Əldə olunan nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir
Son proseslər bir daha təsdiq etdi ki, müasir dövrdə müxtəlif istiqamətlər üzrə uzunmüddətli təhlükəsizlik perspektivləri nəzərə alınaraq inkişaf strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi dövlətlərin gələcək taleyini həll edən əsas amillər sırasındadır. Bu mənada qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə ümumi vəziyyəti xarakterizə edən müsbət göstəricilər dünya müstəvisində baş verən proseslər kontekstində kifayət qədər yüksəkdir. Bu gün ümummilli lider Heydər Əliyevin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqda planlarını yerinə yetirən Naxçıvanda əldə olunan nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir. Çünki dövlətə, dövlətçiliyimizə, yurda, elə-obaya, torpağa sıx bağlı olan naxçıvanlılar üç tərəfdən düşmən əhatəsində, blokadada yaşayan bir diyarın iqtisadiyyatını, mədəniyyətini, incəsənətini, təhsilini, səhiyyəsini və digər əhəmiyyətli sahələrini inkişaf etdirməklə mümkün olmayanı reallaşdırıblar. Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması iqtisadiyyatın çoxşaxəli inkişafına, ən əsası isə makroiqtisadi göstəricilərin artmasına səbəb olub. Ötən müddətdə muxtar respublikada tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib.