Azərbaycanın mədəniyyət mərkəzi olan Naxçıvan əsrlər boyu zəngin irsimizi qoruyub yaşadan, Şərq memarlığının möhtəşəmliyini, türk-islam mədəniyyəti nümunələrini özündə əks etdirən tarixi abidələri ilə zəngindir. Belə abidələrdən biri, tarixi VIII əsr bundan əvvələ söykənən, Əcəmi qüdrətinin ilk bəhrəsi olan Yusif Küseyir oğlu türbəsidir.
Türbənin ikiqat günbəz quruluşu zəmanəmizə qədər əvvəlki şəklini mühafizə edən və bu günümüzə qədər gəlib çatan yeganə günbəztipli abidə nümunəsidir. Ulu tariximizin şahidi olan bu qədim mədəniyyət abidəsi haqqında məlumat almaq üçün AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli ilə həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə, Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan bu abidə 1162-ci ildə tikilib. Bu haqda məlumat günbəzin yuxarı səthində yerləşən kitabədə qeyd olunub. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəkildədir.
Türbənin qülləsi iç və bayır taxçalarla işləndiyindən qalın dayaqlar şəklində olan künc hissələr qəfəs quruluşuna bənzəyən konstruktiv sistem yaradır. Belə quruluş abidənin bayır görünüşünün vizual dayanıqlılığını da gücləndirir. Başlıca məsələ isə künclərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan tikilinin uzunömürlülüyünün təmin edilməsidir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan tək abidədir.
Türbənin bütün səkkiz səthi müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər bişmiş kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Bunu da qeyd etmək istərdik ki, Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü yalnız bir materialla – keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol kölgə, işıq effektləri abidənin koloritini daha da zənginləşdirir.
Quruluşu etibarı ilə türbənin yalnız bir səthi – Qərb tərəfə baxan səthi başqa şəkildə həll edilmişdir. Burada türbənin giriş qapısı yerləşdirilmişdir. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini almışdır.
Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməyib. Onun bayır taxçalarının içərisi kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənib. Taxçaların üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında yüngül bir keçid yaradır. Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb. Türbənin əsas fasadından sol tərəfdəki kitabə bu memarlıq abidəsinin memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyinə işarə verir: “Bənna memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir”. Türbənin üzərindəki digər bir kitabədə isə yazılıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Şiş uclu piramidal örtük elə bil bütöv prizmatik gövdəyə yox, yazı qurşağının incə şəbəkəsinə dayanır. Memar taxçaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirib, künclərin vertikal ritmini, konstruktiv dəyərini qabardıb. Bayır səthlərin, beləcə, yerinə uyğun işlənməsi, bütövlükdə, türbənin yüksək memarlıq-bədii görkəm, arxitektonik quruluş almasına səbəb olub.
Memar türbənin şimal üzünə baştağ kompozisiyası verib, onda yerüstü qülləyə giriş qapısı yerləşdirib. Qapı gözü daha dərin taxça içərisinə salınıb, üstü böyük kitabə lövhəsi ilə bəzədilib. Memar ayrıntıları, biçimləri incə işləməklə bu üzü heykəl kimi hər yandan baxılan tutumun baş elementinə çevirib.
Qeyd edək ki, son illərdə muxtar respublikamızda tarixi abidələrə göstərilən dövlət qayğısı Yusif Küseyir oğlu türbəsini də əhatə edib. Belə ki, türbənin içərisinə elektrik xətti çəkilərək işıqlandırma sistemi qurulub. Abidənin ətrafında isə abadlıq işləri aparılıb, ərazidə yaşıllaşdırma tədbirləri həyata keçirilib, oturacaqlar qoyulub.
Ümumiyyətlə, muxtar respublikada mədəni irsin qorunmasına, öyrənilməsinə, təbliğinə qayğı və dəstək yetərincədir. Bununla belə, tarixi abidələrimizin əhəmiyyəti bəzi insanlar tərəfindən yetərincə başa düşülmür, onların ətrafı korlanır, zibillənir. Əlbəttə, bu cür xoşagəlməz hallar ictimai məsuliyyətsizlikdir, yolverilməzdir. Mədəni irsimizi qorumaq məqsədilə ictimai fəallığı və məsuliyyəti artırmaq üçün hər kəsin üzərinə böyük iş düşür. Yerli sakinlər də muxtar respublika ərazisindəki bütün abidələrin qorunması, onların təbliği işinə səfərbər olmalıdırlar.
Gülcamal TAHİROVA