Muxtar respublikamızın tarixi və mədəniyyətinin inkişafında, ictimai fikir və düşüncənin tərəqqisində bir çox nəsillərin əvəzsiz rolu olub. Onlardan biri Kəngərli rayonunun Şaxtaxtı kəndində yaşamış və mühüm fəaliyyətləri ilə tarixdə iz qoymuş Şahtaxtinskilər nəslinin nümayəndələridir. Bu nəsil hər zaman bir amal, istək, məqsəd uğrunda – ölkəmizin nüfuzunun qorunması naminə şərəfli mübarizə aparıb, elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm rol oynayıblar.
Ölkəmizin milli mənafeyi naminə çalışan, ona mühüm xidmətlər göstərən belə görkəmli şəxsiyyətlər bu gün dövlətimiz tərəfindən ehtiramla yad olunur, onların xidmətləri yüksək qiymətləndirilir. Elə bunun bariz nümunəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən ziyalılar yurdu Şahtaxtıda Şahtaxtinskilər Muzeyi yaradılıb. Yaxın günlərdə biz də adıçəkilən muzeyə üz tutduq, burada Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olduq.
Muzey əməkdaşı Nərminə Əliyeva ətraflı məlumat verərək bildirdi ki, Şahtaxtinskilər nəsli ölkəmizə Azərbaycan elmi və ictimai-siyasi mühitində tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinski, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlı, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, Azərbaycan Parlamentinin ilk üzvlərindən Həmid ağa Şahtaxtinski, görkəmli rəssam Elmira Şahtaxtinskaya kimi şəxsiyyətlər bəxş edib. Bu nəslin nümayəndələri hansı dövrdə yaşamalarından asılı olmayaraq, xalq üçün böyük fədakarlıqlar göstərib, Vətənə bağlı ömür yaşayıblar. Onların keçdikləri ömür yolu hər kəs üçün nümunədir.
Muzeydə olarkən ekspozisiya zalında nümayiş olunan eksponatlara nəzər saldıq. Zalın ilk guşəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” 9 fevral 2010-cu il tarixli Sərəncamı, Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələri haqqında məlumatlar yer alıb. Ekspozisiyanın ikinci guşəsi isə Şahtaxtinskilər nəslinin görkəmli nümayəndəsi Behbud ağa Şahtaxtinskiyə həsr olunub. Burada Behbud ağa Şahtaxtinskinin həyat yolunu əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncamına əsasən tanınmış ictimai-siyasi xadimin yubileyi qeyd olunub, onun adına poçt markaları və zərflər buraxılıb.
Görkəmli şəxsiyyətə həsr olunmuş “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi” kitabları, o cümlədən Behbud ağa Şahtaxtinskiyə aid arxiv sənədləri, Naxçıvan şəhərindəki Behbud ağa Şahtaxtinski küçəsinin fotoşəkli, “Baraban” jurnalının 1912-ci ilə aid 1 və 2 nömrəli, həmçinin 1913-cü ilə aid 1 nömrəli buraxılışları muzeyin dəyərli eksponatları sırasındadır.
Növbəti guşə görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlıya həsr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 2006-cı il 27 fevral tarixli Sərəncamına əsasən görkəmli ictimai xadimin 160 illik yubileyi qeyd olunmuş, Naxçıvan şəhərindəki Kitab Evinə Məhəmməd ağa Şahtaxtlının adı verilmiş, seçilmiş əsərləri nəşr olunmuşdur. Məhəmməd ağa Şahtaxtlıya həsr olunmuş vitrinlərdə “Şərqi-Rus” qəzetinin başlığının surəti, mətbəəni Mirzə Cəlilə bağışlaması haqqında ərizə və şəhadətnamənin surəti, Məhəmməd ağa Şahtaxtlının yeni əlifba layihəsinin, tərcümə etdiyi “Müsəlman aləmində günəş hesablanması”, “Türkiyənin baş vəziri Kamil paşanın qeydləri” kitablarının surətləri, məqaləsinin çap olunduğu məcmuə, seçilmiş əsərləri və “Məhəmməd ağa Şahtaxtlı: taleyi və sənəti” kitabları, onun adını daşıyan Naxçıvan şəhərindəki Kitab Evinin fotoşəkli yer alır.
Növbəti guşə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, görkəmli maarifçi Həmid ağa Xəlil oğlu Şahtaxtinskiyə həsr olunub. Bu guşədə Həmid ağa Şahtaxtinski haqqında məlumat, onun fotoşəkli və haqqında bəhs edən qəzet materialları nümayiş etdirilir.
Digər guşədə Azərbaycan Respublikasının Xalq rəssamı Elmira Həbibulla qızı Şahtaxtinskaya haqqında məlumat, onun fotoşəkli, albom-kataloqu və digər sənədlər mühafizə olunur. Rəssamın oğlu Altay Sadıxzadə tərəfindən çəkilmiş Elmira Şahtaxtinskayanın portreti və digər portretlər də muzeyin dəyərli eksponatları sırasındadır. Eyni zamanda burada Elmira Şahtaxtinskayanın “Sozopol” mənzərəsi və “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsinə aid əsərləri də nümayiş olunur.
Başqa bir guşə isə Aleksis (Ələsgər) Cahangir ağa oğlu Şahtaxtinskiyə həsr olunub. 1967-ci ildə Strasburq şəhərində anadan olan Aleksis (Ələsgər) Cahangir ağa oğlu Şahtaxtinski 1993-cü ildən diplomat kimi fəaliyyətə başlayıb. Yuqoslaviya müharibəsi dövründə NATO-nun qurumlarında çalışan Aleksis, həm də Moskvada bu təşkilatın təmsilçisi olub. Rusiya Federasiyası ilə NATO arasında saziş bağlanandan sonra 1997-ci ildən 1999-cu ilədək məlumat bürosunun rəhbəri işləyib. Sonralar Brüsseldə NATO-nun Baş katibinin mətbuat katibi kimi fəaliyyət göstərib. Belarusda Fransa səfirliyində müşavir işləyən Aleksis bu illərdə həm də Diplomatiya Akademiyasını bitirib. 2007-ci ildən ATƏT-in Bakı ofisində fəaliyyət göstərib.
Aleksis Şahtaxtinski 1991-ci ildə Naxçıvana – Şahtaxtı kəndinə gələrək, 2010-cu ildə buradakı Şahtaxtinskilər Muzeyinin açılışında iştirak edib. Aleksis Şahtaxtinskiyə həsr olunmuş qəzet materialları, atası Cahangir ağa Şahtaxtinski və babası Məhəmməd ağa Şahtaxtlının fotoşəkilləri hazırda bu guşədə nümayiş olunmaqdadır.
Növbəti guşədə Şahtaxtı kəndinin görkəmli nümayəndələrindən olan İsa Sultan Şahtaxtinski, Toğrul Şahtaxtinski, Məhəmmədəmin Şahtaxtinski, Əbülfət ağa Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Həbibullah Şahtaxtinski, Ətaulla Şahtaxtinskinin fotoşəkilləri sərgilənir. Bir sözlə, Şahtaxtinskilər Muzeyi hazırda bu tanınmış nəslin nümayəndələri haqqında mühüm məlumatların mühafizə olunduğu və nümayiş etdirildiyi məkandır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2017-ci ildə bu mədəniyyət müəssisəsi yenidən qurulmuş, burada fond otağı yaradılmış, ətrafda abadlıq işləri həyata keçirilmişdir. Hazırda muzey Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm xidmətləri olan Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Gülcamal TAHİROVA