Bu gün bütün ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikada zəfər coşqusu yaşanır
Sentyabrın 27-dən düşmən təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan şanlı Azərbaycan Ordusunun işğal altındakı yaşayış məntəqələrimizi, strateji yüksəklikləri ard-arda azad etməsi, işğalçı ordunun döyüş texnikalarını, canlı qüvvəsini məhv etməsi hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradır. Bu gün bütün ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da zəfər coşqusu yaşanır. Oktyabrın 4-də Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə xalqa müraciət edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik... Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir...
Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
İşğal olunmuş ərazilərimizin azad edildiyi bu günlərdə üç tərəfdən düşmən əhatəsində qalan və fəal strateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasının bütün istiqamətlər üzrə təhlükəsizliyinin təmin edilməsi məsələsinin nə qədər əhəmiyyətli olduğu bir daha aydın olur. Buna görə də gələcəkdə ehtimal olunan təhdid və risklər vacib tədbirləri genişləndirməyi zəruri edir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndərimiz Heydər Əliyev qədim diyarın təhlükəsizliyinin təmini sahəsində hansı tədbirlərin həyata keçirilməli olduğunu o vaxtdan müəyyənləşdirmiş və həmin gündən başlayaraq müxtəlif istiqamətlərdə əhəmiyyətli tədbirləri reallaşdırmışdır. Dahi şəxsiyyətin işıqlı yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ötən illər ərzində bu işlər davam etdirilmiş, Naxçıvanın hərbi, ərzaq, enerji və informasiya təhlükəsizliyi tam təmin olunmuşdur. Bu gün muxtar respublikada bütün sahələrdə qazanılan nailiyyətlər, həmçinin enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərimizin uzaqgörən siyasətinin bəhrəsidir. Son 25 ildə Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturu müasir tələblər səviyyəsində qurulub, alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, günəş və su elektrik stansiyalarının istifadəyə verilməsi illik enerji tələbatında bu sahənin payını artırıb. Nəticədə, vaxtilə idxal hesabına enerji tələbatını ödəyən muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqların verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Qeyd edək ki, yeni texnika və avadanlıqlar Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən muxtar respublikaya gətirilib. Bundan əvvəl isə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə, o cümlədən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə də yeni texnika və avadanlıqlar təqdim edilib. Onlar elektroenergetika sahəsində, eləcə də muxtar respublikanın səfərbərlik ehtiyatlarında və şəxsi evlərdə istifadə olunacaq.
Sentyabrın 3-də - ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqların təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu vasitələrin muxtar respublikaya gətirilməsində əməyi olanlara, o cümlədən Çin Xalq Respublikası Hökumətinə və Çinin ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirib.
Ali Məclisin Sədri yeni texnika və avadanlıqlara baxıb, “ISUZU” markalı enerji mənbəli qəza avtomobillərinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik Ehtiyatı Anbarına verilməsi, eləcə də digər texnika və avadanlıqların istismarı ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.
Bu gün mühüm strateji tərəfdaş olan, eyni tarixə, eyni dilə, eyni dinə mənsub olan Azərbaycan-Türkiyə əlaqələri sürətlə inkişaf edir. Ölkələrimiz arasındakı sarsılmaz əsaslara söykənən münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Xüsusilə, muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. Bu baxımdan ötən ay Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngayın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi də uğurlu hərbi əməkdaşlığın inkişafının növbəti nümunəsidir.
Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək deyib: “Ölkələrimiz arasındakı əlaqələrin inkişafında ordu quruculuğu xüsusi yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mühüm tərkib hissəsi kimi dəyərləndirdiyi ikitərəfli hərbi əməkdaşlığımız bu gün ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq davam və inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu tədbirlərinə, xüsusilə bu sahədə qardaş Türkiyə ilə əməkdaşlığa mühüm əhəmiyyət verilir. 1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-dən artıq Türkiyə hərbçisi xidmət keçib, Heydər Əliyev adına Hərbi Liseyi bitirən 120-yə yaxın kursant isə Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Həmçinin ötən il Əlahiddə Ümumqoşun Ordunun 72 hərbi qulluqçusu Türkiyədə müxtəlif kurslarda olmuşdur. Son illər keçirilən birgə hərbi təlimlər də uğurlu əməkdaşlığın nəticəsi kimi məmnunluq doğurur”.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə minnətdarlıq edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yüksək döyüş qabiliyyətinə malik qüdrətli ordu ölkəsini, yurdunu sevən hər bir vətənpərvər insanın fəxarət ünvanı, qürur mənbəyidir. Çünki ordumuz ölkəmizin qüdrəti, elimizin, obamızın güvən yeridir. “Hər bir uğurlu diplomatiyanın arxasında kəskin qılınc dayanır” deyimi də bu baxımdan təsadüfən yaranmayıb. Ordunun döyüş qabiliyyətini, gücünü isə yalnız iki halda müəyyənləşdirmək olar: birincisi, müharibədə, ikincisi, sülh şəraitində genişmiqyaslı hərbi təlimlərdə. Birinci məqam barədə birmənalı şəkildə onu deyə bilərik ki, son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini artıq dünyaya nümayiş etdirib. İkinci məqam barədə danışarkən dünyanın məşhur hərb xadimlərinin fikirlərini yada salmaq yerinə düşərdi. Onlar təlimlərin keçirilməsinin və bu zaman əldə edilən nəticələrin əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, təlimlər zabitin də, gizirin də, əsgərin də həyatında olduqca önəmlidir, çünki bu sınaq onların hərbi bacarığını, səriştəsini qiymətləndirməyə imkan verir. Kim təlimdə fərqlənirsə, deməli, müharibə meydanında qələbə onundur. Bu mənada, təlimləri “hərbçilərin akademiyası” adlandırmaq səhv olmazdı. Reallıq budur ki, ən mühüm hərbi əməliyyat tədbiri olan təlimlər şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında başlıca rol oynayır. Bu gün Naxçıvanda müxtəlif formalı təlimlərə üstünlük verilməklə döyüş hazırlığı səviyyəsi daim yüksəldilir. Eyni zamanda təlimlərdə qoşunların döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, döyüşdə iştirakı, həmçinin maddi-texniki təminat məsələləri yoxlanılır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi bu baxımdan diqqəti cəlb edir.
Təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarətdir.
Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər.
Planla tanışlıqdan sonra təlimə start verilib. Təlimin ssenarisinə əsasən döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhədində təxribat törədən kəşfiyyat-diversiya qruplarının “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilməsi ilə başlayıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.
Təlimin gedişində mühəndis, təminat və təxliyə qrupları qətiyyətli fəaliyyət göstərərək hücum edən qoşunlarımızın maneəsiz hərəkətini təmin ediblər. Əlahiddə Əməliyyat Briqadası tərəfindən düşmənin kəşfiyyat-diversiya qrupları məhv edilib. Mülki Müdafiə Alayının pirotexniki taqımı ələ keçirilmiş mövqeləri və hərəkət marşrutlarını minalardan, partlayan və partlamayan maneələrdən təmizləyib. Təyin edilmiş rayonlara taktiki və hava desantı endirilib. Təlimdə Azərbaycan və Türkiyə birləşmə və hissələri arasında əməliyyatların birgə planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub. Şəxsi heyətin birgə fəaliyyəti zamanı xəbərdaretmə, idarəetmə, qarşılıqlı əlaqə, qarşılıqlı tanınma və hədəf göstərmə üzrə tapşırıqların eyni qaydada icrasına nail olunub, komandirlər arasında təcrübə mübadiləsi aparılıb.
Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət bayraqları, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib.
Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub.
Şəxsi heyətlə görüşdə Ali Məclisin Sədri Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlayıb, onları Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edib, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.
Ali Məclisin Sədri deyib: “Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu məsələləri ümumi inkişafın əsas istiqamətidir. Fəal strateji mövqedə və blokada şəraitində yerləşən muxtar respublikada müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. Böyük təşkilatlanma, quruculuq və inkişaf yolu keçən Naxçıvan Hərbi Qarnizonu yüksək döyüş qabiliyyətinə, peşəkar və vətənpərvər şəxsi heyətə malikdir. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Keçirilən birgə hərbi təlim də göstərdi ki, bizim gücümüz birliyimizdədir”.
“Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, – fikirlərinə əsaslanan ikitərəfli münasibətlərimiz bu gün ölkə prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Birgə hərbi təlimin keçirilməsi də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının nümunəsidir”, – deyən Ali Məclisin Sədri çıxışını “Azərbaycan-Türkiyə dostluq və qardaşlığına eşq olsun!” ifadəsi ilə tamamlayıb.
Tədbirdə Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub. Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə Əlahiddə Ümumqoşun Ordunun zabitlərindən 1-i 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2-si “Vətən uğrunda” medalı, 2-si isə “İgidliyə görə” medalı ilə təltif olunub.
Ali Məclisin Sədri Azərbaycan Respublikası orden və medallarının döş nişanını və vəsiqələrini təqdim edib. Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, təlimin hazırlanması və keçirilməsinə, ümumilikdə, 5 min nəfərə qədər, döyüşatışlı mərhələnin keçirilməsinə isə 2 min 600-dən artıq şəxsi heyət cəlb edilib. Bundan başqa 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlifçaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 18 təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 320-yə yaxın avtomobil texnikası cəlb edilib. Təlimə hazırlıq dövründə birgə qərargahlar tərəfindən keçirilən məşqlərdə müxtəlif səviyyədə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili diqqət mərkəzində saxlanılıb. Düşmən fəaliyyətlərinin təqlid edilməsi məqsədilə təlim sahəsində 28 hədəf rayonunda 800-ə yaxın hədəf və 90-dan çox maketdən istifadə edilib. Yaradılmış hədəf rayonunun 100 faizi, hədəflərdən 85 faizdən, maketlərdən isə 90 faizdən çoxu məhv edilib. İdarəetmənin və atəşin düzgün planlaşdırılması nəticəsində 32 raketə, 220 iriçaplı mərmiyə, 4 aviasiya bombasına və 7800-dən çox atıcı silahların döyüş sursatına qənaət edilib.
Cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olan təhsil intellektual potensialı formalaşdırır, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir, milli və mənəvi dəyərləri qoruyur və tənzimləyir, insan kapitalını formalaşdırır. Bu baxımdan təsadüfi deyil ki, təhsili gələcəyin, inkişafın yolu kimi müəyyənləşdirən ölkə Prezidenti deyib: “Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət, qayğı göstərilir. Çünki bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir”.
Həqiqətən də gələcəyimiz olan gənclərin yüksək təhsilinə, dünyagörüşünün müasir tələblər səviyyəsində formalaşmasına diqqət yetirmək və bu mənada onların bütün problemlərini həll etməyə çalışmaq yalnız onilliklərdən sonrakı gələcəyin strategiyasını müəyyənləşdirən və həyata keçirən böyük dövlət xadimlərinə xas olan keyfiyyətdir. Qürurla deyə bilərik ki, bu gün Naxçıvan Muxtar Respublikasında həmin məsələlər dövlətimizin diqqət mərkəzindədir. Heydər Əliyev ideallarına sədaqətin nəticəsində Naxçıvan maddi dəyərlərin insan kapitalına çevrildiyi məkan kimi diqqəti cəlb edir. Ali Məclis Sədrinin dediyi kimi: “Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini önə çəkərək deyirdi ki, “İndi dünya intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə nail olmalıyıq”.
Bu gün muxtar respublikada bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılıb, yeni texnologiyaların tədrisdə tətbiqinə başlanılıb. Son 20 ildə Naxçıvanda 45 min şagird yerlik 148 yeni məktəb binası, həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün yeni binalar istifadəyə verilib, 2 universitet şəhərciyi salınıb. Muxtar respublikanın təhsil müəssisələrində internetə çıxışı olan 800-dən artıq elektron lövhə, 7200-ə yaxın kompüter quraşdırılıb, distant təhsil tətbiq olunub, zəngin fonda malik kitabxanalar, fənn kabinələri və laboratoriyalar istifadəyə verilib. Eyni zamanda, təhsil müəssisələrinin bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunması, məktəb-muzey əlaqələrinin gücləndirilməsi, nümunəvi dərslərin tədrisi gənclərin biliklərə hərtərəfli yiyələnməsinə geniş imkanlar açıb. Nəticədə, hər il ali məktəblərə keçirilən qəbul imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin bir sıra məzunları yüksək nəticələr əldə edir. Yüksək bal toplayan tələbələrlə Ali Məclis Sədrinin görüşü isə gələcəyin məzunları üçün stimul olur.
Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.
Ali Məclisin Sədri ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib.
Ali Məclisin Sədri deyib: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada hərtərəfli təhsil alan gənclər ölkəmizin gələcək təminatçılarıdır. Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür. Ona görə də təhsilinizi uğurla başa vurmaq, seçdiyiniz ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək sizlərin qarşısında duran əsas vəzifələrdir. Biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Buna gedən yol isə əldə olunan biliklərin istehsalatda tətbiqindən keçir. Çalışıb nəzəri biliklərinizi təcrübədə doğrultmalısınız”.
“Təhsilin məqsədi həm də yüksək mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, o gənc əsl vətənpərvərdir ki, özünü dövləti və xalqı üçün layiqli vətəndaş kimi hazırlaya bilir. Ona görə də milli dəyərlərimizi, tariximizi dərindən öyrənməli, dövlət müstəqilliyimizin qədrini bilməli, ölkəmiz və xalqımız üçün çalışmalısınız.
Muxtar respublika rəhbəri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulayıb, çıxışını ümummilli lider Heydər Əliyevin “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə gəncliyə verdiyi tövsiyələrlə tamamlayıb: “Gərək gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin… Bunun üçün isə o, ilk növbədə, yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Çünki Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Tədbirdə ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.
Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikanın, o cümlədən yaranmasının 90 illiyi tamam olan Culfa rayonunu da əhatə edib. Bu il rayonun Camaldın kəndi abadlaşan kəndlər sırasına qoşulub. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur - yeni tikilən müasir məktəb, kənd mərkəzi, ambulatoriya, xidmət mərkəzi, yenidən qurulan yol böyük qayğının ifadəsidir. Bu gün digər Naxçıvan kəndləri kimi Camaldın kəndi də yaradılan şəraitlə şəhərdən seçilmir. Yaşayış məntəqəsində bir neçə il bundan əvvəl su dəyirmanı da tikilib istifadəyə verilib. Bütün bunlar dövlətimizin insan amilinə verdiyi dəyərin ifadəsidir.
Yuxarıda qeyd etdiyimiz kimi, muxtar respublikada aparılan quruculuq işlərində təhsil quruculuğu xüsusi yerə malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2019-2020-ci tədris ilində muxtar respublikada 10 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda 6 məktəb binasının, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Bilik Günündə Camaldın kəndinin əhalisinə hədiyyə olunan məktəb binası da yeni quruculuq ünvanlarından biri, məktəb kollektivinə ən gözəl hədiyyədir.
Sentyabrın 15-də Camaldın kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edən Ali Məclisin Sədri muxtar respublikanın bütün ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, pedaqoji kollektivləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını yeni tədris ilinin başlanması, Camaldın kənd tam orta məktəbinin kollektivini isə həm də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib.
“Muxtar respublikanın ən ucqar kəndində də, şəhərində də gənclərimiz eyni şəraiti olan məktəblərdə təhsil alırlar. Hər bir gənc üçün təhsil əlçatandır. Əsl vətəndaş yetişdirməyin, gələcəyimiz üçün əsaslı təminat yaratmağın yolu da məhz bundan ibarətdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, müstəqillik, sabitlik və inkişaf şəraitində yaşamaq böyük xoşbəxtlikdir. Bütün bunları qorumağın yolu isə yaxşı təhsil almaqdan, əsl vətəndaş kimi yetişməkdən keçir.
Camaldın kənd tam orta məktəbində internetə çıxışı olan 22 kompüter və 3 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsi izləyib. 200-dən yuxarı təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin mühüm göstəricisidir. Muxtar respublikamızda müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Camaldın-Ərəzin kənd avtomobil yolu yenidən qurulub.
Sentyabrın 15-də Ali Məclisin Sədri Camaldın-Ərəzin kənd avtomobil yolunun açılışını edib. Həmin gün Camaldın kənd mərkəzinin də açılışı olub.
Bu gün muxtar respublikada səhiyyənin inkişafı diqqət mərkəzindədir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edib. Görülən işlərin davamı olaraq sentyabrın 15-də Camaldın kəndində həkim ambulatoriyasının açılışı olub.
Ali Məclisin Sədri sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, həkim briqadalarının cəlb olunması, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət mərkəzinin də açılışını edib. Muxtar respublika rəhbəri sakinlərlə görüşündə yaşayış məntəqəsində aparılan quruculuq işləri münasibətilə onları təbrik edərək deyib: “Bu gün Camaldın kəndinin həyatında əlamətdar gündür. Ona görə ki, kəndin bütün infrastrukturu yenilənib, Camaldın müasir Azərbaycan kəndinə çevrilib. Bütün bunların hamısı ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bunun bəhrəsini Camaldın kəndində yaşayan əhali də görür. Kənddə maldarlıq, heyvandarlıq, əkinçilik inkişaf etdirilir. Camaldın kəndinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaq, ailə təsərrüfatlarına kreditlər veriləcəkdir. İnkişafın təmin olunmasında əhalinin üzərinə də mühüm vəzifələr düşür. Ona görə də yaradılan şəraitdən düzgün istifadə edilməli, təsərrüfatlar genişləndirilməlidir”.
Prezident İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini qeyd edərək deyib: “Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir”. Dövlətimizin başçısının qeyd etdiyi bütün məsələlər kimi, müasir texnologiyaların tətbiqi məsələsi də muxtar respublikada diqqətdə saxlanılır. Naxçıvanın sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb, bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunub, 4-cü nəsil mobil rabitə xidmətinin əhatə dairəsi genişlənib.
Bu sahədə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusi yerə malikdir. Naxtel 4G mobil operatoru 25 oktyabr 2016-cı ildə fəaliyyətə başlayıb. 4 ilə yaxın müddətdə keyfiyyətli, sərfəli və kəsintisiz mobil telekommunikasiya xidməti göstərir. Sahibkarlıq subyektlərinin uğurlarının təməlində ölkəmizdə bu sahənin inkişafına göstərilən dövlət qayğısı dayanır və bu qayğı muxtar respublikada da uğurla davam etdirilir. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Sahibkarlığın İnkişafına Dəstək Fondu tərəfindən ayrılmış kredit hesabına yaradılıb. Cəmiyyət yarandığı gündən işini düzgün qurmasının nəticəsidir ki, həm fəaliyyətini genişləndirib, həm də götürdüyü krediti vaxtında qaytarıb. Bu gün Naxtel mobil operatoru muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizini əhatə edir.
Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionları üzrə korporativ biznes rəhbəri Ma Tian ilə görüşüb.
Ali Məclisin Sədri “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni ofis binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, uğurlu və səmərəli fəaliyyətinə görə cəmiyyətin kollektivinə təşəkkür edərək deyib: “Dövlət zəmanəti ilə yaradılmış Naxtel 4G mobil operatoru muxtar respublikanın 105 mindən yuxarı sakininə xidmət edir. Cəmiyyətdə 60-a yaxın gənc mütəxəssis çalışır. Hər bir şirkətin fəaliyyətinin əsas məqsədi müştərilərə göstərilən xidmətlərin səviyyəsini yüksəltməkdən, onların razılığını qazanmaqdan ibarətdir. Fəaliyyəti genişləndirməyin əsas yolu da məhz budur. Hazırda muxtar respublikada müxtəlif mobil operatorlar rabitə xidməti göstərir. Bu da bazarda rəqabətin yaranmasını təmin edir”.
Bildirilib ki, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin uğurlu fəaliyyət göstərməsinin bir səbəbi də müasir və keyfiyyətli avadanlıqlarla təmin olunmasıdır. Bu avadanlıqların istehsalçısı Çin Xalq Respublikasının “Huawei” şirkətidir. “Huawei” şirkəti ilə qarşılıqlı əlaqələr muxtar respublikaya yeniliklər gətirib.
Ali Məclisin Sədri Çin Xalq Respublikasının “Huawei” şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür edib, kollektivə işlərində uğurlar arzulayıb, yaradılan şəraitlə tanış olub. Muxtar respublika rəhbəri “Huawei” şirkətinin Naxçıvanda ofisinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə fəaliyyətin qurulması, mütəxəssis hazırlığı və xidmət keyfiyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin tikintisi uğurla davam etdirilir
Ulu öndərimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatı xeyli möhkəmləndirilib. Aparılan quruculuq işləri zamanı şəxsi heyətin sağlamlığı da diqqətdə saxlanılır, müasir xəstəxanalar və tibb məntəqələri istifadəyə verilir.
Sentyabrın 25-də Ali Məclisin Sədri Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası ilə maraqlanıb, hospitalda ilin sonuna qədər işlərin başa çatdırılması barədə tapşırıqlar verib.
Naxçıvanda arıçılığın qədim ənənələri vardır. Bu gün də muxtar respublikada arıçılıq inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahəyə marağı artırıb, yeni arıçılıq təsərrüfatları yaranıb. Bu gün arıçı sahibkarların pulsuz dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar açıb. Hazırda muxtar respublikada arı ailələrinin sayı 99 mindən çoxdur. Arıçılığın inkişafı, ilk növbədə onun yem bazası ilə əlaqədardır. Muxtar respublikanın florası nektarlı bitkilərlə zəngindir. Belə ki, Azərbaycanda mövcud olan 400 növ balverən bitkinin əksəriyyəti qədim diyarımızda mövcuddur. Bu da Naxçıvanda arıçılığın inkişafına şərait yaradır. Ənənəvi “Arıçılıq məhsulları - bal festivalı”nın keçirilməsi isə arıçıların məhsullarını rahat satmalarına, təcrübə mübadiləsi həyata keçirərək damazlıq işinin təşkilinə, məhsuldarlığın artırılması və xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında fikir mübadiləsi aparmalarına imkan verir. Sentyabrın 26-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən beşinci “Arıçılıq məhsulları-bal festivalı” bu baxımdan əhəmiyyətlidir. Festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 289 arıçı tərəfindən 14 tondan artıq süzmə, 2 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılıb.
Festivalda iştirak edən Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal alıb, onların qayğıları ilə maraqlanıb. Muxtar respublika rəhbəri arıçılığın inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, Naxçıvan Dövlət Universitetində dərman bitkilərindən qarışıqların hazırlanması və bitki herbarilərinin çoxaldılması barədə tapşırıqlar verib.
Həmin gün Ali Məclisin Sədri “Naxçıvanqala” Tarix - Memarlıq Abidəsində aparılan bərpa işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.
Ulu Öndərimizin müəyyənləşdirdiyi inkişaf yolunda inamla irəliləyən, milli müstəqillik ideallarımızın mənbəyi, ərazi bütövlüyü uğrunda mübarizəmizin simvolu olan Naxçıvan dövlətimizin başçısının diqqət və qayğısı ilə özünün tərəqqi dövrünü yaşayır. Bu gün uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, iqtisadiyyatın şaxələnməsinin təmin edilməsi, aparılan abadlıq-quruculuq işləri, əhalinin maddi rifahının və həyat səviyyəsinin xeyli yüksəldilməsi idarəetmə sahəsində toplanmış zəngin təcrübənin uğurlu tətbiqi ilə birbaşa bağlıdır. Qürurla deyə bilərik ki, müasir Naxçıvan Ulu Öndərin dövlətçilik ideallarının işığında yaradıcı təfəkkürün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edir, Azərbaycan dövlətçiliyi ənənələrinin yaşadıldığı bir məkan kimi tarix ilə müasirliyin vəhdətindən güc alaraq inkişafına yeni çalarlar qatır, sürətli yüksəlişi ilə düşmənə göz dağı, dosta fəxarət bəxş edir. Bəli, bu gün Naxçıvan bizim xəyallarımızın çata bilmədiyi zirvələrə ucaldılıb.
Rauf Kəngərli