21 Dekabr 2024, Şənbə

Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüur səviyyəsinin formalaşmasında mühüm rol oynayan əsas ideoloji vasitədir. Bu mənada, ilk milli mətbuatımız “Əkinçi”nin ideya və məfkurəsi özündən çox-çox əvvəl doğulmuşdu. Böyük maarifpərvər ziyalı, “Əkinçi”nin naşiri Həsən bəy Zərdabi qəzet nəşri ideyası barədə sonralar yazırdı: “Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər”.

Ardını oxu...

Bu fani dünyada ömür payı deyilən bir tale qismətini hərə bir biçimdə, bir qiyafədə yaşayır. Kimisi ruhsuz bədən kimi dolaşır, sürünür, bu həyata yük olur... Kimisi də yaranışdan ömrünü-gününü əbədiyyət körüyündə qətrə-qətrə, zərrə-zərrə, yonqar-yonqar əridərək qəlblərdə köç salıb ürəklərdə, könüllərdə taxt qurur... Və günlərin birində varlığı ilə insanlığa zinət olanların bir dünya işıq ruhları bu dünyanın adiliyinə, faniliyinə sığmayıb həyatı əbədiyyət fövqündə seyr etmək məramı ilə Səməndər quşu kimi göylərə pərvazlanır... Yoxluqları hər anarkən göynədir qəlbimizi, təkrar-təkrar sarsıdır mənliyimizi, sıtmalayır ruhumuzu, varlığımızı. Əməlləri, amalları oyalayır ruhumuzu qəlbə təsəlli kimi... İlin, günün bu vədəsində, yaxşıları tütyə deyə aradığımız bir zamanda elimizin bağrından, elmimizin köksündən bir şah budağın da qopub ayrılması yandırdı, sızlatdı bizi. İtkisi, yoxluğu özü qədər ağır olan, böyük olan bir yaxşı da bu gedişlə hey qovurdu ruhumuzu, içimizi...
X əsr Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçısı, mətnşünas alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli... Yarım əsri vur-tut beş il adlayan ömründə bir əsrə bərabər zəngin, dəyərli, faydalı bir ömür payı yaşadı. Fitrətən elmi-ilahi idi. Ali təhsil aldığı illərdə bəzən auditoriyaya müəllim kimi girib universitetdə ədəbiyyatı tədris etmək səlahiyyəti qazanmaq nadir istedad və intellekt sahiblərinə məxsus olan bir səadət idi. Hələ tələbə ikən elmi məqalələr dərc etdirməsi, “Ən yaxşı tələbə elmi işinə görə” medalı ilə təltifi gələcəkdə sanballı elm adamı olacağının soraqçısı idi.
Elmdə hədsiz tələbkar idi. Filologiya üzrə fəlsəfə doktorluğu alimlik dərəcəsi aldıqdan düz 13 il sonra – hamının intizarla gözlədiyi, buna elmlər doktoru adı alan bəzi həmkar­larından çox-çox əvvəl və tam halallıqla layiq olduğu halda, 13 il sonra doktorluq dissertasiyası müdafiə etməsi elmə həssas və tələbkar münasibətindən irəli gəlirdi. Elmlər doktoru alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etməzdən düz 4 il əvvəl “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” kimi fəxri ada layiq görülməsi də bunu bir daha təsdiq edir.
Otuza yaxın elmi kitabın və monoqrafiyanın, üç yüz qırxdan çox elmi, yüzlərlə qəzet məqaləsinin müəllifi olan Hüseyn müəllimin elmi fəaliyyəti çoxistiqamətli, çoxşaxəli idi. Ədəbiyyat nəzəriyyəsi istiqamətində sentimentalizm ədəbi cərəyanı, XX əsr Azərbaycan ədəbiyyatında yaranan sonet, terset kimi yeni lirik janrlar, mənsur şeirimizin yaranma tarixi və inkişaf istiqamətləri, Avropa lirik janrlarının Azərbaycan ədəbiyyatında təcəlla tapması, Hüseyn Cavidin lirikasında Avropa poetik ənənələrindən qaynaqlanma, tərəqqipərvər şairimiz Səid Səlmasi, Azərbaycan dilində yazılan ilk qəzəlin müəllifi, sufi şairimiz İzzəddin Həsənoğlunun ədəbi irsi… Bunlar bir ömrə sığmayacaq min bir ömür bəxşişidir elmimizə! Onun bir özünəməxsusluğu da elmdə kimsəsizlər kimsəsi olması, məhz unudulmuş ədəbi simalara yenidən əbədilik ömrü verməsi, milli elmi-ədəbi irsimizə qazandırması idi.
İyirminci əsrin əvvəllərində yazıb-yaratmış ədiblərdən Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri Məhəmməd Hadinin, ədəbiyyatşünas, tənqidçi Abdulla Surun və digərlərinin mənsur şeirləri, nasir, pedaqoq Abdulla Divanbəyoğlu, Əli Səbri, Bağır Cabbarzadənin nəsr əsərləri, şair, nasir və naşir Əlipaşa Səbur Hüseynzadənin şeir kitabları, satirik şairimiz Əli Məhzunun “Ədəbiyyata dair” adlı elmi əsəri, şair, jurnalist Əliabbas Müznibin, pedaqoq Ələkbər Qərib Naxçıvanlının hekayə və bəzi məqalələri, maarifpərvər ziyalı, yazıçı-publisist, pedaqoq Eynəli bəy Sultanovun bəzi məqalələri, şair, publisist Nemət Bəsirin, şair, ədəbiyyatşünas, tənqidçi Əli Nazimin bəzi şeirləri, Səid Səlmasinin bir sıra bədii, publisistik əsərləri, həmçinin müasirlərinin Səlmasiyə həsr etdikləri bir çox məqalə və şeirləri, Abbas Səhhətin M.Y.Lermontovdan “Mtsıri” tərcüməsinin 1912-ci ildə nəşr olunmuş orijinal mətni də ilk dəfə məhz görkəmli ədəbiyyatşünas alimimiz tərəfindən çapa hazırlanaraq müasir oxuculara çatdırılmışdır. Azərbaycan elmi-ictimai mühiti, ədəbiyyatşünaslıq elmimiz bu ilk elmi tapıntılara, yeni faktlara görə Hüseyn Həşimli imzasına borcludur. Yalnız bir nəsil ədəbiyyatşünasın qazanması mümkün ola biləcək qədər böyük bir elmi-mənəvi xəzinənin bir alimin simasında cəmləşməsi Hüseyn Həşimli məktəbinin dərinliyindən, zənginliyindən soraq verir. Onun elmi-tədqiqat əhatəsi o qədər zəngin və genişdir ki, bundan sonra yazılacaq əksər monoqrafiyalarda, dissertasiyalarda, elmi məqalələrdə Hüseyn Həşimli imzası isnad mənbəyi kimi qırmızı xətlə keçəcək. Yarım əsrdən azca çox olan bir ömürdə elmin fanatı olmaqla qazanılan bu uğurlar gələcək ədəbiyyatşünaslığımızın, bəlkə də, birəsrlik ilkin elmi istiqamətləri, gələcək elmi tədqiqatların ilk cığırlarıdır.
Hüseyn müəllim dərin mətnşünas olmaqla yanaşı, həm də tanınmış mətbuatşünas idi. Onun görkəmli pedaqoq, yazıçı və jurnalist Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir”, tanınmış şair, publisist, tərcüməçi Məmmədəli Sidqinin “Məktəb” jurnalında çıxmış hekayələri, “Şeypur” jurnalı ilə bağlı fəaliyyəti haqqında tədqiqatlarının tarixi elmi dəyəri ondadır ki, görkəmli maarifpərvər ziyalıları mətbu fəaliyyətləri, dövrünün mətbuatı ilə paralel tədqiq edib, zəngin maraqlı elmi faktlar ortaya çıxarmışdır. “Yeni füyuzat” (1910-1911), sonra isə “Şeypur” (1918-1919) jurnallarının bütün saylarını toplayaraq kitab şəklində çap etdirməsi gərgin elmi axtarışların, mətnşünaslıq səriştəsinin bəhrəsidir. Bu nəşrlər ictimai fikrin inkişafında müstəsna rolu olan mətbuata böyük elmi dəyər, publisistikaya sevgi və maraq olmaqla, gələcək mətbuat tarixi tədqiqatları üçün bir təməldir, fundamentdir.
Hüseyn müəllim elmdə səthiliyin, saxtakarlığın, ifrat məddahlığın, elə qərəzliliyin də düşməni idi. Qeyri-adi yaddaşa, ədəbi faktlara məntiqi təfəkkürlə yanaşma qabiliyyətinə malik Hüseyn müəllimin ciddi elmi monoqrafiyalarında belə, tədqiq etdiyi tarixi ədəbi şəxsiyyətlərin, ədəbi qəhrəmanların binəsib, nisgilli talelərinə ürək yanğısı duyulur. Ədəbiyyatşünaslarımızın heç də hamısına məxsus olmayan yüksək poetik zövqə, söz duyumuna malik Hüseyn müəllimin elmi əsərlərini, zərgər dəqiqliyi ilə seçdiyi bədii nümunələri bir yerə toplayıb nəşr etsək, gözəl bir ədəbi almanax, incə şeiriyyət dəməti yaranar.
Son görüşlərimizdən birində qədim və zəngin tarixə malik diyarımızın iyirminci əsrdə yetirdiyi görkəmli ziyalılardan olan yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun şəxsiyyəti, qələmə aldığı əsərləri, tərcümələri haqqında elmi tapıntılarından o qədər ürəkdolusu, sevinclə bəhs edirdi ki… Hələ mətbəə iyi getməmiş “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” monoqrafiyasının sevincini doyunca yaşaya bilmədi…
Bütün bu elmi nailiyyətlərin Naxçıvanda yaşaya-yaşaya mərkəzi fond və arxivlərdə, respublika kitabxanalarında günlərlə gərgin elmi tədqiqatlar aparmaq, hansı çətinliklər hesabına qazanıldığını azacıq elmi-tədqiqat işi ilə məşğul olanlar belə, yaxşı anlayır.
O həm də gözəl pedaqoq idi. Mübaliğəsiz olaraq söyləyə bilərəm ki, akademik İsa Həbibbəyli, professor Yavuz Axundovun yetirməsi kimi Naxçıvan Dövlət Universitetində filologiyanın tədrisində qazanılan uğurların, gənclərin bu sahəyə böyük maraq göstərməsinin səbəbkarlarından biri idi. O, ali təhsilini başa vuran kimi təyinatla əmək fəaliyyətinə başladığı həmin ali məktəbdə sıravi müəllimlikdən professorluğadək yol keçmiş, tədris işləri üzrə prorektor işlədiyi vaxtlarda muxtar respublikamızda ali təhsil strukturunun formalaşması və inkişafında özünəməxsus rol oynamışdır. Ən ipə-sapa yatmayan, nadinc auditoriyanı belə, öz aram və dərin nitqi, sinədəftər faktları ilə beşcə dəqiqədə ram edərdi. Fövqəladə yaddaşı, ədəbiyyata sonsuz sevgisi, sözə həssaslığı sevdirmişdi onu tələbələrinə. Auditoriyaya girərkən tələbələrin simalarındakı, ovqatlarındakı durulmağı dəfələrlə sezib öyrənmişəm ki, əvvəlki dərs Hüseyn müəllimin dərsi imiş və onun ədəbiyyat sevgisinin, yanğısının ecazkar ovsunundan tələbələr hələ ayılmayıblar.
Dissertasiya müzakirələri və müdafiələri zamanı biz gənclərin fürsəti fövtə verməyib “hünər meydanında cövlan etməyinə” səbir və təmkinlə tamaşa edər, səmimiyyətlə qımışar, sondakı aram, lakin qətiyyətli çıxışını isə nəfəs almayıb göz qırpmadan dinlədər, bununla da öz möhürünü vurmuş olardı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dörd çağırış deputatı olan Hüseyn müəllim hərtərəfli şəxsiyyət idi, ictimaiyyətlə tez-tez təmasda olmağı, ziyalılıq və vətəndaşlıq mövqeyini bildirməyi mənəvi borc hesab edirdi. Kütləvi informasiya vasitələrinin də ruhi qida, ziya mənbəyi idi. Efirlərimizi, mavi ekranlarımızı zənginləşdirən ziya nəfəsi, sanbalı, mətbuatımızın çəki dəyəri idi. Bundan sonra jurnalistlərimizin hər hansı elmi polemika zamanı “Ən doğrusunu ­Hüseyn müəllim bilər” minvalı, aktual müsahibə, məqalə ümidi ilə istiqaməti hamılıqla bir hədəfə – Hüseyn Həşimli ziyasına yönələndə baxışlarımız səmalara qovuşan işıqlı idrakın pak ruhunun yerində qaralan efir boşluqlarında, sonsuzluq fəzasında ilişərək donacaq. Elimiz, elmimiz, mənəviyyatımız üçün yeri doldurulmayacaq bir acı boşluqla üz-üzə dayanacağıq.
Hüseyn müəllim yüksək insani keyfiyyətlərə malik, gözü-könlü tox adam idi, təmənnasız, təkəbbürsüz idi... Gecənin bir saatında belə, yuxudan oyatdıqda istənilən mövzuda saatlarla mühazirə deyə biləcək canlı ensiklopediya idi. Kimliyindən asılı olmayaraq, müraciət edəni, maraq göstərəni qalın şüşəli eynəyinin altından boylanan yorğun gözləri ilə təbəssümlə süzüb saatlarla həvəslə elmi istiqamət verər, sualları cavablandırmaqdan yorulmazdı. Elə bunlara görə də mülayim, xoşgüləş, səmimi və xeyirxah bir insan kimi də qalacaq yaddaşlarımızda. Sadə ocağından, onun bu elm kəhkəşanında qədərincə parlamağa ruhlandıran sadə ailəsindən dəstək alaraq ömrünü, taleyini elmə həsr etmişdi. Ondan qalan tükənməz mənəvi irs – bir kitabxanalıq əsərləri, zəngin kitabxanası, arxividir. Bir də elmimizdə bu idealları yaşadacaq yetirmələri, bu soyadı şərəflə daşıyacaq layiqli övladları. Əvəzində elmdə elə bir Hüseyn Həşimli etalonu qoydu ki, illər, onilliklər ötsə belə, nəsilbənəsil ədəbiyyatşünaslar, alimlər yetişsə belə, o böyük zirvə yenilməz, fətholunmaz qalacaq. Sözümün bu acizlik məqamında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Hüseyn Həşimlinin qəfil ölümündən sarsılaraq dediyi bu sözlər dadıma çatır: “Hüseyn Həşimli ölkə miqyasında qəbul edilən mükəmməl ədəbiyyatşünas alim, bütöv və parlaq şəxsiyyət idi. Ali məktəbə qəbul olduğu ilk gündən ta bu günə qədərki işıqlı və zəhmətkeş həyatı ilə o, ­ölkəmizin dövlətçilik ideallarına və böyük ədəbiyyatşünaslıq andına sədaqətlə xidmət etmişdir. Hüseyn Həşimlinin ədəbiyyat nəzəriyyəsinə və ədəbiyyat tarixinə dair çap etdirdiyi əsərlər fundamental elmi tədqiqatlardır. O, ədəbiyyatın, elmin və ictimai fikrin mövcud vəziyyətini dərindən dərk edən, sabahını da aydın şəkildə görə bilən və qiymətləndirən mükəmməl bir Azərbaycan ziyalısı idi. Onun timsalında mükəmməl alim olmaqla, bənzərsiz müəllim olmaq bir-birini tamamlayırdı. Biz Hüseyn Həşimlinin simasında görkəmli bir elm adamını, böyük bir müəllimi və etibarlı bir dostu itirdik”.
İlahinin sevərək, bir möcüzə olaraq yaratdığı, qeyri-adiliklərlə dolu seçilmişlər yaranışdan əbədiyyət dünyasına qovuşmağa can atır, bütün şüur­lu həyatları boyu bunun üçün bazis yaradırlar. Hüseyn müəllim kimi...
Rahat uyu, əziz ustad! Qoyub getdiyin elm xəzinəsi ən böyük mirasımız, pak mənəviyyatın örnəyimizdir. Kim bilir, arxivinizdə yarımçıq qalan, elmimizə baş ucalığı gətirə biləcək neçə-neçə tədqiqatlarınız bizlərə qiymətli əmanət qaldı. Sizdən sonra da sizdən öyrənəcəklərimizdir təsəllimiz… Ruhaniyyətiniz, əbədiyyətiniz mübarək!..

P.S. Yazımı tamamlayıb “Şərq Qapısı”nın növbəti nömrəsinə yerləşdirmək istəyərkən Hüseyn müəllimlə görüşlərimizdən birində “Qəzetinizin hər nömrəsini pdf sayta qoyularkən oxuyuram. Pis deyil. Xasiyyətimə bələdsiniz. İki dünya bir araya gələ, kimisə boğazdanyuxarı tərifləmərəm” fikrini  xatırladım. “Görəsən Hüseyn müəllimi qane edəcəkmi?!” – deyə ani bir gizilti keçdi içimdən... Və tələbkar bir ustad əlinin çiynimdən götürülməsinə də beləcə yanıxdım...  

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının imzalanmasından bizi ayıran zaman kəsiyində bu sərəncamla təsdiq edilən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan əsərləri mütaliə etdikcə, bu bədii nümunələrə dəfələrlə müraciət zərurəti, mənəvi tələbat duyduqca, həmin əsərlərin tariximizi, mədəniyyətimizi və milli kimliyimizi gənc nəslə öyrətdiyini, onların həyat yollarının düzgün müəyyənləşdirilməsinə və dünyagörüşlərinin zənginləşdirilməsinə xidmət etdiyini aydın dərk edirik. Siyahıya daxil edilən əsərlərin milli və bəşəri ideyaların, vətəndaşlıq qayəsinin təbliği baxımından nə qədər həssaslıq və dəqiqliklə, müasir və klassik irsə kamil bələdçiliklə seçildiyinə bir daha əmin oluruq. Janr, üslub, mövzu rəngarəngliyi ilə seçilən bu qiymətli əsərlərdən biri də ata öyüdü, ana laylası şirinliyi ilə dillər əzbərinə çevrilən, türkçülük, millilik epopeyası olan “Kitabi-Dədə Qorqud” dastanıdır. 

Ardını oxu...

Aylardır, koronavirüs adı verilen bir kabus, bir ölüm meleği dünyayı kollarının arasına almış, Sanki dünya kendi yörüngesinden çıkmış ve onun çevresinde dönüyormuş gibi. Baktığınız her yerde, herkes, uzun zamandır mikroskop altında gözlerimizi rahatsız eden bu korkunç virüs hakkında konuşuyor. Bazıları komplikasyonlarını ve bazıları enfekte olmama yollarını belirler, bazıları dev laboratuvarlarda biyolojik ve kimyasal özelliklerini incelemek için yoğun bilimsel araştırmalar yapıyor ve bazıları şiddetli semptomları olan hastaların durumunu hafifletmek için yeni tedavi yöntemlerini test ediyor. Bazıları virüsün doğal seleksiyonla yarandığını, bazıları laboratuvarda biyolojik bir silah olarak geliştirildiğini , bazıları bunun jeopolitik bir oyun olduğunu ve bazıları ise genellikle, hiç var olmadığını iddia ediyor (?!).

Ardını oxu...

Aylardır “koronavirus” adlı bir kabus, ölüm mələyi dünyanı ağuşuna alaraq necə deyərlər dönərgəsini döndərib.

Ardını oxu...

Yolumuz inkişaf, sabitlik və rifah yoludur


Bu ay 9 fevral tarixdə keçirilmiş seçkilər və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası çox qədim və zəngin dövlətçilik ənənələrinə malik diyarımızın siyasi tarixində yeni inkişaf mərhələsinin əsasının qoyulması ilə yadda qaldı. 

Əvvəla, onu qeyd edək ki, Ali Məclisə keçirilən seçkilərdə ümumi seçici siyahılarına daxil edilmiş seçicilərdən 190 min 669 nəfərinin, yəni 70,16 faizinin səsvermədə iştirak etməsi seçkilərin demokratik prinsiplər əsasında mütəşəkkil və şəffaf şəkildə keçirilməsi, naxçıvanlıların ictimai fəallığı, siyasi yetkinliyi və yekdilliyi demək idi. Seçkilərdə Yeni Azərbaycan Partiyası namizədlərinin qələbə qazanması isə ümummilli lider Heydər Əliyev ideyalarının daha bir təntənəsidir. Bu siyasi qələbənin zirvəsini isə cənab Vasif Talıbovun parlament seçkilərində seçicilərin böyük etimadını qazanaraq ölkə üzrə namizədlər arasında 94,6 faiz səs toplamaqla ən yüksək nəticə göstərməsi təşkil edir.

Ardını oxu...

“Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur!”
Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) bütün şüurlu həyatı və yaradıcılığı boyu sadiq qaldığı bu müqəddəs məramı ilə milli ziyalılıq mücəssəməsinə çevrilmiş, əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. O, milli-mənəvi xəzinəmizdə mütərəqqi ideyalar carçısı, ictimai fikrin bayraqdarı, bədii ədəbiyyatımızda və publisistikamızda Azərbaycançılıq ideologiyasının yaradıcılarından biri kimi yaşayır.

“Kiçik hekayənin böyük ustadı”, tənqidi-realist nəsrin banisi olan məşhur ədibin adının ədəbiyyat tariximizdə əbədiləşməsi üçün təkcə onun sadə mətləblərlə dərin mənalar ifadə edən, bu gün də bədii nəsrimizin şedevr nümunələrindən sayılan hekayələri belə, yetərli idi. XX əsrin əvvəllərindən bədii yaradıcılıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri sadə və rəvan təhkiyə dili, Azərbaycan danışıq üslubu, ibrətamizliyi, ən əsası isə büllur kimi saf və tükənməz söz çeşməmiz – xalq folklorundan qaynaqlandığı üçün bu gün də sevilə-sevilə oxunur. Onun “Rus qızı”, “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi sovet dövründə qələmə aldığı hekayələrində cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.

Ardını oxu...

   

 

 

 

 

 

Milli və bütövlükdə Şərq teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan qədim Naxçıvan teatrı yeni ili teatrsevərlərə  yeni sənət sevinci bəxş etməklə qarşıladı. Tanınmış yazıçı-dramaturq, ictimai və dövlət xadimi Elçin Əfəndiyevin on bir şəkil və iki epiloqdan ibarət  "Teleskop"  pyesi uğurlu səhnə taleyi ilə yaddaşlara yazıldı.

Ardını oxu...

“Naxçıvan mənim üçün “hər qapısı məmləkətim” olan müqəddəs diyardır”

Onunla hər görüşü, hər söhbəti vətənpərvərlik, dövlətçilik, elmi dəyərlilik baxımından zəngin bir məktəb hesab edirəm. Alimliyi və aliliyi ilə, bütöv və kamil şəxsiyyət kimi çoxlarına örnək olan əsl vətənpərvər ziyalı! Naxçıvanşünaslığın konkret bir elmi istiqamət kimi inkişafında, ədəbiyyatşünaslıqda Azərbaycançılıq ideologiyasının müasir siyasi kontekstdə formalaşmasında, çağdaş mirzəcəlilşünaslıq elmi məktəbinin yeni müstəvidə və milli təfəkkür işığında pərvəriş tapmasında özünə­məxsus xidmətləri olan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli!.. Böyük klassik şair Nizamidən dahi Mirzə Fətəliyə, ustad Mirzə Cəlilə, Məmməd Araza qədər tədqiq etdiyi bütün vətənpərvər, maarifpərvər siyasi-ədəbi irsin şəxsiyyət olaraq da ideal yaşadıcısı, layiqli varisi. Ruhuna, varlığına tarixdən müdriklik, şeiriyyət irsimizdən kövrəklik və həssaslıq, Mirzə Cəlil qələmindən həqiqətpərəstlik və əqidəlilik hopduran bir elm adamı, qələm və söz sahibi. Nəhayət, elmin enişli-yoxuşlu yollarında yaşıl işıq, mayak olduğu üçün çoxlarının həyat idealına çevrilən, ürəkdolusu əziz adamı kimi “bizim İsa müəllim” deyə müraciət etdiyi bir alim, müəllim! Yetmiş illik yubiley tədbirlərində Vətənə, xalqa, elm və təhsilə həsr olunmuş şərəfli və mənalı bir ömrün ziyasına, işığına toplaşaraq ondan bəhs etmək istədik. Əksinə, yenə də adəti üzrə İsa müəllimdən öyrəndik: elm və təhsilə fanatik maraq, dövlətçiliyə tükənməz sədaqət, Vətənə sonsuz sevgi…
Yaradıcılıq taleyimdə, elmi və əmək fəaliyyətimdə müstəsna rolu olan, qəlbimdəki “ƏSL MÜƏLLİM”, “QƏNİMƏT İNSAN” obrazının mənimlə bölüşdüklərini siz oxucularımıza da çatdırmağı mənəvi borc bildim.


– Hörmətli İsa müəllim, əvvəlcə icazə verin qəzetimizin kollektivi və çoxsaylı oxucuları adından sizi yubiley münasibətilə bir daha təbrik edim. Elmin zirvəsini fəth edən, kamillik məqamına yüksəlməklə müdriklik səlahiyyəti qazanan İsa Həbibbəylinin ömür yoluna nəzər saldıqda özünün gördükləri…

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması nəinki jurnalistlər, ümumilikdə, muxtar respublika ictimaiyyəti, ziyalılar tərəfindən böyük rəğbət və sevinclə qarşılandı. Çünki belə bir fondun yaradılması kütləvi informasiya vasitələrinə dövlət qayğısının növbəti ifadəsi olmaqla yanaşı, həm də muxtar respublikada informasiya idarəçiliyinin də düzgün tənzimlənməsinə xidmət edəcək mühüm siyasi addımdır. Sentyabrın 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirildi ki, bu tarixi görüş həmin dövlət sənədinin medianın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bir daha təsdiqlədi. 

Ardını oxu...

Azərbaycanın dilbər guşəsi olan muxtar respublikamızın son 30 ilə yaxın bir dövrdə qazandığı mühüm uğurlardan biri də naxçıvanşünaslıq elmi istiqamətinin formalaşdırılmasıdır. Bu elmi istiqamət tarixi-mədəni abidələrin bərpası və təbliği, elmi-tədqiqat işlərinin ­genişləndirilməsi ilə yanaşı, həm də çoxsaylı elmi-kütləvi nəşrlərin həyata keçirilməsi ilə də zənginləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı, 1989-1992-ci illərdə Naxçıvan Qarnizonunun rəisi olmuş general-mayor Rostislav Slaboşeviçin ­“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə yenicə nəşr olunmuş “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabı da Naxçıvanla bağlı dəyərli rusdilli memuar ədəbiyyatdır.

Müəllifin də yazdığı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 26 illik tarixi olan fotonu Minskə, ona göndərərək general-mayoru Naxçıvana dəvət etməklə, 26 il sonra – 14-15 iyun 2018-ci il tarixlərdə həmin səfərin yüksək səviyyədə təşkili ilə kitabın yaranmasının ideya təşəbbüskarı olub.
Yeni nəşrdə ötən əsrin 90-cı illərində Naxçıvanın ağır sosial-iqtisadi və siyasi vəziyyəti ilə bağlı əhəmiyyətli faktlar yer alıb. Kitab həmin tarixi prosesləri o dövrdə Naxçıvanda fəaliyyət göstərən hərbçi-­deputatla birgə bugünkü prizmadan daha obyektiv qiymətləndirməyə imkan verir. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiəsi ilə bağlı gördüyü mühüm işlər general-­mayorun şahidi olduğu tarixi proseslər kimi oxucuya çatdırılır. Bununla yanaşı, ulu öndərin Naxçıvanda yerləşən sovet ordusunun şəxsi heyətinin yerli əhali ilə münasibətlərinin tənzimlənməsindəki xidmətlərindən, xüsusilə dağılmış sovet iqtisadiyyatı şəraitin­də qoşun hissələrinin təminatına xüsusi diqqət yetirməsindən bəhs olunur. Bu mənada, yeni nəşr 1989-1992-ci illərdə muxtar respublikada baş verən ictimai-siyasi hadisələrin öyrənilməsi baxımından mükəmməl sənədli-siyasi publisistika nümunəsi, ən yeni siyasət və hərb tariximizin real inikasıdır. Buna görə də yeni nəşri ümummilli liderimizin ölkəmizə rəhbərliyinin 50 illiyinə, muxtariyyətimizin 95 illik yubileyinə də layiqli töhfə hesab etmək olar.

Ardını oxu...

Eyni tarixi köklərə, ortaq milli, dini və mənəvi dəyərlərə malik Azərbaycan və Türkiyə tarixi bağlılığında Odlar yurdu Azərbaycanın Şərqə doğan Günəşi – qədim və ulu diyarımız Naxçıvanın öz yeri var. Bu, Naxçıvanın strateji-coğrafi mövqeyində, özünəməxsus dövlətçilik tarixindəki Türkiyə ilə qardaşlıq münasibətlərində özünü ehtiva edir. Bu, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş görkəmli mütəfəkkir Nemətullah Naxçıvani, Türkiyə türkcəsinin və Azərbaycan türkcəsinin yeganə ortaq böyük şairi, ömrünün sonunadək türkçülük, turançılıq ideologiyasına sadiq qalan böyük Cavid əfəndi, türk rəssamlıq sənətini Avropada tanıdan İbrahim Səfi irsi kimi çoxcəhətli zəngin mənəvi bağlarda öz əksini tapmaqdadır.

Onu da qeyd edək ki, sıxarsaq hər qarışı şühəda fışqıracaq bu torpaqların yurddaşlarını milli varlığını və ərazi bütövlüyünü qorumaq uğrunda eyni qəvi düşmənə qarşı mübarizə tarixi də birləşdirir. Bu gün müasir türk şifahi və yazılı ədəbiyyatının ana mövzularından olan 1915-ci il Çanaqqala zəfəri, həmin döyüşlərdə üç mindən artıq azərbaycanlının da şəhadətə yetişməsi, çağdaş Naxçıvan folklorunda əfsanələşərək, bayatılaşaraq yaşayan Şərq ordu komandanlığının 1919-cu ildə Naxçıvanda erməni təcavüzkarlarına qarşı mübarizədə yerli özünümüdafiə qüvvələri ilə çiyin-çiyinə şücaətlə vuruşması, xüsusilə türk generalı Kazım Qarabəkir Paşanın Naxçıvanın müdafiəsində hərbi və siyasi xidmətləri türkçülük tariximizə birgə yazdırılan şanlı zəfər səhifələridir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR