Otuza yaxın kitabın, 330-dan artıq elmi, çoxsaylı qəzet məqalələrinin müəllifi, dörd kitabı və 50-yə yaxın elmi məqaləsi xarici ölkələrdə işıq üzü görən Hüseyn Həşimli uzunmüddətli tədqiqatlarının nəticəsi olan “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı” adlı yeni kitabını elmi-ədəbi, pedaqoji ictimaiyyətə təqdim edib.
Xatırladaq ki, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor H.Həşimli müxtəlif vaxtlarda M.Hadi, A.Divanbəyoğlu, A.Sur, A.Səhhət, Ə.Müznib, S.Səlmasi, Ə.Səbur, N.Bəsir və bəzi digər ədiblərin bir sıra əsərlərini iyirminci əsrin ilk onilliklərinə aid müxtəlif qəzet və jurnallardan, kitablardan, həmçinin arxivlərdən toplayaraq nəşr etdirib, ilk dəfə müasir oxuculara çatdırıb ki, onların sırasında Naxçıvan ədəbi mühitinin yetirmələri olan Eynəli bəy Sultanovun, Əliqulu Qəmküsarın, Əli Səbrinin, Ələkbər Qəribin, Məmmədəli Sidqinin, Məmmədhüseyn Təhmasibin də əsərləri yer almaqdadır. Bakıda 1910-1911-ci illərdə çıxmış “Yeni füyuzat” məcmuəsinin, Məmmədəli Sidqinin redaktorluğu ilə nəşr olunmuş “Şeypur” jurnalının (1918-1919-cu illər) bütün saylarının transliterasiya edilərək kitablar halında nəşri də H.Həşimli tərəfindən həyata keçirilib.
Ədəbiyyatşünas alimin “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı” adlı yeni monoqrafiyası da onun bu yöndəki araşdirmalarının davamı kimi özünəməxsus əhəmiyyət daşıyır. Bakıda 1911-1920-ci illərdə uşaqlar üçün nəşr olunmuş “Məktəb” jurnalı şagirdlərin dünyagörüşünü zənginləşdirmək, biliklərini dolğunlaşdırmaq, sağlam ruhda tərbiyəsinə xidmət göstərmək məqsədi daşıyan, ədəbi və didaktik materiallarla zəngin olan bir dərgi kimi Azərbaycan pedaqoji fikir tarixində mühüm iz qoyub.Həmin jurnalın səhifələrində Naxçıvan ədəbi mühitinin yetirmələri də müxtəlif janrlı əsərlərlə çıxış etsələr də, indiyədək həmin materialların əksəriyyəti lazımi tədqiqata cəlb olunmayıb. Bu ehtiyacı nəzərə alan H.Həşimli naxçıvanlı yazıçıların “Məktəb” jurnalı ilə çoxşaxəli yaradıcılıq əlaqələrini ilk dəfə sistemli şəkildə araşdırıb.
Müəllif monoqrafiyanın “Hüseyn Cavidin şeirləri “Məktəb” jurnalında” adlı ilk fəslində yazır: “Naxçıvan ədəbi mühitinin yetirməsi olan bir sıra şair və yazıçılar “Məktəb” jurnalı ilə yaxından əlaqə saxlamış, onun fəaliyyəti ilə maraqlanmış, dərginin səhifələrində çıxış etmişlər. Bu baxımdan məşhur romantik ədibimiz Hüseyn Cavidin, yazıçı-publisistlərdən Məmmədəli Sidqi Səfərovun, Əli Səbri Qasımovun, Ələkbər Qərib Naxçıvanlının və digərlərinin adlarını xatırlada bilərik. Adları çəkilən müəlliflərin “Məktəb” dərgisi ilə əlaqələri bir neçə istiqamət üzrə olmuşdur. Onlar həm jurnalın qayğılarına diqqət yetirmiş, bu barədə mətbuatda məqalələr, məlumatlar vermiş, həm də dərginin səhifələrində orijinal əsərlər və tərcümələr dərc etdirmişlər”.
H.Həşimli həmin fəsildə Hüseyn Cavidin “Məktəb” jurnalında çıxmış “İlk bahar” və “Bir qız” şeirlərinə nəzər salıb, həmin bədii nümunələrin jurnaldakı ilk variantlarını şairin sonrakı kitablarında gördüyümüz mətnlərlə ilk dəfə müqayisəli təhlilə cəlb edib, fərqləri aydınlaşdırıb. H.Cavidin hazırda “Qız məktəbində” adıyla tanınan, “Məktəb” jurnalında isə “Bir qız” başlığı ilə verilmiş şeirinin yazılma tarixi ilə bağlı bəzi ədəbiyyatşünaslıq əsərlərində yer almış fərqli fikirlərə də münasibət bildirən tədqiqatçı müvafiq dəqiqləşdirmələr aparıb. Şairin sovet dövründə çıxmış kitablarına daxil edilməyən “İsmayıl bəy” şeiri də bu fəsildə özünün elmi-ədəbi təhlilini tapıb. Romantik ədibin hər üç şeiri ideya-bədii baxımdan təhlil olunaraq uşaq ədəbiyyatımızın diqqətəlayiq nümunələri kimi dəyərləndirilib.
“Məktəb” jurnalında çıxış etmiş naxçıvanlı yazıçılardan Məmmədəli Sidqi, Əli Səbri, Ələkbər Qərib kimi unudulmuş müəllifləri oxuculara daha yaxşı tanıtdırmaq üçün sonrakı müvafiq fəsillərin əvvəllərində onların həyat və yaradıcılığı ilə bağlı verilən müfəssəl məlumatlar alınan təəssüratı uğurla tamamlayır. Məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin oğlu, tanınmış yazıçı-publisist Məmmədəli Sidqinin adı ədəbiyyat, mətbuat, maarif və mədəniyyət tariximizdə önəmli yerlərdən birini tutur. Hüseyn Həşimli buna monoqrafiyanın “Məmmədəli Sidqinin hekayələri ədəbi-pedaqoji yaddaş işığında” fəslində işıq salır. Məmmədəli Sidqinin 1914-1915-ci illərdə “Məktəb” jurnalında dərc olunmuş “Məktəbə gec gələn şagird”, “Bədnəfs uşaq”, “Çalışqan məktəb şagirdi dilindən”, “Mütaliə sevən Əhməd”, “Cümə günləri”, “Dərsə həvəsi olmayan şagird” və digər pedaqoji-didaktik hekayələrini ilk dəfə aşkara çıxarıb tədqiqata cəlb edən H.Həşimli onların əsas məziyyətlərini, tərbiyəvi qayəsini aydınlaşdırıb, bu əsərlərin Məhəmməd Tağı Sidqinin pedaqoji nəsrindən gələn ənənələrlə bağlılığını da diqqətə çatdırıb. Müəllif yazır ki, M. Sidqi uşaq psixologiyasına dərindən bələd olduğu üçün onun hekayələrində uşaq dünyası bütün yönləri ilə qələmə alınırdı. Və “Məktəb”də dərc olunan bu hekayələr öz tərbiyəvi və didaktik təsirinə görə jurnalın dəyərini artırırdı.
Naxçıvan ədəbi mühitinin yetirmələrindən olan Əli Səbri Qasımovun çoxşaxəli yaradıcılıq fəaliyyətinə nəzər salan monoqrafiya müəllifi üçüncü fəsildə onun “Məktəb” jurnalı ilə əlaqələrini geniş şəkildə araşdırıb. Ə.Səbrinin tərcüməçilik fəaliyyəti, o cümlədən 1912-ci ildə, hələ Qori Müəllimlər Seminariyasının tələbəsi ikən məşhur rus yazıçısı Lev Tolstoydan etdiyi “Kəndli və su adamı” hekayəsinin jurnalda nəşrinin izlədiyi tərbiyəvi qayə barədə deyilənlər bu baxımdan maraq doğurur. Ə.Səbrinin o zaman “İqbal” qəzetində “Məktəb” jurnalının nəşrinə kömək, onun təbliği məqsədi ilə dərc etdirdiyi məqaləyə də diqqət yetirilməsi mövzunun tədqiqinə tamlıq gətirir. Analoji mündəricəli bəzi digər yazılar da bu fəsildə öz təhlilini tapmışdır. Bu kimi materiallar göstərir ki, naxçıvanlı yazıçılar əsl ziyalı mövqeyində dayanaraq “Məktəb”in problemləri ilə də maraqlanır, onun abunə və satış məsələlərində köməklərini əsirgəmirdilər.
Naxçıvan ədəbi mühitinin daha bir unudulmuş nümayəndəsi Ələkbər Qərib Abbasov da Qori Seminariyasında təhsil alarkən “Məktəb” jurnalı ilə əməkdaşlıq edib. İstedadlı sənətkarın çoxşaxəli yaradıcılığı fonunda bu jurnaldakı fəaliyyətini araşdıran H.Həşimli yazıçının “Bacı və qardaş” hekayəsini daha ətraflı şəkildə nəzərdən keçirib, onu uşaqların yaş və dünyagörüşünə uyğun bədii nümunə kimi dəyərləndirib. Həmin əsər də monoqrafiyada ilk dəfə araşdırmaya cəlb olunan materiallardandır. Hekayə ilə bağlı bəzi məqamların dəqiqləşdirlməsi də elmi-ədəbi təhlillərə əsaslanır.
Çoxsaylı elmi-ədəbi qaynaqlar və yeni aşkarlanmış materiallar əsasında ərsəyə gəlmiş “Naxçıvanlı yazıçılar və “Məktəb jurnalı” vaxtında işıq üzü görmüş bir kitab kimi həm də o cəhətdən razılıq doğurur ki, müəllif araşdırılan əsərləri əlavələr bölməsində tam halda oxuculara təqdim edib. Bu isə kitabın dəyərini xeyli artırıb. Həmin əsərlərlə tanışlıq göstərir ki, onlar bu gün də uşaqların mütaliə materialları sırasında layiqli yer tuta bilər.
Mətbuat tariximizin bir sıra qaranlıq məqamlarını tədqiqat obyektinə çevirmiş Hüseyn Həşimlinin yeni monoqrafiyasını muxtariyyətimizin 95 illiyinə yubiley hədiyyəsi hesab etməklə ona yeni yaradıcılıq uğurları arzusu ilə
Muxtar MƏMMƏDOV