Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması nəinki jurnalistlər, ümumilikdə, muxtar respublika ictimaiyyəti, ziyalılar tərəfindən böyük rəğbət və sevinclə qarşılandı. Çünki belə bir fondun yaradılması kütləvi informasiya vasitələrinə dövlət qayğısının növbəti ifadəsi olmaqla yanaşı, həm də muxtar respublikada informasiya idarəçiliyinin də düzgün tənzimlənməsinə xidmət edəcək mühüm siyasi addımdır. Sentyabrın 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirildi ki, bu tarixi görüş həmin dövlət sənədinin medianın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bir daha təsdiqlədi.
Ali Məclis Sədrinin də media nümayəndələri ilə görüşdə vurğuladığı kimi, Fondun yaradılması zamanın tələbi idi. Bu tələbi muxtar respublikada fəaliyyət göstərən çeşidli kütləvi informasiya vasitələrinin, 400-dən çox jurnalisti əhatə edən media ordusunun vahid təşkilatlanma, mərkəzləşdirilmiş və düzgün istiqamətləndirilmiş idarəetmə zərurətini yaratmışdı. Muxtar respublikamızın beynəlxalq nüfuzunun artması nəticəsində ona dünyəvi marağın, Naxçıvanla bağlı informasiyaya olan beynəlxalq tələbatın günbəgün çoxalması da bu zərurəti reallığa çevirmişdi. Eyni zamanda Naxçıvanda siyasi idarəetmə sistemində artıq məqsədyönlü təşkilatlanma ilə inkişafa, tərəqqiyə nail olma baxımından fondlaşdırma, kompleksləşdirmə təcrübəsi yaranmışdır. Hazırda Gənclər Fondunun, Bilik Fondunun, bu günlərdə yaradılan Elmin İnkişafı Fondunun fəaliyyətlərinin uğurlu nəticələr verməsi kütləvi informasiya vasitələri sahəsində də bu məsələni bütün aktuallığı ilə gündəmə gətirmişdi. Belə bir fondun yaradılması üçün mediadakı hərtərəfli baza – istər çeşid və kəmiyyət, istərsə də professional qüvvə, maddi-texniki təchizat formalaşdırılmışdı. Lakin muxtar respublikada medianın bugünkü inkişafına heç də asanlıqla nail olunmayıb, jurnalistika informasiya blokadası dövründən yüksək səviyyəli informasiya təminatı mərhələsinə qədər ağır, çətin və mürəkkəb yol keçib.
İnformasiya blokadasına qarşı mübarizənin Naxçıvan modeli
Çoxəsrlik tarixə, dövlətçilik ənənələrinə malik, Avropa və Asiya qitələrinin qovuşduğu, Şərqə açılan qapı, Böyük İpək Yоlunun üzərində yеrləşən Naxçıvan xüsusi siyasi-strateji əhəmiyyətli bir məkan kimi XX əsrin sonlarında informasiya marağı və tələbatı baxımından da dünyanın diqqət mərkəzində olub. Azərbaycanın yenicə müstəqillik əldə etdiyi, qədim diyarımızın erməni işğalı ilə üz-üzə qaldığı keşməkeşli bir dövrdə muxtar respublikamız təkcə ərazi blokadası deyil, həm də informasiya blokadası məngənəsinə salınmışdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev informasiya blokadasını maksimum səviyyədə yarmağa çalışmış, müxtəlif media orqanları ilə əlaqələrin yaradılmasına xüsusi əhəmiyyət vermişdir. Ulu öndərin ən ağır şəraitdə belə, Naxçıvana gələn müxtəlif kütləvi informasiya vasitələrinin təmsilçilərinə diqqət ayırıb onlara verdiyi tarixi müsahibələr Naxçıvanın haqq səsini dünyaya çatdırmaq kimi mühüm mərama xidmət edirdi. Lakin kifayət qədər informasiya resurslarının, yaradıcı potensialın, normal iş şəraitinin olmaması bu prosesi ləngidirdi.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə yenidən rəhbərliyə gəlişindən sonra, xüsusilə də 1996-cı ildən etibarən Naxçıvanda başlayan ümumi inkişaf və tərəqqi kütləvi informasiya vasitələrinin fəaliyyətinə də öz təsirini göstərməyə başladı. 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Beynəlxalq Qlobal İnformasiya və Telekommunikasiya Şəbəkəsinə qoşulmanı təmin etmək məqsədilə Naxçıvanda yeni internet provayder xidməti – nakhchivan.az abunəçilərin istifadəsinə verildi ki, 2006-cı ildən etibarən nakhinternet.az olaraq fəaliyyətinə davam edən xidmət bu gün daha geniş informasiya mübadiləsi imkanlarına malikdir. 2005-ci ilin iyun ayında Naxçıvanın Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulması ilə informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə olundu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 5 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi yaradıldı. “Naxçıvanın səsi” radiosunun 2006-cı il yanvar ayının 17-dən etibarən www.nakhchivan.az üzərindən yayıma başlaması isə muxtar respublikada özəl media qurumlarının fəaliyyəti istiqamətində daha bir mühüm addım oldu. 2015-ci il iyun ayının 15-dən etibarən Naxçıvanda “Naxçıvan xəbərləri” informasiya saytının istifadəyə verilməsi (naxcivanxeberleri.com) informasiya blokadasının yarılmasına xidmət etməyə başladı. Naxçıvan mediasında özünəməxsus yeri olan Naxçıvan Dövlət Televiziyası və Radiosu da bu proseslərin əsas iştirakçılarındandır. İnformasiya böhranının ağır və məşəqqətli illərində Naxçıvan televiziyası 2-3 saat efirə çıxa bilirdisə, bu gün həmin efir vaxtı mərhələ-mərhələ artırılaraq 19 saata çatdırılıb. Naxçıvan teleradiosu ölkəmizdə ilk dəfə HD yayıma keçdi, 2011-ci ildən etibarən isə muxtar respublikada rəqəmsal yayım tətbiq olundu. 2016-cı ildən isə Naxçıvan televiziyasının internet üzərindən yayımı təşkil edildi, internet saytı istifadəyə verildi. 2018-ci il muxtar respublikanın media həyatında ilk informasiya agentliyinin – “Nuhçıxan”ın fəaliyyətə başlaması ilə əlamətdar oldu. Bu gün həmin agentlik Naxçıvanla bağlı 3 dildə informasiya yayımı həyata keçirir.
Bu gün, demək olar ki, muxtar respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanlarının internet saytları fəaliyyət göstərir. Onu da qeyd edək ki, informasiya təminatında başlıca rol oynayan, müasir, etibarlı internet saytlarının yaradılması istiqamətində də muxtar respublikada artıq zəngin təcrübə əldə edilib, bacarıqlı mütəxəssislər formalaşıb.
Vaxtilə, 1999-cu ildə yalnız Naxçıvan Kompüter Mərkəzində 8 abunəçi ilə internetə qoşulma imkanı əldə edilməsi böyük hadisə hesab edilirdisə, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrinin fiber-optik kabel xətti və sürətli internetlə, İP televiziya və rəqəmsal yayımla təmin olunması informasiya-məlumatlandırma işinin səmərəliliyini xeyli artırıb. Əvvəllər Naxçıvana qarşı dezinformasiyalar çoxalmaqda idisə, bu gün həmin informasiyaları təkzib etmək, Naxçıvan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə sosial şəbəkələrdə yaradılan, yüzlərlə həmfikri ətrafında birləşdirən qrupların sayı artmaqdadır. Bu gün informasiya təminatının kəmiyyət və keyfiyyətini yüksəltmək üçün paytaxtda fəaliyyət göstərən media orqanlarının bölgə müxbir postları yaradılıb.
Bu gün muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı görülən mühüm əhəmiyyətə malik işlərin nəticəsidir ki, Universitet Televiziyası və “Nuhçıxan” radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Nuhçıxan” İnformasiya Agentliyi, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri fəaliyyət göstərir, ümumilikdə, kütləvi informasiya vasitələrində çalışanların sayı 400-ə yaxındır. Yeri gəlmişkən qeyd edək ki, qazanılan uğurların təməlində Ali Məclis Sədrinin xüsusi qayğı və təşəbbüsü ilə muxtar respublikada aparılan jurnalistika sahəsi üzrə kadr hazırlığının da mühüm rolu var. 2001-ci ildə Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisasının fəaliyyətə başlaması bu istiqamətdə atılan əhəmiyyətli addım idi. 2005-ci ildən etibarən isə universitetdə jurnalistika ixtisasları üzrə magistr hazırlığı da uğurla davam etdirilir. Universitet məzunlarının bu gün media sahəsində mühüm postlarda uğurla fəaliyyət göstərə bilməsi peşəkar jurnalist kadrların yetişdirilməsi və işə cəlbinə dövlət qayğısının təzahürüdür.
Bir əsrə yaxın tarixə malik “Şərq qapısı” qəzeti də Naxçıvanın əsas mətbu orqanı, operativ və düzgün informasiya təminatçısı olmaqla, bu illər ərzində daim muxtar respublika həyatının müxtəlif istiqamətlərini işıqlandırmaqdadır. Qəzet, xüsusilə də XX əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanın haqq səsinin eşidildiyi əsas tribunaya çevrilmişdi. 1993-cü ildən sonra öz inkişafının yeni mərhələsinə qədəm qoyan “Şərq qapısı”nın beynəlxalq informasiya məkanına çıxış əldə etməsi uzun illər ərzində qəzetin fəaliyyətində kəmiyyət və keyfiyyət dəyişikliklərinə xidmət edən addımların atılmasından sonra mümkün olub. Belə ki, 2012-ci ilin 17 dekabrında www.serqqapisi.az internet ünvanı ilə “Şərq qapısı” qəzeti dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb. Bu gün Naxçıvandan dünyaya rəsmi təsdiqlənmiş dəqiq informasiya ötürən “Şərq qapısı” qəzeti vasitəsilə Naxçıvan həqiqətləri daha geniş ictimaiyyətə çatdırılır. Əgər əvvəllər digər saytlardan onlayn rejimdə yalnız audioinformasiya almaq mümkün idisə, bu gün “Şərq qapısı”nın saytı vasitəsilə izləyici Naxçıvanla bağlı istənilən informasiyanı sənədli şəkildə, istənilən zamanda almaq imkanı əldə edib. Beləliklə, qlobal informasiya məkanına çıxış bu mətbu orqanın üzərinə düşən məsuliyyəti daha da artırıb. Bu il qəzetin internet saytı tamamilə yenilənib, həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb. Hazırda “Şərq qapısı”nın yenilənmiş saytının izləyici sayı 10 minə yaxındır. Naxçıvan televiziyası və “Nuhçıxan” İnformasiya Agentliyi dünyanın 140 ölkəsindən izlənilir. 2019-cu ilin avqust ayında isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının preslib.az internet saytında Naxçıvan Muxtar Respublikası barədə fəaliyyət göstərən eyniadlı elektron layihə ən çox izlənilən resurslar arasında ilk yerlərdədir, muxtar respublika ilə bağlı bölməyə 52 mindən çox baxış qeydə alınıb. Eyni zamanda “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin 2018-ci ildə UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi, “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə Ermənistanın iştirakdan imtina etməsinə nail olmağımız da muxtar respublikada görülən digər tədbirlərlə yanaşı, həm də düşünülmüş, məqsədyönlü informasiya siyasətinin uğurlu nəticələridir. Bütün bunlar isə təsdiq edir ki, Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanmaqla təkcə ərazi-iqtisadi blokadasını deyil, informasiya blokadasını da aradan qaldırmaqda nümunə gücünə malikdir.
Jurnalistikanın inkişafına xidmət edən hərtərəfli dövlət qayğısı
Muxtar respublikada jurnalistikanın inkişafına hərtərəfli dövlət qayğısı, maddi-texniki bazanın gücləndirilməsi, jurnalistlərin düzgün ideoloji istiqamətləndirilməsi, onlara sərbəst yaradıcılıq imkanları verilməsi ilə nail olunub.
Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz töhfəsini verib. Muxtar respublikanın bütün mətbuat orqanlarının normal fəaliyyəti üçün əlverişli şərait yaradılıb. 2010-cu ildən etibarən “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi müasir maddi-texniki bazaya malik bir binada fəaliyyət göstərir. Bu bir reallıqdır ki, muxtar respublikanın qəzet və jurnalları bəzi ölkələrin mətbuatından çox-çox yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Bu tədbirlərin davamı olaraq 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınıb. 2019-cu ilin ötən dövrü ərzində də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilib.
Ali Məclis Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər, jurnalistlərin problemləri ilə müntəzəm maraqlanması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi ardıcıl tədbirlər, əməkhaqlarının artırılması bu sahənin inkişafı üçün geniş imkanlar açır. Muxtar respublikada kütləvi informasiya vasitələri sahəsində çalışanların dövlət mükafatları ilə təltif olunması jurnalist əməyinə verilən qiymət kimi onları yeni yaradıcılıq nailiyyətlərinə daha da həvəsləndirir. Kütləvi informasiya vasitələrinin fəaliyyətinin təşkili sahəsində görülən bu işlərin ən mühümü isə muxtar respublika rəhbərinin verdiyi dəyərli tövsiyə və tapşırıqlar, müəyyənləşdirdiyi fəaliyyət prinsipləridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda 2017-ci il yanvarın 28-də keçirilən müşavirə mətbuatı yeni mərhələdə inkişafa, jurnalistləri ölkəmizin maraqlarına xidmət edən materiallar hazırlamağa, internetin imkanlarından yararlanaraq geniş təbliğat işləri aparmağa sövq edib. Bu da Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına geniş imkanlar açır. Naxçıvan mediasının dünyada nümunəvi bir modelə çevrilməsi istiqamətində atılan növbəti addım isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması oldu.
Yol düzgün seçiləndə və ya mühüm vəzifələrlə yeni uğurlara doğru
Fondun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsindən də aydın olduğu kimi, bu qurum muxtar respublikada fikir, söz və məlumat azadlığını, plüralizmi inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq kimi ali məqsədlərə xidmət edəcək. Eyni zamanda Fond tərəfindən cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlıqlarını, məsuliyyətlərini artırmalarına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirmək, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə təkliflər vermək, fikir, söz və məlumat azadlığı sahəsində araşdırmalar aparılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində tədbirlər həyata keçirmək də nəzərdə tutulur. Fondun idarə edilməsi və təşkili məqsədilə müvafiq fərmanla müşahidə şurası da təsdiq olunub.
Ali Məclisin Sədri şuranın ilk iclasında demişdir: “Sosial-iqtisadi inkişaf, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsini, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da muxtar respublikanın mətbuat tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Fondun fəaliyyətinin təmin olunması kütləvi informasiya vasitələrində keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmalıdır”.
Fondun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək baxımından əlamətdar oldu. Savadlı və peşəkar bir kadr və elə yeri gəlmişkən, Naxçıvan Dövlət Universitetinin yetirməsi Fondun müşahidə şurasının sədri seçildi. Görüşdə 2020-ci ildə milli mətbuatımızın yaranmasının 145 illiyi münasibətilə jurnalistlər arasında yaradıcılıq müsabiqəsinin, qəzetlərdə təcrübəli jurnalistlərin iştirakı ilə seminar-treninqlərin keçirilməsi, kütləvi informasiya vasitələri əməkdaşlarının ziyalılarla görüşünün təşkil edilməsi ilə bağlı təkliflər səsləndirildi. Ali Məclisin Sədri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurası tərəfindən təkliflərin nəzərə alınması və icrası barədə tapşırıqlar verdi.
Ali Məclisin Sədri demişdir: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti qısa müddətdə təmin edilməli, yeni layihələr hazırlanmalı və müsabiqələr keçirilməli, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq gücləndirilməlidir. Jurnalistlərin peşə davranış qaydaları ilə bağlı tövsiyələr hazırlanmalı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri haqqında informasiya bankı yaradılmalıdır”.
Heç şübhəsiz ki, müşahidə şurası öz fəaliyyəti ilə gələcəkdə bir sıra mühüm vəzifələrin icrasında müstəsna rol oynayacaq. Gənc jurnalist kadrlarla, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə, ictimaiyyətlə yerlərdə görüşlərin keçirilməsi, təlimat və metodik, məlumat və tövsiyə xarakterli nəşrlərin, elmi-praktik tədbirlərin həyata keçirilməsi jurnalistikanın inkişafına öz töhfəsini verəcək.
Ali Məclisin Sədri media nümayəndələri ilə görüşdə kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliklərinin müşahidə olunduğunu bildirməklə yanaşı, qarşıda duran vəzifələrdən də danışaraq qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu dövlət müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycanımızın və muxtar respublikamızın inkişafında yaxından iştirak etmək ulu öndərin ideyalarına sədaqət, milli mənafelərin və dövlətçilik siyasətinin ardıcıl təbliği, vətənpərvərlik hər bir jurnalistin başlıca vəzifəsi olmalıdır. Mühüm vəzifələrimizdən biri də tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etmək, oxunaqlı qəzet nəşrinə nail olmaq məqsədilə peşəkarlıq səviyyəsini yüksəltməkdir. Auditoriyanın marağının nəzərə alınması, balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, hadisələrə operativ və obyektiv münasibət bildirmək hər bir əməkdaş üçün müqəddəs peşə məramına çevrilməlidir. Normativ-hüquqi aktların, qəbul olunmuş dövlət proqramlarının icrası ilə bağlı maarifləndirici və analitik materiallar hazırlanmalıdır. Ali Məclisin Sədri demişdir: “Bu gün Naxçıvan Dövlət Televiziyası və Radiosu, eləcə də “Şərq qapısı” qəzeti həm də internetdə yayımlanır. “Nuhçıxan” İnformasiya Agentliyinin saytında gün ərzində davamlı informasiyalar, videomateriallar və müəllif yazıları yerləşdirilir. Bu, informasiyaların daha geniş kütləyə çatdırılması baxımından əhəmiyyətli olsa da, eyni zamanda böyük məsuliyyət deməkdir. Təqdim olunan materiallar elə hazırlanmalıdır ki, onlar oxucu, tamaşaçı, dinləyici və izləyici toplaya bilsin”. Kütləvi informasiya vasitələri saytlarını, rayon qəzetlərinin sosial şəbəkələrdəki səhifələrini mütəmadi yeniləməklə, informasiya yükünü artırmaqla Naxçıvanın operativ və fəal təbliğatçısına çevrilməli, operativ və dəqiq informasiya təminatı ilə diyarımız haqqında hər hansı qərəzli məlumatın yayılmasına yol verməməliyik. Bir jurnalist-vətəndaş kimi maraqlı və rəngarəng materiallarla folklorumuzu, tariximizi, etnoqrafiyamızı təbliğ etməli, milli dəyərlərimizə, maddi-mədəni irsimizə sahib çıxmağı bacarmalıyıq.
Ali Məclisin Sədri mətbuatın inkişafında kadr hazırlığı məsələsinin rolunu xüsusilə qeyd edərək keyfiyyət dəyişikliyinə nail olmaq üçün peşəkar kadr təminatı yaratmaq kimi mühüm vəzifədən də bəhs edib. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün Jurnalistika ixtisası tələbələrini redaksiyalarla fəal əməkdaşlığa cəlb etməli, təkmilləşdirmə kursları və ustad dərslərinin təşkilində yaxından iştirak etməliyik. Kütləvi informasiya vasitələrinin ictimai tribuna kimi funksiyasını gücləndirmək üçün elmi-ictimai mühiti, ziyalıları kənar müəllif kimi fəal əməkdaşlığa cəlb etməli, mütəxəssis fikirlərinin ictimaiyyətə təqdim olunmasına diqqəti artırmalıyıq. Fəal vətəndaş mövqeyimizlə, medianın təbliğat gücündən istifadə yolu ilə cəmiyyət quruculuğunda yaxından iştirak etməli, cəmiyyətin inkişafına çalışmalıyıq.
Ali Məclis Sədrinin tapşırıqlarına əsasən müasir informasiya cəmiyyəti quruculuğunda qarşıda duran əsas məsələlərdən biri kimi dövlət orqanlarının mətbuat xidmətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsinə nail olmalıyıq. Kütləvi informasiya vasitələrinin maarifləndirmə funksiyasını gücləndirməli, gənclərin milli ideologiya, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcək, oxunması zəruri olan kitabların əhəmiyyətini aça biləcək, doğma diyarımızın zəngin turizm potensialını dünyada tanıdacaq materialların sayını artırmalıyıq.
Ali Məclis Sədrinin jurnalistlərə Naxçıvanın müasir inkişafının təbliğatçısı olmaqla bağlı bu günümüzün tarixini olduğu kimi yazmaq, muxtar respublikada gedən quruculuq işləri, aparılan sosial-iqtisadi islahatları geniş əks elətdirmək, internet mediası və sosial şəbəkələrin imkanlarından maksimum istifadə etmək kimi tapşırıqları əsas fəaliyyət istiqamətlərimiz olmalıdır. Teleradiodakı audiovizual təqdimat funksiyasını mətbuatda yerinə yetirən fotojurnalistikanı inkişaf etdirmək (yeri gəlmişkən, gələcəkdə müşahidə şurası tərəfindən bu məqsədlə fotomüsabiqələr də təşkil etmək olar) başlıca vəzifələrdən olmalıdır.
Ali Məclis Sədrinin ictimaiyyətə çatdırılan hər bir informasiyanın dəqiq və əsaslı olması ilə bağlı tapşırıqlarını icra etmək üçün istənilən materialın hazırlanmasında istinad ediləcək kifayət qədər məlumat nəşrləri, elmi mənbələr mövcuddur və onların əksəriyyəti muxtar respublikamızda nəşrə hazırlanır. Hər bir jurnalist araşdırıcı, tədqiqat xarakterli materialları hazırlamaq üçün mütaliə dairəsini genişləndirməli, qədim diyarımızla bağlı elmi-kütləvi nəşrləri izləməli və fəal təbliğatçısına çevrilməlidir.
Qürur anları...
Hər bir jurnalist üçün fəaliyyətinin sonrakı prioritet istiqamətlərini müəyyənləşdirmək baxımından böyük məktəb qədər əhəmiyyətli olan bu görüş Ali Məclis Sədrinin media nümayəndələrinə xitabən dediyi “Sizinlə qürur duyuram!” sözləri ilə tarixə həkk olundu. Bu, biz jurnalistlərin əməyinə verilən ən ali dəyərdir. Ömrünü-gününü muxtar respublikanın dünənki qədimliyini, bugünkü çiçəklənməsini, gələcək intibahını tərənnüm etmək kimi ülvi bir mərama həsr edən jurnalistlər üçün bütün mükafatların, təltiflərin fövqündə duran bir qiymətdir bu... Bu qürurvericilik, əslində, Naxçıvanın müasir inkişafının müəllifi olan QURUCU RƏHBƏRLƏ bu düşünülmüş siyasəti fəxarət və qürurla təbliğ edənlərin, salnamələşdirənlərin ümummilli mənafelərə, Vətənə xidmət yolunda ideal bir birliyindən doğan qürurvericilik idi! Bu qürurvericiliyin əsl səbəbi bu gün muxtar respublikada istənilən sahədə nail olunan inkişafın, tərəqqinin jurnalistikada sonsuz ilham və ideya mənbəyi, mövzu qaynağı olmasıdır. Gəlin fəxarətlə etiraf edək ki, jurnalistika nə qədər operativliyə nail olsa da, diyarımızda aparılan quruculuq, inkişaf prosesinin sürəti ilə ayaqlaşa bilməyəcək. Medianın fəaliyyətinə verilən yüksək dəyər isə həm də böyük etimad və şərəfli məsuliyyətdir. Bu etimadı layiqincə doğrultmalı, bundan sonra da qədim diyarımızın dinamik inkişaf strategiyasının, düşünülmüş uğurlu siyasətinin təbliği istiqamətində səy göstərməli, jurnalistikanın inkişafı üçün qarşıya qoyulan mühüm vəzifələri rəhbər tutaraq fəaliyyətimizi bu vəzifələrin icrası – müasir jurnalistikanın tələbləri səviyyəsində qurmağa çalışmalıyıq.
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti