31 dekabr 1905-ci il... Ordubad şəhərində Məmmədəliyevlər ailəsində bir oğlan övladı dünyaya gəldi. Gəlişi ailəyə sevinc gətirdi. Ancaq heç kim bilmirdi ki, bu oğlan böyüyüb öz elmi ilə Azərbaycanı dünyada tanıdacaq, kimya sahəsində parlaq iz qoyacaqdır. Atası Hacı Heydər kişi təhsilli, savadlı olmasa da, övladlarının oxuması üçün əlindən gələni əsirgəmirdi. Elə buna görə də oğlu Yusif ev məktəbində təhsil alırdı. Kiçik yaşlarından ədəbiyyata xüsusi maraq göstərərdi. Bəlkə də bu, anası Gülsüm xanımın ona şerlər, bayatılar, nağıllar oxumasından irəli gəlirdi. Onda ədəbiyyata, poeziyaya olan sevgi tamamilə başqa idi. Ordubadda yaradılan “Əncüməni-Şüəra“ ədəbi məclisində kiçik yaşlı uşaqların iştirak etməsinə icazə verilməsə də Y.Məmmədələliyev istisna idi. Ev məktəbində ona dərs deyən müəlliməsi tatar qızı Gülsüm xanım Axtyamova – Ordubadskaya idi. Sonralar müəllimə öz xatirələrində Yusif Məmmədəliyevin xüsusi istedada malik olmasını, Klassik Azərbaycan şairlərinin şerlərini əzbər bilməsini, rus klassiklərinin şerləri ilə maraqlanmasını qeyd edəcəkdi.
Y.Məmmədəliyevin istedadı oxuduğu məktəblərdə müəllimlərinin diqqətindən yayınmamışdır. Belə ki, Təbrizdə Rüşdiyyə məktəbində oxuyarkən müəllimi Mirzə Yusif Qulahi də onun elmli uşaq olduğunu hiss etmiş, mütləq təhsilini davam etdirməyini məsləhət görmüşdü.