Ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən biri də gənclərin sağlam ruhda böyüməsi, fiziki tərbiyə işinin düzgün qurulması, bədən tərbiyəsi və idmanın gündəlik məişətə daxil edilməsidir. Çünki birmənalı şəkildə demək olar ki, idmanla məşğul olmaq uşaq, yeniyetmə və gənclərin fizioloji və psixoloji sağlamlığı üçün əvəzsiz vasitələrdən biridir. Bunlar bir-biri ilə sıx əlaqədədir. Gənclərimizin qarşısında isə fiziki və mənəvi tərbiyə kimi yüksək bir məqsədin qoyulması yuxarıda qeyd edilənlərin ən yaxşı şəkildə yerinə yetirilməsini təmin etməkdir.
Muxtar respublikamızda da gənclərin bədən tərbiyəsinə və idmana kütləvi şəkildə cəlb olunmasında məqsəd fiziki cəhətdən hərtərəfli inkişaf etmiş, sağlam və Vətənin müdafiəsinə hazır olan, çətinliklərdən qorxmayan fəal cəmiyyət qurucuları yetişdirməkdir. Bu, onların hər bir çətinliyi aradan qaldırmağa qadir olan güclü, çevik və davamlı fərd kimi hazırlanması deməkdir. Adətən, bunu tərbiyənin əsas vəzifələrindən (beş hərəkət keyfiyyəti – qüvvə, sürət, dözümlülük, çeviklik və cəldlik) biri kimi də qiymətləndirirlər.