26 Dekabr 2024, Cümə axşamı

Neçə sevgiləri, neçə toyları, neçə sevincləri yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin sonunda qələbə olanda, insanları o qədər yandırmır. Çünki bilirlər ki, o qanlar, o canlar hədər yerə qurban getməyiblər. Deyirlər ki, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bu xalq hər zaman qəhrəman olub. Onun igidləri Vətən yolunda canını sipər edib. Qanları ilə yoğurublar Vətən torpağını. Bu gün də Vətən oğulları heç nəyi düşünmədən atılırlar döyüşlərə qələbə xəbəri ilə sevindirirlər illərdir həsrətdə olan xalqımızı. Vətən sevgisdi onları oraya tərəddüd etmədən getmələrinə öz qanları ilə torpağı sulamasına səbəb. Onlar öz qanları ilə sulayırlar ki, Vətən torpağını qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin, göyərsin...

Şəhidlər, yurdsevər ərənlər, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərlərimiz! Siz hər kəsə nəsib olmayan bir yerdəsiniz Tanrının, haqqın dərgahında!.. Düşməndən qisas almağa can atan, qeyrətli, təəssübkeş, Vətənin ən layiqli oğulları. Tarix boyu igid olub Azərbaycan oğulları. Siz Şah İsmayılın, Sara xatunun, Tomrisin soyundan gəlmisiniz. “Oğul düşmən çəpəridir”, – deyən bir atanın övladlarısınız. Heç kimi, hətta dünya nemətlərindən ən şirini olan canınızı belə, düşünmədən düşmənə nifrətinizi silaha çevirib irəli atıldınız – sonunuzu düşünmədiniz, ölümü saya salmadınız! Özünüzü belə, düşünmədiniz! Vətən üçün ölməyə dəyər! – dediniz... Qeyrətli igidlər, Vətənin dar günündə düşmən qarşısına, önə çıxdınız, sinənizi sipər edib ömrünüzü bu millətin ömrünə caladınız. Doğulduğunuz torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir”, – deyib canından keçən igid oğullarımız bu gün bütün evərin eyvanları yollar üçrəngli bayrağımızla bəzənib. O bayraq ki, sizin kimi oğulların sayəsində ucalır, dalğalanır. O bayraq ki, sizin şücaətinizin sayəsində Qarabağa, Şüşaya, Laçına yol alır. Özünüzdə də uğruna canınızı qurban verdiyiniz üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıdırsınız elinizə, evimizə yurdumuza uğrunda can verdiyiniz Vətən torpağının bir parçası olan Naxçıvanımıza. Əvvəllər öz elinizə gələndə təkcə ailəniz qarşılayardı sizi! İndi isə bütün Naxçıvan camaatı çıxmışdı yollara. Hər kəsin, böyükdən-kiçiyə hamının gözlərində yaş olsa da, bu qürurlu gündə başımızı dik tutmağı, qəmdən sıyrılıb çıxmağı bacardıq. Şəhidlik qeyrət və hünər zirvəsidir. Hamımız bu müqəddəsliyə qovuşmağa hazırıq, – dedik. Qələbə soraqlı şəhidlərimiz xalqımız sizin igidliyinizi heç vaxt unutmayacaq azad etdiyiniz yurdlara qayıdan insanlar orada hər gün sizi xatırlayacaq, Vətən kəlməsini ilk dəfə deyən körpələrə sizdən danışılacaq.
Əsgəri də, zabiti də, generalı da hamınız bizim atamız, qardaşımız, oğlumuzsunuz. Sizin düşmənə sipər olan sinənizə dəyən mərmi bütün xalqın ürəyindən keçdi. Dövlətimiz yaşasın, bayrağımız enməsin, torpaqlarımız işğal edilməsin deyə, canından keçən igidlərimiz! Sizin məzarınız bizim and yerimiz, müqəddəs ziyarətgahımızdır. Qədim Naxçıvanımızın ər oğulları! Vətənin hər qarışı üçün canını fəda edən igidlər. Sizin şəhadətinizlə Qələbə Günəşi doğdu üfüqlərdə! Azad etdiyiniz torpaqlar şəhidlərin ruhunu ağ göyərçinə döndərdi. Gün gələcək, Vətən torpağının hər qarışı düşməndən azad olacaq. İgidliyiniz daim yaşayacaq, səngərdəki əsgərlərə mayak olacaq, işıqlandıracaq keçdikləri yolları. Bax o zaman alınacaq qisasınız! Və həmin gün qələbə soraqlı üçrəngli ay-ulduzlu bayrağımız sizin məzarınız başında qürurla dalğalanacaq. Torpağı öz qanları ilə yoğurub Vətən edən şəhidlər!
- Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR