Rusiyalı tarixçi alimlə müsahibə
Bu günlərdə tanınmış rusiyalı alim, tarixçi və hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun fəxri professoru, Avropa Elm və Sənaye Konsorsiumunun (ESIC) qızıl medal mükafatçısı Oleq Kuznetsov muxtar respublikamıza səfər edib. Alimlə “Şərq qapısı” qəzetinin redaksiyasında görüşüb səfərinin məqsədi və Naxçıvan haqqında təəssüratlarını öyrəndik.
– Oleq Yuriyeviç, səhv etmirəmsə, bu sizin Naxçıvana üçüncü səfərinizdir…
– Bəli, Naxçıvana 2014-cü ilin iyulunda və daha sonra isə ötən ilin yanvarında səfərim olub. Əvvəlki səfərlərimlə müqayisədə Naxçıvanın gözəl yazını gördüyüm üçün çox sevinirəm. Burada hər yer gözəldir. İnsanlar, təbiət, şəhər. Bu dəfə səfər proqramı qısa olduğu üçün çox gəzmək imkanımız olmasa da, gördüyüm yerlər məndə dərin təəssüratlar yaratdı. Ən çox isə diyarınızdakı gənclərin hər yerdə gözümə dəyməsini qeyd edə bilərəm. Ölkənizlə çox sıx əlaqəsi olan bir əcnəbi kimi deyə bilərəm ki, naxçıvanlı gənclərin fəal həyat tərzi yalnız paytaxt Bakı ilə müqayisə oluna bilər. Bu isə ümumi inkişafın bir nəticəsi kimi çox mühüm faktdır. Çünki həyatın dinamikası gənclərlə daha çox ölçülür.
– Siz təkcə Azərbaycanda və Rusiyada deyil, bütün dünyada tanınmış alimsiniz. Araşdırmalarınızı hansı istiqamətlərdə aparırsınız?
– Məni dünyada, o cümlədən Azərbaycanda, Cənubi Qafqazda və Şərqi Avropada tarixçi kimi tanısalar da, Rusiyada daha çox hüquqşünas kimi mənə müraciət edirlər. Belə ki, tarixçi kimi xalqların tarixi və qarşılıqlı əlaqələrinin öyrənilməsi ilə yanaşı, sovet dövlətinin dağılması ilə hər yerdə olduğu kimi, Rusiyada da hüquqi bazanın formalaşdırılması üçün yeni araşdırmalara ehtiyac var idi. Mən də ikinci təhsilim olan hüquqşünas kimi burada işlər görməyə başladım və müəyyən uğurlar qazandım. Düşünürəm ki, elmi sahədə əldə etdiyim nailiyyətlər, tapıntılar mənim çıxışlarımın əsasında dayanmaqla, həm də gəldiyim nəticələrin obyektiv olaraq qəbuluna imkan verir. Hər halda bunu xoşlamayanlar olsa da.
– Yeri gəlmişkən, tarixçi kimi sizin əsas araşdırmalarınız erməni terrorizmi və onun fəsadları haqqındadır.
– Təkcə tarixçi kimi deyil, bir beynəlxalq hüquqşünas kimi də bu problemə qarşı fikir söyləmək, tutarlı arqumentlərlə çıxış etmək mümkündür. Hüquqşünas kimi daha sonra, ancaq bir tarixçi kimi onu deyə bilərəm ki, bu problem təkcə Azərbaycana, yaxud azərbaycanlılara qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşıdır. Erməni terrorizmi elə bir bəladır ki, o, sərhəd, ölkə və ya xalq tanımayan bir fitnə kimi ermənilərin qanına hopub, onların dövlət siyasətinin əsasına çevrilib. Elə ona görə də ermənilər, bayaq qeyd etdiyim kimi, tarixi saxtalaşdırmağa, obyektiv prizmadan çıxış edən tarixçilərin işlərinə kölgə salmağa və hətta onlara hədə-qorxu gəlməyə də çalışırlar. Bu isə təəssüf doğurur. Ancaq dünyanın gözü hər şeyi yaxşı görür və real təhlükələri qiymətləndirir. Elə götürək vətəndaşı olduğum Rusiyanı. Mən 2006-cı ildən başlayaraq bu erməni terrorizmi barədə araşdırmalar aparıb yazılar dərc etdirirəm. Hər şey ondan başladı ki, Rusiya Dövlət Dumasında terrorla mübarizə sahəsində qanun layihəsi üzərində işləmək üçün dəvət olunanda bu sahədə araşdırmalar aparmaq məqsədilə bir çox mühüm tarixi sənədlərlə tanış oldum. Və gəldiyim nəticə bundan ibarət oldu ki, erməni terrorizmi planetdə mövcud olan və kimlərəsə qarşı yönəlmiş terror hadisələrindən fərqli olaraq hər yerdə və hamıya qarşı yönəlmiş bir kabusdur. Məsələn, 1983-cü ilə dair ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus bir sənəddə açıq-aydın göstərilirdi ki, 1975-ci ildən 1983-cü ilədək səkkiz il ərzində ermənilər dünyanın 22 ölkəsində 300-dən artıq terror hadisəsi törədiblər. Ayrıca, 1977-ci ildə Moskva metrosundakı partlayış gizlədildiyi üçün amerikalıların hesabatında bu fakt göstərilməmişdi. Tanış olduğum Fransa xüsusi xidmət orqanlarının hesabatında isə Parisin Orli Hava Limanında türklərə qarşı 1983-cü ildə ermənilər tərəfindən törədilmiş terror aktının təfərrüatları ilə tanış olduqda daha dəhşətli faktlar ortaya çıxır. Belə ki, müxtəlif ölkələrdə yaşayan erməni millətindən olan terrorçuların vahid bir mərkəzdən idarə edilərək bu əməli törətmələri cinayətin qlobal miqyasını, təşkilatçılıq və logistik dəstək baxımından nə qədər vahimə doğurduğunu bir daha sübut edir. Buna görə də erməni terrorizminin mahiyyətinə, onun azğınlığına hər yerdə olduğu kimi, Rusiyada da ciddi yanaşılır, onun törətdiyi təhlükələrə qarşı mübarizə yolları axtarılır. Hesab edirəm ki, erməni terrorizminə və onun hər cür havadarlarına qarşı birgə mübarizə aparılıb yox ediləndən sonra Azərbaycanın da işğal olunmuş torpaqlarının sülh yolu ilə geri qaytarılması üçün əlverişli şərait yaranacaq. Bunun üçün də biz tarixçilər, beynəlxalq hüquqşünaslar, yaxud siz jurnalistlər də çox çalışmalı, qaranlıq məqamları üzə çıxarmalı, terrora dayanan erməni ideologiyasını ifşa etməliyik.
– Bu məqsədlə apardığınız araşdırmalarda hansı yeni nəticələr vardır?
– Mənə verilmiş tapşırıqlar əsasında arxivlərdə apardığım son araşdırmalarımdan əldə etdiyim nəticələrə əsasən deyə bilərəm ki, erməni millətçilərinin keçmişdə sovet dövləti əleyhinə apardıqları xain fəaliyyətin izlərinin tapılması və ifşa olunması üzrə maraqlı məlumatlar əldə etmişəm. Belə ki, 1950-ci illərə aid arxiv materiallarından İkinci Dünya müharibəsi dövründə alman nasistləri ilə əməkdaşlıq etmiş erməni millətçilərinin axtarılıb üzə çıxarılması ilə əlaqədar bütün Cənubi Qafqazda aparılan əks-kəşfiyyat tədbirləri barədə bir neçə sənəd əldə etmişəm. Belə ki, məlumatlara əsasən həmin dövrdə alman kəşfiyyat orqanı olan Dromedarda general Dro kimi mindən artıq erməni millətindən olan şəxsin xidmət etməsi faktı məlumdur. Bu satqınlar həmin müharibə dövründə sovet ordusu arxasında təxribat işləri ilə məşğul olublar. Qeyd edim ki, erməni xainlərinin ifşa olunması üçün həmin dövrdə bu axtarış tədbirlərinə dövlət təhlükəsizlik orqanlarında yüksək vəzifə tutmuş Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev rəhbərlik edib. Bundan əlavə, 1960-cı illərin əvvəlində də artıq podpolkovnik rütbəsində olan ulu öndər Heydər Əliyev Amerika Kəşfiyyat İdarəsinə xidmət edən erməni daşnak ünsürlərinin ifşa olunması, onların sovet dövlətinə qarşı xəyanətinin üzə çıxarılması üçün çalışırdı. Mən istəyirəm ki, əldə etdiyim bu iki mühüm sənəd Naxçıvanda işıq üzü görsün.
Daha bir maraqlı fakt isə əslində, bugünkü Ermənistan hakimiyyətinin və devrilmiş Köçəryan-Sarkisyan klanının iç üzünü ifşa edir. Belə ki, Njde adı ilə tanınan erməni terrorçusu Ter-Arutunyana İrəvanda heykəl qoyulması terrorizmi özünün dövlət siyasətinə çevirmiş Ermənistanın dünyada öz adı ilə tanınması üçün kifayət qədər tutarlı faktdır. 1918-1920-ci illərdə Zəngəzur, Vedibasar, Qarabağ, Göyçə mahallarında və Naxçıvanda minlərlə dinc azərbaycanlının qatili olmuş belə bir insanın ermənicə qəhrəmanlaşdırılması, məncə, əslində, onların gerçək sifətini tanıtmaq üçün kifayətdir. Bir tarixçi kimi mən bu işdə azərbaycanlı dostlarımla hər cür əməkdaşlığa hazıram.
– Müsahibə üçün sağ olun.
Əli CABBAROV