22 Dekabr 2024, Bazar

Hər bölgəsi çiçəklənən bir diyardan soraq verən doğma Naxçıvanımızın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı statusunu daşıması, ötən ilin muxtar respublikada uğurla başa vurulması sevincimizin üstünə daha bir sevinc gətirib. Paytaxt şəhərimizdən tutmuş rayon mərkəzlərinə, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinədək yeniliyə qovuşan regionumuz bu gün ayrı büsatdadır. Şərur rayonunda da quruculuq işlərinin, abadlıq tədbirlərinin həcmi daha da artıb. İqtisadiyyatda böyük uğurlar qazanılıb. Həyatın bütün sahələrində əldə edilən nailiyyətlər insan amilinə göstərilən qayğının ifadəsi kimi dəyərləndirilib. Fikirlərimizə 2017-ci ilin timsalında aydınlıq gətirmək istədik. Üz tutduq Şərura. 

Müasirləşmədə başlıca amillərdən biri quruculuq tədbirləridir

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 563 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 1,4 faiz artaraq 73 milyon 571,2 min manat olub.

Bu dövrdə, ənənəvi olaraq, təhsil sahəsi diqqət mərkəzində saxlanılıb. Belə ki, Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Çəmənli kəndində 380, Qarahəsənli və Ələkli kəndlərinin hər birində 234, Ərəbyengicədə 192 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilib. Kənd və xidmət mərkəzlərinin tikintisi diqqətdə saxlanılıb, Arpaçayda, Ərəbyengicədə, Qarahəsənlidə kənd və xidmət mərkəzləri, Ələklidə xidmət mərkəzi və mərasim evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bundan başqa, Ələklidə musiqi məktəbi və Ərəbyengicədə həkim ambulatoriyası üçün yeni binalar inşa olunub.
Rayon Mərkəzi Xəstəxanasında, Şərur şəhərindəki Heydər Əliyev prospektində yerləşən 35 nömrəli 60 mənzilli yaşayış binasında və Dəmirçi kəndində futbol meydançasında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Hazırda Yengicə kəndindəki qədim hamam binası, Şərur şəhərində Tarix-Diyarşünaslıq Muzeyi və Qarxun kəndi ərazisində Daxili Qoşunlar üçün nəzərdə tutulmuş infrastruktur binalarında tikinti və yenidənqurma işləri davam etdirilir.
Həyata keçirilən quruculuq tədbirlərində rayon Yol Təmir-Tikinti İdarəsi inşaatçılarının da böyük əməyi olub. Belə ki, 5,3 kilometr uzunluğunda Ələkli, 2,9 kilometr məsafədə Qarahəsənli kənd avtomobil yoluna, 9,7 kilometr uzunluğunda Dərvişlər, Arpaçay, Çəmənli və Babəki kəndlərini birləşdirən avtomobil yollarına, Aşağı Aralıq və Yuxarı Aralıq kəndlərini, 10,8 kilometr məsafədə Vərmə­ziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə kəndlərini birləşdirən avtomobil yollarına isə asfalt örtüyü salınıb. Ümumilikdə, 2017-ci ildə kənd yaşayış məntəqələrinin avtomobil yollarında 22,2 kilometr uzunluğunda asfaltlama işləri aparılıb. 13,7 kilometr uzunluğunda əsaslı, 8,5 kilometr uzunluğunda kəndarası, 24,2 kilometr uzunluğunda isə kənddaxili yollarda cari təmir işləri həyata keçirilib.
Bölgədə elektrik enerjisi ilə təchizat sahəsində də müəyyən işlər görülüb. Belə ki, 26 transformator əsaslı, 70 transformator cari təmir olunub, müxtəlif gücə malik 3 yeni transformator, 505 mənzilə yeni sayğac quraşdırılıb. Qaz İstismar İdarəsi tərəfindən il ərzində 150 abonentə və 15 qeyri-yaşayış sahəsinə yeni qaz xətti çəkilib, 125 qaz sayğacı yenisi ilə əvəz edilib.
Bəhs olunan dövrdə rayonun Ələkli, Çəmənli, Arpaçay, Qara­həsənli kəndlərində aparılan abadlıq işlərinə uyğun olaraq rabitə şəbəkəsi tamamilə yenidən qurulub və bir sıra kəndlərdə köhnətipli ATS-lər yeniləri ilə əvəz olunub. Həyata ­keçirilən tədbirlər sayəsində kənd ATS-nin tutumu 704 ədəd artaraq 16996-ya çatdırılıb.
Aydındır ki, bölgədə həyata keçirilən tədbirlər tikinti-quruculuq işləri ilə məhdudlaşmayıb. Müxtəlif sahələrin inkişafına göstərilən dövlət qayğısı həmin sahələrdə də yeniləşməni daha yüksək müstəviyə ­çıxarıb.

Ərzaq təhlükəsizliyi yerli məhsullar hesabına təmin olunur

Şərurun iqtisadiyyatında taxılçılıq mühüm yer tutur. Bölgənin məhsuldar torpaq sahələri, uzun illərin təcrübəsi və yaradılan şərait bu sahənin inkişafına marağı getdikcə artırır. Bu səbəbdəndir ki, ötən il də taxılçılıqda yüksək göstəricilərə nail olunub. Belə ki, 3598 hektar sahədən 11 min 467 ton buğda, 546 hektar sahədən 1704 ton arpa tədarük edilib. Cari ilin məhsulu üçün ötən ilin payızında 4008 hektar sahədə dən üçün payızlıq səpin aparılıb. Bunun 3602 hektarı buğda, 406 hektarı isə arpadır.
İkinci çörək sayılan kartofun əkilib-becərilməsinə də ciddi önəm verilib. Bəhs olunan dövrdə 1064 hektar kartof əkini sahəsindən 15 min 889 ton kartof tədarük edilib.
Bostan məhsullarının əkilib- becərilməsinə üstünlük verilən bölgədə torpaq mülkiyyətçiləri 475 hektar bostan bitkiləri əkini sahəsindən 6536 ton bostan məhsulları yığıblar.
Muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi də diqqətdə saxlanılıb. Belə ki, torpaq mülkiyyətçiləri və sahibkarlar 1814 hektar tərəvəz bitkiləri əkini sahəsindən 33 min 645,3 ton tərəvəz məhsulları, barverən meyvə bağlarından 20 min 940,4 ton, üzüm bağlarından 1532 ton məhsul tədarük ediblər.
Onu da qeyd edək ki, rayonda son illər arıçılığa da maraq xeyli artıb. Bu səbəbdəndir ki, ötən il bölgədə 182 ton bal istehsal olunub. Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən isə 2017-ci ildə 162 min manat dəyərində balıq satılıb. Bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
Ümumilikdə, 2017-ci ildə rayonun kənd və balıqçılıq təsərrüfatlarında 140477,2 min manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 3,5 faiz çoxdur. Bu da stimullaşdırıcı tədbir kimi vurğulanmalıdır ki, il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 556 min 670 manat məbləğində yardım, güzəştli şərtlərlə 1182 ton gübrə verilib.
Məlumat üçün qeyd edək ki, bəhs olunan dövrdə yeni istehsal və emal müəssisələrinin yaradılması davam etdirilib, rayonun Yengicə kəndində 1 quşçuluq, Şahbulaq kəndində 1 arıçılıq, Dərvişlər, Kürçülü, Axura, Danyeri kəndlərinin hər birində 1 heyvandarlıq təsərrüfatı, Şərur şəhərində isə 1 un məmulatları sexi yaradılıb. Bu isə bölgədə sahibkarlığın inkişafına diqqət göstərilməsinin ifadəsidir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi davamlı xarakter alıb

Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ünvanlı sosial yardım alan 265 ailə­nin 975 nəfərinə 507 min 134 manat vəsait ödənilib. “Şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 54 şəhid ailəsinə 114 min 951 manat Prezident təqaüdünün ödənişi təmin edilib. 60 təqaüdçü Azərbaycan Respublikasının müxtəlif sanatoriyalarına göndərilib. 1 oktyabr Ahıllar günü münasibətilə qeydiyyatda duran 64 nəfər ahıl vətəndaşa isə ərzaq yardımı, sağlamlıq imkanları məhdud 14 nəfərə əlil arabası, 1 nəfərə eşitmə aparatı, 66 nəfərə əsa, 5 nəfərə isə protez-­ortopedik məmulatlar verilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” işsizlik probleminin ortadan qalxmasına müsbət təsir göstərib. Rayon Məşğulluq Mərkəzində 2017-ci ildə 615 nəfər işaxtaran qeydiyyata alınıb. Onlardan 571 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin olunub. İl ərzində əmək yarmarkalarında 193 nəfərin istəyi real­laşıb, bölgədə aparılan tikinti-abadlıq və kənd təsərrüfatı işləri ilə əlaqədar daha 20 nəfər müvəqqəti işlə təmin olunub.
Ötən il iyun ayının 7-də Şərur rayon Olimpiya-İdman Kompleksinin foyesində rayonun istedadlı ­qadınlarının əl işlərindən ibarət sərgi-satış təşkil edilib. Həmin sərgidə 89 qadının 487 əl işi sərgilənərək satışa çıxarılıb. 3 gün davam etdirilən sərgi-satışdan, ümumilikdə, 2169 manatlıq vəsait əldə edilərək müəlliflərinə təqdim olunub.

Gəldiyimiz qənaət

Son 21 ildə müxtəlif dövlət proqramlarının muxtar respublikamızda ardıcıllıqla, uğurla həyata keçirilməsi, digər bölgələr kimi, bu rayona da canlanma gətirib. Bu gün Şərurda elə bir sahə yoxdur ki, orada inkişaf, dirçəliş, yüksəliş meyilləri hiss olunmasın. Təkcə Şərur şəhərinin deyil, ucqar kəndlərin belə, siması dəyişilib. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, quruculuq prosesi ağuşunda görkəmini dəyişməsin, orada sosialtəyinatlı tədbirlər həyata keçirilməsin. Görülən işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ölkəmizdə bərqərar olunmuş sabitlik və sürətli sosial-iqtisadi inkişafla əlaqələndirərək belə xarakterizə edir: “Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir... Əhalinin rahatlığı üçün lazımi şərait yaradılır, insanlar hərtərəfli qayğı ilə əhatə olunur, yeni sosial obyektlər tikilərək istifadəyə verilir, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bütün bunların həyata keçirilməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur”.
Bölgədə həyata keçirilən tədbirlərə rayon sakinlərinin münasibətini də öyrəndim. Onların söhbətlərinin bir qəzet yazısına sığmayacağını düşünüb bir-iki əsas məqamı oxuculara çatdırmaq qərarına gəldim. Birincisi, görülən işlərə minnətdarlıq hissləri. Böyük səmimiyyətlə ifadə olunan belə hisslər təbiidir. Çünki insan uzun illər həsrətində olduğu gün-güzərana qovuşduğunu görür və dərindən dərk edir ki, bütün bunlar onun üçündür. Onun yaxşı yaşaması üçündür.
İkinci məqam mahiyyət etibarilə elə birinci məqamdan qaynaqlanır. Yəni söhbətlərdən başa düşdüm ki, həyata keçirilən tədbirlərin təməlində muxtar respublikada ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, bu siyasətə böyük sevgi və məhəbbət göstərilməsi dayanır.
Müxtəlif tarixi və əlamətdar hadisələrlə dolu olacaq 2018-ci ilin Şərurun tarixinə yeni izlər yazacağı şübhəsizdir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR