımıza yaşadılan acıları sıxıla-sıxıla izah edir, hakim olmağa çalışırdıq qəzəblə dolu göz yaşlarımıza. İllər ötdükcə bu yaranın ağrısı azalmaq əvəzinə daha da şiddətlənirdi, hər dəfə televiziya ekranlarından o acılarla dolu kadrları yumruq düyünləmədən, diş qıcamadan izləməzdik, təbii ki. İlahi ədalətin gec-tez təcəlli edəcəyinə böyük idi inamımız, ümidimiz. Səbir kasası dolub daşan xalqımızda tam əminlik hissləri yaradırdı günü-gündən güclənən dövlətimiz, qüdrətlənən ordumuz. İlbəil artan qələbələr tezliklə Böyük zəfər müjdəsinin gələcəyini də gözlənilən etmişdi çoxdan. Və belə də oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən həm hərbi, həm siyasi yöndəki haqq-ədalət savaşımız Böyük Qələbə ilə nəticələndi.

 

Ardını oxu...

Dünyada elə şəxsiyyətlər var ki, onlar öz fəaliyyətləri və əsərləri ilə təkcə bir nəslin deyil, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır.

Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar. Azərbaycan tarixinin görkəmli nümayəndələrindən olan, AMEA-nın həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev də belə şəxsiyyətlərdəndir. Yanvarın 21-də böyük alimin 70 yaşı tamam olur.

İsmayıl Hacıyev 1951-ci il yanvarın 21-də Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini uğurla başa vurmuş, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1974-1977-ci illərdə Xanağa və Xoşkeşin kənd məktəblərində müəllim, 1978-ci ildən indiki Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmişdir. Burada müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, 1996-1997-ci illərdə elmi işlər üzrə prorektor və 1997-2003-cü illərdə tədris işləri üzrə prorektor vəzifələrini uğurla icra etmişdir. 1992-ci ildə “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında naxçıvanlıların iştirakı (1941--1945-ci illər)” adlı namizədlik, 1999-cu ildə isə ”Naxçıvan Muxtar Respublikası Azərbaycanın dövlətçilik tarixində” adlı doktorluq dissertasiyalarını yüksək səviyyədə müdafiə etmişdir.

Ardını oxu...

         Görkəmli alim, elm təşkilatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin 70 yaşı tamam olur.

         İsmayıl Muxtar oğlu Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1992-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə isə tarix elmləri doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını alıb. 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

          İsmayıl Hacıyev əmək fəaliyyətinə 1974-cü ildə Culfa rayonunun Xoşkeşin kənd məktəbində müəllim kimi başlayıb, 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim, dekan müavini, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət  Heyərinin üzvü seçilib.

Ardını oxu...

Şərəfli tariximizin qan yaddaşına yazılmış 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. O müdhiş gecədə həlak olan Vətən oğulları xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar, bugünkü müstəqil Azərbaycan dövlətinin tarixinə həmin faciəni şərəf və qəhrəmanlıq səhifəsi kimi yazdılar.
Həmin gün Azərbaycanın Vətən yolunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan, ölümsüzlüyə yüksələn oğul və qızlarının məzarları bu gün hər birimizin müqəddəs ziyarət yerinə çevrilib.
Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq 31 ildir ki, məzarları ziyarət edilir, onların keçdikləri şərəfli ömür yolunun yeniyetmə və gənclərimizə örnək olmasını bir daha xatırlatmaq üçün məqsədyönlü tədbirlər görülür.
Bu il də yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazilərində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da doğma yurdunun, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyatın, xətdə olan sərnişin qatarlarının və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Xəbərlər şöbəs­i

  

 

Naxçıvan torpağını qarış-qarış dolaşdıqca, tarixin toz basmış səhifələrini vərəqlədikcə, məğlub­edilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı tarixini görürük. Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün əzizdir. Çünki Naxçıvan tarixboyu türk-islam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub və bu şanlı missiya bu gün də davam etməkdədir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağı tarixboyu çox mürəkkəb çətin yollardan keçib. Belə çətin sınaqlardan birini də xalqımız keçən əsrin 80-ci illərində yaşadı. Sovetlər ittifaqının son illəri naxçıvanlıların yaddaşına çətinliklər, məhrumiyyətlər, qanlı qırğınlar dövrü kimi yazılmaqla bərabər, müstəqillik, azadlıq dövrü kimi də qaldı. Ötən əsrin 90-cı illərinin əvvəllərində bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaratmışdı. Bu həmin vaxtlar idi ki, sərhədlərimizdə döyüş gedirdi, Azərbaycanın ozamankı rəhbərliyi Naxçıvana “kor bağırsaq” deyirdi. Onu “kəsib” Ana Vətənindən ayırmaq istəyirdi. Bu, o vaxt idi ki, hər yerdən ümidi üzülən yerli əhali günün çoxunu çörək növbələrində keçirirdi. Naxçıvanlılar isə həm döyüşür, həm də çətin bir sınaqla, qıtlıqla mübarizə aparırdı. Əsrlər öncə Əlincədə göstərilən rəşadət Sədərəkdə idi sanki. Səngərə əli silahsız atılan igid Vətən oğulları düşmənin yüzlərlə silahlısına layiqli cavab verir, onları geri oturdur, bir qarış belə, torpağa murdar ermənin ayağının dəyməsinə icazə vermirdi. Həmin günlər qədim yurdun hər kəndindən, şəhərindən oğullar axışdı Sədərəyə, bu torpağı müdafiə etdilər, can qurban verdilər Vətən dediyimiz bir ovuc torpağa. Kimi canından, kimisi sağlamlığından keçdi, amma bir ovuc torpaqdan keçmədik. “Vətəndən pay olmaz”,–dedik. O günlərdən artıq 31 il ötür.

Ardını oxu...

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb.

Baş Konsulluqdan  verilən məlumata görə, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur. Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir.

Ardını oxu...

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "Twitter" hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 Yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq. Şəhidlərimizin ruhu şaddır. Allah rəhmət eləsin!"

 

 

 

 

Türkiyənin Azərbaycandakı səfirliyi "Twitter" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: "1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik. Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq".

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu.

Bu barədə Xarici İşlər Nazirliyinin 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, bu faciəvi hadisələrdən öncə Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistanın özündən deportasiya edilməsi Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Ümumxalq hərəkatın qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi:

Ardını oxu...

Naxçıvandan Qarabağ döyüşlərinə qatılan Vətən müharibəsi iştirakçısı Naxçıvana qayıdan kimi ilk əvvəl Şəhidlər xiyabanını ziyarət edib. Məzarların önündə baş əyərək sevinc göz yaşlarını saxlaya bilmir. II Qarabağ döyüşünün iştirakçısı kimi şəhidlərimizin görüşünə, döyüş təəssüratlarını bölüşməyə gəlib. Onlara şad xəbəri özü verməyə gəlib. Cəsarətli addımlarıyla, qürurlu tərzi ilə Şəhidlər xiyabanına daxil olan igid hərbçimiz mərkəzdə məzarların tam qarşısında dayanıb məğrur-məğrur düşünür: 

Ardını oxu...

Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda keçilən interaktiv dərs keçilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən akademik İsmayıl Hacıyevin 70 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunmuşdur.
Tədbirlər Planına əsasən yanvarın 19-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında görkəmli alimin əsərlərindən ibarət sərgi və yeni nəşr olunmuş kitablarının imza günü keçirilib.

Ardını oxu...

2020-ci ildə Naxçıvan televiziyasının yeni, müasir saytı istifadəyə verilib, televiziya və radionun efir saatı 20 saata çatdırılıb. Televiziyanın öz istehsalı olan videomateriallar ümumi efirin 70.6 faizini təşkil edib.

Bu fikirlər Naxçıvan Dövlət Televiya və Radio Verilişləri Komitəsində 2020 ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda səsləndirilib. Ötən il Naxçıvan Teleradiosunun maddi-texniki bazasının gücləndirildiyini diqqətə çatdıran  Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli bildirib ki, il ərzində 1800-dən çox yeni telematerial, 1973 radiomaterial efirə təqdim olunub. “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 15 min 300-dən çox məlumat paylaşılıb. Agentliyin saytına dünyanın 160-a qədər ölkəsindən müraciət olunub.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib, aktiv xəstə sayı 7 944 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, ötən müddət ərzində isə ümumilikdə 2 328 507 test aparılıb.

 

 

 

 

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəy" müqavilə zonasının mərkəzi sahəsində "Zəfər" adlı yeni mis-qızıl yatağını kəşf edib.

Şirkət Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib.

COVİD-19 virusuna qarşı kimlərə vaksinin vurulmayacağı açıqlanıb.

TƏBİB-dən bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən, 18 yaşa qədər şəxslərə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir, çünki bu istiqamətdə hələ tədqiqat aparılmayıb:

"Vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s.kimi əlamətlər isə əks-göstəriş deyil. Bu əlamətlər əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir".

Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi 2020-ci il fevralın 25-də imzalanmışdı. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

2020-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4,16 milyard manat təşkil edib.

Şuşa şəhərinin su təchizatının bərpası ilə bağlı işlər davam etdirilir.

Bu barədə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, artıq Zarıslı və Kiçik Kirsdən gələn su mənbələri bərpa olunub: "Hazırda istismar işləri davam edir. Şuşa şəhərinin daxilində hərbçilərin yerləşdiyi binalar və yaşayış olmayan binaların hər biri təftiş olunur. Eyni zamanda, "Azərsu" Şuşa şəhərinə içməli suya olan təminatı yaxşılaşdırmaq üçün bir su maşını da təhkim edib. Ehtiyac olan yerlərə həmin maşın vasitəsilə içməli su çatdırılır, hazırda şəhər ərazisində istismar işlərinin davam etdirilməsi üçün 24 saatlıq iş rejimi tətbiq olunub".

A.Cəbrayıllı bildirib ki, Şuşa şəhərinin içməli su ilə təchizatı üçün anbar zonasında zərərsizləşdirici qurğu da quraşdırılıb.

Azərbayvanda COVID-19-a yoluxub sağalmış insanlar da qoruyucu maskadan istifadə etməlidir.

Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.

O qeyd edib ki, peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək: "Çünki vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl olunacaq.

Xəstəliyə yoluxub sağalmış insanların yaranmış anticismləri uzun müddət yaşama qabiliyyətinə malik deyil. Yaranmış anticismlər xəstəliyi keçirən insanların orqanizmində eyni müddətdə qalmır. Anticisimlərin yaşama müddəti xəstəliyi keçirmə ağırlığından asılıdır. Bu səbəbdən peyvəndlər daha güclü immunsistemi yaradacaq və vaksinasiya hər kəs üçün daha güvənli yol kimi nəzərdə tutulur".

G.Quluzadə deyib ki, COVID-19 peyvəndi pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir, ancaq normal həyata dönüş üçün biraz daha zamana ehtiyac olacaq: "Çünki tam güvənli şəkildə normal həyatımıza qayıdış nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır. Bu, zaman tələb edən bir dövrdür. Bu səbəbdən də maska və sosial məsafə qaydalarına müəyyan müddət riayət etməli olacağıq".

 

 

 

 

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər müəyyənləşib.

Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.

Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Fondun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. Fondun inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.3. Fondun fəaliyyətinə nəzarət etmək;

Ardını oxu...

“Azerspace-1” peykindən yayımlanan televiziya kanalları siyahısına yeni türk və qırğız kanalları əlavə olunub.

“Azərkosmos” ASC-dən bildirilib ki, ASC və Qırğızıstanın “Ayan TV” və “Super TV” kanalları arasında kommersiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, bu gündən etibarən “Ayan TV” və “Super TV” kanalları Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır. Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.

“Ayan TV” və “Super TV” kanallarının yayım tezliyi: 11104/V/13000

Həmçinin Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan “Euro 90 TV” kanalı “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayıma başlayıb. “Euro 90 TV” kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.

Ardını oxu...

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin 31 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Daimi nümayəndəlikdən bildiriblər ki, tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 20 yanvar hadisələri ilə bağlı ətraflı çıxış edərək deyib: “Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar, müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan bir gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı idi. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməli, təhlil edilməlidir”.

Ardını oxu...

         

  20 yanvar faciəsini xatırlarkən

           Erməni vəhşiliklərinə etinasız qalmayan Azərbaycan xalqı, milli azadlıq hərəkatını davam etdirmək və Azərbaycanın müstəqilliyinə nail olmaqda əzmli idi. Qarabağı Azərbaycandan qoparmaq və ermənistana birləşdirmək üçün dəridən - qabıqdan çıxan Ermənistan hakimiyyəti məsələni SSRİ rəhbərliyi səviyyəsinə qədər qaldırmışdı. O dövrdə Sovet dövlətinə rəhbərlik edən M.Qorbaçov bəlkə də münaqişənin nə ilə nəticələnəcəyini ağlına belə gətirmirdi. Çünki Dərələyiz, Zəngəzuru ermənilərə pay verəndə rus şovinizmi bu qədər müqavimətə rast gəlməmişdi. M.Qorbaçov ümid edirdi ki, ordu vəhşilik törətdikdən sonra Azərbaycan xalqı qorxaraq növbəti dəfə torpaqlarının əlindən alınması ilə razılaşacaq.  Yanılırdılar. Bu dəfə azərbaycan xalqı ölüm - dirim savaşına qalxmışdı. Və ümumxalq etimadsızlığını sonadək davam etdirməkdə israrlı idi.

         19 yanvar 1990 il. Axşam idi. Bakı şəhərinin 6 cı mikrorayonunda  AMEA alimlərinin yaşadığı binanın qarşısında toplaşmışdıq. Sərinkeşlər zavoduna aid yaşayış binasının sakinləri də burda toplaşmışdı. Qaranlıq yenicə düşmüşdü. Biz Bakının Şamaxı qapısına doğru irəliləyirdik. Yolda izdihama çox sayda insanlar da qoşulurdu. Gənclər, yaşlı insanlar, qadinlar, hətta uşaqlar da.

Ardını oxu...

Erməni terrorçu dəstələri Naxçıvana qarşı


Sovet İttifaqının tarixində ilk dəfə 31 il əvvəl Naxçıvan Muxtar Respublikası SSRİ-nin tərkibindən çıxdığını bəyan etdi.
1990-cı ilin yanvar ayında erməni terroru daha da şiddətlənmişdi. Azərbaycana qarşı erməni təcavüzünə Sovet İttifaqı rəhbərliyi açıq-aşkar şərait yaratmışdı. Buna baxmayaraq, xalqımızın istiqlaliyyət uğrunda mübarizəsi getdikcə güclənməkdə idi.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR