21 Dekabr 2024, Şənbə

Paytaxt Bakıda təhsil ezamiyyətində olarkən təsadüf nəticəsində gənc bir qızla rastlaşdım. Sözün açığı, bu tanışlığa çox şad oldum. Çünki əslən Naxçıvandan olan bu xanımın mənim növbəti yazımın qəhrəmanına çevriləcəyini elə ilk baxışdan müəyyənləşdirmişdim. Lakin onun ailəsi ilə tanışlığım məni bu yazıda daha bir qəhrəmandan da bəhs etməyə sövq etdi. Çünki Əzizovlar ailəsi istedadlı övladları ilə öyünür. Onlar qazandıqları uğurları ilə nəinki ailəsinin, hamımızın fəxridir. Gəlin bu istedadlı gənclərlə sizi də tanış edim.

Elə başlayaq bu ailənin sorağına düşməyimə səbəb olan Jalə Əzizovadan. 1999-cu ildə Azərbaycanın incisi Ordubadda dünyaya göz açan Jalə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra sənədlərini ali məktəbə təqdim edib. Qəbul imtahanlarında uğur qazanan bu istedadlı gənc 2016-cı ildə Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin Qobelen ixtisasına daxil olub. Elə həmin il ali təhsil almaq üçün ailəsi ilə birlikdə Bakı şəhərinə köçməli olub.
O qeyd etdi ki, ixtisasını çox sevir. Uşaqlıqdan incəsənətə, xüsusilə də tikmə və toxuma işlərinə həvəsi olan Jalənin sözlərinə görə, ona bu sənəti nənəsi sevdirib. Hələ balacalıqdan evdə xalçaçılıqla məşğul olan nənəni görən Jalə elə o zamandan incəsənətə maraq göstərib, rənglərin, ilmələrin sehrinə düşüb.

Ardını oxu...

Kökü adi toxuculuğa əsaslanan Naxçıvan xalçaçılıq sənəti uzun bir təkamül yolu keçib. Aparılan arxeoloji tədqiqatlar zamanı Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər, Tunc dövrünə aid aşkar edilən yun xalçalar bu sənətin yurdumuzda qədim tarixə malik olduğundan xəbər verir. Arxeoloji tədqiqatlar zamanı Naxçıvandakı qədim qəbirlərdən aşkar edilmiş kişi meyidinin əynindəki qırmızı və qara rənglərlə boyanmış geyim isə bu dövrdə yerli toxucuların həm də parçaları boyamaq üsullarını mənimsədiklərini təsdiqləyir. Buradakı boyaq maddələrinin çox qədim vaxtlardan mövcudluğunu Herodotun Qafqazda parçaları boyamaq adəti haqqında verdiyi məlumatlar da sübut edir.

Bununla bağlı həmsöhbət olduğum “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının direktoru Səriyyə Hüseynova Naxçıvanda xalçaçılığın keçdiyi inkişaf yolundan, bu sahəyə göstərilən dövlət qayğısından danışdı. Onun dedik­lərindən: – Xalqımızın qədim sənətkarlıq nümunəsi olan xalçaçılıq sənəti bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İnsanlar tərəfindən min illər boyu formalaşan, cilalanaraq bu günümüzə qədər gəlib çatan bu sənət qədim diyarımızda indi də sevilərək yaşadılır.

Ardını oxu...

Babam hər zaman deyirdi ki, uzun qışın sakitliyindən sonra yazda göy gurladısa, artıq çöl pencəri yemənin zamanıdır. Dünyagörmüş insanlar   yazın yağışlı günlərində çöl pencərlərinin boy atıb torpaqdan baş qaldırdığını deyirlər. Belə günlərin birində ətrafa ani işıq saçan şimşəyin səsi bu dədə-baba deyimlərini yadıma saldı. 

Ardını oxu...

Tarixin yadigarları onu yaradan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdir. Belə dəyərli mənbələrin saxlanc yeri isə muzeylərdir. Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından muzeylər böyük əhəmiyyətə malikdir. Hazırda muxtar respublikamızda qədim diyarımızın zəngin tarixini, mədəniyyətini özündə əks etdirən onlarla mədəniyyət müəssisəsi var. Belə müəssisələrdən biri də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyidir.

Öncə onu qeyd edək ki, bu gün muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirlərindən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də öz payını alıb. Yenidən qurulan muzey ötən il dekabr ayının 20-də muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilib. Biz də muzeyin yeni binası ilə yaxından tanış olmaq məqsədilə üz tutduq Şərur rayonuna.
Burada olarkən muzeyin direktoru Nuran Əliyev dedi ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir, qədim diyarımızda tarixi abidələrin bərpasına daim diqqət göstərilir. Yaxın zamanlarda yenidən qurularaq istifadəyə verilən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası da bu diqqət və qayğının bariz ifadəsidir.
Söhbət əsnasında öyrənirik ki, 1978-ci ildə rayon mədəniyyət şöbəsinin nəzdində ictimai əsaslarla yaradılan muzey 1980-ci ildə ulu öndər Heydər Əliyevin bu sahənin fəaliyyəti ilə bağlı müvafiq sərəncamından sonra dövlət müəssisəsi kimi fəaliyyətə başlayıb.

Ardını oxu...

Naxçıvanımızın mehriban, gülərüz, qonaqpərvər, xoşxasiyyət insanlarından, xüsusilə yaşlı sakinlərindən şəhərdə yerləşən hər hansı bir ünvanı soruşduqda onların çoxu, heç şübhəsiz, sizə həmin ünvanı yerləşdiyi küçənin adı ilə deməyəcək. Çünki burada ta qədimdən böyük məhəllələr olub və yerli sakinlər ünvanları daha çox həmin məhəllə adları ilə tanıyıblar. Elə indinin özündə də şəhər sakinləri və yaxud sürücülər getmək istədiyiniz ünvanı filan məhəllədəki hər hansı bir obyektlə əlaqələndirəcək. Yəni keçmişdə olduğu kimi, müasir dövrümüzdə də Naxçıvanda məhəllə adları küçə adları ilə müqayisədə daha populyardır. Əslində, bunun da maraqlı səbəbləri var. Hansı ki bu özünəməxsusluq Şərq həyat tərzinə, mühitinə daha uyğundur. Məsələn, küçə, prospekt, xiyaban kimi ünvan bildirən ərazilər kütləvi yaşayış yerləri olan şəhərlərdə sonralar yaranıb və bu da şəhər ərazilərinin genişlənməsi, sakinlərin sayının artması zərurətindən ortaya çıxıb. 

Məhəllələrin tarixi isə daha qədimdir. Eyni zamanda burada maraqlı məqamlardan biri də odur ki, Şərq həyat tərzinə uyğun olaraq bir məhəllədə yaşayan insanlar bir-birlərini daha yaxından tanıyıb, ictimai və məişət işlərində birgə fəallıq göstəriblər. Lakin bunu Qərb həyat tərzinə uyğun şəhərdəki bir prospektdə yaşayan sakinlər haqqında demək mümkün deyil. Bu mənada, Naxçıvandakı məhəllələr təkcə kütləvi yaşayış yerləri kimi yox, həm də məişətimizi milli mədəniyyətin bir nümunəsi kimi təqdim edən ərazilər olub. Hər məhəllənin öz məscidi, hamamı, bulağı, meydanı və sair bu mədəniyyətin daha çox mental xüsusiyyətlər üzərində formalaşmasını təmin edib. Elə buna görədir ki, Naxçıvandakı məhəllələr xalqın həyat tərzində mühüm rol oynayıb. Belə məhəllə adlarının sonralar küçə adlarına “məğlub olmaması”nın səbəbi, bəlkə də, bu mentallığın görünməyən tərəflərindəndir. Buna görədir ki, illər keçsə də, şəhər sakinlərinin dilində Zaviyə, Şahab, Pirqəmiş, Sarvanlar, Əlixan, Gomayıl, Xoşulu, Atabəylər, Qurdlar, Qala məhəllələri kimi adlar yenə yaşayır.

Ardını oxu...

Milli mədəniyyətimizin zəngin keçmişini özündə əks etdirən nümunələrdən biri də tarixi abidələrimizdir. Tarixi abidələr yerləşdiyi ərazinin möhürü, tarixi keçmişini təsdiq edən pasportudur. Qədim Naxçıvan da məhz çoxsaylı abidələri ilə xalqımızın milli mədəniyyətinin yaranması və formalaşmasına təsir edən zəngin diyardır. Bu diyarın köksündəki yüzlərlə abidə dünənimizdən bu günümüzə uzanan yolda bu zənginliyin təqdimatçılarıdır. Elə bu yazıda söhbət açacağımız Qarabağlar türbəsi də maddi-mədəni irsimizlə yanaşı, həm də dövlətçilik tariximizi özündə yaşadan abidələrdəndir. 

Muxtar respublikamızın tarixinə uğurlu illərdən biri kimi yazılacaq 2018-ci il, həm də bu tarixi abidənin kompleks şəkildə bərpa işlərindən sonra istifadəyə verilməsi ili kimi xatırlanacaq. Qeyd etmək lazımdır ki, Qarabağlar türbəsi əsrlərdir, tarixin və təbiətin ağır sınaqları ilə üz-üzə qalmış, abidənin bəzi hissələri uçub dağılsa da, öz mövcudluğunu qoruyub saxlamışdır.

Ardını oxu...

Məhəlləmizdəki məişət tullantıları üçün qoyulmuş dəmir qutuların yanından keçərkən bəzən həmin qutuların dəstəklərindən asılmış içərisində çörək parçaları olan torbaları gördükcə məni təəssüf hissi bürüyür. Deyirəm, görəsən, nə tez unuduldu çörək mağazalarının qarşısındakı uzun növbələr, defisit mallar uğrunda mübarizələr, bazarlarda boş qalan piştaxtalar?.. Görünür ki, bu gün əhatə olunduğumuz dinclik, bol nemətlərlə dolu firavan həyat aclıqla imtahana çəkildiyimiz günləri çoxdan bizə unutdurub. Və yaxud bir zamanlar iki saatdan bir fasilə ilə verilən elektrik enerjisindən indi rahatlıqla istifadə edir, bəzən böyük israfçılıqlara da yol veririk. Doğrudur, istifadə etdiyimiz enerjinin, çörəyin də pulunu ödəyirik. Ancaq, son nəticədə, izafi xərclənən pula da qənaət etmək olar axı. Belə misalları çox çəkmək olar, lakin əsas məqsədimiz gündəlik həyatımızda israfçılığı aradan qaldırmaqdır./

Müasir dövrdə dünyada istehlak mallarının növ və çeşidlərinin artması və bu məhsullarla bağlı məlumatların müxtəlif informasiya vasitələri ilə daha sürətli yayılması, hər birimiz üçün əlçatan olması böyük bir istehlak mədəniyyətinin formalaşmasına səbəb olub. Tək ölkə­mizdə deyil, ümumiyyətlə, bütün dünyada istehlakçıların əvvəlki illərlə müqayisədə ehtiyaclarının çoxalması və bunun da nəticəsində daha çox və daha yaxşı məhsula yiyələnmək istəyi sanki insanları xoşbəxt edir. Aparılan sosial araşdırmalar da göstərir ki, insanlar yalnız keyfiyyətli, hamı tərəfindən bəyənilən məhsullara sahib olduqda özlərini daha çox xoşbəxt hiss edirlər. Bu xoşbəxtlik qısa sürsə də, hətta ehtiyac olmasa belə, bundan sonra daha yaxşısını əldə etməyə çalışırlar. Beləliklə, insanlar zaman keçdikcə bu psixologiyadan asılı hala gəlir və “onda var, məndə niyə olmasın?” məntiqi ilə inkişaf edən psixoloji problemlərə düçar olurlar. Sonda isə bu düşüncə qazanılan pulun səmərəsiz və mənasız yerə sərf edilməsinə, bədxərclik və ya israfçılığa gətirib çıxarır. Çoxlarımız düşünmürük ki, sahib olduğumuz vəsaiti ehtiyac olmasa da, izafi yerlərə xərclədikcə, daha artığını əldə etməyə çalışacağıq, eyni zamanda bu vərdişimizlə heç kəsə yaxşı örnək olmayacağıq.

Ardını oxu...

Yer üzündəki ən işgüzar canlılardan olan arılar Tanrının təbiətə bəxş etdiyi möcüzələrdən biridir. Bir arı ailəsində hər arının gündəlik özünəməxsus işi var. Gözətçi, kəşfiyyatçı, döyüşçü, ana, hətta hava haqqında məlumat verən arılar...

Ardını oxu...

Tarixən müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan ata-babalarımız bitkilərin və onların becərildikləri torpaqların xarakterinə yaxından bələd olmuş, hansı ərazidə hansı sahənin daha məhsuldar olduğunu illər boyu öyrənmiş və bu sahələr ənənəvi ­məşğuliyyət sahəsinə çevrilmişdir. 

Naxçıvanın tarixi iqtisadi coğrafiyasının öyrənilməsi üçün ən mühüm mənbələrdən biri, şəksiz ki, hələ XVIII əsrdə Naxçıvanda II Osmanlı idarəçiliyi dövründə tərtib edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri”dir. Dəftəri osmanlıcadan Azərbaycan dilinə tərcümə edərək nəşr etdirən akademik Ziya Bünyadov və Hüsaməddin Qaramanlının da qeyd etdikləri kimi, müfəssəl və icmal dəftərlər Naxçıvan sancağının XVI-XVIII əsrlərdə kənd təsərrüfatının vəziyyətinin öyrənilməsi baxımından çox qiymətli mənbələrdir.
Dəftərdəki məlumatlarla tanışlıq göstərir ki, o zaman Naxçıvanda kənd təsərrüfatının ən geniş yayılmış sahəsi taxılçılıq idi. Həmin dövrdə Naxçıvan sancağının bütün nahiyə və kəndlərində bu təsərrüfat sahəsi ilə məşğul olunmuşdur. Buğda, arpa, darı, demək olar ki, bütün kəndlərdə əkilmişdir. Dənli bitkilərdən düyü, mərcimək, maş və noxudun əkilib-becərilməsi ilə bağ­lı məlumatlar isə xüsusi maraq ­doğurmaqdadır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR