http://oldserqqapisi.az/index.php/aeliyev-rauf/23434-zhaemizhaya-abidaesi-zhaedim-nakhdzh-van-n-minillik-tarikhinin-yashad-ld-zhh-maekandan-fotoreportazh.html#sigProGalleria180ce38558
Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəllərlə zəngindir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri, arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar bunu bir daha təsdiqləyir. Bu mənada Naxçıvanın minillik tarixinin şahidi olan Gəmiqaya abidəsi daha çox diqqəti cəlb edir.
Muxtar respublikanın Ordubad rayonunun ərazisində yerləşən Gəmiqaya dünyanın ən qədim insan məskənlərindən biridir. Bu abidələr rayonun Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşir. Daşlar üzərində yazılmış piktoqrafik yazılar Qaranquş, Gamışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınıb.
Tarixi sərvətimiz
Uzun illər tarixin sirlərini özündə gizlədən Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanıb. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara alıb, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılıb, bir sıra elmi materiallar çap olunub. Təəssüflər olsun ki, 70-ci illərdən xalqımızın milli özünüdərki, tariximizin və mədəniyyətimizin araşdırılması sahəsində həyata keçirilən bir çox taleyüklü tədbirlər kimi, Gəmiqaya abidələrinin tədqiqi sahəsində aparılan işlər də 1980-ci illərin sonlarından unudulmağa başlanıb, tədqiqat işlərinə ara verilib. Yaranmış boşluqdan istifadə edən millətçi erməni “tədqiqatçıları” gizli şəkildə Gəmiqayada tədqiqat aparıblar. Aparılan işlərin nəticəsi olaraq nəşr edilən “Navsarın qaya təsvirləri” və “Naxçıvanın memorial abidələri və relyefləri” adlı materiallarda erməni alimləri tarixi saxtalaşdırmaq sahəsində öz ənənələrinə sadiq qalaraq xalqımızın ən qədim yadigarı olan Gəmiqaya abidələrini heç bir elmi əsas olmadan erməni abidəsi kimi qələmə verməyə çalışıblar, Gəmiqayanın adını “Navsar”, “Tapanasar” kimi uydurma adlarla əvəz ediblər.
Xalqımızın tarixi keçmişinin öyrənilməsi baxımından Gəmiqayanın çox əhəmiyyətli abidə olduğunu vurğulayan ümummilli liderimiz Heydər Əliyev deyib: “Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”.
Abidə növbəti dəfə ətraflı tədqiq edilib
Ötən 25 il ərzində Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülüb. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanıb.
2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilib. İki yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda 200-dən çox eksponat var. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın tarixinə aid elmi simpoziumların materialları toplanıb.
Gəmiqaya xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbədir
Gəmiqaya rəsmləri Azərbaycanın qədim tarixinin, maddi və mənəvi mədəniyyətinin, incəsənətinin, eyni zamanda, xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbələrdir. Burada yalnız bir nümunə göstərməklə kifayətlənmək olar. Belə ki, Gəmiqayada 252 nömrəli daşda canavarın keçiyə hücum etməsi, daha doğrusu, Azərbaycan folklorunda, etnoqrafiyasında bu günə qədər saxlanmış və heyvandarlar tərəfindən icra edilən “qurd ağzı bağlama” ayini təsvir edilib. Bununla əlaqədar burada üz-üzə dayanmış canavar və keçinin arasından hansısa əşyanın bağlandığı uzun xətt (kəndir) çəkilib. Etnoqrafik tədqiqatlar göstərir ki, “qurd ağzı bağlama” ovsununun icrası zamanı qırxılığın ağzını iplə və ya kəndirlə bağlayırlar. Gəmiqayadakı tunc dövrünə aid bu təsvirdə həmin səhnə, demək olar ki, bütün mahiyyəti ilə təsvir edilib.
Gəmiqaya rəsmləri Azərbaycan folklorunun minilliklər öncəyə – tunc dövrünə bağlandığını əyani surətdə nümayiş etdirməklə yanaşı, etnogenez tariximizin tədqiqi üçün tutarlı faktlar verir. Süjet-kompozisiya mürəkkəbliyi ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə ovçu, maldar və əkinçi tayfaların təsərrüfat həyatına həsr olunub. Gəmiqaya qayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı, müxtəlif astronomik və coğrafi təsvirli rəsmlərdə vardır.
Qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər
Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə həsr olunub. Ona görə də xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarixi və təsviri sənət nümunələri kimi bundan sonra da tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcəkdir.