Vənənd abad yaşayış məntəqəsinə çevrilib
“Bu gün ölkəmizin ümumi inkişafının tərkib hissəsi kimi muxtar respublikamızda da quruculuq işləri aparılır, kəndlər abadlaşır, yollar çəkilir, yeni məktəblər tikilir, su-kanalizasiya sistemləri qurulur. İnsanların rahat yaşaması, təsərrüfatların inkişafı, əhalinin məskunlaşması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Həyata keçirilən tədbirlər Vənənd kəndinin timsalında aydın görünür. Bu gün Azərbaycanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik, inkişaf və dövlət-xalq birliyi mövcuddur. Ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir ki, sabitlik və inkişaf Azərbaycanın həyat tərzinə çevrilib. Muxtar respublikada da inkişaf təmin olunmuşdur”.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Ordubad rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Vənənd kəndində həyata keçirilmiş kompleks quruculuq tədbirlərindən sonra açılış mərasimi zamanı kənd camaatı ilə görüşündə deyib. Ali Məclisin Sədri onları Vənəndin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə təbrik edərək öz tövsiyələrini də verib: “Vənənd muxtar respublikamızın böyük kəndlərindəndir. Kənddə aparılan quruculuq işləri həcminə görə bir rayonda görülən işlərə bərabərdir. Artıq kənddə bütün sahələr üzrə müasir iş şəraiti yaradılıb. Yaxşı iş şəraiti olan yerdə isə yüksək əhval-ruhiyyə, dövlətə və sabaha inam olur. Bir sözlə, Vənənd müasir Azərbaycan kəndinin nümunəsidir. Ona görə də yaradılanlar qorunmalı və onlardan səmərəli istifadə olunmalıdır”.
Məlumat üçün bildirək ki, kənddə quruculuq tədbirləri çərçivəsində tam orta və uşaq musiqi məktəbləri, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri üçün binalar tikilib, rayonun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu əsaslı yenidən qurulub. Həmçinin fiber-optik, yeraltı, hava rabitə və elektrik, su xətləri çəkilib, elektrik dayaqları basdırılıb, bir neçə transformator yarımstansiyası yenidən qurulub, qaz xətlərində təmir-bərpa işləri aparılıb. 10,7 kilometrlik yol abadlaşdırılıb. Yol yatağı genişləndirilərək asfalt örtük salınıb, su keçidləri qoyulub, 2800 metrlik beton kanal çəkilib. 900 metr uzunluğundakı kənddaxili yollar da təmir olunaraq qum-çınqıl qatı verilib. Bütün bunlar qarlı qış günlərinin birində vənəndlilərə böyük sevinc hissləri yaşadıb. Onlarla söhbətimizdə bunu bir daha gördük. Dövlət qayğısının kənd adamlarına verdiyi yüksək ovqat bizi də sevindirdi.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Yaqut Babayeva uzun illərdir, bu vəzifədə çalışır. Onunla iki mərtəbədən ibarət kənd mərkəzində həmsöhbət oluruq. Deyir ki, mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, o cümlədən Yeni Azərbaycan Partiyası Vənənd kənd ərazi ilk təşkilatı, arxiv və 58 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılıb və lazımi inventarlarla təchiz edilib. Mütaliə həvəskarları kənd kitabxanasındakı 11 min 705 kitabdan istifadə etmək imkanı qazanıb. Burada oxunması zəruri olan kitablardan ibarət sərgi düzəldilib.
Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, 568 yerlik yeni nəsil ATS quraşdırılıb. Kənddə internet istifadəçiləri 228-ə çatıb. Müsahibim onu da vurğulayır ki, bu, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının geniş surətdə tətbiqi və onlardan səmərəli istifadənin təmin olunmasının ifadəsidir. Yeni poçt bölməsi və yeni nəsil ATS-in quraşdırılması isə əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini daha da yüksəltməyə imkan verib.
Yaqut Babayeva söhbət zamanı bir qədər keçmişə qayıdır: – Yadıma illər əvvəl muxtar respublikanın yaşadığı vəziyyət düşür. Nəinki ucqar dağ kəndində, heç rayon mərkəzlərində belə, yeni tikintidən söhbət gedə bilməzdi. Sovet dönəmində tikilmiş binalar da tamamilə sıradan çıxmışdı. Necə deyərlər, hər kəs öz başının hayındaydı. Gündən-günə çoxalan qayğılar insanları məngənə kimi sıxırdı. Onların bu gündən sabaha ümidləri qalmamışdı. Ancaq çətin günün ömrü çox çəkmədi. Ölkəmizin, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın üzərindən qara buludlar dağılmağa başladı. Yeni günlərin təməli də asan qoyulmadı; bu prosesdə insan amili ön plana çəkildi... Reallaşdırılan tədbirlər həyatımızın bütün sahələrinə nüfuz etdi. Paytaxt şəhərimizdən tutmuş ən ucqar dağ və sərhəd kəndlərinə qədər quruculuq işlərinə start verildi. Hər il bir neçə yaşayış məntəqəsi öz əvvəlki görkəmini tamamilə dəyişərək müasirliyə qovuşdu. Bu proses bu gün də davam etdirilir... Bunun ifadəsidir ki, Vənənddə də tikilən obyektlər görkəmi ilə kəndə müasirlik gətirib.
İcra nümayəndəsi ilə yeni obyektləri gəzirik. Bunlardan ən böyüyü kənd tam orta məktəbinin binasıdır. Məktəbin direktoru Təranə İsmayılova pedaqoji kollektivə göstərilən belə qayğı üçün minnətdarlığını bildirərək deyir ki, təhsil ocağının binası müasir tədris şəraitinə və yüksək maddi-texniki bazaya malikdir. Burada dərslərin yeni təlim üsulları ilə tədrisi üçün lazım olan bütün avadanlıqlar quraşdırılıb. Öyrənirik ki, 432 şagird yerlik ikimərtəbəli tam orta məktəbdə 344 şagird təhsil alır. Burada 27 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 kompüter otağı, 3 elektron lövhəli sinif, hərbi kabinə, 2 şahmat sinfi, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbin kitabxana fondunda dərslik və bədii ədəbiyyatlardan ibarət 9830 kitab vardır. Kompüter otaqlarında isə 43 kompüter quraşdırılaraq internetə qoşulub. Təhsil ocağındakı müasir laboratoriyalar, fənn kabinələri, elektron lövhəli siniflər dərslərin yüksək səviyyədə tədrisinə imkan yaradıb. Məktəbin həyətində açıq idman qurğuları qoyulub. Bu imkanlardan səmərəli istifadə olunmasına ciddi önəm verilir.
Məktəbin müəllimi Yəhya Rzayev deyir ki, belə şərait müqabilində başlıca vəzifəmiz dövlətə, dövlətçiliyə layiq vətənpərvər nəsil yetişdirməkdir. Təbii ki, bugünkü gənc bütün müsbət keyfiyyətləri özündə cəmləşdirməli, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalı, öz dilini, ədəbiyyatını, tarix və mədəniyyətini bilməli, yüz illər boyu formalaşaraq bu günümüzə gəlib çatmış milli-mənəvi dəyərlərimizə sahiblik hissini həyat amalına çevirməli, ərazi bütövlüyümüz, sərhədlərimizin qorunmasında üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə hazır olmalıdır. Pedaqoji kollektivimiz çalışır ki, şagirdlərimiz məhz belə tərbiyə olunsunlar. Qazandığımız nailiyyətlər deməyə əsas verir ki, müəllimlərimizin çəkdikləri zəhmət hədər getmir. Hər il məktəb məzunlarının böyük əksəriyyəti yüksək ballarla ali məktəb tələbəsi adını qazanır. Yeni məktəb binası və burada yaradılan müasir şərait imkan verəcək ki, qarşıdakı illərdə tələbə adını qazanan məzunlarımızın sayı daha da çox olsun.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şövkət Kərimova deyir ki, Vənənd tarixən təhsilə önəm verən bir yer olub. Bu torpaq həmişə fəxr edir ki, Vənənd şair Qüdsi Vənəndinin doğulub boya-başa çatdığı yurd yeridir. Müxtəlif elm, təhsil ocaqlarının məzunları kəndə gələrkən onlarla şagirdlərin görüşlərini təşkil edirik. Bu da bugünkü gəncliyin vətənpərvərlik ruhunda böyüməsi, təhsilli olmağa ruhlandırmaq məqsədi daşıyır. İstifadəmizə verilən müasir təhsil ocağı isə məsuliyyətimizi daha da artırıb...
Kənddə həm də 3 mərtəbəli uşaq musiqi məktəbi fəaliyyət göstərir. Əvvəllər köhnə binada yerləşən bu məktəb çox uğurlara imza atıb, muxtar respublika və ölkə səviyyəli tədbirlərdə iştirak edən şagirdlər yüksək yerlərə sahib olublar. Yeni binanın isə belə uğurların sayının daha da çox olacağına imkan yaradacağı şəksizdir. Bu fikrimizlə razılaşan məktəbin direktoru İsa Salmanovdan öyrənirik ki, burada direktor və müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, saz, kamança, nəfəsli alətlər, tar, fortepiano, xanəndəlik sinifləri olmaqla, 34 sinif otağı, 22 yerlik konsert zalı, musiqi ədəbiyyatı və oxunması zəruri olan kitablarla da təmin edilmiş kitabxana, musiqi alətlərinin təmiri otağı və arxiv yerləşir.
Məktəbdə xalq çalğı və nəfəsli alətlər orkestrləri, sazçalan və nağaraçalanlar ansamblları, eləcə də xor kollektivi yaradılıb. Burada milli mədəni dəyərlərimizə ehtiramın bir daha şahidi olduq. Məktəbdə yaradılmış musiqi alətlərinin təmiri otağı müxtəlif zəruri təmir alətləri ilə təchiz olunub. Musiqi alətlərini məktəbin müəllimi Vahid Məmmədov təmir edir.
Baş həkim, stomatoloq üçün kabinə, palata, tibb bacısı, fizioterapiya, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek və texniki otaqdan ibarət olan həkim ambulatoriyasına stomatoloji qurğu, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilib. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə, ultrayüksəktezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı və solyuks lampası ilə təmin olunub.
Səhiyyə müəssisəsində qeydiyyat elektron formada aparılır. Burada quraşdırılan kompüter səhiyyə informasiya idarəetmə sisteminə qoşulub. Səhiyyə ocağının kollektivi ambulatoriyaya müraciət edənlərə böyük fəallıqla öz köməkliyini göstərir, tibbi maarifləndirmə işlərinə böyük önəm verirlər. Bütün bunlar isə kənd adamları tərəfindən razılıqla qarşılanır.
Tibb bacısı Sevinc Səfərova deyir ki, ulu öndərimiz Heydər Əliyevin ölkəmizin inkişafında mühüm xidmətləri vardır. Bu gün qürur duyuruq ki, dahi şəxsiyyətin siyasi xətti muxtar respublikamızda da uğurla davam etdirilir, bütün kəndlərimizdə müasir şərait yaradılır. Bunu Vənəndin timsalında da görmək olar. O, “Şərq qapısı” qəzetindən gəldiyimi bilib qəzet vasitəsilə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını çatdırmağı xahiş etdi.
Vənəndlilərə göstərilən dövlət qayğısının daha bir ifadəsi yeni xidmət mərkəzinin istifadəyə verilməsidir. Burada gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 3 anbar yerləşir. Elə buradaca görüşüb həmsöhbət olduğum Əfifə Bağırovanın 97 yaşı var. Onun ailəsində 7 övlad böyüyüb. Hamısı ali təhsil alıb. Ona görə də bu ocağı ziyalılar ailəsi kimi tanıyırlar.
El ağbirçəyi deyir ki, Vənənd zəngin təbiətə malik bir yurd yeridir. Bu da uzunömürlülüyün vacib şərtidir. Burada istehsal etdiyimiz məhsullar – bal, pendir, ət, müxtəlif meyvələr özümüzü tamamilə ödəyir, yerdə qalanını bazara da çıxarırıq. Vənəndin ərazisində müalicəvi otlar da çoxdur. Onları da yığıb istifadə edirik. Həmyerlilərim Naxçıvan şəhərində keçirilən müxtəlif festivallarda, satış-yarmarkalarda öz məhsulları ilə iştirak edir, ailə büdcələrinə xeyli gəlir gətirirlər. İllər də bir-birindən uğurlu gəlir. Ötən ili də bol məhsulla başa vurduq. Kəndimizin belə gözəlləşməsi isə məni ürəkdən sevindirir. Arzu edirəm ki, bu kənd, bu rayon, muxtar respublikamız həmişə sevinc içərisində yaşasın.
Yeri gəlmişkən onu da qeyd edim ki, Vənənd muxtar respublikamızın iqtisadiyyatına öz töhfəsini verən böyük yaşayış məntəqələrindən biridir. Kənddə sahibkarlıq subyektləri, ailə təsərrüfatları bu işdə mühüm rol oynayırlar. Bu gün burada fəaliyyət göstərən “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətində 150-dək adda məhsul istehsal edilir. Həmin məhsullar muxtar respublika ilə yanaşı, Bakıda da özünə xeyli alıcı qüvvəsi tapıb.
Onlarla ailə təsərrüfatında dadlı meyvələr, şirələr, turşular, heyvandarlıq məhsulları istehsal olunur. Artıq Vənəndin torpaq qədri bilən, onun səxavətini görən insanları yetişdirdikləri məhsulun əllərində qalacağı barədə düşünmürlər. Bilirlər ki, bu istiqamətdə zəruri olan bütün tədbirlər həyata keçirilib. Bu isə onları torpaqdan daha möhkəm yapışmağa sövq edib. Çalışırlar, məhsul yetişdirirlər, həm özləri qazanır, həm də daxili bazarımız.
Ailə təsərrüfatı başçısı Xaliq Mailov deyir ki, Vənəndin “Hacı Zeynalabdin”, “Hacı Zeynal”, “Məscid”, “Kahadalı”, “Böyük güştülük” adlanan bağlarında yetişdirilən ərik, güştü, cəviz sortlarını saxlamağa, artırmağa çalışırıq. Nişov, Nağdı, Qasım çeşmələrindən qidalanan bağlarda yetişdirilən meyvələr dad-tamı ilə seçilir. Odur ki, hər ilin yaz və payız mövsümlərində yeni meyvə tingləri əkilir, cəviz, alma, heyva bağları salınır.
... Daha bir yaşayış məntəqəmiz müasirlik donuna büründü. Gözəlləşdi, bir sıra problemləri öz həllini tapdı. Qəsəbə timsallı bu yurd yerinin insanları görülən belə genişmiqyaslı tədbirlərin məhz onların yaxşı yaşamaları üçün həyata keçirildiyini dərindən dərk edirlər, muxtar respublikanın ictimai-siyasi həyatında gedən proseslərdə fəallıq göstərirlər. Bilirlər ki, bu prosesin təməlində düzgün seçilən yol dayanıb. Bu gün vənəndlilərin də hər biri bütün naxçıvanlılar kimi o yolun yolçusudur.
Muxtar MƏMMƏDOV