Uzaqgörən siyasət nəticəsində Naxçıvan gələcəkdə də tarixi missiyasını yerinə yetirəcək
Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf konsepsiyasının uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Qədim və müasir Naxçıvanın Şərqlə Qərb arasında körpü rolunu oynaması, geostrateji mövqeyi, Böyük İpək Yolu üzərində yerləşməsi mühüm beynəlxalq dayanacaq, nəqliyyat mərkəzi kimi tanınmasına yol açır. Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyəti, beynəlxalq nüfuzu sayəsində gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması fonunda biz bu reallıqları daha aydın şəkildə görəcəyik. Bu günə kimi dünyanın vacib keçid bölgəsi rolunda çıxış edən Naxçıvan uzaqgörən siyasət nəticəsində gələcəkdə də tarixi missiyasını yerinə yetirəcək, region ölkələri, Türk dünyası, nəhayət, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin intensiv şəkildə artmasına, ticarət əlaqələrinin genişlənməsinə əsaslı töhfəsini verəcək.
Muxtar respublikanın səhiyyəsi böyük uğurlar əldə edir
Qürurla deyə bilərik ki, Naxçıvan bu gün bir sıra məsələlərdə özünün liderliyini qoruyub saxlayır. Blokada vəziyyətində tərəqqiyə nail olunmasını, mövcud imkanlardan səmərəli istifadə edilməklə başdan-başa kompleks şəkildə abadlaşdırılaraq gülüstana çevrilməsini, bütün sahələr üzrə təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox əhəmiyyətli tədbirlərin həyata keçirilməsini, vətənpərvər, intellektual gəncliyin yetişdirilməsi üçün zəruri olan bütün işlərin görülməsini buna misal göstərmək olar. Ötən müddətdə isə Naxçıvan daha bir nümunə yaradıb. Belə ki, dünyanı cənginə alan yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində burada xəstəlik epidemiyadan pandemiyaya çevrilməyib. Təsadüfi deyil ki, ölkə üzrə ən az yoluxma halı Naxçıvanda qeydə alınır. Jurnalist kimi apardığım müşahidələr əsasında əminliklə deyə bilərəm ki, xəstəliyin yayılmasına qarşı muxtar respublikada reallaşdırılan profilaktik tədbirlər dünya miqyasında nümunədir. Təbii ki, bu məsələdə Naxçıvan səhiyyəsinin qüdrətini də qeyd etmək lazımdır. Bu gün muxtar respublikanın səhiyyə infrastrukturu və mövcud kadr potensialı hətta ən ağır xəstəlikdən belə, əziyyət çəkən insanların şəfa tapmasına şərait yaradır. Bu səbəbdən müalicə üçün muxtar respublikadan kənara üz tutanların sayı son illər kəskin şəkildə azalıb. Əksinə, bəzi hallarda Naxçıvan həkimlərinin şöhrətini eşidənlər qədim diyara üz tutur, burada səhiyyə sahəsində yaradılan şəraitdən istifadə edir, şəfa bəxş edən təbiət möcüzəsi müalicə mərkəzlərimizə gəlirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.