Məlum olduğu kimi, cari ilin oktyabr ayında əhali haqqında demoqrafik, iqtisadi və sosialməzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə növbəti siyahıyaalma keçiriləcəkdir. Bu mühüm tədbir dövlət miqyasında əhəmiyyət daşımaqla onun mahiyyəti və məqsədilə bağlı məlumatların verilməsi də aktuallıq kəsb edir.
Cəmiyyətin ən böyük sərvəti, şübhəsiz, insan kapitalıdır. Bu kapitalın kəmiyyət və keyfiyyət prizmasından düzgün qiymətləndirilməsi və ondan istifadə məsələləri istər regional, istərsə də milli səviyyədə dövlət idarəetməsinin mühüm elementlərindən biridir. Dövlətin sahib olduğu insan resurslarının statistik məlumat bazasının hazırlanması üçün keçirilən əhalinin siyahıyaalınması da, bu mənada, hər hansı bir ərazinin keçdiyi tarixi inkişaf yoluna qiymət verilməsi üçün mühüm dövlət əhəmiyyətli kampaniyadır.
Demoqrafik məlumatlar cəmiyyət həyatının bütün sahələri ilə qarşılıqlı əlaqəli olub, son nəticədə, sosial-iqtisadi inkişafa da öz təsirini göstərən əhəmiyyətli amildir. Təsadüfi deyildir ki, gələcəyə doğru inkişaf konsepsiyaları hazırlanarkən ali məqsədlər arasında insan inkişafı, onun uzunömürlülüyü, təhsil və rifahlarla əhatə olunma səviyyəsi, habelə urbanizasiya proseslərinə olan meyillilik, məskunlaşma, xüsusən ucqar ərazilərdə geniştərkibli ailələrin həmişəlik kök salması kimi perspektivlər ön planda tutulur. Buna görə də hər bir ölkənin və onun ayrı-ayrı regionlarının gələcək inkişaf konsepsiyasını demoqrafik məlumatlarsız təsəvvür etmək qeyri-mümkündür.