21 Dekabr 2024, Şənbə

İllərdir ki, bu günü gözləyirdik. Həsrətlə, intizarla, göz yaşları ilə... Şuşa adı gələndə ürəyimiz sızlayırdı. Nə deyəcəyimizi bilmirdik. 28 ildən çox idi ki, Şuşa bizim əlçatmaz xəyallarımızın ünvanına çevrilmişdi. Ölkəmizin gələcəyini Şuşasız, Qarabağsız təsəvvür edə bilməsək də, onun düşməndən xilas edilməsinin çox çətin olduğunu da anlayırdıq. Məsələnin həlli üçün aparılan danışıqlar prosesində yaxından “iştirak edən” bəzi dövlətlərin mövqeyi, aqressiv və təcavüzkar Ermənistanın işğalçılıq siyasətini daha da dərinləşdirmək niyyətlərinin fonunda bəziləri Şuşaya qovuşmağın xəyal olduğunu vurğulayırdılar. Onların fikrincə, Şuşa barədə ümidlərimiz puç, ona qovuşmağımız isə mümkün olmaya bilər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki qüdrətli Azərbaycan Ordusu noyabrın 8-də məhz bəzilərinin ehtimal belə etmədiklərini reallığa çevirdi – Qafqazın qədim mədəniyyət mərkəzi, Azərbaycanın incisi Şuşa şəhəri düşməndən azad edildi. Dövlətimizin başçısı Şuşanın işğaldan azad edildiyi müjdəsini xalqımıza çatdırdığı an bütün azərbaycanlıların necə sevindiklərini ifadə etməyə söz tapmaq çətindir. Bəzimiz oturduğumuz yerdən dik atılaraq ölkə rəhbərimizi var gücümüzlə alqışladıq, bəzilərimiz “ura!” deyərək qışqırdıq, bəzimiz kövrəldik, bəzimiz isə sevincdən nə edəcəyimizi bilmədik... 1992-ci il mayın 8-dən yaşlı qalan gözlərimiz 28 il yarımdan sonra ilk dəfə 2020-ci il noyabrın 8-də güldü. Daha doğrusu, həm güldü, həm də yenidən göz yaşlarına qərq oldu. Ancaq budəfəki göz yaşları sevinc göz yaşları idi və 28 ilin dərdi bu göz yaşları ilə axıb getdi...

Noyabrın 8-də bu şad xəbəri canlı yayıma qoşulan Naxçıvan Dövlət Televiziyasından öyrənən Naxçıvan şəhərinin sakinlərində də bir anda bayram əhval-ruhiyyəsi yarandı. İnsanlar biri-birinə gözaydınlığı verir, uzaqda olanlar isə zəng edərək biri-birilərini təbrik edirdilər. Bəziləri əllərində şirniyyat küçəyə çıxıb qarşısına çıxana şirinlik paylayır, Naxçıvan Dövlət Radiosundan xəbəri öyrənən avtobus sürücüləri sevinclərindən sərnişinlərdən yol haqqını almır, taksilər isə sifarişçini mənzil başına pulsuz çatdırırdı. Kim nə edirdisə ürəkdən edirdi. Gəncləri isə görməyə dəyərdi. Azərbaycan və Türkiyə bayraqlarına bürünmüş maşınların siqnallarına qarışan zəfər səsləri, gənclərin gur səslə səsləndirdikləri “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan Ordusu!” şüarları yol kənarında olan hər kəs tərəfindən alqışlarla qarşılanırdı. Ailə təsərrüfatları yarmarkasına məhsul gətirən sahibkarlar isə satışa çıxardıqları malları alıcılara təmənnasız verir, gələnlərə “Gözün aydın olsun Şuşa azad edildi! Bu da mənim bayram payım”, - deyirdilər. Hər kəs qətiyyətli Ali Baş Komandana sevgisini ifadə edir, onu ürəkdən alqışlayır, ordumuzla fəxr etdiklərini hər addımda ifadə edirdi. Sevincdən göz yaşını saxlaya bilməyib ağlayanlar da az deyildi. Bu əhval-ruhiyyə muxtar respublikanın bütün şəhər və kəndlərinə hakim kəsilmişdi. Bütün Azərbaycanda olduğu kimi...

Bu məqamda ulu öndərimiz Heydər Əliyevin: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, işləri sizin köməyinizlə və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləri yada düşür. Dahi şəxsiyyət, uzaqgörən siyasətçi bunu tam 17 il bundan əvvəl demişdi. Və 8 noyabr tarixi Ulu Öndərimizin bu dəyərli fikirlərinin bir daha öz təsdiqini tapdığı gün kimi tarixə qızıl hərflərlə yazıldı. Daha doğrusu, 8 noyabr tarixi 17 ilin Şuşa zirvəsi oldu. O Şuşa ki, yüzlərlə insan onun azad edildiyi günə qurban demişdi. O Şuşa ki, yüzlərlə insan onun həsrəti ilə dünyasını dəyişmişdi. O Şuşa ki, bu gün yüzlərlə insan qəlbində onun nisgili ilə yaşayır, göz yaşı tökürdü. O Şuşa ki, oradan qucaqda çıxan uşaqlar, bu gün həmin şəhərə tankın üstündə qayıtdılar. Və o Şuşa ki, onun azad edilməsi Vətən müharibəsinin ən parlaq qələbəsi hesab edilir. Şuşanı bizə bəxş edən isə tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.

Məhz onun gecəsini gündüzünə qataraq həyata keçirdiyi elmi əsaslara söykənən daxili və xarici siyasət bizi bu zəfərə apardı. Məhz dövlətimizin başçısının gördüyü işlər sayəsində Azərbaycan sürətlə inkişaf edərək hazırkı iqtisadi qüdrətinə qovuşdu. Çünki hər kəs yaxşı bilir ki, ölkənin iqtisadi qüdrəti olmadan güclü ordu yaratmaq mümkün deyil. Daha doğrusu, böyük müdriklik, ağır zəhmət və lazımi səviyyədə vəsait olmadan dünyanın qüdrətli orduları səviyyəsində bir ordu yaratmaq mümkün deyil. Onu müasir dövrün tələblərini çox yaxşı bilən novator lider, praqmatik siyasətçi cənab İlham Əliyev edə bilərdi və etdi də. Bu gün bizə Şuşa sevincini, Şuşa zəfərini də Ali Baş Komandan və onun yaratdığı, gücləndirdiyi, hər cür silah-sursatla, hərbi texnika və peşəkar zabit heyəti ilə təmin etdiyi qüdrətli Ordumuz bəxş etdi. Onun rəhbərliyi və birbaşa iştirakı ilə diplomatik sahədə aparılan çox çətin mübarizə də buna şərait yaratdı. Bəzi beynəlxalq güc mərkəzlərinin təzyiqlərinə məhz onun kimi qüdrətli, nüfuzlu Lider sinə gərə bilərdi. Bu istiqamətdə aparılan siyasətin əhəmiyyəti heç də müharibə meydanında gedən döyüşlərdən az deyildi. Buna görə də xalqımız böyük lideri, Qəhrəman Sərkərdəsi ilə fəxr edir və hər zaman ona güvənir, ona arxalanır və onu dəstəkləyir.

Şuşanın və digər şəhər və kəndlərimizin azad olunduğu bu günlərdə hər birimizin keçirdiyi fərəh hissi və sevinc göz yaşları əvəzolunmazdır, müqəddəsdir. Bu haqq-ədalət mübarizəsində hər birimiz Prezidentimizə və Ordumuzun qəhrəman zabit və əsgərlərinə cansağlığı və böyük uğurlar arzu edirik. Bu gün hər kəs əmindir ki, çox yaxın günlərdə Böyük Qələbə xəbərini eşidəcəyik. Prezidentimizin vurğuladığı kimi, bütün şəhidlərimizin intiqamı alınacaq və onların qanı yerdə qalmayacaq. Dövlətimizin başçısının Şuşanın işğaldan azad edilməsi ilə bağlı xəbəri Şəhidlər xiyabanından Azərbaycan xalqına çatdırması da bunu bir daha göstərir. Bu məsələdə Azərbaycan xalqı qətiyyətli, əzmli Prezidentimizin, Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib və lazım gələrsə hər birimiz canımızla, qanımızla bu yolda döyüşə hazırıq!

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR