22 Dekabr 2024, Bazar

Eyni tarixi köklərə, ortaq milli, dini və mənəvi dəyərlərə malik Azərbaycan və Türkiyə tarixi bağlılığında Odlar yurdu Azərbaycanın Şərqə doğan Günəşi – qədim və ulu diyarımız Naxçıvanın öz yeri var. Bu, Naxçıvanın strateji-coğrafi mövqeyində, özünəməxsus dövlətçilik tarixindəki Türkiyə ilə qardaşlıq münasibətlərində özünü ehtiva edir. Bu, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş görkəmli mütəfəkkir Nemətullah Naxçıvani, Türkiyə türkcəsinin və Azərbaycan türkcəsinin yeganə ortaq böyük şairi, ömrünün sonunadək türkçülük, turançılıq ideologiyasına sadiq qalan böyük Cavid əfəndi, türk rəssamlıq sənətini Avropada tanıdan İbrahim Səfi irsi kimi çoxcəhətli zəngin mənəvi bağlarda öz əksini tapmaqdadır.

Onu da qeyd edək ki, sıxarsaq hər qarışı şühəda fışqıracaq bu torpaqların yurddaşlarını milli varlığını və ərazi bütövlüyünü qorumaq uğrunda eyni qəvi düşmənə qarşı mübarizə tarixi də birləşdirir. Bu gün müasir türk şifahi və yazılı ədəbiyyatının ana mövzularından olan 1915-ci il Çanaqqala zəfəri, həmin döyüşlərdə üç mindən artıq azərbaycanlının da şəhadətə yetişməsi, çağdaş Naxçıvan folklorunda əfsanələşərək, bayatılaşaraq yaşayan Şərq ordu komandanlığının 1919-cu ildə Naxçıvanda erməni təcavüzkarlarına qarşı mübarizədə yerli özünümüdafiə qüvvələri ilə çiyin-çiyinə şücaətlə vuruşması, xüsusilə türk generalı Kazım Qarabəkir Paşanın Naxçıvanın müdafiəsində hərbi və siyasi xidmətləri türkçülük tariximizə birgə yazdırılan şanlı zəfər səhifələridir.

Türk dünyasının iki böyük lideri – Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin türk xalqlarının birlik və həmrəyliyi naminə tarixi xidmətləri sayəsində türkçülük ideyasının əsas konsepsiyaları formalaşmış, ortaq tarixi-mənəvi dəyərlərimiz, siyasi-milli məramlarımız birləşərək bir millətin iki dövləti səviyyəsinə yüksəlmişdir.
Müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası iki ölkə arasındakı əlaqələrin müasir müstəvidə inkişafında mühüm rol oynayır. Muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq isə bu əlaqələr arasında ön sırada durur. 1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin maddi-texniki təminatında təmənnasız köməklik göstərib. 2013-cü ildən etibarən keçirilən, artıq ənənə halını alan birgə döyüş təlimləri isə uğurlu hərbi əməkdaşlığın unikal nümunəsinə çevrilib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-11-də Naxçıvanda keçirilən iki ölkənin silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri bu ənənənin növbəti uğurlu mərhələsi idi.
İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın və Azərbaycan Respublikasının Müdafiə naziri, general­-polkovnik Zakir Həsənovun izlədikləri döyüş atışlı taktiki təlimi irimiqyaslılığı və mütəşəkkilliyi ilə fərqləndi. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilmişdi. Hazırlanmış ssenariyə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb edilən heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olundu, hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edildi.
Təlimdə qərargahların müştərək döyüş əməliyyatları planlarının hazır­lanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin uğurlu koordinasiyasına nail olundu. Qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi, şərti düşmən üzərində zəfər qazanılması hərbçilərimizin vətənpərvərlik ruhu, yüksək döyüş qabiliyyəti, birliyimiz, həmrəyliyimiz, strateji tərəfdaşlığımız sayəsində istənilən qələbəni qazanmaq əzmində olduğumuzu bütün dünyaya göstərdi. Bu yalnız eyni soy-kökünə malik, dini, dünyəvi təfəkkür tərzi eyni olan xalqların, milli və siyasi maraqları üst-üstə düşən iki qardaş dövlətin ordularının birliyindən yarana bilən bir uğur idi.
Hərb tariximizə uğurları ilə düşən “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri aşağıdakı siyasi tarixi məqamları ilə də müasir dövlətçilik tariximizə yazılacaq hadisədir.
– Bu təlimlər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə təsadüf edirdi. Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz və əvəzsiz xidmətlərindən biri də Naxçıvandan başladığı ordu quruculuğudur. Ötən əsrin yetmişinci illərində əsası qoyulan, müstəqilliyimizin ilk illərində ulu ­öndərin rəhbərliyi ilə Naxçıvanda yenidən bərpa olunan ordu quruculuğu sayəsində ötən müddətdə silahlı qüvvələrimizin Naxçıvanda yerləşən hərbi birləşmələri böyük inkişaf yolu keçərək daha da təkmilləşdi. Həyata keçirilən ordu quruculuğu prosesi nəticəsində 2013-cü ilin dekabrında muxtar respublikada 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Ötən dövr ərzində Əlahiddə Ümumqoşun Ordu müxtəlif təyinatlı müasir döyüş texnikaları ilə təmin olundu, şəxsi heyətin sayı dəfələrlə artırıldı. Güclü maddi-texniki baza muxtar respublikamızın quru sərhədləri ilə bərabər, hava məkanının da mükəmməl mühafizəsinin təmin edilməsinə şərait yaratdı.
– Birgə hərbi təlim Azəbaycan xalqının və dövlətinin həyatında xilaskar­lıq və dönüş günü olan 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində keçirilirdi. Ulu öndərimizin Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaqdan əbədi bərqərar yoluna çıxardığı Milli Qurtuluş Tariximiz isə ölkənin hərbi qüdrətinin gücləndirilməsi, Naxçıvanın çoxcəhətli intibah yoluna qədəm qoyması, Türkiyə ilə müttəfiqliyin yeni müstəvidə inkişafı ilə də xarakterizə olunur.
– Birgə hərbi təlim ölkəmizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsi və regionumuzda davamlı sülhə nail olmaq istiqamətində fəaliyyət göstərən Azərbaycan diplomatiyasının 100 illiyi kimi tarixi əlamətdar dövrə təsadüf etməsi ilə də səciyyələnir. Onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə əməkdaşlıq ilk sıralarda yer alır. Azərbaycan-Türkiyə əlaqələrinin əsası məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə qoyulmuşdur. Ötən dövrdə ölkə Prezidentlərinin məqsədyönlü fəaliyyətləri ilə strateji tərəfdaşlığımız daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin 2016-cı il 15 iyul tarixdə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Türkiyə xalqı və dövlətinin müdafiəçisi kimi qətiyyətli mövqe nümayiş etdirməsi, sentyabrın 15-də Azərbaycanda Bakı şəhərinin azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iki ölkə­nin dövlət başçılarının və silahlı qüvvələrinin iştirakı bunu real şəkildə təsdiq edir. Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri isə ölkələrarası müttəfiqliyin, qardaşlığın, sədaqətin sarsılmazlığının növbəti siyasi təzahürü, rəmzidir.
Bütün bu sadaladıqlarımızdan da göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Azərbaycan-Türkiyə əməkdaşlığında, strateji tərəfdaşlığında əsas əlaqələndirici mərkəz funksiyasını bütün siyasi tərəfləri ilə uğurla yerinə yetirir. Bu mənada, birgə təlimlərin məhz Naxçıvanda, muxtariyyətin 95 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsi də mühüm siyasi mahiyyət kəsb edir. Bu təlimlər göstərdi ki, qardaş Türkiyə 95 il əvvəl Moskva və Qars müqavilələri ilə Naxçıvanın muxtariyyət statusunun qazanılmasında, bununla da Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığında, naxçıvanlıların siyasi iradəsinin qələbə çalmasında müstəsna rol oynadığı kimi, bu gün də, gələcəkdə də Naxçıvanın yanındadır, Azərbaycanın müstəqilliyinin, haqq işinin müdafiəçisidir.
Yuxarıda sadaladığımız mühüm siyasi amillər birgə döyüş təliminin uğurla keçirilməsinə zəmin yaradan başlıca səbəblərdir. Hulusi Akar təlimi belə qiymətləndirmişdir:“Regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir. Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərbçilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlığı baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz “Sarsılmaz qardaşlıq – 2019” təliminin layiqli şəkildə məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq”.
Bu təlim muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işləri şərhsiz və izahsız bir daha göstərdi. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsindəki ­Təlim-Tədris Mərkəzi,“N” hərbi hissənin əsgər yeməkxanası ilə tanışlığı, Heydər Əliyev adına Hərbi Liseydə olmaları onlarda bu barədə kifayət qədər zəngin təəssürat yaratdı. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general­-polkovnik Zakir Həsənovun da iştirakı ilə Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binasının istifadəyə verilməsi hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının əyani göstəricisidir. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da buradakı çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada ordu quruculuğu sahəsində mühüm işlər görüldüyünü vurğulamışdır.
Təlimdəki yüksək döyüş hazırlığı və müasir silahlanma da ordu qurucu­luğu prosesinin yalnız hərbi paraddakı nizami keçiddən ibarət olmadığını, muxtar respublikada kifayət qədər peşəkar hərbçi kadrların yetişdiyini göstərdi. Ən əsası isə ordudakı yüksək vətənpərvərlik əzmini, ruh yüksəkliyini sərgilədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov əsgər və zabitləri, tədbir iştirakçılarını Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edərək demişdir: “Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır... Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”.
Hərbçilərimiz bu təlimdə sanki düşmənlə ölüm-dirim mübarizəsinə girərək halal torpaqlarımıza göz dikəcək xainlərin külünü göyə sovura biləcəklərini sübut etdilər. Onların əllərindəki ən müasir, odsaçan silahlar yox, düşmənə qarşı gözlərindəki qəzəb və kin vulkanı daha dəhşətli, qəlblərindəki qələbə əzmi daha güclüdür! Bugünkü igid əsgər övladlarımız ötən əsrin 90-cı illərinin əvvəllərində – Naxçıvanın ürəyinin Sədərəkdə döyündüyü zamanlar – əliyalın, amma bir o qədər də məğrur və cəsur şəkildə canı ilə düşmənə sipər olub Vətən torpaqlarını müdafiə edənlərin şərəfli xələfləridirlər. Onlar Aprel zəfəri və Günnüt qələbəsindən ilham alan müzəffər ordumuzun əsgərləridirlər! Bax, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilən zaman muxtar respublika rəhbərinin sevgi, qayğı və nəvaziş dolu təbəssümü, qardaş ölkənin Milli Müdafiə nazirinin sığalı ilə fərəhlənən, bapbalaca ürəyində böyüdükcə böyüyəcək Vətən eşqi ilə sabahın məşhur sərkərdəsi, generalı olacaq o hərbçi oğlunun gözlərindəki qürurdan boylanır sabahkı zəfər sevincimiz!
Təlim kadrlarında Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqlarının “SU-25” hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunduğu anı təkrar-təkrar izləyirəm. Hər birimizə “Üçrəngli bayrağınla məsud yaşa!” qürurunu yaşadan o möhtəşəm anlardan insanın köksü qabarır:

Tarixim, şərəfim, şeirim, hər şeyim:
Yer üzündə yer bəyən!
Harda dalğalanmaq istəsən,
Söylə, səni oraya sancayım!

Dünya mediasında müzakirə mövzusuna çevrilən, Ermənistanda böyük təlaş və təşviş yaradan bu təlim iki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyini göstərdi! Göstərdi ki, qardaş türk xalqı ilə dinimiz, dilimiz bir olduğu kimi, andımız, niyyətimiz, hədəfimiz və bu hədəfə çatmaq üçün milli iradəmiz də, gücümüz də birdir! Bu güc və iradə sarsılmazdır! Bax elə o təlim kadrlarından boylanan Ağrıdağın ağırlığı, əzəməti, Haçadağın eyni kökdən ucaldığı üçün tarixə meydan oxuya bilən qoşa zirvəsi qədər!..

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR