Qıvraq qəsəbəsindəki uşaq bağçasında bu amil diqqət mərkəzində saxlanılır
Uşaqlar ailənin sevinci, millətin gələcəyi, ölkənin nurlu sabahıdır. Odur ki, onların hərtərəfli inkişafı, vətənpərvər ruhda böyüməsi, gələcəkdə cəmiyyətə layiqli vətəndaş olaraq yetişməsi çox önəmlidir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda uşaqlara böyük sevgi və qayğı ilə yanaşılır, onların təlim-tərbiyəsinin, təhsilinin, sağlamlığının, sosial müdafiəsinin yüksək səviyyədə təşkilinə hərtərəfli şərait yaradılır, hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Son illər muxtar respublikamızda gələcəyimizi etibar edəcəyimiz uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisələrin yaradılması, onların hər cür şəraitlə təmin olunması dövlətimiz tərəfindən həyata keçirilən prioritet vəzifələrdəndir. Bu qayğının davamı kimi ötən il Kəngərli rayonunun Qıvraq qəsəbəsində istifadəyə verilən uşaq bağçasını göstərmək olar. Yaxın günlərdə adıçəkilən ünvana getməkdə məqsədimiz lazımi şəraitin yaradıldığı bu tərbiyə müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmaq idi.
Burada olarkən bağçanın müdiri Flora Məmmədli bildirdi ki, son illər muxtar respublikamızda uşaqların əlverişli sosial mühitdə böyüməsinə xüsusi diqqət göstərilir. Onların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının düzgün təşkili sahəsində ardıcıl tədbirlər görülür. Ötən il aprel ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Kəngərli rayon Qıvraq qəsəbəsindəki uşaq bağçasının istifadəyə verilməsi də belə tədbirlərin davamıdır.
Flora Məmmədli ilə söhbət zamanı öyrəndik ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan bağçada körpələr, orta, böyüklər və məktəbəhazırlıq qrupları olmaqla, ümumilikdə, 9 qrup fəaliyyət göstərir. Hazırda burada 167 uşağın tərbiyəsi ilə 9 tərbiyəçi və 9 dayə məşğul olur. Ən müasir infrastrukturla təchiz edilən bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Hər qrup üçün yataq otağı, yemək və oyun zalları, tədbirlər zalı, valideynlər otağı, tibb otağı, mətbəx, ərzaq anbarı, camaşırxana və digər otaqlar istifadəyə verilib. Həyətyanı sahədə uşaqların əyləncəsi üçün uşaq-əyləncə vasitələri quraşdırılıb, istirahət guşəsi yaradılıb. Flora xanım uşaq bağçasının kollektivi adından uşaqlar üçün belə gözəl şəraitin yaradıldığına görə dövlətimizə minnətdarlığını bildirdi.
Müsahibimizlə birlikdə otaqlara baş çəkirik. Şahidi oluruq ki, həqiqətən də, bağçada uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Uşaqlar onlara qucaq açan ikinci evlərində qayğı və nəvazişlə, gigiyenik təmizlik və tibbi nəzarətlə və ən əsası peşəkar mütəxəssis və mehriban kollektivlə əhatə olunublar. Tərbiyəçilər burada uşaqlara doğma yurdumuz, Vətənimiz, adət-ənənələrimiz barədə məlumatlar verir, onlarda ilkin təsəvvürlər yaradırlar. Bağçanın müəllimləri gələcəyimiz olan uşaqların tərbiyəsində əllərindən gələni əsirgəmirlər. Burada uşaqlara mahnı oxumaq, rəqs etmək, şəkil çəkmək və müxtəlif fiziki hərəkətləri yerinə yetirmək kimi bacarıq və vərdişlər də aşılanır. Balaca fidanların maraq dairəsinə uyğun olaraq keçirilən müxtəlif məşğələ və tədbirlər onlarda fiziki inkişafın və bədii-estetik, mənəvi zövqün formalaşdırılması məqsədi daşıyır. Uşaqların maariflənməsində, düzgün tərbiyə olunmasında səylə çalışan kollektiv onların dünyagörüşlərinin zənginləşməsinə böyük təsir göstərir.
Otaqlara baş çəkərkən tərbiyəçi-müəllim Sevil Həsənova ilə həmsöhbət oluruq. O deyir ki, sabahımızın nurlu olması üçün uşaqları elə formalaşdırmalıyıq ki, onlar mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə bağlı layiqli vətəndaş kimi böyüsünlər. Ona görə də biz tərbiyəçilər bağçada mütəmadi olaraq ədəbi-bədii tədbirlər keçiririk. Xüsusi kompozisiyalar, səhnəciklər vasitəsilə onlarda Vətənə, millətə sevgi aşılayırıq. Sevil Həsənova vurğulayır ki, məktəbəhazırlıq yaşı uşaqların şəxsiyyət kimi yetişdiyi dövrdür. Bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər yaranır. Buna görə də onların nitqini, diqqətini, yaddaşını, məntiqi təfəkkürünü, yaradıcı təxəyyülünü inkişaf etdirmək üçün bağçanın müəllimləri bu dövrü xüsusilə diqqət mərkəzində saxlayır və səylə çalışırlar. Gördüklərimiz bunu deməyə əsas verir ki, bağçada dayələr, tərbiyəçi müəllimlər öz işlərinin öhdəsindən layiqincə gəlir, buradakı uşaqların hərtərəfli inkişafı üçün daim onların qayğısını çəkir, sağlamlıqlarına və qidalanmalarına xüsusi diqqət yetirirlər.
İşıqlı gələcəyimizin təmin edilməsində, heç şübhəsiz, sabahımız olan uşaqların düzgün tərbiyəsi başlıca amil rolunu oynayır. Çünki uşaqlar bizim gələcəyimizdir. Bu gün uşaqlarımızı nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, millətimizin, dövlətimizin gələcəyi də bundan asılı olacaqdır. “Mən həyatımın, bu günümün və gələcəyimin xoşbəxtliyini, səadətini məhz uşaqlara diqqətdə, qayğıda görürəm”, – deyən ulu öndərin müəyyən etdiyi vəzifələrin muxtar respublikamızda bu gün uğurla həyata keçirildiyini görmək qəlbimizdə sonsuz qürur hissi yaradır.
Gülcamal TAHİROVA