Azərbaycanın dilbər guşəsi olan muxtar respublikamızın son 30 ilə yaxın bir dövrdə qazandığı mühüm uğurlardan biri də naxçıvanşünaslıq elmi istiqamətinin formalaşdırılmasıdır. Bu elmi istiqamət tarixi-mədəni abidələrin bərpası və təbliği, elmi-tədqiqat işlərinin genişləndirilməsi ilə yanaşı, həm də çoxsaylı elmi-kütləvi nəşrlərin həyata keçirilməsi ilə də zənginləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı, 1989-1992-ci illərdə Naxçıvan Qarnizonunun rəisi olmuş general-mayor Rostislav Slaboşeviçin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə yenicə nəşr olunmuş “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabı da Naxçıvanla bağlı dəyərli rusdilli memuar ədəbiyyatdır.
Müəllifin də yazdığı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 26 illik tarixi olan fotonu Minskə, ona göndərərək general-mayoru Naxçıvana dəvət etməklə, 26 il sonra – 14-15 iyun 2018-ci il tarixlərdə həmin səfərin yüksək səviyyədə təşkili ilə kitabın yaranmasının ideya təşəbbüskarı olub.
Yeni nəşrdə ötən əsrin 90-cı illərində Naxçıvanın ağır sosial-iqtisadi və siyasi vəziyyəti ilə bağlı əhəmiyyətli faktlar yer alıb. Kitab həmin tarixi prosesləri o dövrdə Naxçıvanda fəaliyyət göstərən hərbçi-deputatla birgə bugünkü prizmadan daha obyektiv qiymətləndirməyə imkan verir. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiəsi ilə bağlı gördüyü mühüm işlər general-mayorun şahidi olduğu tarixi proseslər kimi oxucuya çatdırılır. Bununla yanaşı, ulu öndərin Naxçıvanda yerləşən sovet ordusunun şəxsi heyətinin yerli əhali ilə münasibətlərinin tənzimlənməsindəki xidmətlərindən, xüsusilə dağılmış sovet iqtisadiyyatı şəraitində qoşun hissələrinin təminatına xüsusi diqqət yetirməsindən bəhs olunur. Bu mənada, yeni nəşr 1989-1992-ci illərdə muxtar respublikada baş verən ictimai-siyasi hadisələrin öyrənilməsi baxımından mükəmməl sənədli-siyasi publisistika nümunəsi, ən yeni siyasət və hərb tariximizin real inikasıdır. Buna görə də yeni nəşri ümummilli liderimizin ölkəmizə rəhbərliyinin 50 illiyinə, muxtariyyətimizin 95 illik yubileyinə də layiqli töhfə hesab etmək olar.
Kitab 1949-cu il iyunun 25-də Minsk şəhərində anadan olmuş Rostislav Slaboşeviçin şəxsiyyəti, ən ağır ictimai-siyasi dövrləri də əhatə edən 9 il ərzində (1983-1992-ci illərdə) Naxçıvanda hərbi xidmət göstərməsi, müəllifin ümummilli liderimiz Heydər Əliyevlə birgə fəaliyyəti ilə bağlı real maraqlı faktlarla zəngindir.
Xarkov Ali Tank Komandirləri Məktəbinin, Frunze adına Hərbi Akademiyanın məzunu olan, Belarusda müxtəlif hərbi vəzifələrdə xidmət edən, Zaqafqaziya Hərbi Dairəsinə alay komandirinin müavini təyin edilərək Gürcüstanın Duşeti şəhərində xidmət edən bir hərbçinin keçdiyi yol bu gün hərb sənətini seçənlər üçün bir örnəkdir. Rostislav Slaboşeviç 1983-cü ilin avqustunda Qıvraq kəndində yerləşən hərbi hissədə alaya komandirin birinci müavini təyin edilib, 1984-cü ildə isə Gəncə şəhərinə alay komandiri vəzifəsinə keçirilib, orada diviziya komandirinin müavini vəzifəsinədək yüksəlib. Naxçıvanla bağlılığı könüllü olaraq 1989-cu ildə bu diyara yenidən qayıtmasına səbəb olub, buradakı 75-ci Motoatıcı Diviziyaya komandir təyin edilib və 1992-ci ilə qədər həmin vəzifədə çalışıb.
Naxçıvanda müxtəlif hərbi vəzifələrdə uğurla xidmət etməsi nəticəsində bu diyar, müəllifin özünün də etiraf etdiyi kimi, onun hərbçi karyerasında tramplin rolunu oynayıb, arzularının reallaşmasına səbəb olub. O, əvvəlcə polkovnik-leytenant və polkovnik, daha sonra isə general-mayor rütbəsinə yüksəlib. 29 yanvar 1991-ci ildə general-mayor hərbi rütbəsi alarkən ulu öndərin şəxsən səmimi təbrik etməsi isə kitabda ən unudulmaz və əziz xatirə kimi təsvir olunur. Ümumiyyətlə, general-mayorun kiçik qızı Nataşanın Qıvraqda doğulması, böyük qızının ilk dəfə burada məktəbə getməsi, hərbçi yoldaşları ilə bağlı xoş xatirələri onun Naxçıvana olan sevgisini təcəssüm etdirir.
Öz zəngin təcrübəsindən çıxış edən general-mayor bu gün Naxçıvan ordusunda xidmət edənlərə bu sənətin böyük iradə və əqidə, qətiyyət tələb etdiyini, öz hərbi andına sədaqətin, dəmir hərbçi nizam-intizamının, hərbi geyimdəki səliqə-sahmanın, yüksək davranış və ciddiyyətin ordunun siması olması, onun döyüş əzmkarlığı, müdafiə əzmi barədə ictimai rəy doğurması ilə bağlı dəyərli tövsiyələr verir. Naxçıvan gənclərinə öz milli ordusunda xidmət edib öz Vətənini və xalqını qorumağın böyük səadət olduğunu həsəd hissi ilə etiraf edir.
Kitabda Sovet İttifaqı Qəhrəmanı, general-polkovnik Boris Qromovun rəhbərliyi ilə Rusiya Federasiyası Dövlət Dumasının deputatlarının 1992-ci ildə Naxçıvanda olmaları, naxçıvanlıların hansı çətinliklərlə yaşayıb nəinki doğma yurdu tərk etməmələrini, eyni zamanda böyük vətənpərvərliklə erməni işğalçıları ilə mübarizə aparmalarını həsəd və heyrətlə müşahidə etmələrindən bəhs olunur. Elə buna görə də deputatların Sovet İttifaqı, sonra isə Rusiya Federasiyasına məxsus silah-sursat, hərbi texnika, təsərrüfat əmlakı və texniki qurğuların yalnız Naxçıvana məxsus olması qərarına gəlmələri də maraqdoğuran faktlardandır.
Qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu proses digər yerlərdən fərqli olaraq heç bir dağıntı və talana yol verilmədən həyata keçirilib, Naxçıvanda yerləşən 75-ci Motoatıcı Diviziyanın zabit və əsgər heyəti, onların ailə üzvləri, başda diviziya komandiri general-mayor Rostislav Slaboşeviç olmaqla, 1992-ci ilin avqust ayının 18-də xüsusi təyyarə ilə yola salınıblar.
Kitabda Naxçıvanın müdafiəsində iştirak edən rus hərbçilərinə öz doğmaları kimi qayğı göstərən yerli əhalinin mentalitetindən, qonaqpərvərliyindən, Naxçıvan mətbəxinin zənginliyindən, Naxçıvanın təbiətinin ecazkar gözəlliklərindən və bu gözəlliyə yeni çalarlar qatan müasir infrastrukturdan da söhbət açılır.
Müəllif ermənilərlə sərhəd bölgəsi olan Sədərəkdə erməni işğalçıları ilə mübarizə aparmalı olan bir diyarla bugünkü Naxçıvanı müqayisə edərək inkişafın heyrətamiz olduğunu, muxtar respublika rəhbərinin Naxçıvanın müdafiəsi və qorunması üçün böyük işlər gördüyünü, müasir ordu yaradıldığını, əhalinin həyat səviyyəsinin yüksəldiyini böyük qürurla qeyd edir: “Naxçıvanın 26 il əvvəlki keçmişini xatırlayaraq bu gününə nəzər salanda qətiyyətli inamla deyə bilərəm ki, həyatın mənası var, və o sizin zəhmətsevər əllərinizdə, sizin təfəkkürünüzdə, “bu gün yaxşıdır, sabah daha gözəl olacaq” inamınızdadır. Yaşamalı, yaratmalı, övlad və nəvələrinizi böyütməlisiniz. Onda daha gözəl olacaq. Ən əsası isə öz respublikanızın, ordunuzun müdafiə qüdrətini daim gücləndirməlisiniz. Bu, sizin xoşbəxtliyinizin və firavanlığınızın əsas faktorudur”.
Müəllif “Sülh istəyirsənsə, hərbə hazır ol!” müdrik deyiminin bu gün mənfur düşmənlə həmsərhəd olan Naxçıvan üçün xüsusilə aktual olduğunu və nail olunan ordu quruculuğunun əhəmiyyətini vurğulayır. Hərbi hissələrdəki güclü nizam-intizamdan, qayda-qanundan, yeməkxanada daddığı hərbçi yeməyinin çox evlərdəkindən keyfiyyətli olmasından, sanitar-gigiyenanın qorunmasından, hərbi tibbi müəssisələrin, hərbi tibbi personalın, şəfqət bacılarının fəaliyyətindən məmnunluqla danışır.
Rostislav Slaboşeviç yazır: “2017-ci ildə Naxçıvanda keçirilən hərbi parada baxarkən qeyd etmək istəyirəm ki, Naxçıvan rəhbərliyi, ordu komandanlığı mövcud hərbi təcrübənin ən yaxşı ənənələrini qətiyyətlə inkişaf etdirir. Real göstəricilərə nail olmaq, müasir həbi texnika və silahla təminat, əsgərdən generalınadək hərbi geyim, texniki təchizat... Bu, öz xalqına və dövlətinə qürur gətirməyə bilməz. Bu, mənə ilk olaraq vaxtilə ümummilli lider Heydər Əliyevin Naxçıvanın özünümüdafiə dəstələrinə baxış keçirərkən Naxçıvanda güclü ordu olacağı ilə bağlı inam və arzularını xatırlatdı”.
Rostislav Slaboşeviç Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi ictimai-siyasi fəaliyyəti ilə də seçilib. Elə kitabda da müəllif təkcə hərbçi kimi deyil, ictimai-siyasi xadim kimi də Azərbaycanın keçdiyi inkişaf yolunu, düzgün siyasi strategiyasını dərin təhlil edərək hələ də konkret siyasi xəttini, prioritet hədəflərini müəyyənləşdirə bilməyən bəzi keçmiş MDB ölkələri ilə müqayisədə respublikamızın möhtəşəm uğurlar qazandığını bildirir, bunu Heydər Əliyev dühasının, zəkasının təntənəsi kimi qiymətləndirir. Müəllif ümummilli lideri kabinetdəki təkbətək görüşlər və gərgin müzakirələr, hərbçilərlə bayram süfrəsi arxasında səmimi söhbətlər, sessiyadakı birgə fəaliyyət fonunda dahi siyasətçi kimi təqdim edir. Əsərdə Ali Məclisin Sədri, DTK generalı, xalqına və Vətəninə bağlı dövlət başçısı, milli-mənəvi dəyərləri yaşadan, mədəniyyətimizin qorunub saxlanılmasında və təbliğində özünəməxsus rol oynayan bir dahi şəxsiyyətin parlaq siması yaradılır.
Naxçıvanın keçmişi ilə bu gününün real faktlar üzərində dolğun müqayisəsindən ibarət kitabı mütaliə etdikcə, belaruslu müəllifin “müqayisəolunmaz dərəcədə, yerdən göyə qədər fərq var, Naxçıvan inanılmaz və sürətli inkişaf yolu keçib” qənaəti fəxarət və iftixar doğurur. Başlıcası isə Naxçıvanın ən ağır sınaqlar qarşısında qaldığı, çətin və məşəqqətli günlərdə, müharibə vəziyyətində sovet hərbçisinin bütün bunlara mətanətlə dözərək naxçıvanlılarla birgə yaşaması, fəaliyyət göstərməsi və bu gün həmin dövrü xoş xatirələrlə yada salması, müəllifin özünün də etiraf etdiyi kimi, ümummilli liderin dahiliyinə, Vətəninə və xalqa bağlılığına, milli fədailiyinə yaranan sevgisindən irəli gəlirdi. Bu, bir daha təsdiq edir ki, Vətəni məhz ümummilli lider Heydər Əliyev kimi tarixi şəxsiyyət tanıda və sevdirə bilər.
Görkəmli dövlət xadiminə dərin sevgi və ehtiram, Naxçıvana bağlılıq bu gün də uzaq Minskdə, Rostislav Slaboşeviçin qəlbində yaşayır. Bunu elə yeni kitabın ərsəyə gəlməsində, Azərbaycanın Belarusdakı səfirliyi ilə sıx əlaqələrində, ümummilli liderin hədiyyəsi olan “Hüseyn Cavid” fotoxalçasını qiymətli yadigar kimi əzizləməsində də görmək olar. 1992-ci il avqustun 18-də 75-ci Motoatıcı Diviziyanın silah-sursatının Naxçıvana təhvil verilməsi mərasimində ümummilli lider Heydər Əliyevin də siyasi uzaqgörənliklə dediyi kimi, vaxtilə burada xidmət etmiş hərbi qulluqçular bu gün də Naxçıvanla əlaqələrini kəsmir, Azərbaycan həqiqətlərinin dünyəvi təbliğinə, ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə çalışırlar.
Heydər Əliyev irsinin layiqli siyasi varislərindən olan muxtar respublika rəhbəri və qədirbilən xalqımız da Naxçıvan və naxçıvanlılar üçün xüsusi xidmətləri olmuş insanları unutmur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəvəti ilə general-mayor Rostislav Slaboşeviçin iyun ayının sonlarında Naxçıvana gəlməsi, onun 70 illik yubileyinin və kitab təqdimatının yüksək səviyyədə təşkili bunun bariz nümunəsidir. Səfər zamanı general-mayor ötən dövr ərzində muxtar respublikada inkişaf və tərəqqinin yaratdığı yeni möcüzələrlə rastlaşıb. İyunun 7-11-də Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binasının istifadəyə verilməsi və daha belə neçə faktlarla dolu zəngin təəssürat, heç şübhəsiz ki, uzaq Minskdə Naxçıvanla bağlı səmimiyyət və hərarət dolu yeni rusdilli memuarın yaranmasına səbəb olacaq. Bir sözlə, müasir Naxçıvanımız öz inkişaf və uğurları ilə heyrətləndirməyə davam edir...
Mehriban SULTAN
filologiya üzrə fəlsəfə doktoru