22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov avqustun 2-də Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin geniş qeyd edilməsi məqsədilə Tədbirlər Planı təsdiq edilib. Muxtariyyət tariximizin tərkib hissəsini təşkil edən Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik tarixinə qısa ekskursiyanın oxucularımız üçün maraqlı olacağına inanırıq. Bu mövzuda həmsöhbətimiz muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimovdur.

– Nizami müəllim, əvvəlcə sizi və muzeyin bütün əməkdaşlarını bu münasibətlə təbrik edirik.
– Çox sağ olun. 2019-cu il bizim üçün çox əlamətdardır. Həm Naxçıvan Muxtar Respublikasının, həm də Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 illik yubileyini qeyd edirik. Muzeyimiz digər tarixi mərhələlərlə yanaşı, muxtariyyət tariximizi də özündə qoruyub yaşadır. Bu mənada, muzeyin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə və muxtariyyətimizə göstərilən yüksək qayğıdır. Bu sərəncama görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığımızı bildiririk. Göstərilən diqqət və qayğıdan ruhlanan muzeyin kollektivi mədəni irsin qorunması və təbliği sahəsində fəaliyyətini daha da artıracaqdır.
– Qədim diyarımızda yaradılmış ilk Tarix-Etnoqrafiya Muzeyi sərəncamda da qeyd olunduğu kimi muxtar respublikada muzeyşünaslığın əsasını qoyub...

– Qədim Naxçıvan diyarında muzey işinin başlanğıc tarixi XIX əsrin sonlarına təsadüf etsə də, dövlət tərəfindən ilk muzeyin yaradılması ötən əsrin 20-ci illərində mümkün olub. 1924-cü ilin fevral ayında Naxçıvan Muxtar Respublikası təşkil olunduqdan sonra Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin yaradılması barədə Naxçıvan MSSR Xalq Komissarları Soveti 30 oktyabr 1924-cü il tarixli Qərar qəbul edib. Lakin 1925-ci ilin sonunadək muzeyin formalaşdırılması mümkün olmayıb. Çünki həmin dövrdə muzey üçün yer ayrılmayıb, eksponat toplanması işində ləngliyə yol verilib və kadr məsələləri həll edilməyib. Vəziyyəti araşdıran Naxçıvanın yerli hökuməti Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun muzey əhəmiyyətli əşyalardan ibarət şəxsi kolleksiyasını dövlət mülkiyyətinə götürməklə muzeyin əməli surətdə təşkili məsələsini müəyyən mənada həll edib. Bununla əlaqədar Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 6 yanvar 1926-cı il tarixli iclasında “Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini zənginləşdirmək haqqında” məsələyə baxılıb və bu məqsədlə V.Həsənzadə, M.Mirheydərzadə, X.Hacılarov, A.Əliyarov və Rəhmanovdan ibarət komissiya yaradılıb. B.Əlibəyovun özü isə həmin vaxtdan muzeyə direktor təyin edilib və o, bu vəzifədə 1930-cu ilədək işləyib. Beləliklə, eksponatlarının əksəriyyəti B.Əlibəyovun şəxsi kolleksiyasının əşyalarından ibarət olan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi faktiki olaraq 1926-cı ilin yanvar ayından fəaliyyət göstərməyə başlayıb. Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tabeliyində olmasına baxmayaraq, muzeyə münasib yer ayrılmadığından B.Əlibəyov direktor işlədiyi müddətdə bu mədəniyyət müəssisəsi onun şəxsi evində – 2 otaqda və çox da böyük olmayan dəhlizdə fəaliyyət göstərib.
– Qeyd etdiyiniz kimi, muzey yarananda eksponatların böyük əksəriyyəti şəxsi kolleksiyadan ibarət olub. Həmin eksponatlar barədə məlumat vermənizi istərdik.
– İlk dövrlərdə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan muzeydə qədim diyarın tarixinə, arxeologiyasına və etnoqrafiyasına dair materiallar var idi. Onların arasında qızıldan hazırlanmış qadın bəzək əşyalarını, qədim xalçaları, Şərq parçaları nümunələrini, qələmdanları, saxsı və misdən hazırlanmış məişət əşyaları və qədim silahları, Səfəvilər dövrünə aid sikkə kolleksiyasını və digər maraq­doğuran eksponatları qeyd edə bilərəm. Bu dəyərli eksponatlar bu gün də muzeyin fondunda qorunub saxlanılır.
