22 Dekabr 2024, Bazar

Bu yaşayış məntəqəsində milli-mənəvi dəyərlərə ehkam kimi baxılır 

Daha çox uşaqlıq xatirələrimdə yaşayır bu kənd. Ötən əsrin 70-ci illərinin əvvəllərində burada yaşayan qohumlarımgilə gedərdim. Ordubad şəhərindən bir neçə kilometr aralıda qərar tutmuş kiçik yaşayış məntəqəsinin füsunkar təbiəti, mehriban insanları mənə buranı öz kəndimiz qədər sevdirmişdi... Sonrakı illərdə də Gənzəyə yolum düşüb. Gülərüz, səmimi sakinlərinin yenə də bir ailə kimi yaşadıqlarını görmüşəm. Gənzə Ordubad şəhərindən 12 kilometr şimal-şərqdə yerləşir. Ərazisindən keçən Gənzəçay Arazın sol qoludur. Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından başlanır, Ordubad şəhəri yaxınlığında Araz çayına tökülür. Kəndin yaxınlığındakı mineral su bulağı Gənzə­çayın məcrasındadır. Bulağın suyu orta dərəcədə minerallaşmış, hidrokarbonatlı­-sulfatlı, natriumlu, maqneziumlu, kalsiumludur.

Rusiya Federasiyasındakı “Jeleznovodsk” suyu kimi müalicə məqsədilə istifadə etmək olar. Gənzə bulağının suyu tərkibinə və minerallaşmasına görə Ordubad rayonunun digər bulaqlarının suyundan əsaslı surətdə fərqlənir.

Evlərinin qapıları bağlanmayan kənd

Gənzə kəndinə getməyə hazırlaşarkən bu ifadəni xatırlatdıqda həmkarlarımdan biri çox təəccübləndi. Bildirdim ki, süfrələri ruzi-bərəkətli olan, bir-birlərinin xeyir-şərində bir ailə kimi iştirak edən, başqasına əl tutmağı ən böyük xeyirxahlıq kimi dəyərləndirən gənzəlilər tanıdığım digər insanlardan bir çox özəllikləri ilə seçilirlər.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qürbət Əliyevdən Gənzə barədə bir qədər geniş məlumat verməsini xahiş etdim. Gülümsünərək bildirdi ki, Gənzənin ən ağsaqqal sakini Hacı Abbas kişi buradakı adət-ənənələr haqqında daha ətraflı məlumat verər (Bu da gənzəlilərə məxsus adətlərdən biridir ki, bu kəndə gələn qonaqları ilk olaraq ağsaqqallarla görüşdürürlər, onlardan xeyir-dua alırlar).
Üz tuturuq el ağsaqqalının evinə. Bir qədər sonra öyrənəcəyəm ki, bu evdə iki oğul, iki qız böyüdülüb. Hamısı ali təhsil alıb. Ailəlidirlər. Oğlanlar Bakıda, qızların biri Gənzədə, o biri isə rayonun Dırnıs kəndində yaşayır. Hacı Abbas, yoldaşı Arifə xanım, oğlanları Məhərrəm və Səyavuş Həcc, qızları Sinarə və Təranə isə Məşhəd ziyarətlərində olublar.
Hacı Abbas kişinin oğlanları ailələri ilə birlikdə bu gün Bakıdan kəndə qonaq gəlirlər, yoldadırlar. Bir qədər sonra həyətdə səs-küy qalxır. Gələnlər Bakıda yaşayan gənzəli “qonaqlardır”. Qardaşlar içəri keçir, bizə “xoş gəldin” edirlər. Stola çay gəlir, yanında Ordubad limonu, müxtəlif mürəbbələr. Nə vaxt söhbətə qızışdığımızı bilmirik. Gəlişimin səbəbini öyrənən Məhərrəm deyir ki, Gənzəyə məxsus olan özəlliklərin sorağı ilə bu kəndə respublikamızın digər yerlərindən də üz tuturlar. Ağsaqqal sözü bu kənd üçün yazılmamış qanun və ehkamdır. Onların bir sözü iki ola bilməz.
Səyavuş söhbətə qoşulur:
– Gənzəlilər üçün xarakterik olan ən başlıca xüsusiyyətlərdən biri onların gördükləri hər hansı xeyirxah işin kim tərəfindən həyata keçirildiyini deməmələridir. Bu kənddə dini dəyərlərə ehtiram yüksək səviyyədədir. Müxtəlif dini ocaqları ziyarət edən 20 yaşdan yuxarı gənzəlilər 70 faizdən çoxdur. Kənddə adətdir. Bir nəfər ziyarətə gedirsə, onu bütün kənd yola salır. Qarşılanma mərasimi də eləcə. Ziyarətdən qayıtdıqdan sonra verilən ehsanın kim tərəfindən hazırlandığını çoxları bilmir. Gənzəli xeyriyyəçilər təkcə öz kəndimizdə xeyriyyəçilik etmirlər. Rayonun digər yaşayış məntəqələrində də onlar xeyirxah iş sahibləri kimi tanınıblar.
Gənzədə iki məscid binası var. Hər ikisi təmir olunub. Kəndin mərkəzində olan böyük məscidin həyətində mərasim evi inşa edilib. Bura qaz və telefon xətləri çəkilib. Kəndi gəzərkən evlərin qapılarının bağlanmadığını bir daha öz gözlərimlə gördüm. Məscidlərin və mərasim evinin qapıları taybatay açıq idi. Bildirdilər ki, qapılar axşamüstü örtülür.

Örnək olan adətlərə ehkam kimi yanaşılır

Qədim tarixi olan bu kənddə örnək ola biləsi çoxlu adətlər var. Heç vaxt kənd toylarına dəvətnamələr yazılmayıb. Bu gün də belədir. Bircə dəfə kənd meydanında elan olunur ki, filan vaxt filankəsin evində şadlıq mərasimi var. Naharda qadınlar iştirak edir, axşam isə kişilər. Toyların ən yaxşı xüsusiyyətlərindən biri burada pul yığılmamasıdır (onu da qeyd edək ki, yas mərasimlərində də bu adət yoxdur). Toy mərasimləri, adətən, kənddə tikilən “Həsənoğlu” şadlıq sarayında keçirilir. Milli toy adətlərimizə dəqiq əməl olunur. Heç kim mövcud ənənələrdən kənara çıxa bilməz. Gənzəlilər imkanlı adamlar olmalarına baxmayaraq, israfçılığı xoşlamırlar. Stolların üstünə düzülən nemətlərin qədərində olmasına xüsusi fikir verirlər. Kənd toylarında milliliyin qorunub saxlanılmasını ifa olunan musiqi nömrələrindən də görmək olar. Cavanlar oynamağa, adətən, yaşlı adamlar toydan getdikdən sonra çıxırlar.
Toydan söhbət düşmüşkən onu da deyim ki, burada hələ boşanan ailə qeydə alınmayıb. Boşanmaq üçün ən başlıca səbəb sayılan sonsuzluq belə, bu hadisəyə yol verməyib. Fətulla adında bir gənzəli həyat yoldaşı ilə dünyadan övlad görmədən köçüb. Hər cümə axşamı onların evlərinin işığını yandırmağı gənzəlilər özlərinə borc bilirlər. Bundan xeyirxah iş ola bilərmi?
Bu yaşayış məntəqəsinin sakinləri Ordubadın bir çox kəndlərində məscidlər tikdirib və ya təmir etdiriblər. Xeyriyyəçiliklə məşğul olan gənzəlilər böyrəklərindən əziyyət çəkən iki həmyerlisinə yeni böyrək alınmasında yardımçı olublar. Həmin insanlar bu gün şad-xürrəm ömür sürürlər. Desəm ki, bu kənddə küsülü yoxdur, yəqin ki, ya təəccüblənəcək, ya da inanmayacaqsınız. Öz işinizdir. Həqiqətdə belədir.
Adətən, Novruz bayramında yaxın qohum və qonşuları görməyə gedirik. Gənzədə isə qohum və qonşuluğunda yaşayanlar deyil, öncə cavanlar və ortayaşlı nəsil kəndin bütün ağsaqqallarını görməyə gedirlər. Bu yaşayış məntəqəsi həm də uzunömürlülər kəndidir. Yaşı 100-dən çox olan Məleykə Həsənova, ömürlərinin onuncu onilliklərini yaşayan ­Əkbər Əkbərov, Qurban Bağırov və başqaları Gənzənin bu günü üçün minnətdarlıqlarını bildirirlər. Qurban kişi deyir ki, kəndlərimizin indiki büsatını görəndə sanki cavanlaşıram.
Gənzə kəndi isə ən müasir yaşayış məntəqəsi ilə yarışa girə bilər. Onlar belə kənddə yaşamaqlarından qürur hissi keçirirlər.

Gənzədə hər il 6-7 fərdi mənzil inşa edilir, kənddə 150-dən çox avtomobil var

Gənzə kəndinin əhalisi həyətyanı təsərrüfat sahələrində öz tələbatları üçün lazım olan əkinçilik məhsullarının istehsalı, meyvəçilik, qismən də heyvandarlıqla məşğul olur.
Bu yaşayış məntəqəsinə də muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən xeyli pay düşüb. 2007-ci ildə Gənzədə həkim ambulatoriyası istifadəyə verilib. Kənd adamlarının rabitə xidmətindən istifadəsini yaxşılaşdırmaq məqsədilə burada 284 yerlik elektron ATS qurulub. Müxtəlif mobil operatorların baza stansiyaları yaradılıb. Kənddə 3 artezian quyusu vurulub. Əhalinin istifadə etdiyi digər su mənbələrinin – Gülməz və Səfiqulu kəhrizlərinin dişgöynədən suyu həm də müalicəvi əhəmiyyətə malikdir. Kəndin mərkəzində xeyriyyəçilərin tikdirdiyi göldən 120 həyətə su xətti çəkilib. Əhali 2 mağazanın xidmətindən istifadə edir. Hər il 6-7 ev inşa olunur. Kənddə 150-dən artıq şəxsi minik avtomobili var.

Quruculuq tədbirlərindən bu kənd də bəhrələnib


Dövlətimizin bu yaşayış məntəqəsinə böyük qayğısının ifadəsi olan daha bir neçə yeni obyekt 2011-ci il noyabr ayının 22-də istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Gənzədəki yeni sosial obyektlərin açılışında deyib: “...Çətin, mürəkkəb günlər artıq arxada qalıb. Azərbaycan bu gün müstəqil dövlət kimi günü-gündən inkişaf edir, möhkəmlənir, dünya birliyində öz layiqli yerini tutur. Bu uğurların təməlində isə ümummilli lider Heydər Əliyevin siyasi xətti dayanır. Ulu öndərimizin yolunu uğurla davam etdirən hörmətli Prezidentimizin səyləri ilə Azərbaycanın bütün regionları inkişaf edir, tərəqqiyə qovuşur. İnsan amilinə qayğı, diqqət ən yüksək səviyyədədir. Bu qayğı özünü Gənzə kəndinin timsalında da aydın göstərir”.
Kompleks quruculuq tədbirləri çərçivəsində Ordubad şəhərindən Anabad kəndinədək uzunluğu 5,5 kilometr olan yolda əsaslı təmir işləri aparılıb, bu kənddən Gənzəyədək 1,5 kilometr yola asfalt örtük salınıb. Həmin gün Gənzədə hazırda 174 şagirdin təhsil aldığı məktəb üçün 306 şagird yerlik yeni bina istifadəyə verilib. Məktəbə də baş çəkdik. Təhsil ocağının direktoru Nazim Nəcəfov deyir ki, məktəbdə kimya, biologiya, fizika və hərbi kabinələr, 15 sinif, kompüter, müəllimlər otaqları, 2 elektron lövhəli sinif, kitabxana, bufet və idman zalı vardır. Məktəbin zəngin kitab fonduna malik kitabxanası müəllim və şagirdlərin ixtiyarındadır. Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş kitablardan ibarət guşə hazırlanıb, adıçəkilən sərəncama əsasən tədbirlər, kitab müzakirələri keçirilir. İnformatika dərslərinin tədrisinin səviyyəsini yüksəltmək üçün məktəb 20 kompüterlə təchiz olunub. Kompüterlərin internetə çıxışları təmin edilməklə 19-u siniflərdə qurulub, şahmatın tədrisində də internetdən istifadəyə şərait yaradılıb.
Məktəb güclü təhsil ənənələrinə malikdir. Qeyd edək ki, orta təhsillərini bu məktəbdə alan onlarla məzun bu gün yüksək elmi titullar daşıyır. Elmlər doktorları Müzəffər və Valeh Məmmədov qardaşları, mərhum Eldar Abdinov, yazıçı Rasim Gənzəli və başqalarının uğurları ilə həm pedaqoji kollektiv, həm də kənd camaatı haqlı olaraq fəxr edirlər. Bu gün onların yollarını davam etdirmək istəyənlər çoxdur. Məsələn, ötən dərs ilində bu məktəbi bitirmiş 9 məzunun 6-sı təhsilini davam etdirmək üçün gücünü sınayıb. Onlardan 4-ü ali, 2-si orta ixtisas məktəblərinə qəbul olublar. Abituriyentlərin 1-i 685 bal toplayaraq ona göstərilən etimadı yüksək səviyyədə doğruldub. Kənd məktəbinin pedaqoji kollektivi bu il daha yüksək nəticə qazanacağına əmindir. Burada görüşdüyümüz Əfsanə Qulamova Naxçıvan şəhərində doğulub boya-başa çatıb. Ali təhsil aldıqdan sonra təyinatla bu məktəbə gəlib. Deyir ki, Gənzə haqqında çox eşitmişdim. Adının etimologiyası ilə bağlı hələ universitetdə oxuyarkən məlumatım var idi. Bilirdim ki, mənbələrdə bu ad “Kənizə” və “Kənzək”, XIX əsrdən sonra isə “Gənzə” şəklində yazılıb. Bu adın “zək” hissəsi qədim saq türk tayfa adı ilə bağlıdır – Kənzək – Kənsaq. Daha inandırıcı fikirsə ondan ibarətdir ki, “Gənzə” adı ilə “Gəncə” sözü eyni kökə malikdir. Azərbaycanın İsmayıllı, Xanlar, Salyan, Sabirabad rayonlarındakı Gəncə, Gənzə kimi yer-yurd və kənd adları da eyni kökdəndir. Gəncə toponimi hunların ən qədim – “kun”un morfoloji birləşməsi “kunçuk”dan törəmiş “gəncək” türk tayfasının adından götürülüb. Yəqin ki, qədim hunların tayfa qollarından biri də Gənzə kəndinin əsasını qoyub və tayfa adlarını yaşadıblar. Elə o vaxtdan bu kənd məndə çox maraqlı bir yaşayış məntəqəsi təsiri yaratmışdı. Ali təhsilimi başa vurduqdan sonra tərəddüd etmədən Gənzə məktəbini seçdim. 2007-ci ildən bu məktəbdə çalışıram. Məktəbin pedaqoji kollektivi kimi, kənd də mehriban bir ailəni xatırladır.
2011-ci ildə Gənzədə istifadəyə verilən obyektlərdən biri də kənd mərkəzi olub. Obyektin açılışında Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” fikrini xatırladaraq deyib: “Ordubadın da incisi Gənzə kəndidir. Bu kənd milli-mənəvi dəyərlərimizə, qədim adət-ənənələrimizə sədaqəti, haqqa, ədalətə sadiqliyi ilə həmişə fərqlənmişdir. Ötən əsrin 90-cı illərindəki çətin, qarışıq vaxtlarda bu kəndin sakinləri düz yol seçdilər, ulu öndərə, onun siyasi xəttinə yüksək sədaqət nümayiş etdirdilər. Zaman sübut etdi ki, bu, düzgün seçim idi”.

* * *

Özünəməxsus adət-ənənələri olan bir kənddən yüksək təəssüratlarla ayrılıram. Düşünürəm ki, kənd sakinlərinə göstərilən belə qayğı insan amilinə olan ehtiramın ifadəsidir. Gənzəlilər bu qayğıya layiqdirlər. Onlar özlərində həmişə dövlətçiliyə sədaqəti, xalqa xidməti ən yüksək keyfiyyət kimi formalaşdırıblar, milli-mənəvi dəyərlərimizə qiymətli sərvət kimi baxıblar. Bu gün də elədir, sabah da belə olacağı şəksizdir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR