Qədim diyarımızın zəngin ulu keçmişinin hər səhifəsində xalqımızın keçdiyi şərəfli, sirli-soraqlı salnamə yaşayır. Bu gün muxtar respublikamızın hansı səmtinə üz tutsaq, orada yaşı minilliklərə söykənən tarixlə rastlaşacağıq. Yaxın günlərdə üz tutduğumuz Babək rayonunun Qahab kəndi də müasirliyi ilə yanaşı, ulu keçmişimizi özündə yaşadan qədim yurd yeridir.
Qahab kəndinin keçmişi ilə bağlı məlumata 1930-cu illərə aid informasiya mənbələri sırasında rus şərqşünası K.N.Smirnоvun əsərində rast gələ bilərik. Mənbələrdən əldə etdiyimiz məlumata əsaslanaraq vurğulayaq ki, 1936-cı ilin payızında rus şərqşünası K.N.Smirnоv 64 gün Naxçıvanda оlmuş, Zəngəzur və Naхçıvanın əksər kəndlərini gəzmiş, ziyalılardan, muzеy və arхivlərdən zəngin matеriallar tоplamış, Naхçıvanın tariхi və еtnоqrafiyası ilə bağlı qiymətli əsər yazmışdır. Həmin əsərdə o, Kəngərli nəslinin nümayəndəsi Şahbaz ağanın verdiyi məlumata əsaslanaraq 1831-ci ildə Naxçıvanın bir çox kəndində, eləcə də Qahabda Kəngərli tayfa və tirələrinin yaşadıqları, hətta muxtar respublikamızda bəzi yaşayış məskənlərinin Kəngərli bəylərinə məxsus olduğunu yazıb.
Başqa bir mənbədə Qahab kəndinin tarixi adına nəzər saldıq. Qahab, gah – “düzən”, “çay yatağı”, ab – “su” sözlərindən ibarətdir. Digər mənbələrdə isə bu ad “az sulu” mənasında açıqlanır. Lakin tədqiqatçıların fikrincə, belə mənbələr kəndin tam adının açıqlanması üçün əsas deyil.
Eramızdan əvvəl V-I əsrlərə aid antik dövrün yaşayış məskəni olan Qahab “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə respublika ərazisində daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Kəndin coğrafi mövqeyinə nəzər saldıqda yaşayış yeri çox da hündür olmayan oval formalı təpədən ibarət olan kəndin mədəni təbəqəsi maddi-mədəniyyət nümunələri, gil qab qırıqları, daş əmək alətləri ilə zəngindir. Tapıntılara əsasən abidə eramızdan əvvəl V-I əsrlərə aid edilir. Burada aşkar olunmuş materialların bir hissəsi Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
Kəndin adı ilə bağlı etimologiyaya nəzər saldıqda “az sulu” mənası ilə rastlaşsaq da, kənd ağsaqqalı Novruz Əliyevin dediyinə görə, bu kəndin qədim zamanlardan bu günə kimi su ilə bağlı heç bir çətinliyi olmayıb. Onun dediyinə görə, bu kənd Kəngərli soyundan olan Kərbəlayı İsmayılın tiyulu olub. Həmin dövrdə Kərbəlayı İsmayıl kənddə 17 kəhriz qazdırıb. Hazırda burada həmin kəhrizlərin bəzilərinin mənbəyinə də rast gəlmək mümkündür. Novruz müəllim deyir ki, Qahab kəndinin 6 kilometr cənub-şərqində, Əshabi-Kəhf dağı yaxınlığındakı yer altından qaynayaraq köpüklə qalxan mineral “Təndir bulağı” turistlərin tez-tez üz tutduğu məkandır. Yerin tərkindən hər on beş dəqiqədən bir təzyiqlə çıxan mineral tərkibli su revmatik və dəri xəstəliklərinin müalicəsində əhəmiyyətlidir.
Müsahibimizin sözlərinə görə, Zəngəzur silsiləsinin ətəyində yerləşən, yağış və qrunt suları ilə qidalanan, Naxçıvançayın sol qolu olan Qahab çayı bu kəndin əsas su ehtiyatlarından biridir. Hazırda bu çayın suyundan eyniadlı su anbarının doldurulmasında istifadə edilir. Həmin anbar Qahab təbii gölünün əsasında yaradılıb ki, bu da suvarmada istifadə olunur. Yeri düşmüşkən qeyd edək ki, Qahab çayının üzərində uzunluğu 10 paqonometr olan körpü yerləşir. 1990-cı illərdə sel daşqınları zamanı körpü tamamilə yararsız hala düşüb, kəndin Naxçıvan şəhəri və rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsildiyindən körpü 1999-cu ildə əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.
Bu kəndin sakinləri mehriban, qonaqpərvər olmaqla yanaşı, həm də sənəti, sənətkarı qiymətləndirən, adət-ənənələri yaşadandırlar. Kənddə xalçaçılıqla məşğul olan qadınlardan biri ilə söhbət zamanı bunun bir daha şahidi olduq. Həmsöhbətim Sabirə Zamanova deyir ki, bu peşəni mənə öz anam öyrədib. Elə anama da öz anası. Bu sənəti yaşatmaqla həm vaxtın səmərəli keçir, həm də adət-ənənələrimiz, dəyərlərimiz qorunub saxlanılır.
Burada olarkən kəndətrafı sahələrdə bir qələbəlik müşahidə etdik. Bir tərəfdə şum qaldırılır, başqa bir tərəfdə taxıl əkilir, suvarılır. Bostan-tərəvəz sahələrindən, meyvə bağlarından payız məhsulları yığılır. Kənd sakinləri zəhmətkeş, torpağa, əməyə bağlı insanlardır. Kəndətrafı sahələrdəki bu xoş görüntülər bizi zəhmətkeş insanların yanına çəkib gətirdi, onlarla elə bərəkət ətirli tarlalarda, zəhmətin bəhrəsi duyulan ərazilərdə həmsöhbət olduq.
Müsahibimiz Cəlal Novruzov dedi ki, kənd təsərrüfatı çox sərfəli sahədir. Kimsə bunun əksini deyirsə, o, işləməyi sevmir, zəhmət çəkmir. Əkinçiliklə, əsasən, heyvandarlıqda yemə olan ehtiyacı ödəmək üçün məşğul oluram. Arpa və yonca sırf mal-qara yemi üçün nəzərdə tutulub. Saxladığım mal-qara ailəmizin dolanışığını təmin edir. Biz süni qida yemirik, ətimiz də, yağımız da, pendirimiz də təbii məhsuldur. Bu sahə sərfəlidir, amma gərək işləyəsən. Sovet vaxtında hər ay gözləyirdik ki, payımıza, görəsən, nə düşür? Amma indi hərənin öz torpağı var.
Elə həmin ərazidə başqa bir kənd sakini, 62 yaşlı Səməndər Novruzovla həmsöhbət oluruq. Otlu-sulu sahəyə düzdüyü arı ailələrinə qulluq göstərir. Salamlaşıb, hal-əhval tuturuq. O deyir ki, bu peşəni nəsillikcə davam etdiririk. Atam, babam arıçılıqla məşğul olublar. Zəngin təbiətimiz var. Arıçılıq üçün sərfəlidir. Bu sahə ilə məşğul olanlara dövlət qayğısı da var. Arı xəstəliklərinin qarşısını almaq üçün vaxtlı-vaxtında dərmanlarla təchiz olunuruq. Baytar həkimlər də mütəmadi olaraq gəlib arı və heyvandarlıq təsərrüfatlarına baxır, profilaktik tədbirlər aparırlar. Bax gördüyünüz tərəvəz sahələrini ailə üzvlərimlə birlikdə becərirəm. Övladlarımı da torpağa, zəhmətə bağlı ruhda tərbiyə etmişəm, məhsullarımızın isə dadına, tamına söz ola bilməz. Təsərrüfat suyu da boldur. Bu şəraitdə kim pis dolanırsa, günah onun özündədir. Torpağı iş yeri hesab edirəm. Məni dolandırır, güzəranımı da yaxşılaşdırır. Kifayət qədər torpaq sahəsi var, təsərrüfat suyu var, əkinçilikdə işlədiləcək texnikalarımız var, istehsal etdiyimiz məhsulun da ki, alıcısı öz yerində. Gəlirimiz artdıqca, işə həvəsimiz də çoxalır.
Digər müsahibimiz Rizvan Allahyarov isə deyir ki, həm əkinçilik, həm də heyvandarlıqla məşğulam. Hər il torpağımın bir hissəsində taxıl, bir hissəsində tərəvəz əkirəm. Yaxşı da məhsul əldə edirəm. Məhsulu satmıram, buğdanı üyüdüb una çevirir, özümüz istifadə edirik. O bildirir ki, kəndlinin dolanışığı bu torpaqdan çıxır. Bərəkət o zaman olur ki, torpağa qayğı göstərəsən, işləyəsən, əmək sərf edəsən.
Kənddə əkinçiliyin müxtəlif sahələrinin, xüsusən də taxılçılığın inkişafı əhalinin taxıla, çörəyə və digər məhsullara olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə zəmin yaradır. Elə bunun nəticəsidir ki, burada 6 çörək istehsalı müəssisəsi fəaliyyət göstərir.
İndi isə Qahab kəndinin müasir simasını əks etdirən mənzərəsi haqqında qənaətlərimizi sizinlə bölüşmək istərdik.
Kəndə daxil olarkən ilk olaraq uzaqdan diqqəti yeni tikililər çəkir. Kənd yolunun sağında böyük bir ərazidə inşa olunmuş məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, kənd yolunun solunda xidmət mərkəzi... Kəndə müasir qəsəbə görkəmi verən həmin obyektlər muxtar respublikada bərqərar olmuş sabitliyin, nəticə etibarilə, inkişaf və tərəqqinin göstəricisidir. Bu fikirləri kənddə söhbət etdiyimiz sakinlər də təsdiqlədilər. Müsahibimiz Siyavuş Mehdiyev deyir ki, Qahab artıq iki ildir ki, bu cür abadlığa, gözəlliyə qovuşub. Son illər kəndimizdə böyük quruculuq işləri həyata keçirilib. Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolu yenidən qurulub, müasir məktəb binası, səhiyyə ocağı, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Kənd sakinlərinə göstərilən bu diqqət və qayğı bizi sevindirir, kənddə yaşamağa, canla-başla çalışmağa, qurub-yaratmağa həvəsləndirir.
Təhsil ocağına da baş çəkdik. Məktəbin direktoru Əlövsət Rzayevlə həmsöhbət olduq. O bildirdi ki, bu məktəbdə torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlmiş 4 qahablı təhsil alıb. Məktəb onlardan birinin – şəhid Babək Əliyevin adını daşıyır. 594 şagird yerlik olan məktəbdə 468 şagird təhsil alır, onlardan 39-u məktəbəhazırlıq qrupunda birinci sinfə hazırlanır. Ötən dərs ilində məktəbin 5 məzunu yüksək balla ali məktəb tələbəsi adına layiq görülüb. 3 nəfər isə müxtəlif ixtisaslar üzrə kolleclərə qəbul olunub.
Əlövsət müəllim deyir ki, məktəbin pedaqoji kollektivi yeni dərs ilinin ilk günlərindən təhsil ocağında işin səmərəli qurulmasına çalışır, dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər gənclər yetişdirmək üçün müasir təlim üsullarına üstünlük verir, məktəbdənkənar və sinifdənxaric məşğələlərin səmərəli təşkilinə çalışır. Məktəbdə tərtib olunmuş iş və tədbirlər planlarına uyğun olaraq müxtəlif tarixi və əlamətdar günlər, bayramlar münasibətilə tədbirlər təşkil olunur.
Bu gün nəinki Qahabda, muxtar respublikamızın hər bir bölgəsində yüksək inkişaf, müasirləşmə göz önündədir. Rayonlara, qəsəbələrə şəhər simasının gətirilməsi, kəndlərin yeni görkəm alması sakinlərin mənəvi-psixoloji ovqatını, firavan gələcəyə inamını artırır. Bu gün hər kəs yaradılan şəraitdən razılığını bildirir, dövlətimizin onlar üçün təqdim etdiyi imkanların müqabilində daha səylə çalışacaqlarını dilə gətirirlər. Dövlət-xalq birliyinin belə nümunəsini indi kənd adamlarının timsalında görməksə, bizi qəlbən çox sevindirir.
Gülcamal TAHİROVA