Dünyada bir sevgi var: bütün sevgilərin əzəlidir, tamamilə fərqli, azalmayan, səngiməyən, bitməyən, tükənməyəndir. O, milyonlarla azərbaycanlının ürəyində doğulub, o, ürəklərdə Naxçıvan, Qarabağ, Bakı, Gəncə, Xankəndi, Şuşa, Laçın, Füzuli, Goranboy, Tərtər, Xocalı, Ağdərə, Ağdam və digər yurd yerlərimizə, ata-baba ocaqlarımıza sevgimizlə bütövləşib Vətən sevgisini yaradır. Bəli, bu sevginin adı Vətəndir, ona sevdalılar isə bu yurdların yurddaşlarıdır. Bu sevdalılar Vətənin dar gününün sahibi olurlarsa, Vətən onların şad gününə çevrilir. Azərbaycan adlı Vətənin sevdalıları da onun hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olan oğul və qızlarıdır. Onlar üçün Vətən ürək döyüntüsüdür. O, döyünürsə, həyat vardır...
30 ilin sevdalıları
Biz Vətənin əbədi sevdalılarıyıq. Vətənimizdən qoparılan yurd yerlərimizin isə 30 illik qara sevdalılarıyıq. Biz sovet imperiyasının 70 illik əsarətinin zəncirlərindən qoparkən yurd yerlərimiz də köksümüzdən qoparılmışlardıq. Azərbaycana gözdağı olsun deyə, ozamankı dövlət rəhbərlərimizin satqın əlləri ilə ermənilərə hədiyyə olunan cənnətməkan bölgələrimizin həsrətliləriydik. 70 il varı, dövləti talanıb, 1988-1990-cı illərin işğalçılıq siyasətinin qarşısına çıxmağa silahı-sursatı olmayanlar, aciz, çarəsiz sovet əsirləri idik. Hələ 1990-cı ildə 70 illik yuxudan oyanıb, itirdiyimiz illərə heyifsilənənlər idik. Oğulları başqa dövlətin fəhlə batalyonlarında əsgəri xidmət keçən, “böyük vətənimizin” müharibəsində 20 mindən artıq itki verən və qələbəni öz neftimizlə onlara qazandıranlar idik. Buna görəmi torpaqsız erməninin qarşısında torpaq həsrəti çəkəcəkdik? Buna görəmi torpağımızın ətrini çadır şəhərçiklərində, sığanacaqlarda, köçkün həyatı yaşadığımız hər yerdə axtarıb, o ətirdən yana burnumuzun ucu göynəyənlərə çevriləcəkdik? Buna görəmi yurd həsrəti ilə qovrulub, ona qovuşmamış digər şəhərlərimizin, kəndlərimizin qəbiristanlıqlarında baş daşlarına çevriləcəkdik?..