Uca zirvələrin, sıldırımlı qayaların qoynunda Gəmiqayanın sərin mehiylə tumarlanan, ecazkar təbiətilə insanı ovsunlayan bu kəndin vüqarlı dağlarının əzəmətini, həzin zümzümə ilə insanın ruhunu oxşayan Əyriçay və Saqqarsu çaylarının xoş nəğməsini, qalın meşələrinin füsunkar gözəlliyini, səmimi insanlarının qonaqpərvərliyini sözlə ifadə etmək üçün coşqun təbiətli şair olmaq lazımdır, bəlkə də...
Bəli, haqqında bəhs edəcəyimiz əsrarəngiz təbiətin xəsislik etmədiyi, məharətli bir rəssam tablosunu xatırladan, qonaqpərvər, istiqanlı insanların məskəni olan bu gözəl diyar Ordubad rayonunun Xurs kəndidir. Bu kənddə hər fəslin xüsusi gözəlliyi var, lakin təbiətin insanı məst edən sükutu içində uyumuş bu gözəlliyi qış fəslində seyr etmək bir başqa aləmdir. Tənbəllik etməyib, soyuqdan, şaxtadan qorxmayıb insanı ovsunlayan ecazkar təbiətin sehrinə düşmək üçün üz tutduq Gəmiqayanın ovcunda mürgüləyən bu yurd yerinə...
Gəmiqaya dağlarının ətəyində yerləşən kəndə qış aran kəndlərinə nisbətən daha tez qədəm qoyur. Odur ki, dekabrın ilk günlərindən burada dağlar-daşlar qış libasını geyinib, ağ örpəyə bürünüb. Zirvələrdən süzülüb gələn dumduru sular, çaylar yuxuya getmiş bərəkətli torpaqlara layla çala-çala Araza doğru üz tutub. Təbiətin füsunkarlığına, gözəlliyinə vurulan, bu yurddan ayrılmaq istəməyən su damlaları donub dərənin kənarlarında qalıb. Uşaqların səs-küyündən hiss edirsən ki, qış onların ən sevimli fəslidir. Təpədən dərəyə xizək sürən uşaqlar özlərini dünyanın ən xoşbəxt, ən qayğısız insanları hesab edirlər – yıxılıb əzilsələr belə...
Görüşünə gəldiyimiz kəndin gözəlliyini doya-doya seyr edərkən yolda ağbirçək, nurani bir qadınla – Vəsminaz Qasımova ilə qarşılaşırıq. Xoş çöhrəli qadın mehribancasına soruşur: “Gözəl balam, kimsən, kimlərdənsən?” Mehriban nənəyə kəndlə bağlı yazı hazırlamaq üçün gəldiyimizi bildirirəm.
– Ay bala, bu soyuqda çox dayanmayın, xəstələnərsiniz, gəlin nənənin qonağı olun, – deyir. Biz də heç tərəddüd etmədən nurani nənənin hər künc-bucağı qayğı, sevgi təsiri bağışlayan evinin qonağı oluruq. Ana təbiətin büründüyü ağappaq qarın soyuq nəfəsini duyan hər kəs kimi Vəsminaz nənənin də isti ocağında mavi alov şölələnir. Bu sobanın istisində qızınaraq pəncərədən quşbaşı qarın yağmasını izləməyin də ayrı mənzərəsi var... Burada olarkən nənə ilə keçmişdən bu günə xeyli söhbət etdik. Söhbətimizə nənənin böyük oğlu Eldar Arifli də qoşuldu, keçmişin qayğılarından, bu günün sevinclərindən söhbət açdı: “Nədənsə, insan bəxtəvər günlərindən daha çox çətinlik çəkdiyi anları xatırlayır. 90-cı illərin ağır günlərini heç vaxt unutmaram. Buradakı şəraitsizlik, bir vaxtlar yolların tamamilə sıradan çıxması, iki saatdan bir yanan işıq kənd camaatını lap canından bezdirmişdi. O vaxt sıxıntılar məngənəsində boğulan kənd adamlarının bir çoxu öz yurd yerlərindən didərgin düşmüşdü. Hər kəs şəhərə axın edib özünə gün-güzəran qurmağa çalışırdı. Elə mən də ailəmi dolandırmaq üçün şəhərə üz tutmuşdum. İllər sonra kənddə insanların dolanışığı, rahat yaşayışı üçün belə gözəl şərait yaradıldığını gördüm və yenidən el-obama qayıtdım. Bu gün nəinki bu kənddə, elə qonşu kəndlərdə də insanların rahatlığı üçün hər cür şərait yaradılıb, kənd camaatı hərtərəfli qayğı ilə əhatə olunub, yeni sosial obyektlər tikilərək istifadəyə verilib, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bu isə əhalinin işlə təmin olunmasında, məşğulluğunun artmasında xüsusi əhəmiyyət kəsb edir. Kənd camaatına göstərilən belə qayğı isə bizi el-obaya, torpağa qırılmaz tellərlə, tükənməz məhəbbətlə bağlayır”.
