Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin strateji kursuna əsaslanan praqmatik siyasətin reallaşdırılması iqtisadi yüksəlişin davamlı xarakter almasına yol açıb, yüksək meyarlara cavab verən gələcəyin təmin edilməsi istiqamətində möhkəm sosial-iqtisadi baza formalaşdırıb. Dövlət başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyası qədim diyarda əməli işdə nümunəvi şəkildə özünü göstərir. Hər bir sakinin rifah halının, yaşayış şəraitinin daha da yaxşılaşdırılması, muxtar respublikanın hər bir bölgəsinin potensialından tam və səmərəli istifadə olunması, inkişafının tarazlaşdırılması, sahibkarlara dəstək verilməsi və çoxsaylı yeni iş yerlərinin açılmasına şərait yaradılması istiqamətində ciddi siyasi iradə və qətiyyət nümayiş etdirilir. Bu baxımdan muxtariyyətinin 95-ci ildönümünü qeyd edən Naxçıvan həm də “Ailə təsərrüfatları ili” kimi uğurlarla tarixiləşən 2019-cu ili böyük nailiyyətlərlə başa vurub. Ötən ilin mühüm əhəmiyyəti ilə seçilən tədbirlərinə diqqət yetirsək bir daha bunun şahidi olarıq.
Naxçıvan Muxtar Respublikasında ardıcıl olaraq görülən işlər nəticəsində 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının quruculuq salnaməsi layiqli nümunələrlə zənginləşdirilib. Qədim diyarın şəhər və qəsəbələri ilə yanaşı, kəndləri də abadlaşdırılıb, müasir görkəm alıb. Ordubad rayonunun Dəstə kəndi isə ötən ilin ilk abadlaşan yaşayış məntəqəsi olub. Burada müasir məktəb, kənd və xidmət mərkəzləri, lazımi tibbi avadanlıqlarla təmin olunmuş həkim ambulatoriyası, rahat yol tikilib, içməli su xətti çəkilib, geniş abadlıq işləri aparılıb. Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin obyektlərin açılışında iştirak edib.
Bir faktı da xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə 10 kənd mərkəzi istifadəyə verilib. Bundan əlavə, muxtar respublikada 2 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması, həmçinin Ordubad rayonunda dövlət qurumları üçün inzibati binanın və Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması başa çatdırılıb. Bütün bunlar doğma diyarımızda insan amilinə verilən yüksək qiymətin təzahürüdür.
Naxçıvanda səhiyyənin inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, müalicə üçün başqa yerlərə müraciət edənlərin sayında kəskin azalma var. Artıq sakinlər sağlamlıqlarını muxtar respublikanın səhiyyə müəssisələrinə və həkimlərinə etibar edirlər. Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi isə insan amilinə verilən növbəti dəyər olmaqla yanaşı, həm də tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verir.
Ötən il yanvarın 24-də icbari tibbi sığortanın tətbiqinə həsr edilmiş ilin ilk mühüm tədbiri muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda keçirilib, bununla əlaqədar rayonda təşkil edilən müşavirədə qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Yubiley ilə əlaqədar il ərzində silsilə tədbirlər keçirilib, fevralın 9-da muxtar respublikanın yaranmasının 95-ci ildönümü qeyd olunub. Tədbirdə çıxış edən Ali Məclis Sədrinin vurğuladığı kimi, Naxçıvana muxtariyyət verilməsinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Qeyd etmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-1921-ci illər ərzində altı ölkədə müxtəlif səviyyələrdə iyirmi dəfədən çox müzakirəyə çıxarılıb, sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret verilib. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.
Muxtar respublikada bütün sahələrlə yanaşı, sahibkarlığın da inkişafına xüsusi diqqət yetirilir. Mövcud şəraitin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olub.
Ötən il fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Ali Məclis Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub, muxtar respublikanın investisiya reytinqində qalib olması ilə bağlı təqdimat keçirilib. Tədbirdə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova “Caspian European Club”un mükafatını təqdim edib.
Mart ayında muxtariyyət tariximizin müstəqillik dövrünün böyük quruculuq salnamələrindən olan Kəngərli rayonunun yaranmasının 15 ili tamam oldu. Ötən dövrdə rayonun əsas inkişaf göstəricilərindən biri də əhalisinin sayının 7 min nəfərə yaxın artaraq 32 minə çatmasıdır. Bu müddətdə rayonun bütün kəndləri və Qıvraq qəsəbəsi kompleks abadlaşıb, inzibati binalar tikilib, yeni yollar, körpülər salınıb, 2 meqavatlıq Günəş Elektrik Stansiyası qurulub, dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilib. Qıvraq qəsəbəsində tikilən 7 mərtəbədən və 48 mənzildən ibarət yaşayış binası da bunun bariz nümunəsidir.
