Otuza yaxın kitabın, 330-dan artıq elmi, çoxsaylı qəzet məqalələrinin müəllifi, dörd kitabı və 50-yə yaxın elmi məqaləsi xarici ölkələrdə işıq üzü görən Hüseyn Həşimli uzunmüddətli tədqiqatlarının nəticəsi olan “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı” adlı yeni kitabını elmi-ədəbi, pedaqoji ictimaiyyətə təqdim edib.
Xatırladaq ki, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor H.Həşimli müxtəlif vaxtlarda M.Hadi, A.Divanbəyoğlu, A.Sur, A.Səhhət, Ə.Müznib, S.Səlmasi, Ə.Səbur, N.Bəsir və bəzi digər ədiblərin bir sıra əsərlərini iyirminci əsrin ilk onilliklərinə aid müxtəlif qəzet və jurnallardan, kitablardan, həmçinin arxivlərdən toplayaraq nəşr etdirib, ilk dəfə müasir oxuculara çatdırıb ki, onların sırasında Naxçıvan ədəbi mühitinin yetirmələri olan Eynəli bəy Sultanovun, Əliqulu Qəmküsarın, Əli Səbrinin, Ələkbər Qəribin, Məmmədəli Sidqinin, Məmmədhüseyn Təhmasibin də əsərləri yer almaqdadır. Bakıda 1910-1911-ci illərdə çıxmış “Yeni füyuzat” məcmuəsinin, Məmmədəli Sidqinin redaktorluğu ilə nəşr olunmuş “Şeypur” jurnalının (1918-1919-cu illər) bütün saylarının transliterasiya edilərək kitablar halında nəşri də H.Həşimli tərəfindən həyata keçirilib.