22 Dekabr 2024, Bazar

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda qadın polislər, hərbçilər, hakimlər, vəkillər, sədrlərin sayı kifayət qədərdir. Elə polislərdən söz düşmüşkən, bu yazımızın əsas mövzusu da muxtar respublikamızda ictimai asayişin qorunmasında özünəməxsus zərif cinsin nümayəndələrindən biri haqqında olacaq. Mövzunu hazırlayarkən əldə etdiyimiz məlumatlardan aydın oldu ki, muxtar respublikamızda bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli işi özünə həyat amalı seçən qadınlarımız onilliklər bundan əvvəl də olub.

Arxiv sənədlərində rastlaşdığımız mənbələrdən Naxçıvanda bir neçə qadının ilk dəfə polis işçisi kimi fəaliyyət göstərdiyini öyrəndik. Mənbələrdə İradə Cəfərova, Gülbahar Məmmədova, Elmira Əhmədova, Validə Məmmədovanın adlarına rast gəlsək də, onlardan yalnız biri – Elmira Əhmədova ilə həmsöhbət ola bildik.
Polis peşəsini dünyada ən gözəl və müqəddəs peşə sayan Elmira Əhmədova ömrünün əhəmiyyətli bir dövrünü əhatə edən 20 illik fəaliyyəti haqqında qürurla danışdı. Əslən Ucar rayonundan olan Elmira Əhmədova orta məktəbi də elə həmin rayonda bitirib. Hələ uşaq yaşlarından polis sənətini özünə peşə seçən xanım bu arzusuna 1987-ci ildə Rusiya Federasiyasının Rostov şəhərindəki keçmiş SSRİ milis məktəbinə qəbul olunmaqla çatıb. Məktəbi fərqlənmə ilə bitirən Elmira Əhmədova təyinatla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib. Maraqlıdır, görəsən, Elmira xanım necə olub, öz fəaliyyətini muxtar respublikamızda davam etdirib?

Elmira Əhmədova ilə söhbət zamanı öyrəndik ki, o, Rostovdakı milis məktəbində oxuyarkən Naxçıvan şəhərindən olan Siyavuş Cəfərov da onunla birlikdə təhsil alırmış. Bir-birinə hörmət və sevgiylə yanaşan iki gənc məktəbi bitirdikdən sonra həyat yollarını birləşdirmək qərarına gəlir və bu gün də xoşbəxt həyat sürürlər. Ailə həyatı qurduqdan sonra Elmira xanım və onun həyat yoldaşı Siyavuş müəllim fəaliyyətlərinə Naxçıvan Muxtar Respublikasında davam edirlər. Elmira Əhmədova 28 oktyabr 1990-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əmri ilə Babək Rayon Polis Şöbəsində azyaşlılar üzrə müfəttiş vəzifəsinə təyin olunur. 1993-ci ildən təqaüdə çıxanadək, yəni 2007-ci ilədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik Bölməsində Baş müfəttiş vəzifəsində fəaliyyət göstərib. Xidməti dövründə əməyi bir çox mükafatlarla qiymətləndirilən Elmira Əhmədova polis polkovnik-leytenantı rütbəsinədək yüksəlib.
Müsahibimiz söhbət zamanı keçmiş milislə bugünkü polisin fərqini belə izah etdi: “Sovet hakimiyyəti dövründə Azərbaycanda milis işçilərinin maddi-texniki təminatı çox aşağı səviyyədə idi. O dövrdə milis işçiləri istər xüsusi avtomobil vasitələri, istərsə də texniki ləvazimatlarla tam təmin oluna bilmirdilər. Həmçinin o zamanlar professional milislər də az idi. Həmin dövrdə onların peşəkarlıq səviyyəsinin aşağı olması və bəzi hallarda yüksək ixtisasa yiyələnə bilməmələri məhz ölkəmizdə bu sahədə yüksəkixtisaslı kadrlar hazırlayacaq akademik təhsil müəssisəsinin olmamasından irəli gəlirdi ki, bunu da yaratmaq o zamanlar çox çətin idi. Yalnız çox az hallarda bu sahədə ali təhsil almaq üçün keçmiş SSRİ-nin bir sıra müvafiq təhsil müəssisələrinə məhdud sayda göndərilənlər olurdu. Çoxlarının ixtisasının isə milis peşəsilə heç bir əlaqəsi yox idi. Ancaq müstəqilliyimizin bərpasından sonra ümummilli liderimiz Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə Polis Akademiyası fəaliyyətə başladı və hazırda burada ixtisaslı kadrlar yetişdirilir. Həmçinin Azərbaycan polisi üçün bu gün yaradılmış müasir iş şəraiti inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər. Bu gün xüsusilə qadın polislərin fəaliyyəti üçün geniş imkanlar açılıb. Lakin əvvəllər qadınların polis işçisi kimi fəaliyyət göstərməsi elə də asan məsələ deyildi. Bəzən düşünürəm ki, bəlkə də, yoldaşım mənə dəstək olmasaydı, mən heç vaxt öz peşəmə davam edə bilməzdim. Ancaq bu gün nəinki qadın polislərin, bütün işlərdə qadınların ən böyük dəstəkçisi dövlətdir. Onlar hər cür diqqət və qayğı ilə əhatə olunurlar. Əməkləri daim mükafatlandırılır və inanıram ki, bu onları daha əzmlə çalışmağa ruhlandırır. Azərbaycan qadınının potensialı böyükdür. Bu dövlətdə onların ictimai-siyasi mövqeyi üçün kifayət qədər imkanlar var”.
Üç övladı olan Elmira xanım övladlarının bu peşəni davam etdirmələrini çox istəsə də, təəssüf ki, buna nail ola bilməyib. Bir qız, iki oğlan anası olan xanımın qızı Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini, bir oğlu isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Kiçik oğlu isə hələ 11-ci sinifdə təhsil alır. Hazırda Bakı şəhərində yaşayan Elmira xanım Naxçıvanla bağlı təəssüratlarını da bizimlə paylaşır: “Naxçıvan dedikdə qəlbimdə kövrək hisslər təlatümə gəlir. O şəhər mənə çox doğma və əzizdir. Çünki ömrümün böyük bir hissəsini orada yaşamışam. Bəzən çox darıxıram, övladım burada təhsil almağa qərar verdikdən sonra onun arzularına sərhəd qoya bilmədik və ailəmlə birlikdə Bakıda yaşamağa qərar verdik. Ancaq hər yay fəslində istirahət etmək üçün Naxçıvana gəlirik. Və hər dəfə gəldikdə yeni mənzərələrlə qarşılaşırıq. Bu gün muxtar respublikamız inkişafının yeni mərhələsini yaşayır. Gözəl yolları, gözoxşayan parkları, bir-birindən yaraşıqlı binaları onun hüsnünə xüsusi gözəllik verir. Ancaq ən əsası sağlam cəmiyyətin, asayişin bərqərar olmasıdır. Eşitdiklərim, Naxçıvanda olarkən gördüklərim deməyə əsas verir ki, muxtar respublikada cinayət hadisələri yox dərəcəsindədir. Sağlam mənəviyyatlı gənc nəslin formalaşması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, əhalinin məşğulluğunun təmin olunması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Həqiqətən, qürur hissi keçirir, bu şəhərin sakini olmağınla fəxr edirsən”.
...Bu yazımızda Azərbaycan polisinin tarixində Elmira Əhmədova kimi əzmkar bir qadının keçdiyi şərəfli yola nəzər saldıq. Bu gün insanların rahat, təhlükəsiz yaşaması, hüquqlarının qorunması yurdumuzun bacarıqlı övladlarının səylərinin nəticəsidir. Yurduna-yuvasına, vətəninə, torpağına sıx tellərlə bağlı olan igid oğul və qızlarımız hər zaman olub, bu gün də var və daim olacaq. Seçdiyi peşəni özünə şərəf yolu bilən hər bir şəxs, doğma torpağına, xalqına, millətinə sədaqətlə xidmət edib və inanırıq ki, hər zaman edəcək. Andına sadiq olan polislərimiz əminik ki, bundan sonra da qarşıya qoyulan tapşırıqları əzmlə yerinə yetirəcək, göstərilən etimadı xalqına, Vətəninə sədaqətli xidməti ilə doğruldacaq, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmin olunması, ictimai qaydanın və təhlükəsizliyin etibarlı qorunması kimi çətin, məsuliyyətli vəzifələrin öhdəsindən hər zaman olduğu kimi, bundan sonra da layiqincə gələcəklər.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR