21 Dekabr 2024, Şənbə

Böyük tarixi əhəmiyyətə malik 15-ci səfər

Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Təsadüfi deyil ki, dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, muxtar respublikanın inkişafının və təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.

Səfərin ulu öndər Heydər Əliyevin doğum günündə reallaşması isə təsadüfi deyildi. Dövlətimizin başçısının vurğuladığı kimi: “Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”.

Yeni obyektlərin açılışının gerçəkləşməsi dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir

Bu gün Naxçıvan sürətlə inkişaf edir. Dövlətimizin başçısının böyük diqqət və qayğısı, fədakar naxçıvanlıların gərgin zəhməti nəticəsində muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını artıq ən yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb. Muxtar respublika sakinləri şəhərlərimizin, kəndlərimizin abadlaşdırılması, yeni-yeni gözoxşayan binaların, sosial obyektlərin inşa edilməsi istiqamətində görülən işləri Ulu Öndərimizin siyasi xəttinin bəhrələri kimi dəyərləndirir, daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər.

Azərbaycan Prezidentinin növbəti səfəri zamanı da çox böyük sosial-iqtisadi, hərbi önəmə sahib yeni obyektlərin açılışı oldu. Dövlətimizin başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etdi. Ölkə rəhbəri, eləcə də “ASAN xidmət” mərkəzinin binasının tikintisi ilə tanış oldu, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun açılışlarına qatıldı. Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi, dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi. Bütün bunlar muxtar respublikanın bu günü və gələcək inkişafı, təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edən obyektlərdir. Blokada vəziyyətində yaşayan Naxçıvanda həyata keçirilən kompleks quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətini, inkişafını və tərəqqisini təcəssüm etdirir.

Dövlətimizin başçısı muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirləri, kompleks quruculuq işlərini yüksək qiymətləndirərək deyib: “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir.

Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir. İçməli su layihələri bütün şəhərləri əhatə edir. İndi üç şəhərdə bu layihələr icra ediləcək və beləliklə, bu məsələ də tamamilə öz həllini tapacaq”.

Naxçıvan özünün sosial-iqtisadi tərəqqi dövrünü yaşayır

Muxtar respublikada hər addımda milli maraq və mənafelərimiz uca tutulur, əhalinin sosial rifah halının daha da yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün işlər böyük əzmkarlıqla həyata keçirilir. Pozitiv meyillərlə səciyyələnən sosial-iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi olan azad rəqabət, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması bu istiqamətdə yeni-yeni uğurlara yol açıb.

Ötən illər ərzində görülən işlərin nəticəsidir ki, muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 127 növdə, 608 çeşiddə ərzaq, 257 növdə, 925 çeşiddə qeyri-ərzaq olmaqla, ümumilikdə 384 növdə, 1533 çeşiddə məhsul istehsal olunur. İstehsal edilən 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.

Muxtar respublikada 2000-ci ildən ötən dövr ərzində dövlət tərəfindən 1529 layihənin maliyyələşdirilməsinə 169 milyon manatdan çox güzəştli kreditlər ayrılıb. Həmin vəsait sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunub. Bu gün muxtar respublikada geniş profilə malik sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi, iş yerlərinin açılması, ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 88 faizi ötməsi bu siyasətin real bəhrələridir. Belə ki, müstəqillik illərində muxtar respublikada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül, yeyinti və kənd təsərrüfatı təyinatlı 1051 istehsal və xidmət sahəsinin yaradılmasına nail olunub.

Ümumi iqtisadi inkişafa təsir göstərən amillərdən biri də yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu gün muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın ixrac potensiallı müəssisədə ixracyönümlü məhsullar istehsal edilir. ABŞ, Çin, BƏƏ, Rusiya, Türkiyə, İran, Ukrayna, Qazaxıstan, Türkmənistan kimi ölkələrə elektrik enerjisi, mineral sular, daş məhsulları, tikinti materialları, tütün məmulatları, mebel məhsulları ixrac olunur. Muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənib və 2009-cu ildən başlayaraq xarici ticarətdə müsbət saldo yaranıb. Daha bir islahat tədbiri isə 2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsidir. Ümumilikdə, 2016-cı ildən etibarən 16 layihə üzrə 72 milyon 773 min 113 manat məbləğində investisiya təşviqi sənədi, 56 ixrac əməliyyatı üzrə isə 119 min 366 manat ixrac təşviqinin ödənilməsi həyata keçirilib.

Dövlətimizin başçısının mayın 10-da Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu barədə deyib: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni, bütün bunlar inkişafın təzahürüdür...

...Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Zəngəzur dəhlizinin açılması Naxçıvanın inkişafına

əsaslı töhfə verəcək

Böyük Qələbənin memarı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək, ötən il noyabrın 10-da imzalanmış birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə yol açdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artıqmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir.

Bir sıra ekspertlərin də vurğuladığı kimi, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək. Bütün maneə cəhdlərinə baxmayaraq, Zəngilan-Ordubad dəmir yolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb. Məhz bunu əsas gətirən siyasətçilərin fikrincə, ən yaxın vaxtlarda Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Ölkə rəhbərinin dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Ermənistanın revanşist əhval-ruhiyyəli davranış tərzi isə yalnız Ermənistanın özünə ziyan verəcək. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, “Azərbaycanın “dəmir yumruğ”u hər zaman onların başı üzərindədir və hər an düşməni əzməyə hazırdır”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR