Dərs ilinin başlanması ərəfəsində həmişə xəyallarım qeyri-ixtiyari olaraq məni ötən əsrin 90-cı illərinə aparır. Anamın cehiz sandığından çıxardığı parçadan mənim üçün öz əlləriylə əzizləyə-əzizləyə tikdiyi ətəyi, dayımın “uriset”dən aldığı ağ köynəyi geyinib güzgünün qarşısında dəqiqələrlə dayanıb özümü böyük sevinclə süzməkdən zövq alırdım sanki. Atamın aldığı rəngli qələmləri, kitab-dəftəri məktəbli çantama dəfələrlə götür-qoy etmişdim. Axşamdan ütülənib dolabdan asılan məktəb üçün geyinəcəyim paltarı gördükcə qəlbimi qeyri-adi sevinc, həyəcan bürüyürdü. Sabahı iplə çəkirdim, çünki sabahdan mən də məktəbli olacaqdım. Və nəhayət, səbirsizliklə gözlədiyim həmin sabah açıldı. Lap erkəndən oyanıb əl-üzümü yumadan, hələ heç kim oyanmadan dolabdan asılan paltarımı geyindim, çantamı götürüb, məni məktəbə aparsınlar deyə, ana-atamı yuxudan oyatdım. İlk müəllimim üçün həyətimizdən axşamdan dərilib, solmasın deyə, suya qoyulmuş gülləri də götürüb, atamla anamın əlindən tutub yollandıq məktəbə. Evdən məktəbə qədər uzanan yol boyunca mənim kimi məktəbə gedən uşaqların əllərindəki gül dəstələri göz oxşayırdı. Biz o zamanlar Ordubadın ucqar dağ kəndi olan Bistdə yaşayırdıq. Balaca kənd olduğu üçün, demək olar ki, hər kəs bir-birini tanıyırdı. Qarşımıza çıxanlar biz məktəbliləri təbrik edir, uğurlar arzulayırdılar. Çox sevinirdim, deyəsən, diqqət mərkəzində olmaq xoşuma gəlmişdi o gün. Məktəbin həyətinə daxil olanda bir anlıq həyəcan bütün bədənimi sardı. Ancaq xoşbəxt idim, axı o gündən artıq məktəbli olmuşdum.