«44 günlük İkinci Qarabağ müharibəsi arxada qalsa da onun nəticələri, ən əsası Ermənistanın müharibə dövründə də beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması geniş şəkildə müzakirə olunmaqda, hazırlanan hesabatlarda öz əksini tapmaqdadır. Diqqət çəkən məqam istər müharibədən əvvəl, istərsə də müharibənin gedişi zamanı işğalçı Ermənistana dəstək olub hesabatlarında onu haqlı, Azərbaycanı isə haqsız tərəf kimi qeyd edən beynəlxalq hüquq müdafiə təşkilatlarının müharibədən sonra reallıqları etiraf etmələri, həqiqətlərə həqiqət gözü ilə baxmalarıdır. Bu baxımdan “Amnesty International” təşkilatının hesabatları diqqətçəkəndir. Belə ki, qurum növbəti dəfə 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarəolunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bidirib.