Eldar Arifli onu da qeyd etdi ki, bir neçə il bundan əvvəl dövlətimizin böyük qayğısı sayəsində Biləv-Göygöl avtomobil yolunun istifadəyə verilməsi bizim ən böyük çətinliyimizi aradan qaldırdı. Dümdüz yolları, bir-birindən yaraşıqlı binaları artıq kəndimizə qəsəbə libası geyindirib.
Eldar Arifli ilə bir qədər söhbətdən sonra Xurs kənd məktəbinə üz tutduq. Budur, yaraşıqlı binası ilə şəhər məktəblərindən geri qalmayan Xurs kənd tam orta məktəbi... Dövlətimiz tərəfindən təhsilə olan diqqət və qayğı bu kənddə də öz ifadəsini tapıb. 2013-cü il noyabrın 12-də məktəbin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Təhsil ölkənin gələcəyinə xidmət edən bir sahədir. Bu gün muxtar respublikanın ucqar kənd yaşayış məntəqəsi olan Xursda yeni məktəb binasının istifadəyə verilməsi də dövlətin təhsilə göstərdiyi qayğının nəticəsidir. Məktəblərdə gənclər təhsilli böyüdülməklə yanaşı, onların əsl vətənpərvər ruhda tərbiyə olunması da diqqət mərkəzində saxlanılmalıdır. Xurs kənd tam orta məktəbində bu işlərin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmış, məktəb binası müasir təhsilin qarşıya qoyduğu tələblər səviyyəsində qurulmuşdur. Görülən işlər müəllim və şagirdlərin hərtərəfli böyüməsinə, öz bilik və bacarıqlarını artırmasına imkan verəcəkdir”.
Bəli, bu gün yaradılan belə yüksək şərait müqabilində dövlətin insanlardan yalnız bir tələbi var: öz peşələrinə məsuliyyətlə yanaşmaq... Müəllimin həvəslə savadlı, intellektli, vətənpərvər gənclər yetişdirməsi, gələcəyə nur saçan şagirdlərinsə öz vəzifələrini bilməsi, səylə çalışması, elinə-obasına layiqli vətəndaş olması...
Məktəbdə təhsilin səviyyəsi və buradakı şəraitlə tanış olmaq üçün təhsil ocağının direktoru Mahir Məmmədova müraciət etdik. O bildirdi ki, əvvəllər köhnə, soyuq taxta binada fəaliyyət göstərən məktəb, bu gün yaraşıqlı binada elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunub. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan bina 110 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, kitabxana və idman zalı var. Xurs kənd tam orta məktəbində informatika dərslərinin yüksək səviyyədə tədris olunması üçün ayrıca kompüter otağı yaradılıb. Hərbi kabinədəki şərait şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi dərslərin yüksək səviyyədə tədris edilməsinə imkan verir.
Mahir Məmmədov onu da qeyd etdi ki, artıq bu ucqar kənddəki məktəbdə kadr çatışmazlığı problemi də öz həllini tapıb. Digər bölgələrdən buraya üz tutan gənc müəllimlərin yaşayıb fəaliyyət göstərmələri üçün də münbit şərait yaradılıb.
Onlardan həmsöhbət olduğumuz Adim Yusubov kəndlə, eləcə də məktəblə bağlı təəssüratlarını bizimlə paylaşdı: 6 ildən çoxdur ki, Xurs kənd tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğulam, – deyən gənc müəllim Kəlbəcər rayonundan məcburi köçkün olduğunu bildirir. O, ali məktəbi bitirdikdən sonra təyinatla buraya gələrək Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.
Adim müəllim dedi ki, bu kənd indi müasirliyi, yeniliyi ilə heç də şəhərdən geri qalmır. İnsanların rahat yaşayışı təmin olunur, onların gün-güzəranı üçün hərtərəfli şərait yaradılır. Burada yaşamaqdan, bu yurdun insanlarını yaxından tanımaqdan məmnunluq duyuram.
Təhsil ocağında olarkən məktəb kollektivinin digər üzvü – Akif Cabbarovla da həmsöhbət olduq. Söhbət zamanı o, bizə, məni xeyli düşündürən “Xurs” toponiminin etimologiyası ilə bağlı məlumat verdi. Bildirdi ki, Ordubad rayonunun qədim yurd yerlərindən biri olan Xurs kəndi 1590-cı ildə Dərənürgüt nahiyəsində qeydə alınıb. Tədqiqatçıların fikrincə, bu ad qədim türk mənşəli gerus tayfasının adı ilə bağlıdır. X əsrin bulqar bədii abidəsi olan “Şan qızı dastanı”nda Xursun adı çəkilir. Bu dastanda rəvayət edilir ki, Xurs Günəşin oğludur. Alp Xurs metal külçə toplayır, körük qoşur, silah hazırlayır. Körüyün külündən dağ yaranır, buna Xurs-Alp dağı deyirlər. Əfsanəyə görə, sonralar bu söz fonetik dəyişikliyə uğrayaraq Ural şəklini alır. Ural yeraltı mineral sərvətlərlə zəngindir. Xurs metal emalı, faydalı qazıntı anlayışı ilə bağlı mifoloji obraz kimi tanınırsa, deməli, bu etnos-tayfa həmin istehsalla məşğul olurmuş. Bu fikirlərə əsaslanıb belə ehtimal etmək olar ki, Xurs adı qədim türkdilli gerus tayfasının adı əsasında yaranıb. Güman ki, tayfanın xurs qolu da kəndin indiki ərazisində məskunlaşaraq buraya öz tayfa adlarını vermişlər. Belə maraqlı məlumat üçün müəllimə təşəkkür edib, yolumuza davam edirik.
Qeyd edək ki, həmin il Xurs kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində kənd və xidmət mərkəzləri də insanların istifadəsinə verilib. Yeni qurulan belə müasir obyektlər, yaradılan yüksək iş şəraiti muxtar respublikanın inkişafından xəbər verir. Xidmət mərkəzində olarkən kənd ağsaqqalı Məhəmmədhəsən Səfərovla da həmsöhbət olduq. 81 yaşlı el ağsaqqalının kəndin keçmişi ilə bağlı rəvayət etdikləri olduqca maraqlıdır. Məhəmmədhəsən Səfərov kəndlə bağlı məlumatında bildirdi ki, kənd camaatı əvvəllər Xurs-Alp adlanan dağın başında məskunlaşıblar. Həmin vaxtlar bu torpaqlar Kərbəlayı İslamın tiyulu olub. 1920-30-cu illər ərəfəsində kənddə ağır zəlzələ baş verib. Evlər dağılıb, kənddə yaşayanların yarıdan çoxu faciəvi şəkildə həyatını itirib. Bu dövrdə artıq kolxoz sədri olan İslam bəy kənddən xeyli aşağıda, iki dağın arasında yerləşən qonşu kəndin ərazisini alaraq camaatın əksəriyyətini orada yerləşdirib. 1937-ci ildə isə bu xeyirxah insan iki qardaşı ilə birlikdə repressiya qurbanı olub. Elə o zamandan bu günədək kənd camaatı bu yurdu Yuxarı və Aşağı Xurs deyə fərqləndirir.
Mehriban insanların məskəni olan bu yurd yerindən xoş təəssüratla ayrıldıq. Bu gün Ordubad rayonunun ucqar zirvəsində yerləşən Xurs kəndinin müasir simasını görmək, həmçinin sakinlərin dinc, firavan həyat yaşamalarının şahidi olmaq bizi də qəlbən çox sevindirdi.
Gülcamal TAHİROVA