– Muzeyin fəaliyyətinin sonrakı dövrlərini hansı tarixi mərhələlərə ayırmaq olar?
– Əvvəlcə onu qeyd edim ki, muzeyin təşəkkülündə və inkişafında 1925-ci ilin may ayında Naxçıvanda yaradılan Tədqiq və Tətəbbö Cəmiyyətinin və onun ətrafında toplanan ziyalıların xüsusi rolu olub. Muzeyin zənginləşdirilməsində bu cəmiyyətin üzvlərindən M.Mirheydərzadə, Ağa Məhəmməd (Ərbab), L.Hüseynzadə, Z.Seyidov (Seyid Səbri), Ə.Mirzəyev, məşhur şair və dramaturq H.Cavidin böyük qardaşı M.Rasizadə, Q.İmanov və digərləri fəal iştirak ediblər.
Muzeyin 1926-1930-cu illərdəki fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Çünki həmin dövr, əsasən, eksponat toplanmasından ibarət olub. 1930-cu ildə muzey rəhbərliyində kadr dəyişikliyi olub, Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətində elmi katib vəzifəsində işləmiş Mirbağır Mirheydərzadə muzeyə direktor təyin edilib.
Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1932-ci il 26 avqust tarixli iclasında muzeyin adı yenidən dəyişdirilərək Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılıb. Həmin dövrdən muzeyə Azərbaycanın realist rəssamı Bəhruz Kəngərlinin adı verilib.
1932-ci ilin oktyabrında B.Kəngərli adına Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi olaraq fəaliyyətə başlayıb, 1932-1940-cı illərdə fəaliyyət dairəsi genişlənib. Yarandığı ilk illərdə 250-yə qədər eksponata malik olan muzeyin eksponat sayı 1932-ci ildə 2520, 1940-cı ildə isə 4880 ədədə çatıb. Təkcə 1940-cı ildə muzeyə 6 mindən çox tamaşaçı gəlib. 1945-ci ilin mart ayında Azərbaycan SSR Elmlər Akademiyası təsis edilərkən Azərbaycan Tarixi Muzeyi akademiyanın ictimai elmlər bölməsinin tərkibinə daxil edildikdən sonra respublikadakı digər muzeylər kimi, bu mədəniyyət müəssisəsi də Xalq Maarif Komissarlığının tabeliyindən çıxarılaraq Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edilib.
Naxçıvan MSSR Mədəniyyət Nazirliyi təsis edildikdən sonra isə muzey həmin nazirliyin tabeliyinə verilib. Əbülqasım Sultanov 1956-cı ildə muzeyə direktor təyin edilib və bu vəzifədə 1982-ci ilədək çalışıb. Bir müddət keçdikdən sonra Naxçıvan şəhərinin mərkəzində, Nizami küçəsi 31 ünvanındakı bina B.Kəngərli adına Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə verilib. Həmin binada muzeyin ekspozisiyası yenidən qurulub.
Ötən əsrin 60-cı illərində muzey, əsasən, eksponat toplanması işi ilə məşğul olub, 1967-ci ilədək muxtar respublikada yeganə muzey kimi əhaliyə xidmət göstərib. 60-cı illərin sonlarından Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılıb.
– Nizami müəllim, Naxçıvan Dövlət Tarix Muzeyinin əsl inkişaf tarixi hansı dövrə təsadüf edir?
– 1924-cü ildə yaradılan muzeyin təşəkkül və inkişaf yolu ötən əsrin 20-30-cu illərinin repressiya sınaqlarından keçib, İkinci Dünya müharibəsinin vurduğu yaralarla üzləşib, həmin müharibənin acı nəticələrinin aradan qaldırılması illərini yaşayıb. Araşdırmalar göstərir ki, bütün Azərbaycan muzeyləri kimi, Naxçıvan Dövlət Tarix Muzeyi də özünün inkişaf yolunu, əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbər olduğu ötən əsrin 70-80-ci illərində keçib və bu inkişaf günümüzdə də davam etməkdədir.
Mən ilk olaraq ulu öndərimizin təşəbbüsü ilə 1970-ci ilin yanvar ayından “Respublikada muzey işinin təkmilləşdirilməsi haqqında” və 1980-ci ilin yanvarında “Respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi haqqında” qəbul edilən qərarları diqqətə çatdırmaq istəyirəm. Bu tarixi qərarlar bütün muzeylər kimi, Naxçıvan Dövlət Tarix Muzeyinin də həyatında mühüm rol oynayıb və onun inkişafına əhəmiyyətli təsir edib. Məhz həmin qərarların icrası nəticəsində 1982-1983-cü illərdə muzeyin ekspozisiyası geniş mövzulu plan əsasında yenidən qurulub. 1982-ci ildə İsfəndiyar Əsədullayev muzeyə direktor təyin edilib və bu vəzifədə 1998-ci ilin may ayınadək işləyib.
Gənc nəslin milli-mənəvi tərbiyəsində muzeylərin rolunu layiqincə dəyərləndirən, yeni-yeni muzeylərin yaradılmasının və onların maddi-texniki bazasının möhkəmləndirilməsinin təşəbbüskarı olan ulu öndər Heydər Əliyevin muzey işinə dair qərarından sonra Azərbaycanın bir çox yerlərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da müxtəlif profilli muzeylər yaradılıb. 1980-1982-ci illərdə respublikanın rayonlarında 30-a qədər muzey fəaliyyət göstərməyə başlayıb.
Görkəmli dövlət xadiminin muzey işi sahəsində müəyyənləşdirdiyi siyasət müstəqillik illərində də davam etdirilib və bəhs olunan dövrdə Naxçıvan Dövlət Tarix Muzeyinə də lazımi dövlət qayğısı göstərilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 6 mart tarixli “Azərbaycan muzey işinin yaxşılaşdırılması haqqında” Sərəncamı muzeylərə dövlət qayğısının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı və köməkliyi ilə 2000 və 2007-ci illərdə muzeyin binasında əsaslı təmir-tikinti və quraşdırma işləri aparılıb. Bununla da muzey binasının imkanları daha da genişləndirilib, ekspozisiya tamamilə yenidən qurulub, eksponatların etibarlı mühafizəsi üçün muzeyin ekspozisiyası yeni vitrinlər və saxlanc qurğuları ilə təchiz edilib. 2007-ci il mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə muzey binasının təmirdən sonra açılışı olub. Ali Məclis Sədrinin diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 oktyabr tarixli Qərarı ilə Dövlət Tarix Muzeyinə muxtar respublika statusu verilib.
– Muzey işinin təşkili və ekspozisiyanın zənginləşdirilməsi məqsədilə hansı işlər görülür?
– Qeyd etdiyimiz kimi, Naxçıvanda muzeyşünaslıq işinin əsası bu mədəni-maarif müəssisəsinin fəaliyyəti ilə qoyulub. Zəngin fonda malik olan Naxçıvan Dövlət Tarix Muzeyi 1983-cü ilin iyul ayından Azərbaycan SSR Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə tarix profilli muzeylər üçün baza müəssisəsi kimi fəaliyyət göstərməklə muxtar respublikada yeni yaranan muzeylərin fondunun təşkilində və ekspozisiyasının qurulmasında yaxından iştirak edir. Bu ənənəni davam etdirərək dövlətimizin də dəstəyi və qayğısı ilə muxtar respublikada muzey işinin təşkilinə öz töhfəmizi verməyə çalışırıq. Bu baxımdan ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə artıq muxtar respublikada zəngin muzeylər şəbəkəsinin formalaşdırıldığını iftixarla demək olar. Bundan başqa, muxtar respublika muzeylərinin fondlarının təşkili və ekspozisiyalarının qurulması üçün muzeyimizdən 1000-dən çox müxtəlif çeşidli eksponatlar verilib.
Əvvəlki dövrlərdə olduğu kimi muzey mədəni irsin toplanması, qorunması, öyrənilməsi və təbliği sahəsində fəaliyyətini bu gün də uğurla davam etdirir. Bu gün muzeyin fond və ekspozisiyasında 10 şöbəni əhatə edən 49 mindən çox eskponat mühafizə olunur. Onların da 35 mindən çoxu əsas fonda daxildir. Muzeydə eksponatların sayı 1991-ci ildə 35 min 382 ədəd olduğu halda, 2000-ci ildə bu rəqəm artaraq 38 min 631-ə çatıb. Son 20 ildə muzeyin fonduna 11 mindən çox yeni eksponat daxil edilib ki, bu da muzeydəki cəmi eksponatların, təxminən, dörddə biri deməkdir.
O da qeyd olunmalıdır ki, ötən dövr ərzində muzeydə elmi maarifçilik tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən təcrübə toplanıb. Burada vaxtaşırı olaraq tarixi günlər ərəfəsində təşkil edilən açıq dərslər, dəyirmi masalar, elmi konfranslar və digər elmi-kütləvi tədbirlər əhalinin müxtəlif təbəqələrinin, xüsusilə məktəbli gənclərin muzeyə cəlb olunmalarına kömək edir və onlarda Azərbaycançılıq məfkurəsinin formalaşdırılmasına öz müsbət təsirini göstərir. Bütün bunların nəticəsidir ki, muzeyə gələn tamaşaçıların da sayı ildən-ilə artmaqdadır. Təkcə bu ilin ötən 7 ayı ərzində muzeydə 1868 ekskursiya keçirilib, əməkdaşlarımız 22 mindən çox ziyarətçiyə eksponatlar barədə məlumat veriblər. Onların 4800-ə yaxını xarici turistlər olub. Onu da qeyd edək ki, buraya gələn xarici qonaqların muzey haqqında ətraflı məlumat almaları üçün bələdçilərin hər biri həm də tərcüməçi vəzifəsini yerinə yetirir.
Muxtar respublikada muzeylərlə əlaqələrin gücləndirilməsi, muzey günlərinin keçirilməsi və kollektivlərin mədəni-maarif ocaqlarına cəlbini günümüzdə muzeyşünaslıq işində atılan mühüm addım kimi dəyərləndiririk. Bütün bunların nəticəsidir ki, insanların muzeyə olan münasibətlərində də köklü dəyişikliklər baş verib. Sakinlər muzeyin zənginləşdirilməsi işində də fəallıq nümayiş etdirir, tariximizin qorunmasına, mədəniyyətimizin inkişafına öz töhfələrini verməyə çalışırlar. Mən yenə statistik məlumatlara nəzər salaraq bildirmək istəyirəm ki, təkcə bu ilin yanvar-iyul aylarında bizim muzeyimizə 548 yeni eksponat daxil olub. Onlardan 420-si muzey işçiləri tərəfindən toplanıb. Qalan 128-i sakinlərin şəxsi təşəbbüsü ilə muzey fonduna təqdim edilib.
– Bəs həm də elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Tarix Muzeyində diyarşünaslıq, milli-mədəni irsimizin təbliği barədə nə deyə bilərsiniz?
– Muzeyimizdə eksponatların bərpası və konservasiyası həyata keçirilir. Buraya daxil olan hər bir material üzərində tədqiqat işləri aparılır. Ehtiyac duyulursa, həmin nümunələr elmi-bərpa prosesinə cəlb edilir və əməkdaşlarımız tərəfindən konservasiya işləri aparılır.
Ən yaxşı cəhət də budur ki, biz hamiliyə verilmiş tələbələrlə işi də diqqətdə saxlayırıq. Muzey işinin digər tərəfləri ilə yanaşı, məhz elmi-tədqiqat işlərində də tələbələrin iştirakını təmin edirik. Aparılan konservasiya və bərpa işləri ilə tanış olan gənclər bu sahədə təcrübələr əldə edirlər.
Ümumiyyətlə, son illər muzeydə aparılan elmi-tədqiqat və elmi maarifçilik işlərinə diqqət daha da artırılıb. Bu dövrdə muzey işinin və muzey sərvətlərinin təbliği ilə əlaqədar əməkdaşların onlarla elmi, elmi-kütləvi məqaləsi çap olunub, “Naxçıvan Dövlət Tarix Muzeyi” adlı bələdçi-məlumat kitabçası nəşr etdirilib.
– Nizami müəllim, muxtariyyətin yaşıdı olan Naxçıvan Dövlət Tarix Muzeyi haqqında geniş məlumata görə oxucularımız adından minnətdarlığımızı bildirir, kollektivinizə yubiley ilində daha böyük uğurlar arzulayırıq.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR