Muxtar respublikada sağlamlıq imkanları məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
Sağlam həyat Tanrının insana bəxş etdiyi ən dəyərli nemətdir. Lakin bəzən Tanrıdan dilədiyimiz bu əziz nemət hər kəsə nəsib olmur. Sağlamlıq imkanları məhdud olan insanların bəziləri vətən uğrunda döyüşlərdə əlil olub, bəziləri isə müxtəlif qəzalar nəticəsində... Kimisi də elə dünyaya göz açandan bəri insanlara tutunaraq yaşamağa çalışır. Əslində isə onları görünən fiziki qüsurlarından çox görünməyən daxili yaraları, mənəvi yorğunluqları incidir. Həmin insanların mövcud komplekslərindən xilas olmaları, sağlam şəxslərdən geri qalmamaları, sosial mühitdən uzaqlaşmamaları üçün dövlət tərəfindən onlara xüsusi qayğı göstərilir, maddi dəstəklə yanaşı, həm də mənəvi dəstək verilir.
Bu kateqoriyadan olan insanlara muxtar respublikamızda göstərilən diqqət və qayğı, həqiqətən də, qürurvericidir. Böyük fəxrlə qeyd etmək istərdim ki, Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi dövlətimizin hərtərəfli qayğısı nəticəsində bu qəbildən olan insanlara, eləcə də onların ailələri üçün yaradılan rahat, firavan həyat şəraitinin yaxından şahidi olduğumdan bununla bağlı düşüncələrimi bu yazıda əks etdirmək qərarına gəldim.
Muxtar respublikamızda əlillərin və bu qəbildən olan uşaqların müayinə və müalicəsi üçün xüsusi bərpa mərkəzləri fəaliyyət göstərir. Hazırda bu kateqoriyadan olan vətəndaşların həyata nə qədər böyük ümidlərlə baxdığının şahidi olmaq üçün artıq uzun illərdir ki, belə insanların qeydinə qalan mərkəzlərə üz tutmaq kifayət edir. Yaxın günlərdə olduğumuz Əlillərin Bərpa Mərkəzində bir daha bunu gördük. Mərkəzin baş həkimi Mətanət Səfərova bizə müəssisə haqqında ətraflı məlumat verərək dedi ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyası sosial sahədə aparılan təqdirəlayiq işlərin əsas göstəricilərindən biridir. Elə 2004-cü ilin may ayında Əlillərin Bərpa Mərkəzinin istifadəyə verilməsi də dövlətimizin bu qəbildən olan insanlara qayğı və diqqətinin bariz nümunəsidir. Mərkəz muxtar respublikada yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, tibbi-sosial, peşə diaqnostikası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarına uyğun mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür.
Mətanət Səfərova onu da qeyd etdi ki, mərkəzdə gündəlik olaraq təyin olunmuş tibbi prosedurların yerinə yetirilməsinə həkimlər tərəfindən ciddi nəzarət edilir. Bunlardan əlavə, müalicə alan şəxslərin asudə vaxtlarını səmərəli keçirmələri üçün burada şahmat, televizor və mütaliə otaqları da var. Mərkəzdəki fiziki imkanı məhdud olan gənclər idmanın boccia, qol güləşi və digər müxtəlif növlərinə maraq göstərirlər.
Baş həkimlə bir qədər söhbətimizdən sonra onunla birlikdə müayinə və müalicə otaqlarına baş çəkdik. Mütaliə otağının önündən keçərkən, kitab oxumağı ilə diqqətimi çəkən bir oğlana yaxınlaşdım. Həyatın ən gözəl çağını, çılğınlıq, həyəcan, yaradıcılıq, maraq dolu gəncliyi yaşamağa heç bir əngəlin sərhəd olmadığını bu gəncin dilindən eşitmək bir vətəndaş kimi məni olduqca fərəhləndirdi.
Ordubad rayonundan olan I qrup əlil Niyazi Hüseynovun dediklərindən: “İnsan həyatı sınaqlarla doludur. Bu sınaqların ən çətini, deyərdim ki, insanın sərbəst, kimsədən asılı olmadan müstəqil yaşamasından məhrum olmasıdır. Bir zamanlar özümü kimsəyə gərək olmayan, heç kəsə yardımı toxuna bilməyən, əlindən bir iş gəlməyən biri kimi görürdüm. Bu, təbii ki, illər əvvəlki düşüncələrim idi. İndi özümü sağlam insanlardan fərqli hesab etmirəm. Mənim fikrimcə, əsl sağlamlıq, insanın düşüncə və iradəsinin sağlamlığıdır. Məncə, hər kəs bütün sərhədləri öz iradəsinin gücü ilə aşa bilər. Vəziyyətimi dərk etdiyim ilk günləri xatırlayıram... O zamanlar fikrimdən ata bilmədiyim yalnız bir düşüncə var idi, tez-tez özümə sual verdiyim, uzun-uzadı düşünsəm də, heç vaxt cavab tapa bilmədiyim bir sual... Düzdür, bunu qəbul etmək çətin olsa da, bu, reallıqdır. Bir gün nə vaxtsa valideynlərimiz yanımızda olmayacaqlar. Bunu dilə gətirmək ağırdır, lakin həyatın qanunu budur, onları nə vaxtsa itirəcəyik... Bəs yaxşı onda mənə kim həyan olacaq?! kim sahib çıxacaq, kim qayğımı çəkəcək, kim dəstək olacaq?! Baxın, illər əvvəl bu suallar idi beynimi didib-dağıdan... Artıq o düşüncələrin üzərindən illər keçib. Keçən o illər özü ilə bərabər beynimi qurcalayan həmin sualları da silib, aparıb. Hər keçən gün bizim üçün yaradılan şəraiti gördükdə könlüm açılır. Nə vaxtsa öz doğmalarımdan ayrı düşsəm də, əminəm ki, mənə sahib çıxan, yardım əli uzadan dövlətimizin qayğıkeş insanlarının dəstəyi ilə bütün əngəlləri aşacağam”.
Daha bir həmsöhbətimiz isə sağlamlıq imkanı məhdud olan Qarabağ müharibəsi əlili Məhəmməd Əliyevdir. Onun dediklərindən: “Hər il müayinə olunmaq üçün bu sağlamlıq ocağına üz tuturam. Mərkəzdə müalicəm üçün şərait yüksək səviyyədədir.
Əvvəllər bu qəbildən olan insanlara belə diqqət, qayğı yox idi. Bilmirdik ki, sağlamlığımızla bağlı çətinliklərə sinə gərək, yoxsa maddi tələbatlarımızı ödəmək üçün nəsə bir iş görək? Şükürlər olsun bu günümə, o günlərin yaşatdığı mənəvi yorğunluqları artıq çoxdan unutmuşam. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində bizim üçün yaradılan istər maddi, istərsə də mənəvi problemlər aradan qaldırılıb. Hazırda mənim kimi neçə-neçə insan üçün fərdi evlər və yeni yaşayış binaları tikilib, istifadəmizə verilib, rahatlığımız üçün minik avtomobilləri ilə təmin olunmuşuq.Yaradılan bu şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm”.
Sağlamlıq ocağından nikbin ovqatla ayrılıram. Bu gün buradakı sağlamiradəli insanların ürəkdolusu razılıqları, həyatsevər, nikbin söhbətləri, kollektivin əməyi unudulmaz bir xatirətək yaddaşıma həkk olundu. Mərhəmət dolu qəlb sahiblərinin bu qəbildən olan insanlar üçün yaratdıqları imkanlar dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindəndir. Son illərə nəzər salsaq, görərik ki, Naxçıvanda əmək qabiliyyətini itirmiş vətəndaşlar üçün həyata keçirilən tədbirlər bu insanların cəmiyyətin fəal üzvünə çevrilməsi ilə nəticələnib. Bu istiqamətdə atılan uğurlu addımlar onların komplekslərdən qurtulmalarına nail olmalarında, maraq göstərdikləri sahələrdə uğur qazanmalarında və ən əsası, özlərinə inam hissinin artmasında böyük rol oynayır.
Gülcamal TAHİROVA