22 Dekabr 2024, Bazar

Kökü adi toxuculuğa əsaslanan Naxçıvan xalçaçılıq sənəti uzun bir təkamül yolu keçib. Aparılan arxeoloji tədqiqatlar zamanı Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər, Tunc dövrünə aid aşkar edilən yun xalçalar bu sənətin yurdumuzda qədim tarixə malik olduğundan xəbər verir. Arxeoloji tədqiqatlar zamanı Naxçıvandakı qədim qəbirlərdən aşkar edilmiş kişi meyidinin əynindəki qırmızı və qara rənglərlə boyanmış geyim isə bu dövrdə yerli toxucuların həm də parçaları boyamaq üsullarını mənimsədiklərini təsdiqləyir. Buradakı boyaq maddələrinin çox qədim vaxtlardan mövcudluğunu Herodotun Qafqazda parçaları boyamaq adəti haqqında verdiyi məlumatlar da sübut edir.

Bununla bağlı həmsöhbət olduğum “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının direktoru Səriyyə Hüseynova Naxçıvanda xalçaçılığın keçdiyi inkişaf yolundan, bu sahəyə göstərilən dövlət qayğısından danışdı. Onun dedik­lərindən: – Xalqımızın qədim sənətkarlıq nümunəsi olan xalçaçılıq sənəti bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İnsanlar tərəfindən min illər boyu formalaşan, cilalanaraq bu günümüzə qədər gəlib çatan bu sənət qədim diyarımızda indi də sevilərək yaşadılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” Naxçıvanda xalçaçılığın yeni mərhələyə qədəm qoymasını şərtləndirib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarından biri olan xalça istehsalı emalat­xanasının binası, ümumilikdə, 8 min 500 kvadratmetr ərazini əhatə edir. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Hazırda filialda 80-ə yaxın toxucu çalışır. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Müsahibim dedi ki, burada Azərbaycan xalçalarının Naxçıvan qrupuna daxil olan xalçaların toxunmasına üstünlük verilir. Burada işləyən toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Həmçinin Naxçıvan xalçalarının bu diyarın keyfiyyətli yunundan toxunması üçün muxtar respublika ərazisinin flora ehtiyatları, zəngin təbii boyaq bitkiləri nəzərə alınaraq, burada regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də yaradılır. Bu, gələcəkdə xalça­çılıq üçün lazım olan xammalı öz hesabımıza ödəməyimizə imkan verəcək.
Emalatxanada olarkən buradakı xalçaçılıq sənətini yaşadan xanımlarımızla da söhbət etmək imkanı qazandıq. Onlarla xalçaçılıq ənənələri haqqında danışarkən ulu nənələrimizdən bizə miras qalan bu sənətə bu gün də böyük maraq göstərildiyinin bir daha şahidi olduq.
İlk görüşüb söhbət etdiyimiz xanım Babək rayonunun Qahab kəndindən olan toxucu Raziyə Adı­gözəlovadır. 2013-cü ildən xalçaçılıqla məşğul olan Raziyə xanım deyir ki, bizim kənddə xalçaya həmişə böyük sevgi, ehtiram olub. Əvvəllər hər kəsin evinin divarında xalça olar, üzərindən isə saz, xəncər, qəmə, tüfəng asılardı. Xalçaların bədii-estetik görünüşü, oradakı naxışlar, təsvirlər valeh edərdi hər insanı. Nənələrimizin, analarımızın toxuduğu həmin xalçaların naxışlarında min sirli-sehirli aləm gizlənərdi. Hər kəs öz ovqatını, daxili aləmini xalçalara həkk edərdi...
Raziyə xanımın sözlərinə görə, hələ uşaqkən nənəsinin, anasının xalça toxuması onda bu sənətə maraq yaradıb. Onlardan çox şey öyrənib. 2013-cü ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində və bu il “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi kursda təhsil alıb. Həmçinin xalçaçılıqla məşğul olan qadınlar üçün təşkil edilmiş sosial layihədə iştirak edib. Bu günədək 6 xalça toxuyub. Əvvəllər bu işi öz evində görür, Naxçıvan Şəhər Məşğulluq İdarəsinə təhvil verir, qarşılığında isə məvacib alırmış. Xalçanın toxunmasında sərf olunan bütün ləvazimatlar isə məşğulluq idarəsi tərəfindən ödənişsiz verilirmiş. Emalatxanada işləməksə, daha əlverişlidir, çünki burada onlarla təcrübəli qadın çalışır, bilmədiklərini bir-birlərindən öyrənirlər.
Həmsöhbət olduğumuz digər xalçaçı qadın isə Vayxır kənd sakini Günel İsmayılovadır. O deyir ki, xalçaçılıq maraqlı sənət olduğu qədər, səbir, diqqət və dözümlülük də tələb edir. Ona görə də bu sənətlə sevərək, həvəslə məşğul olmaq lazımdır. Günel xanımın sözlərinə görə, o da xalçaçılıq sənətinin incəliklərini öyrənmək məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində bu peşə üzrə kursda təhsil alıb, qadınlar üçün təşkil olunan sosial layihədə iştirak edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi kursda öz bacarığını daha da təkmilləşdirib. O deyir ki, bu günə qədər 4 xalça toxuyub və bunun üçün lazım olan bütün ləvazimatlar ona ödənişsiz verilib. Xanımın hazırda toxuduğu xalça diqqətimizi çəkir. Bildirir ki, bu xalça Naxçıvan qrupuna aid olan dəvə karvanı naxışını özündə əks etdirir.
Həmsöhbət olduğum digər bir xalçaçı qadın Şahbuz rayon, Sələsüz kənd sakini Natəvan Zeyniyevadır. O, uzun illərdir ki, xalçaçılıqla məşğuldur. Natəvan xanım da layihədə iştirak edən qadınlarımızdandır. Deyir ki, mən nənəmin, anamın həvəslə toxuduğu xalçalara baxa-baxa böyümüşəm. Həmişə evimizdə xalça toxunduğuna görə bu, mənə bir əyləncə kimi gəlib. İllər keçdikcə ilmələrə, saplara, naxışlara baxa-baxa bir də görmüşəm ki, xalçaçılığın sirrini, sehrini özündə saxlayan ilmələrə, saplara vurğunam. Xalçanın gözəlliyi onun naxışından və rənglərin düzgün seçilməsindən asılıdır. Rəng düzgün seçiləndə, naxışlar düz toxunanda barmaqların sehri ilə bir sənət əsəri yaratmaq olur. Yanlış vurulan naxışı usta seçər, naşı seçə bilməz. Mən də həmişə çalışmışam, yanlış naxış vurmayım ki, usta xalçaçılar məni qınamasınlar.
Müsahibimiz deyir ki, bu gün ürək hərarəti, əl əməyi, göz nuru ilə toxuduğum xalçalar yüksək qiymətləndirilir. Muxtar respublikada təşkil olunan sosial layihədə mən də iştirak edirəm. İndiyə kimi 4 xalça toxumuşam. Toxuduğum xalçalar müxtəlif sərgilərdə nümayiş olunub.
Xalçaçı xanım emalatxanada onlar üçün yaradılan şəraitdən də söhbət açdı. Dedi ki, burada yaradılmış şərait yüksək səviyyədədir, işçilərin işə gedib-gəlməsi üçün avtomobil ayrılıb. Yaxşı da əməkhaqqı alırıq.
Biz bu yazımıza emalatxanada işləyən yalnız üç toxucunun fikirlərini sığdıra bildik. Ancaq onu da qeyd etməliyik ki, bu gün muxtar respublikanın bütün bölgələrində xalçaçılıqla məşğul olan yüzlərlə belə qadınlarımız var. Bunun üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Bu işlə məşğul olmaq bir tərəfdən ulularımızdan bizə gəlib çatan gözəl bir sənəti yaşatmaq və gələcək nəsillərə ərməğan etməkdirsə, digər tərəfdən evdar qadınlarımızın məşğulluğunun elə öz evindəcə təmin edilməsidir.
Xalça incəsənətin zəngin xəzinəsi, xalqın yazılı tarixi, şifahi ədəbiyyatı, musiqisi, estetik mədəniyyətinin və klassik görüşünün əsas mənbəyidir. Elə bu səbəbdən də Naxçıvanda həmin sənəti qoruyub yaşatmaq məqsədilə bir sıra layihələr həyata keçirilir, rayon və kənd­lərimizdə xalça sexləri fəaliyyət göstərir. Xalçaçılığın inkişafı məqsədilə kurslar təşkil olunur. Yeni bina ilə təmin olunmuş Naxçıvan Dövlət Xalça Muzeyi isə zəngin eksponatları ilə qonaqların ixtiyarına verilib. Bütün bunlar zəngin mənəvi irsimizin yaşadılması, onların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün atılan ­mühüm addımlardır.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR