22 Dekabr 2024, Bazar

  Həkimlik ən humanist peşələrdən biridir. Şübhəsiz, bu həyatda sağlam yaşamaq nə qədər xoşbəxtlikdirsə, insanları yenidən sağlamlığına qovuşdurmaq da o qədər gözəl hissdir. Bəlkə, buna görədir ki, bir həkim haqqında düşünəndə onu haradasa ağrılardan əziyyət çəkən bir xəstənin sağalmaq üçün Uca Yaradanın mükafatı kimi görürük. Şübhəsiz, indiyə qədər diş ağrısından kimsə dünyasını dəyişməsə də, bir gecə yarısı qəfil başlayan bu ağrıdan çəkilən əziyyət bir çoxlarına tanışdır. Odur ki, sağlamlıq, əslində, ağız boşluğundan başlayır, – deyəndə bu fikir, sadəcə, dişlərin qorunması və müalicəsi ilə bağlı deyildir. Belə ki, insan orqanizminin bir çox xəstəliklərinin məhz dişlə əlaqəli olduğu müasir tibb elminin gəldiyi qənaətlərdəndir. Buna görə də bu gün də olmasa, sabah diş və ağız boşluğu ilə bağlı problemlərlə hökmən rastlaşacağı üçün hər kəsin stomatoloqlara və onların dəyərli ­məsləhətlərinə ehtiyacı var. 

Rauf Cəfərov Naxçıvanın tanınmış stomatoloqlarındandır. O, Babək rayonunun Nehrəm kəndində ziyalı ailəsində doğulub. Hələ uşaq ikən onda həkim olmaq arzusu yaranıb. Bu da təsadüfi deyil. Nehrəm yaxın keçmişdə və bu gün də məşhur həkimləri ilə tanınır. Elə bu arzu ilə də 1984-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olan Rauf Cəfərov 1991-ci ildə həmin fakültəni bitirib. Bundan sonra o, muxtar respublikadakı müxtəlif tibb müəssisələrində həkim-stomatoloq kimi fəaliyyət göstərib və 2005-ci ildən “İmplant-Dent-Naxçıvan” özəl stomatoloji klinikasının baş həkimdir.

Həkim-stomatoloqla onun işlədiyi klinikada görüşdük. Vaxtaşırı Rauf həkimə müraciət etdiyim üçün bu dəfə də onunla dərhal söhbətə başladıq. İlk olaraq həkimi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə və səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunduğu üçün təbrik etdim. O, dövlətimizə dərin minnətdarlığını bildirdi, bu mükafatın onun işinə verilən yüksək qiymət olduğunu dilə gətirdi. Doğrudan da, bir həkim kimi o, insanların sağlamlığına xidmət etməklə özünü xoşbəxt sayır.
Rauf həkim işindən həvəslə danışır. Deyir ki, həkim gərək savadlı, məsuliyyətli, eyni zamanda humanist olsun. Axı insanlar onun köməyinə həmişə ehtiyac duyurlar. İnsan sağlamlığı isə ən dəyərli sərvətimizdir. Yaxşı həkim təkcə pasiyentin müalicəsi ilə məşğul olmayıb, cəmiyyətdə hörmət, insanlar arasında nüfuz da qazanmalıdır. Həkim özünün davranışı, həyat tərzi və gözəl əhval-ruhiyyəsi ilə təkcə xəstəlikdən əziyyət çəkənlərdə deyil, bütün insanlarda gələcəyə nikbinlik yaratmalıdır. Belə olduqda, sanki hamı hər yerdə gözəllik, sağlamlıq və xoşbəxtliklə qarşılaşacaq. Bu isə bütün insanlar kimi, həkimlərin də ən gözəl arzusudur. Çünki insanların müalicəsindən daha çox, xəstə­liklərin profilaktikası dövlətimiz tərəfindən bütün səhiyyə işçiləri qarşısında ali məqsəd kimi qoyulub.
Kifayət qədər iş təcrübəsinə malik olan Rauf həkim əvvəlki illərlə müqayisədə tibb elmində, xüsusən də stomatologiya sahəsində yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən danışaraq muxtar respublikamızdakı müasir tibb ocaqlarının infrastrukturundan və burada tətbiq olunan yeni avadanlıqlardan da bəhs edir. Deyir ki, indi tibdə, ələlxüsus stomatologiya sahəsində elə müasir avadanlıq və müalicə texnologiyaları tətbiq olunur ki, onları nəinki 10 il, hətta iki-üç il əvvəlkilərlə müqayisə etmək çətindir. Müasir kompüter texnologiyası ilə ən həssas müayinələri tam dəqiqliklə həyata keçirmək mümkündür ki, bu da həkimlərin işini xeyli asanlaşdırır. İndi dişlərin müayinəsi və müalicəsi üçün müraciət edən pasiyentlərin də sayı artıb. İnsanlar daha çox profilaktika məqsədilə diş həkimlərinə müraciət edirlər ki, bu da stomatoloqlar üçün əlavə məsuliyyət deməkdir. Başqa sözlə, “Dişin ağrıyır, çək qurtar” ifadəsi artıq çoxdan dəbdən düşüb. Bu gün artıq insanlar maariflənib, təbii dişin əvəzini heç nəyin vermədiyini yaxşı bilirlər.
Rauf həkim həm də araşdırmaçı stomatoloqdur. O, daim təhlillər aparıb, mövcud diş xəstəliklərinin müayinə və müalicəsindən gəldiyi elmi nəticələri də paylaşmağa vaxt tapıb. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Əczaçılıq və stomatologiya kafedrasında baş müəllim işləyən Rauf Cəfərov 2015-ci ildə “Naxçıvan Muxtar Respublikasında əhali arasında əsas stomatoloji xəstəliklərin yayılması və stomatoloji xidmətin optimallaşdırılması” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Türkiyə, Rusiya, Litva, Ukrayna, İsrail, Misir, İran və digər ölkələrdə beynəlxalq konfranslarda iştirak edib, ixtisaslaşma kurslarına qatılıb. O qazandığı bütün uğurlara görə dövlətimizə bir daha minnətdarlıq edərək muxtar respublikamızda səhiyyənin inkişafına göstərilən dövlət qayğısından fəxrlə danışdı.
Rauf Cəfərovun həkimliyə sevgisi ailə­sində də görünür. Onun dörd övladından üçü artıq həkimlik peşəsini seçib. Ailənin sonbeşiyi, Heydər Əliyev adına tam orta məktəbin əlaçısı, balaca Ruqiyyə də təbiət elmlərinə yaman həvəslidir. Deyəsən, o da həkim olacaq. Gözəl arzudur!
Bəli, həkim olmaq, insanların cansağlığının keşiyində dayanmaq ən nəcib işdir. Həkimliyi özünə peşə seçib, bəzən heç yorulmaq bilmədən çalışmaq isə bu sənətə sevgidən və yeri gələndə fədakar­lıqdan keçir. Ömrünün sonuna qədər öyrətməyi qarşısına məqsəd qoymuş müəllimlər kimi, həkimlər də son nəfəsinə qədər bir insanın həyatına şəfa vermək üçün çalışırlar.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR