22 Dekabr 2024, Bazar

Özlərini bir etnik qrup kimi tanıyandan Avropada və Amerikadakı ağalarına nökərçilik etməklə havadarlar qazanan ermənilər hər fürsət düşdükcə onlara torpaqlarında yer vermiş qonşularına xaincəsinə hücumlar etməyi bir an belə, unutmayıblar. Tarixdə heç zaman olmamış dırnaqarası dənizdən-dənizə bir dövlət qurmaq xülyası ilə yaşayan ermənilər belə getsə, mövcud torpaqlarında da kimsənin daha qalmayacağını bilə-bilə yenə də öz fitnə-fəsadlarından əl çəkmir, ötən əsrin əvvəllərindən başlayaraq davam etdirdikləri terror və vəhşiliklərini ört-basdır etməyə çalışaraq qaranlıq pərdələr arxasında yeni oyunlar çıxarmağa çalışırlar. Amma çifayda... Bu quzu libasındakı xainlər bilirlər ki, dünya artıq əvvəlki dünya deyildir. Təkcə humanist türklər deyil, bütün dünya yuxudan ayılıb və indiki internet dövründə dahi alman alimi Marks, böyük rus şairi Puşkin kimi çox sayda tanınmış insanların erməniləri mənfur bir millət kimi tam dolğunluğu ilə xarakterizə edən kəlamlarını hamı bilir.

Görəsən, yüz il əvvəl, 1918-ci ilin martında bütün Avropada, eləcə də Azərbaycanda, o cümlədən Bakıda yaranmış ağır ictimai-siyasi vəziyyəti fürsət bilib müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşan ermənilər bu gün özünün hərtərəfli inkişafı ilə onları tarixə gömməkdə olan güclü bir Azərbaycan Respublikası ilə qarşı-qarşıya qalacaqlarını bilsəydilər hansı yolu seçərdilər? Bunu demək çətin olsa da, hər halda erməni xislətinin vəhşiliklərini yada salmaq üçün bu faciələri yaşayan şahidlərin xatirələri ilə bir daha geri dönməkdə fayda var.

Mehralı Cəfərov Nehrəmin tanınmış ağsaqqallarındandır. Ömrünün 89 yaşını haqlasa da, hələ özünü cavan sayan Mehralı müəllim sovet dövründə Nehrəm məktəblərində tarix dərsi deyib. Həmişə tələbələrinə və həmsöhbət olduğu insanlara yaşadığı yerin tarixi keçmişi haqqında danışmağı, atası Cəfər kişinin, nehrəmlilərin şairə kimi tanıdığı nənəsi Sona xanımın xatirələrindən, xüsusən XX əsrin əvvəllərində erməni quldur dəstələrinin Nehrəm kəndinə hücumlarından danışmağı, kənd camaatının özünümüdafiəsi haqqındakı o qiymətli sözlərini yada salmağı sevir. Elə bu dəfə də mövzu ilə bağlı Mehralı Cəfərovla görüşmək arzumuzu bildirəndə o, həvəslə razılaşdı.
Mehralı Cəfərov deyir ki, Naxçıvana erməni hücumları barədə onun gənclik illərində eşitdiyi çox xatirələr olub. Kaş ki, onları bir yerə yazsaydım, – deyə təəssüflənir. Talançı daşnak generalı Andranik Ozanyanın Naxçıvana hücumları, soyqırımı törədib Zəngəzurdan Şuşayadək olan əraziləri ələ keçirmək üçün etdiyi vəhşiliklər heç zaman unudulmamalıdır. Naxçıvanda o zaman onlar ilk soyqırımı Culfa rayonunun Yaycı kəndində törədiblər. Erməni qaniçənlər kəndin əhalisini qılıncdan keçirmiş, qadın, qoca və uşaqları Arazın qanlı sularında boğmuşlar. Həmin vaxt Naxçıvana köməyə gəlmiş Türk ordusunun da yardımı ilə Nehrəm ətrafında rüsvaycasına məğlub edilmiş Andranikin dəstələri geri qaçmağa məcbur oldu. Geri çəkilərkən viran etdikləri 18 Naxçıvan kəndi qalmışdı, – deyir ağsaqqal.
Yaşlı nehrəmlilər 1918-ci ilin həmin günlərini yaxşı xatırlayırdılar, – deyə Mehralı müəllim söhbətinə davam edir. Məsələn, 103 il ömür sürmüş Qənbərəli Əlirzayev deyərmiş ki, Nehrəmdə “Bağırsaqdərə” deyilən yerdə o vaxt qoyun saxlayırdılar. Bir gün günorta vaxtı Camaldın kəndi tərəfdən gələn silahlı bir atlı ona yaxınlaşıb süd istəyib, o da bir patıl (çobanların süd sağdığı qab) süd sağıb verib. Heybəsindən çıxardığı kifsəmiş kökəni patıldakı südə doğrayıb yeyən atlının erməni olduğunu bilən gənc həmin gecəni uzaqdakı bir mağarada keçirib. Səhər tezdən onu çağıran kəndliləri ilə “Bağırsaqdərə”yə gələndə qətl edilmiş 7 nəfərin meyidi ilə rastlaşıblar. Burada öldürülən nehrəmlilərdən 3-ü qadın, 3-ü kişi, biri isə onun üç aylıq körpə qardaşı olub. Qənbərəli kişi deyərdi ki, ermənilər onun qardaşı Gəncəlini yaralasalar da, o, ölməyib­miş, sonra onu evə aparıb türkəçarələrlə müalicə edib sağaldıblar.
O zaman milli komitənin katibi olmuş Mirzə Bağır deyərdi ki, bir gün sübh tezdən Andranikin dəstəsi Nehrəmə hücum edib. Nehrəm əhalisini top və pulemyot atəşinə tutublar. Atışmanın səsi Naxçıvan şəhərinədək gəlirmiş. Nehrəm əhalisi güclü müqavimət göstərib. Andranikin dəstəsi böyük tələfat verib. Lakin ermənilər Nehrəm arxı yanındakı evlərə od vurub yandırıblar. Naxçıvandan köməyə gələn Hacı Heydər, Məşədi Heydərin adamları erməni dəstələrini yarıb Nehrəmə daxil olublar. Andranikin dəstəsindən 60 nəfərə yaxınının nehrəmlilər tərəfindən əsir alınması xəbəri böyük bir coşğu ilə qarşılanıb.
Həmin acılı günlərin digər bir şahidi Heydərqulu Həsənov deyərdi ki, o vaxt ermənilər Nehrəm dağındakı “Taharın düzü” deyilən yerdən də Nehrəmə hücum etdilər. Andranik öz quldur dəstəsi ilə kənddə Hacı Qənbərin həyətinə girir. Həyətdəki sıx ağaclıqda arxayınlıqla oturub yemək yeməyə başlayırlar. Nehrəmlilər də hər yerdə pusquda adamlar qoyublarmış. Nehrəmli ağsaqqal, həm də sərrast tüfəng atan Müslüm Vəliyev Hacı Əlinin bağında gözləyirmiş. Ermənilər Müslümün adını əvvəlcədən eşitmişdilər. Deyilənə görə, Andranik Müslümə sifariş göndərir ki, bizə bir xidmətçi göndər yemək hazırlasın. Erməni Hacı Qənbərin daxmasının arxasından başını çıxarıb həmin sözü bir də təkrar edərkən Müslüm güllələri onun ağzına doldurur. Bunu gözləməyən ermənilər pərən-pərən düşüb həyətdən qaçırlar. Bu vaxt Nehrəm arxında həmin ermənilərin bir qismini məhv edirlər.
Nehrəmdə erməni qəsbkarlarına qarşı inadla müqavimət göstərmiş Müslüm Vəliyev, Müseyib, Nazimin oğlu Məşədi Ələsgər, Sadıq, Mirzəməmməd, Bağır, Niftalı, Abdulla, Sənəm oğlu Əli, Muxtər Sadiqov, Qulu oğlu Məhəmməd, Səfərli, Fətəli, Kərəm, Heydərqulu Həsənov və başqalarının igidliyi bu gün də yaxşı xatırlanır. Ermənilərə qarşı döyüşlər gedərkən kənd ağsaqqallarından Hacı Mehdi, Kərbəlayı Muxtar, Müslüm, Kazım belə məsləhət görürlər ki, kənddəki qadın və uşaqları ayrıca evlərə yığsınlar. Belə də edirlər. Qadın-uşaq yığılan Kərbəlayı Bağırın, Nəmət Məmmədovun, Hacı Əliqulunun, Kərbəlayı Muxtarın, Hüseynin, Hacı Abbas bəyin evlərinin hər birinə iki pud neft də qoyublar ki, birdən ermənilər kəndi ələ keçirsə, evlərə neft töküb arvad­-uşaq qarışıq yandıracağıq ki, cəlladların əlinə keçməsinlər. Bax belə savaşıblar ermənilərə qarşı o zaman. Həmin vaxt Nehrəmdə cəmi 2 top olub. Onlardan da biri xarab imiş, mərmi atmırmış. Nehrəmlilər o biri topun yerini tez-tez dəyişib Türk ordusundan köməyə gəlmiş Yavərin yardımı ilə elə atırdılar ki, onların bir neçə topu varmış kimi ermənilərdə vahimə yarada bilsinlər.
Erməni quldurları Nehrəmdə, eləcə də bütün Naxçıvanda çox azərbaycanlı öldürüb, xeyli maddi zərərlər versələr də, layiqli cavablarını da alıblar. Deyilənə görə, Andranik İmamzadə tərəfdən hücuma keçərkən kəndin ağsaqqallarından Kazımın çağırışı ilə ona qarşı çoxlu gənc döyüşüb. Danışırdılar ki, təkcə indiki Cəlil Məmmədquluzadənin Nehrəmdəki Xatirə Muzeyinin həyətində min nəfərə qədər erməni qulduru məhv edilib. Bir də onu da deyirlər ki, Andranik Nehrəmdə məğlub olandan sonra Vedi və Zəngəzur tərəfdə 1800 nəfər azərbaycanlını tutur. Bunu eşidən ozamankı Nehrəmin qlavası Kərbəlayı Muxtar Andranikə sifariş göndərir ki, əgər o adamların birinin burnu qanasa, əlimdəki erməni əsirlərinin birini də salamat buraxmayacağam. Və istədiyinə də nail olur, həmin adamları buraxdırır.
Bu gün, sözün əsl mənasında, hər tərəfdən iflasa uğramış erməni daşnakları 101 il əvvəl Nehrəm ətrafında da əzilib-qovulublar. Bu gün ərazi bütövlüyümüzün qorunması üçün canından keçmiş bütün şəhidlərimizin, eləcə də Nehrəmin müdafiəsində igidlik göstərmiş bütün insanların ruhunun şad olmasını diləyirik, – deyir söhbətinin sonunda Mehralı müəllim. Və qoca nənəsinin bu zəfərlə bağlı dediyi şeirlərdən xatırlayır:

Müslüm durub Hacı Əlinin bağında,
Müseyib sağında, Sadıq solunda,
Qırıb tökür İmamzadə dalında.
Yeri ha, yeri ha, köpək əndiri,
Nehrəmlilər göydən quşu endiri.
Yavər də topunu durmadan atdı,
Andranikin qoşunu yan-yana yatdı,
Hay ilə gəlmişdi huyuna çatdı.
Yeri ha, yeri ha, köpək əndiri,
Nehrəmlilər göydən quşu endiri.
Ərəzində Səməd, Nehrəmdə Müslüm,
Hücuma keçdilər hamıdan üstün,
Andranikin qoşunun etdilər təslim.
Yeri ha, yeri ha, köpək əndiri,
Nehrəmlilər göydən quşu endiri.

Qələmə aldı: Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR