22 Dekabr 2024, Bazar

XX əsrin 30-cu illəri tariximizin yaddaşına ən ağır illər kimi həkk olundu. Min hiylə, fəsadla qurulan sovet hakimiyyəti həmin illərdə ölkəmizdə yeni qanun-qaydalar tətbiq edir, müstəqilliyi əlindən alınmış xalqımızın dilini, dinini, mədəniyyətini, adət-ənənələrini, tarixini unutdurmağa çalışırdı. “Türk”, “İslam” sözlərini işlətmək, milli ənənələri xatırladacaq fikirlər söyləmək xəyanət hesab olunurdu. Sovet işğalından sonra həyata keçirilən qırğınlara baxmayaraq, xalqın ziyalıları hələ də azadlıq eşqi ilə yaşayırdılar. İşğal rejimini qəbul etməyən görkəmli ziyalılar kütləvi şəkildə məhv edilirdi. Həmin repressiyalar 1937-ci ildən başlayaraq daha da kəskinləşdi. Minlərlə insan “xalq düşməni” adı ilə damğalanıb həbs olundu, qətlə yetirildi. Repressiya dövrünün qurbanlarından biri də Azərbaycan ədəbiyyatının görkəmli siması, bəşəri ideyalar tərənnümçüsü, xalqını daim azad görmək istəyən Hüseyn Cavid idi. Uzaq Sibirdə sürgün həyatına məhkum edilən Hüseyn Cavid öz əzmi və iradəsini, sabaha olan ümidini itirmədi, bir gün azadlığa qovuşacağına inandı. Özünə nəsib olmasa da, ruhu azadlığa qovuşdu...

...İllər keçdi. Xalqı faciəyə düçar edənlər ifşa olundular. Haqsız qətl qurbanlarına ölümündən sonra bəraət verildi, onların günahsız olduqları bəyan edildi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci il iyul ayının 1-də Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi barədə verilən qərar şairin ikinci əsl bəraət sənədi oldu. Görkəmli dövlət xadiminin bu böyük qələm sahibinin timsalında milli poeziyamıza, onun nümayəndələrinə verdiyi yüksək qiyməti xalqımız 1982-ci ildə bir daha gördü. Həmin il oktyabr ayının 26-da görkəmli şair və dramaturq Hüseyn Cavidin cənazəsi Uzaq Sibirdən Vətənə gətirildi.

Ardını oxu...

Muxtar respublikada sağlamlıq imkanları məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

Sağlam həyat Tanrının insana bəxş etdiyi ən dəyərli nemətdir. Lakin bəzən Tanrıdan dilədiyimiz bu əziz nemət hər kəsə nəsib olmur. Sağlamlıq imkanları məhdud olan insanların bəziləri vətən uğrunda döyüşlərdə əlil olub, bəziləri isə müxtəlif qəzalar nəticəsində... Kimisi də elə dünyaya göz açandan bəri insanlara tutunaraq yaşamağa çalışır. Əslində isə onları görünən fiziki qüsurlarından çox görünməyən daxili yaraları, mənəvi yorğunluqları incidir. Həmin insanların mövcud komplekslərindən xilas olmaları, sağlam şəxslərdən geri qalmamaları, sosial mühitdən uzaqlaşmamaları üçün dövlət tərəfindən onlara xüsusi qayğı göstərilir, maddi dəstəklə yanaşı, həm də mənəvi dəstək verilir.

Bu kateqoriyadan olan insanlara muxtar respublikamızda göstərilən diqqət və qayğı, həqiqətən də, qürurvericidir. Böyük fəxrlə qeyd etmək istərdim ki, Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi dövlətimizin hərtərəfli qayğısı nəticəsində bu qəbildən olan insanlara, eləcə də onların ailələri üçün yaradılan rahat, firavan həyat şəraitinin yaxından şahidi olduğumdan bununla bağlı düşüncələrimi bu yazıda əks etdirmək qərarına gəldim.

Ardını oxu...

Qədim diyarımızın zəngin ulu keçmişinin hər səhifəsində xalqımızın keçdiyi şərəfli, sirli-soraqlı salnamə yaşayır. Bu gün muxtar respublikamızın hansı səmtinə üz tutsaq, orada yaşı minilliklərə söykənən tarixlə rastlaşacağıq. Yaxın günlərdə üz tutduğumuz Babək rayonunun Qahab kəndi də müasirliyi ilə yanaşı, ulu keçmişimizi özündə yaşadan qədim yurd yeridir.

Qahab kəndinin keçmişi ilə bağlı məlumata 1930-cu illərə aid informasiya mənbələri sırasında rus şərqşünası K.N.Smirnоvun əsərində rast gələ bilərik. Mənbələrdən əldə etdiyimiz məlumata əsaslanaraq vurğulayaq ki, 1936-cı ilin payızında rus şərqşünası K.N.Smirnоv 64 gün Naxçıvanda оlmuş, Zəngəzur və Naхçıvanın əksər kənd­lərini gəzmiş, ziyalılardan, muzеy və arхivlərdən zəngin matеriallar tоplamış, Naхçıvanın tariхi və еtnоqrafiyası ilə bağlı qiymətli əsər yazmışdır. Həmin əsərdə o, Kəngərli nəslinin nümayəndəsi Şahbaz ağanın verdiyi məlumata əsaslanaraq 1831-ci ildə Naxçıvanın bir çox kəndində, eləcə də Qahabda Kəngərli tayfa və tirələrinin yaşadıqları, hətta muxtar respublikamızda bəzi yaşayış məskənlərinin Kəngərli bəylərinə məxsus olduğunu yazıb.
Başqa bir mənbədə Qahab kəndinin tarixi adına nəzər saldıq. Qahab, gah – “düzən”, “çay yatağı”, ab – “su” sözlərindən ibarətdir. Digər mənbələrdə isə bu ad “az sulu” mənasında açıqlanır. Lakin tədqiqatçıların fikrincə, belə mənbələr kəndin tam adının açıqlanması üçün əsas deyil.

Ardını oxu...

Şahbuz şəhərindəki Ahıllar Evinin sakinləri bu ünvanı özlərinə doğma ocaq seçiblər

“Bu gün artıq 5 il 3 ay 18-ci günüm keçir bu evdə. Yaşlansam da, yaddaşım zəifləyib, çox şeyi unutsam da, burada keçən günlərimi saymağı bir an belə unutmadım. Çox gözlədim ömrümü qurban verməkdən, bir an belə tərəddüd etmədiyim övladımın yolunu... Bəlkə, nə vaxtsa gələr, axtarar, nəyin var, nəyin yox, xəstələnmisən, elə, bəlkə, ölmüsən? – deyə maraqlanar, amma çox təəssüf ki, nə gəldi, nə axtardı...
– Bilirsən bala, insanı ən çox nə incidir? O, uşaqkən mən onu bir an belə, yanımdan ayırmazdım, heç kimə güvənib, əmanət edə bilməzdim. İndi necə oldu axı məni tanımadığı insanlara əmanət etdi?!”
Bu sözləri hələ illər əvvəl Bakı şəhərində baş çəkdiyim Ahıllar Evində Pakizə nənə mənə demişdi. Hər dəfə yaşlı insanlar ilə görüşə gedəndə qəribə hisslər keçirirəm. Söhbət zamanı bəzən utanaraq, çəkinərək verdiyim suallarla onları üzməməyə çalışsam da, yaşadıqları həyat hekayəsini dinləmək istəyindən də özümü saxlaya bilmirəm. Hər biri də maraqlı, çətin və mübarizələrlə dolu keçən ömrün insanları... Bəzilərinin gözü hələ də yoldadır, bəziləri üçün isə bura ömürlərinin sonunadək yaşayacağı bir doğma ocaqdır. O doğma ocaq ki burada onların təsəlliləri dövlətimizin himayəsi altında olmalarıdır. Elə bizim də. Şahbuz şəhərində yerləşən Ahıllar Evinə bu səfərimdə də məni ora getməyə cəsarətləndirən dövlətimizin bu təbəqədən olan insanlara həssas münasibəti, mənim isə onları ziyarət etməyimlə qazanacağım mənəvi məmnuniyyətim idi.

Ardını oxu...

Hər bir valideyn övladı üçün gözəl gələcək arzulayır, həmin arzuların reallaşması naminə səylə çalışır, hər şey övladının könlüncə olsun deyə əlindən gələnin ən yaxşısını etməyə can atır. Uşağın qidalanması, geyim-keçimi, əyləncəsi, istifadə etdiyi əşyalar və daha nələr-nələr... Ən yaxşısı, ən keyfiyyətlisi, ən qeyri-adisi, ən fərqlisi və sair. Söhbət təhsildən getdikdə valideynin qayğısı, məsuliyyəti daha da artır.
Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Hər il olduğu kimi, bu dəfə də şagirdlər həyəcanlı, valideynlərsə qayğılıdır. Dərs ­ləvazimatları, məktəbli formaları, çantalar və adını sadalamadığımız digər zəruri əşyaların alınması üçün valideynlər səylə çalışırlar ki, övladları tam hazırlıqlı olaraq məktəbə yollansınlar. Bəs bu ehtiyacları təmin etməklə yanaşı, uşaqlarımızı psixoloji baxımdan məktəbə necə hazırlayırıq?
Azyaşlılar, xüsusən ibtidai sinif şagirdləri arasındakı münasibətdə məktəbli ləvazimatlarının fərqli (bahalı, rəngarəng olması və sair) olması onların davranışına, eyni zamanda psixologiyasına çox təsir edir. Belə fərq məktəblərdə geyimlər arasında aradan qaldırılsa da, məktəb ləvazimatları üçün keçərli deyil. Məktəbli yarmarkasında olarkən bəzi valideynlərin fikirləri ürək­açan olmasa da, həmin fikirləri sizlərlə bölüşmək istərdim. Onlar düşünürlər ki, bahalı və dəbdəbəli ləvazimatlar həm keyfiyyətli olur, şagirdi yarı yolda qoymur, həm də uşağı yazıb-oxumağa daha da həvəsləndirir. Lakin düşünməliyik ki, kiçik bir qələm uşaqlar arasında, sözün mənfi mənasında, həsəd hissi yaradır və ən əsası onların diqqətini dərsdən yayındırır. Şagird üçün keyfiyyətli, amma standart ləvazimat almaq – sadə qələm, dəftər və xətkeş həm onun fikrinin yayınmasının qarşısını alır, həm də dostları ilə münasibətinin gərginləşməsinə imkan vermir. Valideyn hökmən bahalı və keyfiyyətli ləvazimata üz tutarsa, mümkün qədər ən sadə və dəbdəbədən uzağını seçməlidir. Məncə, bu cür seçim valideynlərin övladları üçün atacağı müsbət addımlardan olar.

Ardını oxu...

Azərbaycanın mədəniyyət mərkəzi olan Naxçıvan əsrlər boyu zəngin irsimizi qoruyub yaşadan, Şərq memarlığının möhtəşəmliyini, türk-islam mədəniyyəti nümunələrini özündə əks etdirən tarixi abidələri ilə zəngindir. Belə abidələrdən biri, tarixi VIII əsr bundan əvvələ söykənən, Əcəmi qüdrətinin ilk bəhrəsi olan Yusif Küseyir oğlu türbəsidir.
Türbənin ikiqat günbəz quruluşu zəmanəmizə qədər əvvəlki şəklini mühafizə edən və bu günümüzə qədər gəlib çatan yeganə günbəztipli abidə nümunəsidir. Ulu tariximizin şahidi olan bu qədim mədəniyyət abidəsi haqqında məlumat almaq üçün AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli ilə həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə, Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan bu abidə 1162-ci ildə tikilib. Bu haqda məlumat günbəzin yuxarı səthində yerləşən kitabədə qeyd olunub. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəkildədir.
Türbənin qülləsi iç və bayır taxçalarla işləndiyindən qalın dayaqlar şəklində olan künc hissələr qəfəs quruluşuna bənzəyən konstruktiv sistem yaradır. Belə quruluş abidənin bayır görünüşünün vizual dayanıqlılığını da gücləndirir. Başlıca məsələ isə künc­lərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan tikilinin uzunömürlülüyünün təmin edilməsidir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan tək abidədir.

Ardını oxu...

Kompüter gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsində, məlumatların daha operativ əldə olunmasında vacib amillərdən biridir. Bu vasitə ilə uşaq, yeniyetmə və gənclər yaradıcı bacarıqlara yiyələnə, müxtəlif mövzularda araşdırma apara, kitablar, məqalələr oxuya, biliklərini artıra bilərlər. Bir sözlə, kompüter və yeni texnologiyalardan düzgün istifadə uşaq və gənclərin müxtəlif biliklərə yiyələnməsində, dünyagörüşlərinin inkişafında faydalıdır. Bəs Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi uşaq və gənclərin kompüterin faydalarından düzgün yararlanmaları üçün hansı işləri görür? Elə bu sualla mərkəzin direktoru Vüqar Rəsulova müraciət etdik.

Müsahibimiz bildirdi ki, hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı yeni texnologiyaların intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Elə mərkəzdə informatika elminin tədrisinin əsas məqsədi və vəzifəsi də insanları kompüterlərin müasir vəziyyəti ilə, eləcə də ən son informasiya-kommunikasiya texnologiyalarının imkanları, tətbiqi dairələri ilə tanış etmək, onlara həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 9 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin yaradılmasında məqsəd də elə bu yöndədir. Hazırda Şərur və Culfa şəhərlərində mərkəzin filialları fəaliyyət göstərir. Ötən dövrdə istər mərkəzin, istərsə də filialların maddi-texniki bazası möhkəmləndirilib, müasir avadanlıqlarla təchiz olunub. Görülən işlər mərkəzdə təhsil alan tələbələrin bu sahədə dərin biliklərə yiyələnmələrində mühüm rol oynayır.

Ardını oxu...

Qədim tariximizin salnaməsi Gəmiqaya əsrlər boyu ulu babalarımızın ilkin yurd yeri olub. Zəngin keçmişini özündə əks etdirən bu abidənin gözəlliyinə gözəllik qatan, əzəmətli dağların ətəyində qədim oğuz-türk elinin adı ilə bağlı bir göl var ki, bu da sirli-sehrli Göygöldür. “Kitabi-Dədə Qorqud”da rast gəldiyimiz, igidlik, mərdlik simvolu olan bu gölün tarixi eramızdan əvvəllərə söykənir.
Ecazkar təbiəti, sirli-sehrli aləminin canlı şahidi olmaq üçün üz tuturuq insanları özünə heyran edən dörd fəsilli, füsunkar mənzərəli Göygölə... Bu göl Gəmiqaya ətəklərində, Nürgüt kəndini əhatəyə alan sıra dağların arasında yerləşir. Elə Nürgüt kəndini digər kəndlərdən fərqləndirən də zümrüd rəngli, səfalı Göygöldür.
Yolumuz uzundur. Elə bu səbəbdən sübh tezdən, dan yeri ağaran kimi üz tuturuq Göygöl istiqamətinə. Günəş hələ təzəcə dağların arasından ahəstə-ahəstə çıxır. Şəfəqləri qarşıdakı uca dağların başına yayılır. Yol boyunca rastlaşdığım mənzərə – yay fəslinin qızmar çağında könüloxşayan başıqarlı dağlar, min bir dərdin dərmanı, yeraltı mineral bulaqlar, yolboyu kəndə gələnləri salamlayan cürbəcür ağaclar, nadir bitkilərlə zəngin olan Tillək meşəsinin füsunkarlığı, insanın ruhunu dinləndirən Əyriçay və Saqqarsu çaylarının həzin zümzüməsi... Tanrının xüsusi zövqlə, incəliklə yaratdığı möcüzəvi bu yurd yeri sanki bütün təbii gözəllikləri sehrli bir qüvvətək özünə çəkib.

Ardını oxu...

Tut ağacım, tut ağacım
Aman yerim, güman yerim
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.

Hər dəfə bu mahnını dinləyərkən gözümün önündə uşaqlıq xatirələrim canlanır. Elə məhəlləmizdə olan tənha, qocaman tut ağacının iri budaqlarının altından keçərkən də... Hər il tut mövsümündə həmin giləmeyvənin zərif, xoş ətrini duyduqda bu ağacla bağlı xatirələrim yadıma düşür və istər-istəməz bu mahnını dodaqaltı zümzümə edirəm:

De köksünə neçə çarpaz dağ çəkmişəm,
Neçə körpə budağını mən əzmişəm.
Bir gün şirin xatirələr sorağıyla,
Səni gözləyəcəyimi bilməmişəm.

Yaşanan o xoş xatirələrin üzərindən illər ötsə də, bugünkü kimi yadımdadır... Kəndimizdə tut ağaclarından ibarət bağımız vardı. Babam burada ağac əkərkən onlara övladlarının, sonralar isə nəvələrinin adını verərmiş. Hələ babamdan əvvəl onun atası da elə bu adətlə ağac əkərmiş. Bağdakı tut ağaclarının sayını artıq özünüz təsəvvür edin. Elə ki yaz gələr tut yetişərdi, hər ağacda ad daşıyanlar, elə həmin ağacın da məsuliyyətini daşıyardılar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR