Culfa rayonu dünya memarlığının nadir
inciləri ilə zəngindir
Qədim diyarımız Naxçıvan xalqımızın daş yaddaşı, misilsiz sərvəti olan, yaşı minilliklərə söykənən sirli-soraqlı tarixi abidələrlə zəngindir. Sevindirici haldır ki, bu gün təkcə paytaxt şəhərimizdə deyil, muxtar respublikamızın hansı səmtinə üz tutsaq, orada hər daşı-qayası min bir tarix danışan, şanlı keçmişin yadigarı olan, dünəndən bu günə işıq salan abidələr mövcuddur. Elə götürək Naxçıvanın Şərqə açılan qapısı Culfa rayonunu. Xalqımızın mərdlik, yenilməzlik, mübarizlik rəmzi – Əlincə qalası, Azərbaycan memarlığının əvəzsiz nümunəsi – Gülüstan türbəsi, qədim insanların müdafiə istehkamı – Qazançı qalası, qoca Şərqin memarlıq incisi, şeyxlər ocağı – Xanəgah Abidə Kompleksi, əcdadlarımızın iman yeri, zikr evi – Kırna türbəsi ulu diyarımızın tarixi zənginliyindən xəbər verən abidələrdir.
Əlincə qalasının keçmişinə nəzər salsaq, bu qalanın tarixinin xalqımızın öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə ilə bağlı olduğunu görərik. Araşdırdığımız mənbələrdə qalanın salınma tarixi barədə dəqiq məlumata rast gəlmədik.