Bu gün dünyada öz səsi olan ölkəmiz inkişafının yeni mərhələsində daha uğurlu sabahlara doğru inamlı addımlar atır. İqtisadi imkanları getdikcə genişlənir. Bu isə hər bir Azərbaycan vətəndaşının yaxşı yaşayışına öz müsbət təsirini göstərir. Elə uzağa getmədən muxtar respublikamızda da bu prosesi bütün çalarları ilə görmək mümkündür. Əhalinin öz imkanları hesabına yeni fərdi evlər inşa etməsi, rahatlığının təminatı üçün müasir avtomobillər alması bu günün reallığıdır. Bir haşiyə çıxaraq qeyd edim ki, neçə illər əvvəl belə bir statistik məlumat mətbuat səhifələrində özünə yer almışdı. Məlumatda deyilirdi ki, bir neçə il sonra Naxçıvan şəhərində avtomobil tıxaclarının yaranması qaçılmazdır və bu, məsələnin bir tərəfidir. Əsas məsələ ondadır ki, avtomobil tıxacları əhalinin maddi rifah halı yüksək səviyyədə olan yerlərdə yaranır. Bu günün reallığı belə deməyə əsas verir ki, dövrümüzdə avtomobil bolluğunu təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın rayon mərkəzlərində, böyük kənd yaşayış məntəqələrində də görürük. Təbii ki, avtomobili idarə etmək üçün sürücülük təhsilinin yüksək səviyyədə qurulması zərurəti yaranır. Bu tələbatın ödənilməsi istiqamətində isə qədim diyarımızda məqsədyönlü tədbirlər həyata keçirilir. 2012-ci il avqust ayının 15-də Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi Kompleksinin yeni binasının istifadəyə verilməsini də bu tədbirlərin davamı kimi qiymətləndirmək olar.