22 Dekabr 2024, Bazar

Bu gün dünyada öz səsi olan ölkəmiz inkişafının yeni mərhələsində daha uğurlu sabahlara doğru inamlı addımlar atır. İqtisadi imkanları getdikcə genişlənir. Bu isə hər bir Azərbaycan vətəndaşının yaxşı yaşayışına öz müsbət təsirini göstərir. Elə uzağa getmədən muxtar respublikamızda da bu prosesi bütün çalarları ilə görmək mümkündür. Əhalinin öz imkanları hesabına yeni fərdi evlər inşa etməsi, rahatlığının təminatı üçün müasir avtomobillər alması bu günün reallığıdır. Bir haşiyə çıxaraq qeyd edim ki, neçə illər əvvəl belə bir statistik məlumat mətbuat səhifələrində özünə yer almışdı. Məlumatda deyilirdi ki, bir neçə il sonra Naxçıvan şəhərində avtomobil tıxaclarının yaranması qaçılmazdır və bu, məsələnin bir tərəfidir. Əsas məsələ ondadır ki, avtomobil tıxacları əhalinin maddi rifah halı yüksək səviyyədə olan yerlərdə yaranır. Bu günün reallığı belə deməyə əsas verir ki, dövrümüzdə avtomobil bolluğunu təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın rayon mərkəzlərində, böyük kənd yaşayış məntəqələrində də görürük. Təbii ki, avtomobili idarə etmək üçün sürücülük təhsilinin yüksək səviyyədə qurulması zərurəti yaranır. Bu tələbatın ödənilməsi istiqamətində isə qədim diyarımızda məqsədyönlü tədbirlər həyata keçirilir. 2012-ci il avqust ayının 15-də Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi Kompleksinin yeni binasının istifadəyə verilməsini də bu tədbirlərin davamı kimi qiymətləndirmək olar.

Məlumat üçün bildirək ki, məktəb 1953-cü ildə “Avtomoto­klub” adı ilə yaradılıb. 1977-ci ildən fəaliyyətini Naxçıvan Avtomobil Məktəbi kimi davam etdirib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 mart tarixli müvafiq Qərarı ilə məktəbin bazasında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi yaradılıb.
Məktəbin direktoru Rəfail Abdullayev deyir ki, cəmiyyətin inkişafında böyük əhəmiyyət daşıyan peşə təhsili sistemi bu gün dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Muxtar respublikamızda iqtisadi sahədə əldə edilən yüksəliş müxtəlif peşə sahiblərinə olan tələbatı da xeyli artırıb. Bunlardan biri də sürücülükdür. Əvvəllər məktəb köhnə binada fəaliyyət göstərib. Bu da tədrisin yüksək səviyyədə həyata keçirilməsinə müəyyən əngəllər törədib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə yeni məktəb və yataqxana binalarının istifadəyə verilməsi istər pedaqoji kollektiv, istərsə də müdavimlər üçün sevindirici, əlamətdar hadisə oldu. Çalışırıq ki, yaradılan şəraitdən düzgün istifadə edək, işimizi günün tələbləri səviyyəsində quraq.

Məktəb kompleksinin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Hər bir müdavim sürücülük vəsiqəsi almaqla yanaşı, öz peşəsini də dərindən öyrənməli, əsl mütəxəssis kimi hazırlanmalıdır. Məktəbdə təhsil alan müdavimlər dövlətimiz tərəfindən yaradılan şəraitdən düzgün istifadə etməli, ­ölkəmiz üçün yararlı mütəxəssis kimi yetişməlidirlər. İstismarda olan maşın və mexanizmlərdən səmərəli istifadə olunmalı, onların tez sıradan çıxmasının qarşısı alınmalıdır”. Bu tapşırıq və tövsiyələr məktəb kollektivinin məsuliyyət hissini daha da artırıb. Odur ki, məktəbdə tədrisin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanılır. Məlumat üçün bildirək ki, sürücülük peşəsinə yiyələnənlərin sayı ilbəil artır. Bunun ifadəsidir ki, 2010-cu ildən 2019-cu ilədək burada 20 min 252 müdavim təhsil alıb. Onların 1122-si qadınlar olub. Bu təhsil ocağı ölkəmizdə yüksək şəraitə və maddi-texniki təchizata malik olan yeganə məktəbdir. Burada elektron lövhəli siniflər, metodik kabinələr, avtotrenajor sinfi fəaliyyət göstərir. Hazırda məktəbdə hər birində 30 nəfər olmaqla, 13 qrup var. İki mərtəbədən ibarət olan binada 20 sinif otağı müəllim və müdavimlərin ixtiyarına verilib. Binanın birinci mərtəbəsində qarderob, sənədlərin qəbulu otağı, tibb məntəqəsi, anbar, iş otaqları, avtomobillərin quruluşu və istismarı, təcrübə-məşğələ və avtotrenajor sinifləri yerləşir. İkinci mərtəbədə metodik kabinələr, kompüter otağı, tibbi hazırlıq, yol hərəkəti qaydaları və ümumi hərbi hazırlıq sinifləri ayrılıb.

Sinif otaqlarında məşğələlərin gedişi ilə tanış olduq, müəllimlərlə görüşüb söhbət etdik. Nəzəri dərslərin keçilməsi üçün hər bir şəraitin yaradıldığı sinif otaqlarında məlumat stendləri, müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri özünə yer alıb. Məktəbin müəllimləri Sərxan Babayev və Məhərrəm Abbasov deyirlər ki, siniflərin əyani vəsaitlərlə zəngin olması keçilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsinə, bacarıqlı mütəxəssislərin hazırlanmasına köməklik göstərir. Sürücü olmaq istəyənlər avtotrenajor siniflərində avtomobillərin idarə edilməsini praktik olaraq mənimsəyirlər. Avtotrenajorlardan biri yük, digəri isə minik maşını tiplidir. Bu avtotrenajorlar ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində tətbiq olunub. Avtomobil ilə eyni sistemə malik kabinədən ibarət olan avtotrenajorlarda müxtəlif yol şəraitinə və sürət həddinə uyğun təlimlər keçirilir və sürmənin nəticələri avtomatik olaraq kompüter idarəetmə sisteminə göndərilir. Təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından çox ­əhəmiyyətlidir.
Kompüter otağında 15 kompüter quraşdırılıb, məktəbdə 4 elektron lövhəli sinif yaradılıb. 2 avtotrenajor sinfi də əyani vasitələrlə zənginləşdirilib. Sinif otaqlarına sıra, atəş və mühəndis hazırlığı qaydalarının əks olunduğu stendlər vurulub. Tibbi hazırlıq otağında isə yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilir. Məktəbin müdavimi Elvin Ağalarov ilə də görüşüb həmsöhbət oluruq. O bildirir ki, binanın həyətində yol nişanları və işıqforlar qoyulub, yürüş-təlim meydançası yaradılıb. Təlim meydançasında keçilən məşğələlər qısa zamanda sürücü peşəsinə yiyələnməyə imkan verir. Burada müdavimlərə yol hərəkəti qaydalarına və müxtəlif yol nişanlarının tələblərinə əməl etməklə avtomobillərin idarə olunması praktik olaraq öyrədilir, onlar əyani sürmə vərdişləri əldə edirlər. Bundan başqa, xüsusi qrafik üzrə Naxçıvan şəhərində də sürücülük təlimlərinə qatılırlar.
Məktəbdə aparılan kompleks quruculuq işləri çərçivəsində inşa olunan yataqxana binası da ən müasir tələblər səviyyəsindədir.
Məktəbdən aldığımız təəssüratlar belə deməyə əsas verir ki, burada yaradılan şərait müdavimlərin sürücülük peşəsini dərindən mənimsəmələrinə geniş imkanlar açır. Kollektiv isə bu şəraitdən səmərəli ­istifadə edir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR