Maraq və həyəcanla çıxdığımız yolun uzaq olmasına baxmayaraq, heç də yorğun deyilik. Əksinə, seyrinə daldığımız mənzərələr – xəfif əsən küləyin mehindən dəniztək dalğalanan, yamyaşıl çəmənliklərə naxış salan rəngarəng çiçəklər, zümrüd rəngli, gözyaşıtək saf bulaqlar insanın ruhuna rahatlıq bəxş edir. Gedəcəyimiz ünvana yaxınlaşdığımızı yol qət etdikcə sərinləyən havadan da bilirik. Çünki bu yerlər yayın ən qızmar çağında belə, uca zirvəsindən qarı əskik olmayan Gəmiqayanın qoynuna sığınan yurd yeridir. Bəli, bura Ordubad rayonunun Ələhi kəndidir. İlin bu vədəsində yaşıllıq və onun üzərinə əlvan xalı kimi sərilən çiçəklərdən də əbəs yerə bəhs etmədim. Çünki bu səfalı məkanda arandan fərqli olaraq hələ də yazın ətri duyulmaqdadır.
Əyriçayın sol sahili, Qapıcıq dağının ətəyində yerləşən bu kəndin adı “çökəklik” mənasına uyğun gəlsə də, yaşayış məntəqəsi indi öz inkişafının zirvəsindədir. Dağların əhatəsində yerləşən kəndə daxil olarkən gördüyümüz mənzərə – bir tərəfi qədim tarixə malik əfsanəvi yurd yeri Gəmiqaya, bir tərəfi yay fəslinin qızmar çağında könüloxşayan başıqarlı dağlar, min bir dərdin dərmanı yeraltı mineral bulaqlar, yolboyu kəndə gələnləri salamlayan meyvə ağacları, nadir ağaclar diyarı olan Tillək meşəsinin füsunkarlığı, insanın ruhunu dinləndirən Əyriçayın şırıltısı...