Martın 7-də Ali Məclis Sədrinin iştirakı ilə Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd edilib, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub. Ali Məclisin Sədri rayonun inkişafında əməyi olan bütün sakinlərə təşəkkür edib və əminliyini bildirib ki, Kəngərli rayonu bundan sonrakı yubileylərini də yüksək inkişaf göstəriciləri ilə qeyd edəcəkdir.
Muxtar respublikada innovasiyaların tətbiqi sahəsində ötən illərdə yaradılan şərait imkan verir ki, gənclərin ideyaları dəstəklənsin və startap layihələri uğurla həyata keçirilsin. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır. Ali Məclis Sədrinin 2015-ci il 27 iyul və 2019-cu il 3 aprel tarixli sərəncamları elmin nəzəriyyə və təcrübə ilə hərtərəfli inteqrasiyasına yol açıb.
Aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədə də bu məsələlər qeyd olunub, müvafiq tapşırıqlar verilib.
Bu gün diyarımızda yaradılan şahmat infrastrukturu, şahmat məktəblərinin fəaliyyəti nümunə kimi qəbul edilir. Muxtar respublikada hər il keçirilən ənənəvi beynəlxalq şahmat festivalları naxçıvanlı şahmatçılara böyük təcrübə qazandırır. Bu həm də qlobal idman arenasında uğurlu nəticələri ilə diqqəti cəlb edən, beynəlxalq yarışların keçirildiyi məkana çevrilən Naxçıvanın tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.
Ötən il mayın 1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalının açılışı olub.
Qədim diyarımızın həyatında Duzdağ Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə uğurla fəaliyyət göstərən mərkəz müstəqillik illərində yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilib. Duzdağ Fizioterapiya Mərkəzi artıq muxtar respublikanın brendinə çevrilib. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib. Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub.
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Qardaş ölkənin yüksək səviyyəli rəsmi şəxslərinin muxtar respublikamıza səfərləri də bunu bir daha sübut edir. Belə ki, iyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə, noyabrın 17-də Diyanət İşləri Başqanı Əli Erbaş ilə, dekabrın 6-da isə Ticarət nazirinin müavini Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraqdoğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 11-də Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.
2019-cu ilin ilk 6 ayı muxtar respublikanın sosial-iqtisadi, ictimai həyatında mühüm hadisələrlə yadda qalıb. Bu dövrdə iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 278 milyon 115 min manat olub. Bu dövrdə muxtar respublikada tikinti və yenidənqurmadan sonra, ümumilikdə, 67 obyekt istifadəyə verilib. Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar iyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qeyd olunub.
Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqlarımızın və mənafelərimizin keşiyində layiqincə dayanan, muxtar respublikamızın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti sabitliyin, qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatçıları kimi çıxış edən əhəmiyyətli dövlət orqanlarıdır. Qürurla deyə bilərik ki, bu gün muxtar respublikada təhlükəsizlik təmin olunub.
Xüsusi xidmət orqanlarının uğurlu fəaliyyətinin daha da genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. İyulun 9-da Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədəki müzakirələr də bu məsələlərin dövlətimizin daim diqqət mərkəzində olduğunu göstərir.
Böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin Vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi ötən il ölkəmizdə, o cümlədən muxtar respublikamızda mühüm tarixi hadisə kimi müxtəlif tədbirlərlə qeyd olunub. Bu çərçivədə iyulun 10-da ölkəmizin 50 fəal gəncinin iştirakı ilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı keçirilib. Ali Məclisin Sədri bu proqram çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşüb. Ali Məclisin Sədri genişməzmunlu çıxışında böyük ömrün Azərbaycan naminə fəaliyyətini altı mühüm mərhələ üzrə ətraflı təhlil edib.
İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Ali Məclisin Sədri tədbirdə çıxış edib. Sonra “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının və medallarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimatı olub.
Təhsil strateji əhəmiyyətli fəaliyyət sahəsi kimi ölkənin, diyarın siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Sevindirici haldır ki, bu məsələlər Naxçıvanda xüsusilə diqqət mərkəzində saxlanılır. Muxtar respublikada aparılan uğurlu təhsil siyasətinin nəticəsidir ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrin sayı ildən-ilə daha da artır.
Ötən il avqustun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüşü olub.
2019-cu il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, fondun nizamnaməsi və müşahidə şurasının üzvləri təsdiq olunub. Muxtar respublikada mediaya dövlət dəstəyinin verilməsi istiqamətində fəaliyyət göstərəcək belə bir mühüm dövlət qurumunun yaradılması Naxçıvanda kütləvi informasiya vasitələrinin inkişafına böyük diqqətin növbəti nümunəsidir.
Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilib. Ali Məclisin Sədri görüşdə səsləndirilən təkliflərin nəzərə alınması və icrası barədə tapşırıqlar verib, kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələrdən ətraflı bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artıb. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahədə də uğurlu nəticələrin əldə edilməsinə şərait yaradıb. Hər il Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arıçılar üçün geniş imkanlar açır. Sentyabrın 28-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti festivalda iştirak edən Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal alıb, onların qayğıları ilə maraqlanıb.
Dövlətin təhlükəsizliyinin əsasında dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi və qanunauyğun istifadəsi dayanır. Ali Məclis Sədrinin 2019-cu il 17 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılmasında da əsas məqsəd bu sahə üzrə qanunvericiliyin muxtar respublikada həyata keçirilməsini təmin etməkdən, normativ-hüquqi aktların və metodik sənədlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdən ibarətdir.
Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın fəaliyyəti barədə keçirilən müşavirədə Ali Məclisin Sədri komissiyanın fəaliyyət istiqamətləri barədə müvafiq tapşırıqlar verib.
Ali Məclis Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu yaradılıb. Oktyabrın 9-da fondun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə çıxış edən muxtar respublika rəhbəri dövlətin sosial-iqtisadi qüdrətinin, cəmiyyətin mədəni tərəqqisinin və xalqın rifahının elmin inkişaf səviyyəsi ilə birbaşa bağlı olduğunu vurğulayıb, bu istiqamətdə görüləcək kompleks işlərlə bağlı müvafiq tapşırıqlar verib.
Həyata keçirilən uğurlu təhsil strategiyası ötən tədris ilində də muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələrinin Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olmasına yol açıb. Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri təhsilin yeni mərhələdə inkişafını təmin etmək üçün müvafiq tapşırıqlar verib.
Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğa və iqtisadi inkişafa da mühüm töhfə verir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması isə bu sahəyə marağı daha da artırıb. Görülən işlərin davamı olaraq ötən il noyabrın 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Tədbirdə iştirak edən Ali Məclisin Sədri ailə təsərrüfatı sahibləri ilə söhbət edib, müvafiq dövlət qurumları tərəfindən belə təsərrüfatlara bundan sonra da dəstək göstərilməsi barədə tapşırıqlar verib.
Bu gün muxtar respublikamız bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atır. Ulu öndərimizin yolunu uğurla davam etdirərək qədim diyara həmişə böyük qayğı və diqqət göstərən Prezident cənab İlham Əliyev ötən il noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafını bir daha yüksək qiymətləndirərək deyib: “Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.
Ümummilli siyasi qüvvə kimi tarixi qanunauyğunluqdan doğaraq dövlətçiliyin keşiyində dayanan Yeni Azərbaycan Partiyası uzun illərdir, ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafını təmin edir. Məhz buna görədir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı mühüm siyasi qüvvə kimi formalaşıb, sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli zənginləşib.
Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında partiyanın muxtar respublika təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Muxtar respublika rəhbərinin təşəbbüsü ilə mövcud muzeylərin şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvanda tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə göstərilən qayğının ifadəsidir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 2 avqust tarixli “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması, bununla bağlı Tədbirlər Planının təsdiq edilməsi, noyabrın 30-da isə Ali Məclis Sədrinin iştirakı ilə muzeyin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması tariximizə göstərilən yüksək qayğının daha bir ifadəsidir.
Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkan kimi şöhrət qazanan Naxçıvanda bu gün ideya və dəyərlər sisteminin formalaşmasına əsaslı təsir göstərən milli və mənəvi dəyərlərimiz yaşadılır, təbliğ olunur. Bu mənada, ötən il dekabrın 4-də İslamın qədim mərkəzlərindən biri olan müqəddəs diyarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin qeyd olunması, bu çərçivədə Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi”nin istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı hər il yeni yüksəliş mərhələsinə qədəm qoyur. Tarixə qovuşan 2019-cu ilin müxtəlif sahələr üzrə göstəriciləri də bundan əvvəlki illərin göstəricilərindən xeyli yüksəkdir. Ötən il dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında da qeyd olunduğu kimi, muxtar respublikada mövcud potensialdan istifadə edilməklə yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaradıb. 2019-cu ildə ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon 650 min manat olub ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,9 faiz təşkil edib.
Dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilib. Ali Məclisin Sədri 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib, seçki prosesinin gedişi ilə maraqlanıb.
Qətiyyətlə deyə bilərik ki, muxtar respublikada aparılan məqsədyönlü siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildə bütün sahələrdə inkişafa nail olunub, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilib, makroiqtisadi göstəricilər artıb, yaşayış məntəqələrində geniş quruculuq işləri aparılıb. Ötən il əməkhaqlarının artırılması, yeni iş yerlərinin açılması əhalinin rifahını və məşğulluğunu təmin edib, sabitlik daha da möhkəmlənib. Bu baxımdan Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük uğur və nailiyyətlərlə qarşılayıb. Qazanılan bütün bu uğurlar ulu öndərimiz Heydər Əliyevin ideya və amallarının dönmədən həyata keçirilməsi nəticəsində mümkün olub.
Rauf KƏNGƏRLİ