Tut ağacım, tut ağacım
Aman yerim, güman yerim
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.
Hər dəfə bu mahnını dinləyərkən gözümün önündə uşaqlıq xatirələrim canlanır. Elə məhəlləmizdə olan tənha, qocaman tut ağacının iri budaqlarının altından keçərkən də... Hər il tut mövsümündə həmin giləmeyvənin zərif, xoş ətrini duyduqda bu ağacla bağlı xatirələrim yadıma düşür və istər-istəməz bu mahnını dodaqaltı zümzümə edirəm:
De köksünə neçə çarpaz dağ çəkmişəm,
Neçə körpə budağını mən əzmişəm.
Bir gün şirin xatirələr sorağıyla,
Səni gözləyəcəyimi bilməmişəm.
Yaşanan o xoş xatirələrin üzərindən illər ötsə də, bugünkü kimi yadımdadır... Kəndimizdə tut ağaclarından ibarət bağımız vardı. Babam burada ağac əkərkən onlara övladlarının, sonralar isə nəvələrinin adını verərmiş. Hələ babamdan əvvəl onun atası da elə bu adətlə ağac əkərmiş. Bağdakı tut ağaclarının sayını artıq özünüz təsəvvür edin. Elə ki yaz gələr tut yetişərdi, hər ağacda ad daşıyanlar, elə həmin ağacın da məsuliyyətini daşıyardılar.
Tut yetişəndən sovuşana qədər hər kəs bu məhsulun tədarükündə iştirak edərdi. İki-üç gündən bir ağaclar məhsul üçün silkələnər, yığılan tutdan müxtəlif azuqələr hazırlanardı. Babam deyərdi ki, hələ müharibə dövrünün qıt vaxtlarında camaat yayda bu ağacın meyvəsilə, qışda isə ondan hazırlanan azuqələrlə qidalanar, dost-tanışa da pay qoymağı unutmazmışlar. Tutun çırpılması əsl tamaşa idi. Belə ki, bu məhsulun yığımında böyük cecimdən istifadə olunardı. Silkələnən budaqlardan qopan tutlar bu cecimlərin içərisində toplanar, sonra isə təmizlənərək ayrı-ayrı qablara yığılardı. Bəzən də elə olardı ki, xəfif külək əsər və tutları çəmənliyin üzərinə tökərdi. O zaman hamımız toplaşaraq böyüklərə kömək edər, tökülmüş tutları qısa bir zamanda yerdən toplayardıq. Nənəm isə tez ləyəni götürüb tutları yığar, gün çıxan tərəfə sərər, qurudardı. Evə bir qonaq gələndə süfrəyə qənd, konfetlə yanaşı, tut qurusu da gətirərdi. Özü isə çay içərkən babamla birlikdə tut qurusuna üstünlük verər, tutun sağlamlığa faydasından danışar və hər kəsə daha çox istifadə etməyi tövsiyə edərdi. Nənəmin doşab bişirməyini də maraqlı səhnə kimi xatırlayıram. Böyük qazanlarda ocağın üzərinə asdığı tutu arada qarışdırar, yanmamasına diqqət edərdi. Deyərdi ki, soyuqdəymənin əsl dərmanıdır. Qışın oğlan çağında iki-üç qaşıq iç, sinən yumşalar, boğazının ağrıları keçər, xəstəlik də səndən uzaqlaşar. Ordubad rayonunun Bist kəndində indi də tut ağacları kənd sakinlərinin dolanışığında əhəmiyyətli rol oynayır. Tutun faydaları saymaqla bitmir. Bist kənd sakini, tibb işçisi Nazim Qasımov bildirir ki, xalq təbabətində qeyd olunduğu kimi, tut orqanizm üçün çox xeyirlidir. Bu giləmeyvənin tərkibində vitamin və minerallarla yanaşı, mikrob öldürücü bakteriyalar da var. Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır, hərarəti salır. Qaraciyəri qüvvətləndirir, mədə və bağırsaqların fəaliyyətini nizamlayır, yeyildikdə həzmi asanlaşdırır. Tərkibində digər giləmeyvələrdən 2 dəfə az şəkər vardır. Ona görə də şəkər xəstələri üçün şəfalı hesab edilir. Bundan əlavə, halsızlığı, yorğunluğu aradan qaldırır, saçların və dişlərin güclənməsini təmin edir. Öskürəyi aradan qaldırmaqda effektlidir. Bu giləmeyvədən doşab, mət, kişmiş, şirə, sirkə, mürəbbə, içki hazırlanır. Adını sadaladığımız bu qidalar min bir dərdin dərmanıdır.
Bağında 15-dən artıq tut ağacı olan Valeh Zeynalov isə tutun faydalarını bizə belə anladır: “Tut tingini elə ki torpağa əkdin, az müddətdə boy da verəcək, bar da... İlk vaxtlarda sürətlə böyüyən bu ağacın bir qədər sonra inkişafı əvvəlkinə nisbətən zəifləyir. Ağacın ömrü isə ona qulluq etməkdən asılıdır. Əgər bu ağacın qayğısına yaxşı qalsan, 200-300, hətta 500 il ömrü olar. Çiçəklənmə dövrü aprel-may aylarında olur. İyun-iyul aylarında isə meyvə verir. Bu kənddə tut ağacının, əsasən, xanlar tut, firudin tut, əmin tut, sıxgöz tut, zərif tut növlərinə üstünlük verilir. Bu növlərin meyvələri həm iri, həm də şirəli olur. Tut təkcə sağlamlığımız üçün faydalı qida deyil, onun oduncağından da yararlanmaq mümkündür. Ağırlığa və rütubətə davamlılığı yüksək olduğundan inşaatda istifadə edilir, ondan yüksəkkeyfiyyətli mebel, musiqi alətləri, tüfəng qundağı, çəlləklər hazırlanır. Qabığından lif, kökündən isə qızılı sarı rəng alınır ki, bundan da ta qədim zamanlardan boyaq sənayesində istifadə edilib. Bu ağacın meyvəsi min bir dərdin dərmanı, yarpağı isə əsl gəlir mənbəyidir”.
Valeh dayı uzun illər kəndin çay kənarlarında, baramaçılıq üçün salınan tut bağlarında bağbanlıq etdiyindən bu mövzuya daha çox həssas yanaşır. Onun dediklərindən: “35-40 il bundan əvvəl Ordubad şəhərində, eləcə də onun bir çox kəndində baramaçılıqla məşğul olardılar. Belə kəndlərdən biri də Bist idi”. Əli ilə dağların ətəyindən axan çayın ətrafını göstərən Valeh Zeynalov sözlərinə belə davam etdi: “Bax görürsən o yerləri, illər əvvəl oralar baramalıq adlanırdı. O düzəngahda əvvəllər tut ağaclarından ibarət böyük bağlar var idi, indi isə orada arıçılar öz yeşiklərini saxlayırlar. Ona görə də indi ora pətəklik deyirik. O zamanlar buradakı tutluq baramaçılıq üçün əsl xammal mənbəyi idi. Bilirsiniz də, keçmişdən bu günümüzədək tərəzinin bir gözünə ipəyi, bir gözünə qızılı qoyublar. Buna görə də baramaçılıq bizim kənd sakinlərinin sevimli məşğuliyyəti olub, hər kəs tut ağaclarına, sözün həqiqi mənasında, çörək ağacı kimi baxıb”.
Qeyd edək ki, ötən ilin payız iməciliklərində Naxçıvan-Ordubad magistral yolunun Düylün yol ayrıcında 4 hektar sahədə çəkil (yarpaq üçün) tut bağı salınıb. Əlavə olaraq digər ərazilərdə də tut ağacları əkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda baramaçılığın da inkişaf etdirilməsi nəzərdə tutulub. Proqramın icrasına uyğun olaraq ötən müddətdə muxtar respublikamızın əksər bölgələrində yeni tut bağları salınıb, hazırda bu bağlara aqrotexniki qulluq göstərilir. Əkin mövsümünə uyğun olaraq gələcəkdə də yeni tut bağlarının salınması nəzərdə tutulub.
Qocaman bağbana dövlətimiz tərəfindən baramaçılığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verdik. O, bu sözləri eşitdikdən sonra çox sevindi.
Əminliklə demək olar ki, tutçuluq yaxın gələcəkdə muxtar respublikamızda gəlirli sahələrdən birinə çevriləcək.
Gülcamal TAHİROVA