22 Dekabr 2024, Bazar

Ümummilli liderin arzularının gerçəkləşdiyi məktəbdə 15 ildir ki,
bilikli və vətənpərvər gənclik yetişdirilir

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Ona görə də Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.

Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəb də təhsilimizin böyük himayədarı ulu öndərin təşəbbüsü ilə yaradılıb və bu, görkəm­li dövlət xadiminin ölkə təhsilində xüsusi çəkisi olan Naxçıvanda həmin strateji sahəyə qayğısının daha bir ifadəsi idi. 2004-cü ildə məktəb üçün müasir arxitektura üslubunda yeni bina inşa edilib, təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.
Həmin il sentyabr ayının 2-də naxçıvanlıların daha çox üçüncü mikrorayon kimi tanıdıqları Babək məhəlləsində məktəb binasının istifadəyə verilməsi təkcə Naxçıvanın təhsil ictimaiyyətinin, şəhər əhalisinin deyil, bütün muxtar respublika sakinlərinin sevincinə çevrilib. Çünki açılış mərasimində ulu öndərin siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev iştirak edirdi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və həm də onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən dövlət başçısı deyib: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”.

Ölkə başçısının həmin sözlərini 15 ildir ki, pedaqoji kollektiv özünün fəaliyyət proqramına çevirib. Bu səbəbdəndir ki, hər tədris ili yüksək nəticələrlə başa çatır. İlk ən böyük nəticə isə məktəbin 2007-2008-ci tədris ilinin yekununa görə, ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır. Heydər Əliyev adına tam orta məktəbi muxtar respublikada digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatmış, tədrisin və təlim-tərbiyə prosesinin təşkilində burada əldə olunmuş təcrübənin geniş şəkildə yayılması üçün ciddi əsaslar yaratmışdı. Elə buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” 2014-cü il 21 avqust tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən həmin il oktyabr ayının 22-də məktəbin 10 illiyi təntənəli şəkildə qeyd edilib.
Yubiley mərasimindəki çıxışında “Vətənpərvər gənclik dövlətin gücü və onun əsas dayağıdır. Bu gün Heydər Əliyev adına tam orta məktəbdə təhsil alan şagirdlərə, məktəbi bitirən məzunlara baxarkən qürur duyuruq. Fəxr edirik ki, gənclərimiz sabahımızın təminatçısı kimi yetişir, Vətənə, Azərbaycançılıq idealına sadiqlik ruhunda tərbiyə olunurlar”, – deyən Ali Məclisin Sədri bu yolda məktəbin müəllim və şagirdlərinə uğurlar arzulayıb.
Dörd mərtəbədən ibarət olan məktəbdə 60 sinif otağı, 5 elektron lövhəli sinif, 3 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otaqları, emalatxana və idman zalı vardır. Yeni dərs ilinə hazırlıq işlərinin gedişi ilə bağlı məlumat almaq üçün məktəbdə olarkən öyrəndik ki, hazırda 1150 şagirdin oxuduğu bu təhsil ocağında 105 müəllim çalışır.
Sinif otaqları və fənn kabinələrində yaradılan şərait dərslərdə əyaniliyin təmin olunmasına, şagirdlərin ən yüksək səviyyədə təhsil almasına, Azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən gənc kimi yetişməsinə imkan verir.
Məktəbin kompüter otaqlarında 57 kompüter dəsti quraşdırılıb, internetə çıxış təmin olunub. Həmçinin elektron lövhəli siniflərdə və laboratoriyalarda da müasir tədris imkanları yaradılıb, elektron dərsliklər və əyani vəsaitlərlə təminat yüksək səviyyədə təşkil edilib. Məktəb zəngin kitabxana fonduna malikdir.
Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Namiq Məmmədovla söhbətimizdə bir qədər əvvəlki illərə qayıtdıq. Müsahibim bildirdi ki, Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoyması ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub. Təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirən ölkə rəhbərinin belə diqqət və qayğısının bəhrələrini muxtar respublikamızın timsalında da görmək olar. Belə ki, son illər qədim diyarımızda 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Həyata keçirilən tədbirlər məzunların buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. Məktəblərimiz müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunub.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli və mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər. Bütün bunlar təhsildə qazanılan uğurların təməlində dayanan amillərdir. Bizim məktəbin kollektivi də bu imkanlardan səmərəli istifadə etməyə səy göstərir.
Məktəbin tədris işləri üzrə direktor müavini Həsən Həsənov deyir ki, 15 ildir, məktəbin kollektivi təhsil ocağında ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyələrini əldə rəhbər tutaraq milli təhsilimizin tərəqqisi naminə çalışır, müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər, müstəqilliyimizin keşiyində dura biləcək gənclər yetişdirilməsi istiqamətində bütün imkanlarını səfərbər edir. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş ulu öndərin adına, Onun ideyalarına layiq olmalıdır. 15 il ərzində buranı yüksək qiymətlərlə bitirənlərdən fərqlənmə attestatı, “Qızıl” və “Gümüş” medal alan məzunlar etimadı yüksək səviyyədə doğruldurlar. Məktəbin şagirdlərindən birinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb.
Təhsil ocağının qazandığı uğurlar belə deməyə əsas verir ki, pedaqoji kollektiv məsuliyyətini dərindən dərk edir, işini dahi rəhbərin adına layiq səviyyədə qurmağa səy göstərir. Elə bu səbəbdəndir ki, Heydər Əliyev adına tam orta məktəb ölkə­mizin ən yaxşı məktəbləri sırasında layiqli yerini qorumaqdadır.
Məzunlar 2018-2019-cu tədris ilində də məktəbin tarixinə yeni uğurlar yazıblar. Qəbul imtahanlarının nəticələri xeyli sevindiricidir. Belə ki, 63 məzunun 57-si ali məktəblərə qəbul olunub. Onlardan 4-ü Türkiyə Respublikasında təhsillərini davam etdirəcək. Abituriyentlərin 8-i 500-600, 7-si 600-700 intervalında bal toplayıb. Məktəbi “Qızıl” və “Gümüş” medalla bitirmiş 4 məzun göstərilən etimadı yüksək səviyyədə doğruldub.
Azərbaycan Respublikasının Əməkdar müəllimi Şəfiqə Əhmədova məktəblilərin müxtəlif yarışlarda iştirakından, qazandıqları uğurlardan danışır:
– 2011-2019-cu illər ərzində 20-yə yaxın şagirdimiz ölkə üzrə keçirilən fənn olimpiadalarının qalibi olub, Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarını alıb. Bu il ölkə üzrə ən yüksək bal toplayan məzunlarımızdan biri olan Abdulla Axundzadə respublika fənn olimpiadasında (fizika) ikinci yerə sahib çıxıb. Abdulla ilə həmsöhbət olduq:
– Bütün abituriyentlər yüksək bal toplamaq, ali məktəb tələbəsi adını qazanmaq arzusunda olur. Onların hamısı uğurlu nəticə əldə edərək həm ailəsini, müəllimlərini sevindirmək, həm də istədikləri təhsil ocağında seçdikləri ixtisasda təhsil almaq istəyir. Lakin abituriyent bu sevinci, sadəcə, yaxşı çalışaraq yaşaya bilər. Mən də arzuma bu yolla çatdım, ali məktəblərə qəbul imtahanlarında 674 bal toplamağa müvəffəq oldum. Bu böyük uğura nail olmağımda təhsil aldığım Heydər Əliyev adına tam orta məktəbdə bizə elmin sirlərini öyrədən müəllimlərin əməyi əvəzsizdir. Ali məktəblərə qəbulda yüksək nəticələr göstərən bütün sinif yoldaşlarım adından onlara minnətdarlığımı bildirir, bizə göstərilən etimadı doğruldacağımıza söz verirəm.
Abdullanın valideyni Elxan Axundzadə kollektivin fəaliyyətindən razılıqla danışır:
– Övladlarım orta təhsillərini bu məktəbdə aldıqlarından bu nümunəvi tədris ocağı ilə həmişə sıx əlaqə saxlayıram. Onu da xüsusi qeyd etmək istəyirəm ki, Heydər Əliyev adına tam orta məktəbdə güclü təhsil ənənələri yaradılıb. Hər il birinci sinfə qəbul edilən və orta təhsillərini başa vuran məzunlar məktəbin həyətində ulu öndər Heydər Əliyevin büstü önündə görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi yol ilə gedəcəklərinə and içirlər. Ali məktəblərdə təhsil alan tələbələrlə kollektivin görüşlərinin təşkil olunması da bir ənənə şəklini alıb. Bu və digər belə tədbirlər şagirdlərdə elmə, təhsilə marağı daha da artırır. O da vurğulanmalıdır ki, məktəb təkcə savadlı məzun yetişdirməklə öz vəzifəsini bitmiş hesab etmir, məzunların dövlətçiliyimizə, müstəqilliyimizə, tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşmasına çalışır.
Yüksək bal toplayan məzunlardan Lalə Abdullayeva da sevincini bizimlə bölüşdü:
– Çəkdiyim zəhmət bəhrəsiz qalmadı. Mənə tələbə sevinci yaşadan müəllimlərimə minnətdaram.
Ali məktəblərə qəbulda uğurlu nəticəsi ilə seçilən daha bir məzun Nurgül Hüseynova deyir ki, on bir il bizim əziyyətimizi çəkən müəllimlərimizə həmişə minnətdar olmalıyıq. Onlar bizim yaxşı təhsil almağımız üçün çalışan ən fədakar insanlardır. Müəllimlərimizin zəhməti qarşısında baş əyir, ali məktəbdə də yaxşı təhsil almaq üçün ciddi çalışacağıma söz verirəm.
Yeri gəlmişkən onu da qeyd edək ki, məktəbin pedaqoji kollektivinin əməyi də layiqincə qiymətləndirilib. Belə ki, təhsil ocağının 5 müəllimi Azərbaycan Respublikasının, 4 müəllimi Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülüb, 4 müəllimi “Tərəqqi” medalı ilə təltif edilib, 1 müəllimi isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Heydər Əliyev adına tam orta məktəbin kollektivi görkəmli dövlət xadiminin bu tövsiyəsini əldə rəhbər tutaraq qazandığı nailiyyətləri son hədd hesab etmir. Yaradılan şərait, göstərilən diqqət və qayğı müqabilində rekord uğura nail olmaq əzmi ilə çalışır. Məktəbin uğuru isə cəmiyyətin uğurudur.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR