Qış mövsümü ərzində şəxsi heyət arasında rast gəlinən xəstəliklərdən biri də donvurmadır. Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona, adətən, bədənin açıq yerləri - burun, qulaq və ətraflar məruz qalır. Soyuq və şaxtalı havalarda dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Buna görə də bu xəstəliklərin qarşısının alınması üçün Azərbaycan Ordusunda mütəmadi olaraq profilaktik tədbirlər kompleksi həyata keçirilir. Belə ki, müxtəlif iqlim xüsusiyyətlərinə malik ərazilərdə hərbi xidmət keçmələrini nəzərə alaraq hərbi qulluqçular hava şəraitinə müvafiq geyimlərlə təmin edilirlər. Bölmələrdə donvurma xəstəliklərinin qarşısının alınması üçün şəxsi heyətin küləkdən, yağmurdan qorunması, o cümlədən meteoroloji vəziyyətə müvafiq geyindirilməsi, hərbi geyimin, ayaqqabıların düzgün seçilməsi, təyin olunmuş istismar müddətinə uyğunluğu, vaxtında yuyulması, qurudulması rəhbərlik tərəfindən ciddi nəzarətdə saxlanılır.
Trend-in məlumatına görə, donvurma barədə məlumat verən Silahlı Qüvvələrin Baş Sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov qeyd edib ki, orta və yüksək dağlıq rayonlarda hava şəraitinin (temperaturun) tez-tez və kəskin dəyişməsi, hündürlük artdıqca havada oksigenin parsial təzyiqinin azalması, yüksək insolyasiya və ionizasiya, eləcə də fiziki və psixi yorğunluq həmin ərazidə xidmət edən şəxsi heyətə, o cümlədən döyüş mövqeyində olan hərbi qulluqçulara üzücü təsir göstərir və onlar arasında donvurma hallarının olmasına səbəb olur. "Donvurma səthi və dərin ola bilər. Yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır. Çox vaxt donvurma soyuq qış günlərində, temperatur 10 dərəcə selsidən aşağı olduqda baş verir. Lakin uzun müddət, xüsusən də yüksək nəmlik və güclü külək zamanı yataqxanadan kənarda qaldıqda, hətta bəzən havanın temperaturu 0 dərəcədan yuxarı olduqda, yaz və payız aylarında da rast gəlinə bilər. Meteoroloji amillərdən başqa, donmaya dar, nəm paltar və ayaqqabı, fiziki yorğunluq və uzun müddət məcburi hərəkətsiz, rahat olmayan vəziyyət, aclıq, keçirilmiş xəstəlik nəticəsində orqanizmin zəifləməsi, ayaqların tərləməsi, aşağı ətrafların və ürək-damar sisteminin xroniki xəstəlikləri, qanitirmə, zədə, siqaretçəkmə, alkoqol sərxoşluğu və s. də səbəb olur."